Sumqayıt
Dövlət Universitetində 22 apreldə keçirilmiş
respublika elmi konfransı xalq şairi Zəlimxan
Yaquba həsr olunmuşdur.
Xalqa, geniş ictimaiyyətə yaxın və doğma olan,
"xalqın öz yaradıcılığı" (Ü.Hacıbəyov) sayılan
aşıq sənəti yüz illərdir ki, Azərbaycan
ellərinin sevinc və həyəcanını, arzu və
dünyagörüşünü özündə əks etdirib
zənginləşdirməklə yaşadır. Böyük bəstəkar Üzeyir
bəy Hacıbəyovun qeyd etdiyi kimi, texniki və ya
metodiki vasitələrlə deyil, öz-özünə, xalqın
mədəni və ictimai-siyasi yüksəlişi ilə yanaşı
inkişaf edən aşıq sənətimizin Azərbaycan mədəni
irsinin ən qədim nümunələrindən biri olduğu
artıq beynəlxalq səviyyədə də
təsdiqlənmişdir. Belə ki, YUNESKO-nun
Qeyri-maddi mədəni irsin qorunması üzrə
komitəsinin 2009-cu ilin 30 sentyabrında
Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi
şəhərində keçirilmiş 4-cü sessiyasının yekun
qərarına əsasən, Azərbaycan aşıq sənəti
YUNESKO-nun Qeyri-maddi mədəni irsi siyahısına
daxil edilmişdir.
Ölkə başçısı İlham Əliyev və Heydər Əliyev
Fondunun prezidenti, Milli Məclisin deputatı
Mehriban xanım Əliyevanın milli mənəvi və maddi
dəyərlərimizə qayğı və diqqətlərinin ifadəsi
olaraq aşıq sənəti, muğamlarımız, Novruz bayramı
və s. dünya miqyasında tanıdılır, təbliğ olunur.
Sumqayıt Dövlət Universiteti, Aşıqlar Birliyi və
AMEA-nın Folklor İnstitutu ilə keçirdikləri
konfrans "Azərbaycan aşıq sənəti: problemlər və
perspektivlər" mövzusunda idi.
Konfransı giriş sözü ilə açan SDU-nun rektoru,
professor N.Qəhrəmanov xalqa həqiqətdən mətləb
qandıran, zaman-zaman el məclislərini keçirib,
nəsillərin vətənpərvərlik, qəhrəmanlıq
hisslərini coşduran, mənəvi-əxlaqi, etik,
estetik tərbiyədə mühüm rol oynayan aşıq
yaradıcılığının bu gün də bədii mədəniyyətimizin
bir sahəsi kimi yaşayıb zənginləşdiyini söylədi.
Plenar iclasda Azərbaycan MEA-nın Nizami adına
Ədəbiyyat İnstitutunun direktor müavini,
professor M.Qasımlı "Heydər Əliyev və Azərbaycan
folkloru" barədə məruzə etdi. Folklorşünas alim
ümummilli lider Heydər Əliyevin, onun layiqli
davamçısı Prezident İlham Əliyevin Azərbaycan
aşıq sənətinə yüksək qiymət verdiklərini fakt və
hadisələrlə şərh etdi.
Azərbaycan MEA-nın Folklor İnstitutunun Folklor
nəzəriyyəsi şöbəsinin müdiri Ağaverdi Xəlilov
"Aşıq şeirinin sufi əsasları və müasirlik",
SDU-nun Azərbaycan və xarici ölkələr ədəbiyyatı
kafedrasının müdiri, dosent A.Ağbaba "Haqq
işığının yolçusu" mövzularında araşdırmalarının
nəticələrini konfrans iştirakçılarına
çatdırdılar.
Sumqayıt Dövlət Universitetinin böyük akt
zalında keçirilən tədbirdə Azərbaycan Aşıqlar
Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub
çıxış edərək qədim və zəngin aşıq sənətinin
insan mənəviyyatı və əxlaqının milli-bəşəri
dəyərlər zəminində formalaşmasında rolunu bədii
nümunələrin şərhi əsasında açıqladı.
Azərbaycan aşıq sənətinə tarixilik və müasirlik
parametrlərində təhlil verilən elmi konfransda
səsləndirilən aşıq havaları iştirakçıların
ovqatına güclü müsbət təsir göstərdi.
Ş.MƏMMƏDOV |