Cənubi Koreyanın Qimçon Universitetinin
Beynəlxalq Təhsil Mərkəzinin direktoru,
Otelçilik və turizm idarəçiliyi fakültəsinin
professoru Hee Chun Lee və adıçəkilən mərkəzin
direktor müavini, İngilis dili fakültəsinin
professoru David K.H.Lee Naxçıvan Dövlət
Universitetində olmuşlar. Ali məktəblə
tanışlıqdan sonra qonaqları NDU-nun rektoru,
akademik İsa Həbibbəyli qəbul etmişdir. Görüş
zamanı Qimçon Universitetinin təmsilçiləri
tədris müəssisəsi haqqında ətraflı məlumat
vermişlər.
NDU-nun rektoru, akademik İsa Həbibbəyli
Naxçıvan Dövlət Universitetində 11 fakültənin,
47 ixtisasın mövcud olduğunu, Misir Ərəb
Respublikası, Nigeriya, Banqladeş, Almaniya,
Türkiyə Cümhuriyyəti və İran İslam
Respublikasından 251 tələbənin, o cümlədən
Cənubi Koreyadan 6 nəfərin burada təhsil
aldığını bildirmişdir. Rektor dünya elminə
inteqrasiya edən bu ali məktəbdə elmin, təhsilin
inkişafı ilə yanaşı, ən müasir informasiya
kommunikasiya texnologiyalarının tətbiqinə də
xüsusi əhəmiyyət verildiyini, dünyanın ən məşhur
universitetləri ilə birgə videokonfransların,
simpoziumların keçirildiyini, elmi tədqiqatlar,
təcrübə mübadilələri aparıldığını vurğulamışdır.
Professorlar Hee Chun Lee və David K.H.Lee
çıxışlarında universitetlərarası əlaqələrə, o
cümlədən elmi nüfuza, mükəmməl kadr potensialına
və maddi-texniki bazaya malik Naxçıvan Dövlət
Universiteti ilə tərəfdaşlığa böyük əhəmiyyət
verdiklərini qeyd etmişlər.
Sonda qarşılıqlı əməkdaşlıq haqqında müqavilə
imzalanmışdır.
Koreyalı qonaqlar ikigünlük səfər çərçivəsində
NDU-nun tədris korpuslarında, struktur
bölmələrində olmuş, xoş səfər təəssüratlarını
universitet televiziyası vasitəsilə
paylaşmışlar. Universitetin Konservatoriya
binasında Cənubi Koreyanın Qimçon Universitetini
tanıtma filminin təqdimatı keçirilmiş, İncəsənət
fakültəsinin müəllim və tələbələri rəngarəng
konsert proqramı ilə çıxış etmişlər.
Mehriban SULTAN |