| 
								
								 Aprelin 
								23-də Azərbaycan Müəllimlər İnstitutunda 
								tanınmış alim və ictimai xadim, institutun 
								Təhsilin idarəedilməsi və peşə təlimi 
								kafedrasının müdiri, professor Ramiz 
								Məmmədzadənin 80 illik yubileyi qeyd olundu. Bu 
								münasibətlə keçirilən mərasimi institutun 
								rektoru, professor Aqiyə Naxçıvanlı açaraq zala 
								gözəl insan, istedadlı pedaqoq, böyük ziyalı, 
								yüksək təşkilatçı, xeyirxah müəllim, mehriban 
								ata, qayğıkeş dost olan Ramiz müəllimin işığına 
								yığışdıqlarını bildirdi. R.Məmmədzadəni anadan 
								olmasının 80 illiyi münasibəti ilə təbrik edən 
								və institut adından hədiyyə verən  rektor ona 
								sağlamlıq və gümrahlıq arzuladı. 
								
								Azərbaycan Müəllimlər İnstitutunun dosenti Rəşid 
								Cabbarov yubilyar haqqında təqdimat çıxışı etdi. 
								"Mənalı ömür yolu" adlandırdığı çıxışında 
								R.Cabbarov R.Məmmədzadənin tərcümeyi-halının 
								əsas tarixləri, onun şəxsiyyətini 
								səciyyələndirən peşəkarlıq və mənəvi-əxlaqi 
								keyfiyyətlər, dövlət qulluğunda, elmi-pedaqoji 
								fəaliyyət sahəsindəki xidmətləri haqqında 
								ətraflı məlumat verdi. 
								
								Tədbirdə işitirak edən təhsil naziri Misir 
								Mərdanov təbrik nitqi söylədi. R.Məmmədzadəni 80 
								yaşının tamam olması münasibəti ilə təbrik edən 
								nazir yubileyin yüksək səviyyədə təşkilinə görə 
								institutun rəhbərliyinə və kollektivinə 
								minnətdarlığını bildirdi. 
								
								Yubilyarı "müəllimlər müəllimi" adlandıran nazir 
								onun cəmiyyətdə böyük nüfuz sahibi, bütün ömrünü 
								şərəflə yaşamış çox az insanlardan biri olduğunu 
								vurğuladı. Misir Mərdanov  R.Məmmədzadənin 
								çalışdığı bütün vəzifələrdə işinə məsuliyyətlə 
								yanaşması, daim yenilik hissi ilə yaşaması, 
								səmimiliyi, sadəliyi, alicənablığı və s. kimi 
								keyfiyyətləri ilə çox insanlara nümunə olduğunu 
								diqqətə çatdırdı, yubilyarın həyat və 
								fəaliyyətinin bəzi məqamlarından söz açdı. 
								
								Yubiley mərasimində Azərbaycan Dövlət Pedaqoji 
								Universitetinin kafedra müdiri, professor Əbdül 
								Əlizadə, Respublika Təhsil Şurasının sədri, 
								professor Əjdər Ağayev, Bakıdakı 177 nömrəli 
								məktəbin direktoru Həqiqə Məmmədova və başqaları 
								çıxış edərək R.Məmmədzadəyə təbriklərini 
								çatdırdılar. 
								
								Yubilyara gül dəstələri və hədiyyələr təqdim 
								olundu. 
								
								
								Y.ƏLİYEV |