ABŞ-ın Azərbaycandakı səfirliyi FLEX (Future
leaders exchange program) mübadilə proqramı
çərçivəsində Amerika orta məktəblərində təhsil
almaq üçün seçilmiş 42 Azərbaycan məktəblisinin
şərəfinə qəbul təşkil etmişdir.
AzərTAc xəbər verir ki, ABŞ səfirliyinin
müvəqqəti işlər vəkili Donald Lu tədbirdə çıxış
edərək demişdir: "Mən sizə görə çox sevinirəm,
çünki sizin ABŞ haqqında təkcə kitablar və
filmlər vasitəsilə deyil, yeni tanışlıqlar və
Amerika ailəsində yaşamaq vasitəsilə məlumat
əldə etmək şansınız var".
O qeyd etmişdir ki, Azərbaycan məktəbliləri
müəyyən mənada öz ölkəsinin elçiləri olacaq və
Amerika mədəniyyəti ilə tanış olmaq imkanı əldə
edəcəklər.
2004-2005-ci illərdə FLEX proqramının
iştirakçısı olmuş, 2009-cu ildə "Eurovision"
müsabiqəsində Azərbaycanı təmsil etmiş müğənni
Aysel Teymurzadə də məktəbliləri təbrik
etmişdir.
Bakı, Gəncə, Mingəçevir, Lənkəran, Şəki və
Naxçıvan məktəblərini təmsil edən qaliblər
2000-dən çox namizədin arasından seçilmişlər.
FLEX proqramı ABŞ Dövlət Departamenti tərəfindən
maliyyələşdirilir. 1993-cü ildə bu proqram
həyata keçirilməyə başlayandan bəri Azərbaycan
orta məktəblərinin 800-ə yaxın şagirdi həmin
proqramda iştirak etmişdir.
AzərTAc |