| 
								
								Aprelin 29-da "Palace Hotel"də "Yerli hakimiyyət 
								orqanları ilə qeyri-hökumət təşkilatları 
								arasında himayədar (foster) qayğı və ailə əsaslı 
								xidmətlər üzrə əməkdaşlıq modelinin işlənib 
								hazırlanması" layihəsi çərçivəsində 
								"Azərbaycanda himayədar qayğı sisteminin 
								yaradılması" mövzusunda konfrans keçirildi. 
								
								Tədbirdə ayrı-ayrı nazirliklərin, beynəlxalq və 
								qeyri-hökumət təşkilatlarının təmsilçiləri və 
								digər qurumların nümayəndələri iştirak 
								edirdilər. 
								
								Konfransı açan Nazirlər Kabinetinin Elm, 
								mədəniyyət, təhsil və sosial problemlər şöbəsi 
								müdirinin müavini Qurban Əmirov bu tədbirin çox 
								əhəmiyyətli bir məsələyə həsr olunduğunu deyərək 
								müzakirələrin maraqlı və səmərəli keçəcəyinə 
								inandığını bildirdi. Q.Əmirov əsas məqsədi pilot 
								seçilmiş Əzizbəyov rayonunda alternativ qayğı 
								növü kimi himayədar (foster) ailə sisteminin 
								yaradılması mexanizmlərinin qurulması olan 
								layihə çərçivəsində görüləcək işlər və həyata 
								keçirilməsi nəzərdə tutulan tədbirlər haqqında 
								məlumat verdi. 
								
								YUNİSEF-in Azərbaycandakı nümayəndəsi Mark 
								Herevard və Avropa Komissiyasının ölkəmizdəki 
								nümayəndəsi Məryəm İsmayılova öz çıxışlarında 
								layihənin uğurla icra olunacağına inamlarını 
								ifadə etdilər və bu işin bütün tərəfdaşlarına 
								təşəkkürlərini bildirdilər. 
								
								Sonra bir neçə təqdimat dinlənildi. "Ümidli 
								gələcək" təşkilatının prezidenti Nabil Seyidov 
								"Azərbaycanda uşaq müdafiə sisteminin 
								islahatında alternativ qayğı xidmətləri olan 
								himayədar qayğı və kiçik qrup evi xidmətlərinin 
								əhəmiyyəti", "Hilfsverk Avstriya" beynəlxalq 
								təşkilatının Qafqaz və Orta Asiya üzrə 
								koordinatoru Brigita Ştöpler "Himayədar qayğı 
								kimi alternativ xidmətlərin göstərilməsində 
								Avstriya təcrübəsi" və "Hilfsverk Avstriya" 
								beynəlxalq təşkilatının Azərbaycandakı 
								nümayəndəliyinin rəhbəri Aytəkin Hüseynli 
								"Əzizbəyov rayonunda müdafiəyə möhtac olan 
								uşaqların ehtiyaclarının müəyyən edilməsi 
								məqsədilə  keçirilən  sorğunun  nəticələri"  
								mövzusunda  təqdimatlarla  çıxış  etdilər.  
								Sonda  təqdim olunan məruzələrlə bağlı müzakirə 
								aparıldı. 
								
								
								Hicran ƏKBƏROVA |