Şərqin
ilk satirik jurnalı "Molla Nəsrəddin"in nəşrinin
104-cü ildönümü münasibətilə Naxçıvan Dövlət
Universitetində növbəti ənənəvi "Mirzə Cəlil
günləri" keçirilmişdir. Birhəftəlik silsilə
tədbirlər çərçivəsində universitet əməkdaşları
mövzu ilə bağlı kütləvi informasiya
vasitələrində çıxışlar etmiş, universitet
televiziyasında rəngarəng verilişlər
hazırlanmış, tələbələrin dahi ədibin
ev-muzeyinə ekskursiyaları təşkil edilmişdir.
Ali təhsil ocağının Tələbə Teatr Studiyasında
əməkdar mədəniyyət işçisi Gülxarə Əhmədovanın
rejissorluğu ilə səhnələşdirilmiş "Ölülər"
tragikomediyası yeni quruluşda böyük rəğbətlə
qarşılanmışdır. Tələbələrin IX karikatura
sərgisi isə Azərbaycanda karikatura sənətinin
də təməlini qoymuş "Molla Nəsrəddin" jurnalının
mübariz ruhunun yaşadılması, Naxçıvanda
karikatura məktəbinin formalaşması, tələbə
rəssamların siyasi-ideoloji düşüncə və
sənətkarlıq cəhətdən inkişafı istiqamətində
böyük nailiyyət kimi qarşılanmışdır. Silsilə
tədbirlər "Molla Nəsrəddin və müasir dövr" elmi
konfransı ilə yekunlaşmışdır.
Konfransı giriş sözü ilə açan rektor, akademik
İsa Həbibbəyli Azərbaycan ədəbiyyatının nəhəng
simalarından olan demokrat ədib, naşir-publisist
Cəlil Məmmədquluzadənin yaradıcılığını böyük
azərbaycannamə kimi dəyərləndirmişdir. Qeyd
olunmuşdur ki, ötən il mirzəcəlilşünaslıq
tarixinə əlamətdar il kimi daxil olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin görkəmli yazıçı və ictimai xadim
Cəlil Məmmədquluzadənin anadan olmasının 140
illiyi haqqındakı 6 fevral 2009-cu il tarixli
sərəncamı ilə bir sıra yaddaqalan tədbirlər
həyata keçirilmişdir. Naxçıvan Muxtar
Respublikasının Ali Məclisinin sədrinin
təşəbbüsü və dəstəyi ilə işıq üzü görən yubiley
nəşrləri isə poliqrafik, elmi-ideoloji baxımdan
xüsusi əhəmiyyət kəsb edir. Tanınmış
mirzəcəlilşünas dahi ədibin həyat və
yaradıcılığı ilə bağlı Naxçıvanda aparılan
çoxsaylı tədqiqatlardan, əldə etdiyi son elmi
yeniliklərdən də söz açmışdır.
Çıxışlarda vurğulanmışdır ki, ustad Mirzə Cəlil
və onun mollanəsrəddinçi qələm dostlarının
azərbaycançılıq məfkurəsi, milli istiqlal və
bəşəri dəyərlər uğrunda mübarizələri
həmişəyaşardır, gələcək nəsillər üçün misilsiz
örnəkdir.
Konfransda fotoslaydlar və kitab sərgisi də
nümayiş etdirilmişdir.
Mehriban SULTAN,
NDU-nun Mətbuat
şöbəsinin müdiri |