Aprelin
27-də Azərbaycan Dövlət Filarmoniyasında
Azərbaycan Milli Konservatoriyası tərkibində
Musiqi Kollecinin tələbələri hesabat konserti
verdilər. Konsert dahi bəstəkar Üzeyir
Hacıbəylinin 125 illik yubileyinə həsr
olunmuşdu. Konsert başlamazdan əvvəl ön söz
söyləyən əməkdar incəsənət xadimi, musiqişünas
Həcər Babayeva bu il dahi bəstəkar
Ü.Hacıbəylinin anadan olmasının 125 illiyinin
ölkəmizdə geniş qeyd olunduğunu, bununla
əlaqədar möhtərəm Prezidentimizin xüsusi
sərəncam imzaladığını, tədbirlər planı
hazırlandığını diqqətə çatdırdı.
H.Babayeva Üzeyir Hacıbəylinin Azərbaycan
musiqisinin inkişafındakı rolundan və bu yolda
göstərdiyi misilsiz xidmətlərdən söz açaraq onun
ölkəmizdə bir çox musiqi janrlarında ilk
əsərlərin, musiqi sahəsində bir sıra qurumların
və ənənələrin yaradıcısı olduğunu, o cümlədən
musiqi təhsilinin təşəkkülü və inkişafının da
Üzeyir Hacıbəylinin adı ilə sıx bağlılıq təşkil
etdiyini diqqətə çatdırdı. Qeyd etdi ki, bu gün
yetirmələrinin hesabat konsertinə yığışdıqları
Musiqi Kollecinin peşəkarlar hazırlayan musiqi
təhsili ocağına çevrilməsində Ü.Hacıbəylinin
böyük rolu olub. Ü.Hacıbəyli ötən əsrin 20 və
30-cu illərində iki dəfə bu təhsil ocağına
rəhbərlik edib. Kollecin musiqi təhsilinin
bazasına çevrildiyini vurğulayan musiqişünas,
onun xalqımız qarşısındakı xidmətlərini yüksək
qiymətləndirdi, kollecin məzunları arasında
Azərbaycan musiqisinə böyük töhfələr verən,
musiqimizi dünya miqyasına çıxaran çoxlu
bəstəkar və ifaçının olduğunu söylədi.
H.Babayeva kollecin tələbələrinin hesabat
konsertləri verməsini son illər bu musiqi
təhsili ocağında yaranmış gözəl ənənə kimi
dəyərləndirərək belə konsertlərin
tələbə-ifaçıların böyük səhnəyə alışmasında,
tamaşaçı və dinləyicilərlə təmas qurmalarında
mühüm əhəmiyyət daşıdığını söylədi.
Sonra konsert açıq elan olundu və onun ilk
nömrəsi kimi əməkdar incəsənət xadimi Azad
Əliyevin dirijorluğu ilə Ü.Hacıbəyli adına
Azərbaycan Dövlət Simfonik Orkestri Üzeyir
Hacıbəylinin "Koroğlu" operasından "uvertüra"nı
ifa etdi. Musiqi kollecinin tələbə və
müəllimləri, tələbələrin valideynləri və dəvət
olunmuş çoxlu sayda qonaq tərəfindən maraqla
dinlənilən konsertdə müxtəlif kurslardan olan
tələbələr Tofiq Məmmədovun, Tofiq Şıxıyevin,
Zinyət Əlizadənin, Züleyxa Şıxıyevanın
solistliyi ilə Hacı Xanməmmədovun tar və orkestr
üçün 1, Friderik Şopenin fortepiano və orkestr
üçün 1, Sergey Raxmaninovun fortepiano və
orkestr üçün 2, Ferents Listin fortepiano və
orkestr üçün 2 nömrəli konsertləri ifa olundu.
Y.ƏLİYEV |