Təhsilin maliyyələşdirilməsi beynəlxalq
kontekstdə
Dünya
iqtisadiyyatında hər bir ölkənin yeri əsasən
təhsilin keyfiyyəti ilə xarakterizə olunur. Belə
ki, millətin intellektual potensialının inkişafı
və reallaşdırılması müasir cəmiyyətin davamlı və
dinamik inkişafının əsas amillərindən biridir.
Əlbəttə ki, təhsilin keyfiyyəti bilavasitə
maliyyələşdirmənin həcmindən də asılıdır.
Məlum olduğu kimi, təhsilin
maliyyələşdirilməsinin iki əsas mənbəyi var:
dövlət büdcəsi və büdcədənkənar vəsaitlər
hesabına. Sözsüz ki, dövlət büdcəsindən
maliyyələşdirmə daha böyük xüsusi çəkiyə
malikdir. Belə ki, təhsil sferası cəmiyyətin
inkişafında çox vacib rol oynadığı üçün dövlət
bu istiqamətdə həmişə fəal siyasət həyata
keçirir. Ümumiyyətlə, təhsilin
maliyyələşdirilməsi dedikdə bütün təhsil və
tədris prosesinin həyata keçirilməsi üçün zəruri
xərclərin maliyyə resursları ilə təmin edilməsi
başa düşülür.Dünya praktikasından məlum olduğu
kimi, təhsilin dövlət maliyyələşdirilməsi əsasən
aşağıda göstərilən iki formada həyata keçirilir:
1.Təhsil (tədris) müəssisələrinin
maliyyələşdirilməsi;
- Birbaşa yolla: smeta üzrə
maliyyələşdirmə, subsidiyalar, dövlət
sifarişləri, adambaşına normativə əsasən
maliyyələşdirmə;
- Dolayı yolla: vergi güzəştlərinin
tətbiqi;
2. Təhsilalanların maliyyələşdirilməsi;
- Birbaşa yolla: təhsil vauçerləri,
qrantlar, kreditlər;
- Dolayı yolla: vergi güzəştlərinin
tətbiqi, kreditlərə dövlət zəmanətinin
verilməsi;
Müasir dövrdə əksər dünya ölkələrində təhsilin
maliyyələşdirilməsi bu məqsədlə ayrılan büdcə
vəsaitlərinin kifayət qədər olmaması ilə
xarakterizə olunur. Belə olan halda təhsilin
keyfiyyəti və məzmunu, hamı üçün bərabər və
keyfiyyətli təhsil imkanlarının yaradılması və
digər bu kimi məsələlərlə bağlı problemlər arxa
plana keçir. Lakin təhsilə ayrılan maliyyə
çatışmazlığı məsələsinə aşağıdakı 2
nöqteyi-nəzərdən yanaşmaq lazımdır:
- Dövlət büdcəsindən ayrılan vəsaitlərin
çatışmazlığı, daha doğrusu, kəmiyyət amili
nöqteyi-nəzərindən;
- Büdcə vəsaitlərinin təhsil səviyyələri və
təhsil müəssisələri arasında kifayət qədər
effektli bölüşdürülməməsi, daha doğrusu,
keyfiyyət amili nöqteyi-nəzərindən.
Buna görə də təhsilin maliyyələşdirilməsi ilə
bağlı aparılan təhlillər təkcə ayrılan büdcə
vəsaitlərinin miqdarı ilə deyil, həm də mövcud
büdcə maliyyələşdirilməsi mexanizminin
çatışmazlıqlarının aşkara çıxarılması ilə
səciyyələnməlidir. Bu baxımdan tarixən dünyanın
inkişaf etmiş ölkələrində təhsilin
maliyyələşdirilməsi mexanizmlərinin
təkmilləşdirilməsinə, modernləşdirilməsinə və
daha effektiv üsulların tətbiqinə böyük maraq
olub.
Ümumiyyətlə, təhsilin maliyyələşdirilməsi
məsələsinə təhsil sistemindən və digər
sosial-iqtisadi sistemlərdən ayrı şəkildə baxmaq
olmaz. Belə ki, dövlətlə təhsil sisteminin və
digər sosial-iqtisadi sistemlərin elementlərinin
arasında qarşılıqlı əlaqələr var. Bunlara əsasən
aşağıdakılar aiddir:
-
Təhsilin və təhsil müəssisələrinin
fəaliyyətinin keyfiyyətinin monitorinqi və
qiymətləndirilməsinin effektiv sistemi;
-
Təhsil xidməti təklif edən müəssisə və
təşkilatların akkreditasiyası və
sertifikatlaşdırılması sistemləri;
-
Təhsil müəssisələrinin təklif etdikləri
xidmətlər və tədris kursları barədə hamı
üçün əlçatan, etibarlı və geniş informasiya
sisteminin mövcudluğu;
-
Təhsil müəssisələrində büdcədənkənar
maliyyələşmə imkanlarını və həmçinin
sponsorluq fəaliyyətlərini
məhdudlaşdırmayan, əksinə, onları
stimullaşdıran vergi sisteminin mövcudluğu;
-
Etibarlı və işlək maliyyə-bank sisteminin
mövcudluğu.
Son zamanlar dünyanın inkişaf etmiş ölkələrinin
təcrübəsi əsasında digər ölkələrdə də təhsilin
maliyyələşdirilməsi mexanizmlərinin
təkmilləşdirilməsi istiqamətində köklü
islahatlar aparılır.Bu islahatların əsas məqsədi
təhsil müəssisələri tərəfindən göstərilən
xidmətlərin keyfiyyətinin artırılmasına marağın
və cavabdehliyin səviyyəsinin artırılmasıdır. Bu
baxımdan indiki dövrdə büdcədən
maliyyələşdirmədə, eləcə də təhsilin
maliyyələşdirilməsində yeni mütərəqqi model və
metodların istifadəsi genişlənir. Beynəlxalq
aləmdə təhsilin maliyyələşdirilməsində ən çox
yayılmış mütərəqqi metod adambaşına
maliyyələşdirmə hesab edilir.
Ölkəmizdə ali təhsilin dövlət
maliyyələşdirilməsində yeni mexanizm
Hazırda ölkəmizdə ali təhsilin
maliyyələşdirilməsində yeni adambaşına
maliyyələşdirmə mexanizminin tətbiqi ilə
əlaqədar ciddi işlər aparılır. Belə ki, ölkə
Prezidentinin "Ali təhsil müəssisələrində yeni
maliyyələşmə mexanizminin tətbiq edilməsi
barədə" 10 fevral 2010-cu il tarixli Fərmanına
əsasən 2010-2011-ci tədris ilindən başlayaraq
Azərbaycan Respublikası ərazisində fəaliyyət
göstərən ali təhsil müəssisələrində dövlət
büdcəsinin vəsaiti hesabına maliyyələşdirmə
dövlət sifarişi əsasında adambaşına
maliyyələşdirmə prinsipi əsasında həyata
keçiriləcəkdir. Bundan əlavə, Fərmana əsasən,
dövlət sifarişinin formalaşdırılmasında ölkənin
milli, mədəni, humanitar və tarixi dəyərləri,
mövcud əmək bazarının xüsusiyyətləri və dövlətin
perspektiv inkişaf amilləri nəzərə alınacaq.
Ali təhsildə adambaşına maliyyələşdirmə
mexanizmi dünyanın inkişaf etmiş ölkələrində
tətbiq olunan ən mütərəqqi metodlardandır. Bu
mexanizm ali təhsil müəssisələrinin dövlət
büdcəsindən maliyyələşdirməsində bir tələbə üçün
müəyyənləşdirilmiş xərc normativindən istifadəni
nəzərdə tutur. Yəni bu o deməkdir ki, müvafiq
kadr hazırlığı üzrə dövlət sifarişini yerinə
yetirən təhsil müəssisələrinə maliyyə vəsaitləri
tələbələrin sayından asılı olaraq veriləcəkdir.
Qeyd olunan Fərmanın icrası ilə əlaqədar olaraq
bir sıra normativ sənədlər hazırlanmış və
hökumətə təqdim olunmuşdur.
Tətbiq olunacaq yeni qaydalara əsasən ali təhsil
müəssisələrinə qəbul üzrə aparılan müsabiqədə
dövlət sifarişi ilə təhsil almaq hüququnu
qazanan abituriyentlər mülkiyyət formasından
asılı olmayaraq təhsil alacaqları ali təhsil
müəssisəsinin seçimində sərbəstdirlər. Həmçinin
mülkiyyət formasından asılı olmayaraq
qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün
ali təhsil müəssisələri dövlət sifarişinin
yerinə yetirilməsində iştirak edə biləcəklər.
Yəni dövlət sifarişi ilə təhsil almaq hüququnu
qazanan abituriyentlər artıq əvvəlki qəbullardan
fərqli olaraq özəl ali təhsil müəssisələrini də
seçmək hüququ əldə edirlər. Bu zaman tələbənin
təhsili üçün nəzərdə tutulan dövlət vəsaiti
tələbənin ardınca həmin özəl ali məktəbə
gedəcəkdir. Bu bir növ dövlət sifarişinin yerinə
yetirilməsində dövlət ali məktəblərinin
inhisarçılığına son qoymaqla təhsil almaq üçün
bərabər imkanları və ədalət prinsipini təmin
edir.
Burada əsas məqsədlərdən biri də ali təhsil
müəssisələri arasında dövlət maliyyəsinin, daha
doğrusu, dövlət sifarişi əsasında təhsil alacaq
tələbə uğrunda mübarizəni təmin etməklə
rəqabətin yaradılmasıdır.
Orta təhsildə adambaşına maliyyələşdirmə ilə
bağlı beynəlxalq təcrübə
Qeyd etməliyik ki, adambaşına maliyyələşdirmənin
orta təhsil pilləsində də tətbiq edilməsi çox
mühüm və zəruri əhəmiyyət kəsb edir. Bu baxımdan
beynəlxalq aləmdə orta təhsilin
maliyyələşdirilməsində aparılan islahatların
məqsəd və mahiyyətinə nəzər salaq. Belə ki,
dünyanın bütün ölkələrində hökumətlər təhsilin
qarşısında duran məqsədlərin müəyyən olunmasına,
həmin məqsədlərin həyata keçirilməsinin texniki
və maliyyə baxımından mümkün olub-olmamasına,
bütün tələbələrin və şagirdlərin təhsil almaq
imkanı əldə etməsinə böyük diqqət yetirirlər.
Ümumiyyətlə, bu istiqamətdə aparılan islahatlar
nəticəsində dünya təcrübəsində 3 mühüm nailiyyət
əldə olunub.
Birincisi, təhsilin ictimai və iqtisadi
inkişafda rolu aydın şəkildə müəyyənləşdirilmiş
və sənədləşdirilmişdir. İnkişaf etmiş ölkələrin
hökumətləri etiraf edirlər ki, bütün insanların
təhsil almaq imkanına malik olmaması gələcəkdə
həm iqtisadi, həm də ictimai problemlərin
yaranmasına səbəb ola bilər.Nəticədə həmin
problemlərin həll edilməsi çətinləşər. Bununla
yanaşı qeyd olunur ki, dövlətin qüdrəti və
nüfuzu onun əhalisinin, insan resurslarının
səviyyəsi ilə düz mütənasiblik təşkil edir. Buna
görə də ölkədə hər bir kəsin adekvat təhsil
almaq imkanının olmasının qayğısına qalmaq
lazımdır.
İkincisi, son dövrlər hökumətlər təhsil
sisteminin iqtisadi səmərəliliyi barədə narahat
olmağa başlayıblar. Siyasətçilər məktəblərin
uşaqlarda lazımi bacarıqları inkişaf etdirə
bilməsində çox maraqlıdırlar. Həmin bacarıqlara
malik olan uşaqlar gələcəkdə öz işlərinə
məsuliyyətlə yanaşaraq ölkənin layiqli
vətəndaşları olacaqlar. Bununla yanaşı,
siyasətçilər keyfiyyətli təhsilin təmin olunması
ilə bağlı xərclərə də getdikcə böyük diqqət
yetirirlər. Bir çox ölkələrdə dövlət xərclərinin
təxminən yarısını təhsil və səhiyyəyə çəkilən
xərclər təşkil edir. Çəkilən xərclərə
baxmayaraq, həmin ölkələrdə təhsillə bağlı heç
də bütün ehtiyaclar ödənilmir. Ona görə də
hökumətlər təhsilə çəkilən xərclərin daha artıq
səmərə verməsi üçün yollar arayırlar.
Üçüncüsü, dünya dövlətləri hazırda təhsil
xidmətlərinin keyfiyyətli şəkildə və az
xərclərlə göstərilməsində idarəetmənin nə qədər
böyük əhəmiyyətə malik olduğunu anlamağa
başlayıblar.
Təhsilin maliyyələşdirilməsi üzrə aparılan bütün
islahatlara xas olan ümumi bir cəhət vardır. Bu
cəhət ondan ibarətdir ki, məktəblər üçün maliyyə
vəsaiti həmin məktəbdə təhsil alan tələbələrin
sayına əsasən ayrılır.
Amerika Birləşmiş Ştatlarında təhsilin
maliyyələşdirilməsində islahatların
aparılmasının əsas motivləri hər bir kəsin
təhsil almaq imkanına malik olması ilə bağlı
yaranan narahatçılıqlardır. Yəni məktəblərin
maliyyələşdirilməsi elə şəkildə aparılmalıdır
ki, valideynlərinin iqtisadi vəziyyətindən asılı
olmayaraq bütün uşaqlar adekvat təhsil ala
bilsin. Birləşmiş Ştatlarda təhsilin
maliyyələşdirilməsi əmlaka qoyulan vergidən əldə
olunan vəsaitlər hesabına həyata keçirilir.
Müxtəlif qrupların imkanlarının dəyişkən
olduğunu və adambaşına toplanılan verginin
fərqləndiyini nəzərə alsaq təhsil üçün fərqli
imkanların yarandığını başa düşmək olar. Belə
şəraitdə hökumət tarazlığa nail olmaq üçün
maliyyə vəsaitini çox olan sahələrdən az olan
sahələrə yönəltməyi nəzərdə tutan tarazlıq
mexanizmi hazırlamalıdır. Belə ki, aparılan
tədqiqatlar nəticəsində aşkar olunmuşdur ki,
vergi ödəmək imkanı aşağı olan ictimai
təbəqələrdə aradan qaldırılması vacib olan
ehtiyaclar da çoxdur. Ona görə də belə olan
hallarda təhsil üçün ayrılan maliyyə vəsaitinin
yenidən müəyyən olunaraq bölüşdürülməsinə
ehtiyac vardır. Bu məqsədlə ABŞ-ın əksər
ştatlarında adambaşına maliyyələşdirmə
proqramları hazırlanaraq qəbul edilmişdir.
Birləşmiş Krallıqda və Şimali İrlandiyada
təhsilin maliyyələşdirilməsi ilə bağlı aparılan
islahatlarda məktəb idarəetməsinin rolunun
artırılmasına üstünlük verilir. Həmin
islahatların aparılması nəticəsində məktəb
rəhbərləri və müəllimlər məktəblər üçün ayrılan
maliyyə vəsaitinin sərf olunmasına nəzarət etmək
imkanı əldə etmişlər. Bunun nəticəsində məktəb
rəhbərliyi şagirdlərin təhsillə bağlı
ehtiyaclarını daha səmərəli şəkildə təmin etmək
imkanı qazanmışdır. Bu ölkələrdə etnik azlıqlara
mənsub olan, fiziki qüsuru olan və ya çox aşağı
imkanlı ailələrdən olan uşaqların təhsil alması
üçün zəruri olan maliyyə vəsaitinin
məbləğlərinin fərqli olduğu nəzərə alınmışdır.
Təhsil üçün ayrılan maliyyə vəsaiti məktəblərdə
təhsil alan hər bir şagirdə çəkilən xərcin
müqayisəli təhlili əsasında həmin məktəblər
arasında bölüşdürülmüşdür. Bu zaman xüsusi
ehtiyaclı şagirdlərə çəkilən xərclər və təhsil
prosesinin müxtəlif mərhələlərində kurikulumun
mürəkkəbliyi ilə bağlı məsələlərin həlli də
diqqətdən kənarda qalmamışdır.
Avstraliyada və Yeni Zelandiyada təhsil siyasəti
ilə bağlı müzakirələrin mərkəzində məktəblərin
idarəolunması sisteminin gücləndirilməsi
məsələsi durur. Belə ki, bu ölkələrdə məktəb
rəhbərlərinə və müəllimlərə ayrılan vəsaitin
xərclənməsi ilə bağlı geniş səlahiyyətlər
verilmiş və bunun müqabilində məktəbdə həyata
keçirilən təlim və tədris proseslərinin
keyfiyyətinə görə onların məsuliyyətləri
artırılmışdır. Niderlandda təhsil
müəssisələrinin səmərəli şəkildə fəaliyyət
göstərə bilməsi və iqtisadi stimullaşdırmanı
təmin etmək məqsədilə adambaşına maliyyələşdirmə
üsulundan istifadə olunur. Bununla yanaşı
uşaqlarının təhsil alacağı məktəbləri seçmək
ixtiyarı valideynlərin öz öhdəsinə buraxılır və
məktəb üçün ayrılan büdcə vəsaitinin məbləği
valideynlərin məktəbdəki təhsilin keyfiyyətindən
nə dərəcədə razı qalmasından, yəni təhsilin
nəticələrindən asılı olaraq müəyyənləşdirilir.
Bütün bunlarla əlaqədar olaraq dünya ölkələrinin
çoxunda, həmçinin MDB ölkələrinin əksəriyyətində
orta təhsildə adambaşına maliyyələşdirmə
prinsipi tətbiq olunur. Belə ki, Avropanın bütün
inkişaf etmiş ölkələrində, eləcə də keçmiş
postsovet ölkələri olan Rusiyada, Özbəkistanda,
Qazaxıstanda, Tacikistanda, Gürcüstanda,
Baltikyanı ölkələrdə, hətta bədxah qonşumuz olan
Ermənistanda da orta təhsilin
maliyyələşdirilməsi adambaşına normativ metodla
həyata keçirilir.
Azərbaycanda orta təhsildə adambaşına
maliyyələşdirmə ilə bağlı görülən işlər və
qarşıda duran vəzifələr
Azərbaycanda da orta təhsildə adambaşına
maliyyələşdirmənin tətbiqi təhsil sektorunda
aparılan islahatların əsas tərkib hissəsi
olmuşdur. Belə ki, Dünya Bankının texniki və
maliyyə dəstəyi ilə ölkəmizdə həyata keçirilən
Təhsil Sektorunun İnkişafı Layihəsinin birinci
mərhələsində (2003-2008) 3 pilot rayonunda -
İsmayıllıda, Ucarda və Şirvan şəhərində
adambaşına maliyyələşdirmə mexanizminin
tətbiqinin sınaqdan keçirilməsi və islahatların
ikinci mərhələsində bu mexanizmin bütün ölkəyə
tətbiq edilməsi nəzərdə tutulmuşdu. Maliyyə
islahatlarının əsas məqsədi aşağıdakılar
olmuşdur:
-
məktəblərə ayrılan vəsait bölgüsünü daha
ədalətli və şəffaf qaydada həyata keçirmək;
-
məktəblərin öz vəsaitlərindən daha səmərəli
şəkildə istifadə edə bilməsinə şərait
yaratmaq;
-
məktəb şurası vasitəsi ilə məktəblərin daha
yaxşı idarəolunmasına nail olmaq.
Qeyd olunan məqsədlərə və layihənin icra planına
əsasən 3 pilot rayonunun 59 ümumi təhsil
məktəbində adambaşına maliyyələşdirmənin həyata
keçirilməsi məqsədilə həmin məktəblərin hər biri
üçün ayrıca xəzinə hesabları açılmış, müstəqil
mühasibatlıqları yaradılmış və seçilmiş
beynəlxalq və milli məsləhətçilərin dəstəyi ilə
şagirdbaşına maliyyələşdirmə düsturu
hazırlanmışdır. Bundan əlavə, tətbiq olunacaq
yeniliklərlə əlaqədar pilot rayonların
məktəblərinin direktorları, mühasibləri ilə
mütəmadi öyrədici seminarlar, məşğələlər
keçirilmiş, onlarla yeni mexanizmin tətbiqi və
istifadə qaydaları ilə əlaqədar müvafiq işlər
aparılmışdır.
Qeyd olunan hazırlıq və sınaq işləri
aparıldıqdan sonra pilot məktəblərində
şagirdbaşına maliyyələşdirmənin icrasına
başlanılması və bu mexanizmin hüquqi əsasını
təmin etmək məqsədilə Təhsil Sektorunun İnkişafı
Layihəsinin "Maliyyələşdirmə və büdcə
islahatları" alt-komponentinin icrası haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22
fevral 2007-ci il tarixli 36 nömrəli qərarı
qüvvəyə minmişdir. Bu qərara əsasən islahat
layihəsi çərçivəsində pilot rayonları kimi
seçilmiş Şirvan şəhəri, İsmayıllı və Ucar
rayonlarının maliyyə müstəqilliyi verilmiş 59
ümumi təhsil məktəbinin maliyyələşdirilməsinin
2007-ci il yanvarın 1-dən şagirdbaşına
maliyyələşdirmə prinsipi əsasında həyata
keçirilməsinə başlanılmışdır. Lakin qeyd olunan
qərara əsasən pilot məktəblərin büdcələrinin
tərtibi müvafiq qaydada şagirdbaşına
maliyyələşdirmə düsturu ilə həyata keçirilsə də,
məktəblər tam maliyyə müstəqilliklərini təmin
edən bir sıra səlahiyyətləri əldə edə
bilmədilər.
Belə ki, ayrılmış büdcə vəsaitinin iqtisadi
təsnifatın xərc yarımmaddələri arasında
bölüşdürülməsi və il ərzində zərurət yarandığı,
həmçinin ilin sonunda qənaət olunduğu hallarda
xərc yarımmaddələri arasında müvafiq
yerdəyişmələrin aparılması kimi səlahiyyətlərin
məktəblərə verilməsi məsələsi Maliyyə Nazirliyi
ilə Təhsil Nazirliyi arasında fikir ayrılığına
və ciddi müzakirələrə səbəb oldu. Maliyyə
Nazirliyi "Büdcə sistemi" haqqında Azərbaycan
Respublikasının Qanununu əsas tutaraq məktəblərə
tam maliyyə müstəqilliyinin verilməsini hüquqi
cəhətdən qeyri-mümkün saydı. Bundan əlavə, pilot
rayonlarda yaradılmış məktəb şuralarının
fəaliyyətinin istənilən səviyyədə olmaması,
onların məktəb büdcəsi və xərcləri barədə
sərbəst şəkildə və düzgün qərar verə bilmək
iqtidarında olmamaları Maliyyə Nazirliyini
narahat edən əsas amillərdən biridir. Qeyd
etməliyik ki, məktəb şuraları yaradılsa da,
onların fəaliyyəti hələ də formal xarakter
daşıyır və məktəbin idarəolunmasında onların
fəallığı hiss olunmur. Buna görə də məktəb
şuralarının fəaliyyəti daim gücləndirilməlidir.
Bu məqsədlə ictimai həyatda böyük nüfuza və
müstəqil qərar vermək qabiliyyətinə malik olan
şəxslərin məktəb şuralarının fəaliyyətində
iştirakı vacib amildir.
Qeyd olunan səbəblərdən islahat layihəsi
çərçivəsində pilot rayonları kimi seçilmiş
Şirvan şəhəri, İsmayıllı və Ucar rayonlarının
məktəblərində maliyyə islahatları nəzərdə
tutulan şəkildə tam deyil, qismən həyata
keçirildi və yalnız 3 pilot rayonla məhdudlaşdı.
Lakin Təhsil Nazirliyi maliyyə islahatlarının
respublikanın bütün ümumi təhsil məktəblərində
həyata keçirilməsini zəruri hesab edir və bu
maliyyə islahatlarının respublikanın bütün ümumi
təhsil məktəblərində həyata keçirilməsi
istiqamətində işlərin davam etdirilməsi
niyyətindədir.
Ümumiyyətlə, Azərbaycan üçün ümumi təhsil
məktəblərində adambaşına maliyyələşdirmənin
tətbiqinin aşağıdakı əsas üstünlükləri vardır:
-
Yeni mexanizmin tətbiqi zamanı məktəblərin
büdcəsinin tərtibi və maliyyələşdirilməsi
ilə bağlı subyektivizm halları aradan
qaldırılır və şəffaflıq, ədalətlilik təmin
olunur. Belə ki, yeni mexanizmin tətbiqi
zamanı maliyyələşdirmə adambaşına
normativlər əsasında vahid düsturla
müəyyənləşdirilir;
-
Məktəb büdcəsinin planlaşdırılmasında və
idarəolunmasında məktəbin birbaşa iştirakı
təmin edilir. Beləliklə, nəzərdə tutulan
maliyyə vəsaitinin məktəblərin ehtiyaclarına
daha səmərəli yönəldilməsi imkanı yaranır.
Belə ki, təhsilin keyfiyyətinə bilavasitə
təsir edən müəllimlərin ixtisasartırma
tədbirlərinin daha səmərəli təşkilinə, o
cümlədən xaricdə treninq və seminarlara
cəlbinə, məktəbin təlim materialları ilə
təmin edilməsi və digər inkişafetdirici
tədbirlərə vəsaitin yönəldilməsi imkanları
genişlənir;
-
Məktəbdə təhsilin keyfiyyəti artır və
idarəetmə təkmilləşir. Belə ki, məktəb
maliyyələşdirmənin həcminin və maliyyə
imkanlarının artırılmasını təmin etmək üçün
əlavə şagird qəbuluna stimullaşır. Bu isə,
öz növbəsində, məktəblər arasında rəqabəti
gücləndirir və təhsilin keyfiyyətinin
yüksəlməsinə zəmin yaradır;
-
Büdcədənkənar vəsaitlərin məktəbə cəlbinə və
şəffaf istifadə edilməsinə şərait yaranır.
Belə ki, məktəb hüquqi şəxs statusu əldə
etdiyi üçün büdcədənkənar vəsaitlər üçün də
xəzinədə hesab açmaq imkanı əldə edir;
-
Məktəb müstəqil olaraq strateji sosial və
iqtisadi planlar hazırlamaq imkanı əldə
edir;
Məktəb şəbəkəsi optimallaşır. Belə ki, yeni
mexanizmin tətbiqi məktəbə maliyyə vəsaitlərinin
mövcud sinif komplektlərinin sayına görə deyil,
şagirdlərin sayına görə verilməsinə səbəb
olduğundan əlavə maliyyə vəsaiti cəlb etmək
məqsədilə az şagird sayı ilə siniflərin açılması
və əlavə müəllimlərin işə qəbulu üçün süni
ehtiyacların yaradılması halları aradan
qalxır.
Göründüyü kimi, mütərəqqi maliyyələşdirmə
metodlarının istifadəsi təhsilin keyfiyyətinə
müsbət təsir edən əsas amillərdən biri kimi
çıxış edir. Bu baxımdan, ölkəmizdə orta təhsil
pilləsində şagirdbaşına maliyyələşdirmə
mexanizminin tətbiq edilməsi istiqamətində
müvafiq tədbirlərin görülməsi çox vacibdir.
Bununla əlaqədar Azərbaycan hökumətinin və Dünya
Bankının dəstəyi ilə Təhsil Nazirliyi tərəfindən
həyata keçirilən Təhsil Sektorunun İnkişafı
Layihəsinin ikinci mərhələsində də ayrıca
alt-komponent çərçivəsində islahatların davam
etdirilməsi nəzərdə tutulmuşdur. Belə ki, ilk
növbədə, islahatın əvvəlki mərhələsində 3 pilot
rayonunda görülmüş işlər, əldə olunmuş nəticələr
qiymətləndiriləcək və maliyyə islahatlarının
geniş şəkildə davam etdirilməsi üçün yeni
hesabat xarakterli təkliflər
hazırlanacaqdır.Artıq bununla əlaqədar seçilmiş
beynəlxalq məsləhətçi fəaliyyətə başlamışdır.
Şahrza ƏLİYEV,
Təhsil Nazirliyi İqtisadiyyat şöbəsinin müdiri,
iqtisad elmləri namizədi |