| 
								
								Çağdaş dövrümüzün böyük sənətkarı, klassik 
								musiqimizin əvəzsiz ifaçısı, dirijor və 
								bəstəkar, hamımızın Niyazi kimi tanıdığımız 
								Knyaz Zülfüqar oğlu Hacıbəyov-Tağızadənin 
								xalqımız, onun musiqi mədəniyyəti qarşısındakı 
								xidmətləri misilsizdir. Maestro çoxdan dünyasını 
								dəyişsə də, onun əziz xatirəsi qəlblərdə 
								yaşamaqda, təkrarsız ifası,  musiqimizin 
								inkişafı və təbliği yönündəki böyük xidmətləri 
								indi də  xatırlanmaqdadır. Bir vaxtlar bu böyük 
								dirijorla görüşmək, ondan müsahibə almaq səadəti 
								mənə də nəsib olub. O vaxtdan 30 il keçir. Orta 
								və yaşlı nəslin xatirində olar. Ötən əsrin 
								70-80-cı illərində ölkəmizdə böyük intibah 
								yaşanırdı. Ulu öndər Heydər Əliyevin rəhbərliyi 
								altında bütün sahələrdə güclü inkişaf gedirdi. 
								Musiqimiz də özünün dirçəliş, tərəqqi dövrünü 
								yaşayırdı. Qara Qarayev, Fikrət Əmirov, Niyazi, 
								Arif Məlikov və onlarca digər sənətkarımızın 
								yaradıcılığının çiçəklənən vaxtları idi. Musiqi 
								ilə bağlı keçirilən elə bir tədbir, elə bir 
								konsert, müsabiqə olmazdı ki, özünə çoxlu sayda 
								tamaşaçı, iştirakçı toplamasın.  
								
								 O 
								illərdə Azərbaycan klassik musiqisinin təbliğinə 
								dövlət səviyyəsində böyük diqqət yetirilirdi. 
								
								Məktəbli uşaq, yeniyetmə və gənclərin 
								musiqi-estetik tərbiyəsi o dövrdə çalışdığım 
								"Azərbaycan məktəbi" jurnalının da daimi 
								mövzularından idi. Bu mövzuda, xüsusən də müasir 
								musiqi mədəniyyəti, sənətkar və gənc nəslin 
								estetik tərbiyəsi problemləri ilə bağlı jurnalda 
								elmi-nəzəri, metodik məqalələr, görkəmli 
								sənətkarlarla, müsahibələr dərc olunurdu. 
								
								1980-cı ilin sonlarında həmin silsilədən növbəti 
								müsahibəni təbliğatyönümlü konsertlərin 
								bilavasitə təşkilatçısı və ifaçısı olan maestro 
								Niyazidən götürməyi qərarlaşdırdıq. 
								
								Dörd saatlıq səmimi söhbətimizin nəticəsi olaraq 
								hazırladığım müsahibə "Azərbaycan məktəbi" 
								jurnalının 1981-ci il 2-ci sayında "Estetik 
								tərbiyə: yeniyetmə və inkişaf" adı altında dərc 
								olundu. 
								
								Həmin müsahibəni qısa ixtisarlarla "Azərbaycan 
								müəllimi"nin oxucularına təqdim edirik. 
								
								- Maestro, oxucularımız sizi böyük sənətkar - 
								dirijor və bəstəkar kimi tanıyır və sevirlər. 
								Özünüz haqqında bir qədər ətraflı məlumat 
								vermənizi xahiş edirik. 
								
								- Özüm haqqında onu deyə bilərəm ki, 1912-ci 
								ildə bəstəkar ailəsində anadan olmuşam. İlk 
								tərbiyəçim nənəm Şirin xanım Hacıbəyova olub. 
								Dilimizə məhəbbəti, onun şirinliyini, 
								səlisliyini, təmizliyini mənə nənəm aşılayıb. O, 
								gəncliyini Qarabağda, Şuşada Xan qızı Natəvanın 
								sarayında keçirib. Xan qızının başçılıq etdiyi 
								ədəbi məclislərdə yaxından iştirak edib. Ona 
								görə də ailəmizdə hamının şeirə və musiqiyə olan 
								sevgisi nənəmin və həmin ədəbi məclislərin 
								xidmətidir. Biz məclislərdə ev uşaqları kimi 
								iştirak edərdik. 
								
								Nənəm bizi ətrafına yığıb nağıl danışardı. 
								Nağıllarımız qəhrəmanlıq, təmizlik, əməksevərlik 
								kimi yüksək əxlaqi keyfiyyətlərlə zəngindir. 
								Yeri gəlmişkən qeyd edim ki, məhz buna görə də 
								filarmoniyada nağıllarımızı geniş təbliğ etməyi 
								qarşımıza məqsəd qoymuşuq. Bununla əlaqədar 
								müntəzəm olaraq nağıl gecələri keçirməyi nəzərdə 
								tutmuşuq. Mənə belə gəlir ki, dastan və 
								nağıllarımız vasitəsilə uşaq və gənclərimizə 
								qəhrəmanlıq dolu keçmişimiz, hansı yurdun övladı 
								olması, nəyi müqəddəs tutması barədə çox şeyi 
								öyrədə bilərik.  
								
								Dediyim kimi, ana dilimizə məhəbbəti mənə nənəm 
								aşılayıb. Musiqi sahəsindəki qabiliyyətlərimə 
								gəlincə isə bunu hərə bir cür qiymətləndirir. 
								Türklər deyirlər ki, Niyazinin xəmiri musiqi ilə 
								yoğrulub. Atam Zülfüqar isə deyirdi ki, oğlumun 
								barmaqlarından musiqi damır. Niyazinin sinirləri 
								musiqi tellərindən quraşdırılıb. Lakin bunlara 
								baxmayaraq, bizim musiqi tərbiyəmizlə məşğul 
								olan olmayıb. Biz ancaq ümumi tərbiyə almışıq. 
								Ailə mühiti özü bizi musiqiçi kimi yetişdirib. 
								Atam Zülfüqar Hacıbəyov çox təmiz, nəcib, 
								qədirbilən, əliaçıq, üzügülər, zarafatcıl, lazım 
								olanda sərt adam idi. Üzeyir əmimlə aralarında 
								çox oxşarlıq vardı. Bəzi cəhətlərdə isə 
								bir-birindən fərqlənirdilər. Atam çox şən, əmim 
								isə təmkinli idi. 
								
								1921-ci ildə qardaşım Çingizlə birlikdə Bakıdakı 
								Zaqafqaziya Hərbi Hazırlıq Məktəbinə daxil 
								olmuşuq. 1926-cı ildən Qnesinlər adına Moskva 
								Musiqi Pedaqoji Texnikumunda oxumuşam. 
								1929-1931-ci illərdə Leninqrad Mərkəzi Musiqi 
								Texnikumunda kompozisiya üzrə məşğələlərə davam 
								etmişəm. 30-cu illərin əvvəllərində Azərbaycan 
								Dövlət Konservatoriyasının aspiranturasında 
								oxumuşam. 
								
								Ömrümdə davranışdan "1"-dən artıq, başqa 
								fənlərdən isə "5"-dən aşağı qiymət almamışam. 
								Bir sözlə, çox nadinc olmuşam. Anam ağlayıb 
								deyərmiş: - Mən nə edim ay Allah, yerə qoyuram 
								yer yanır, göyə qoyuram göy yanır. Lakin buna 
								baxmayaraq quşlara, heyvanlara rəhm etmişəm. 
								Qorxaqlardan zəhləm gedib, söz gəzdirən 
								adamlardan uzaq qaçmışam. Açıq adamları, sözü 
								üzə deyənləri çox sevirəm. Öz əməyinin bəhrəsi 
								ilə dolanan adamlara xüsusi hörmətim var. 49 
								ildir ki, Həcər xanımla ailə həyatı qurmuşuq. 
								Həmişə bir-birimizi gözəl başa düşürük. Heç vaxt 
								ailə həyatında narazılığımız olmayıb. 
								
								- Kimi özünüzün müəlliminiz hesab edirsiniz? 
								
								- Çoxları elə bilir ki, bəstəkar ailəsində 
								anadan olduğum üçün mənim ilk müəllimim ya atam, 
								ya da əmim olub. Lakin belə deyil. Mənim 
								musiqiçi kimi formalaşmağımda nəğmə müəllimim 
								Əliağa Zeynalovun rolu daha çox olub. Onun 
								üçsimli skripkası vardı. Bu skripkanı elə 
								həvəslə, vurğunluqla çalardı ki, biz hamımız ona 
								valeh olardıq. Xüsusən onun müşayiəti ilə "Uşaq 
								və buz", "Quşlar, quşlar, a quşlar"  mahnılarını 
								sevə-sevə oxuyardıq. 
								
								Sonralar isə əmim Üzeyir bəy və Mixail Fabinoviç 
								Qnesin mənim müəllimlərim olublar. Lakin mən 
								bütün sənət yoldaşlarımı özümə müəllim bilirəm. 
								Ömrüm boyu kimlə oturub durmuşamsa, ondan nəsə 
								bir şey öyrənməyə, görüb-götürməyə çalışmışam. 
								Ən böyük müəllimim isə həyatdır. 
								
								- Maestro, Azərbaycan musiqisinin inkişafı 
								barədə nə deyə bilərsiniz? 
								
								- Sualınıza bir qədər ətraflı cavab verərək deyə 
								bilərəm ki, xalqımızın şirin dili, ağbirçək 
								ədəbiyyatı kimi rövnəqli musiqisi də bir neçə 
								minillik tarixə malikdir. Azərbaycan xalqı illər 
								boyu mübarizələrdə, çarpışmalarda, xeyirdə, 
								şərdə bu üç amili mənəvi bayraq kimi əlində 
								tutub. Vaxtilə makedoniyalı İsgəndərin 
								döyüşçüləri, ərəblərin orduları, monqollar, 
								farslar dəfələrlə bizim ana torpağımıza, 
								vətənimizə od-alov saçaraq, ölüm gətiriblər. 
								Bütün bu mübarizələrdə dil, ədəbiyyat və musiqi 
								öz varlığını qoruyub saxlayıb, xalqa mənəvi ruh, 
								qol-qanad verib. XVII-XIX əsrlərdə Azərbaycanın 
								xanlıqlara parçalanması, dağınıqlıq, vahid 
								dövlətin olmaması və s. bizim ədəbiyyatımıza, 
								musiqimizə də pis təsir edib. Ona görə də XX 
								əsrin əvvəllərində musiqimiz parçalanmış 
								vəziyyətdə idi. Bunun səbəblərindən biri də 
								çarizmin yeritdiyi mənfur müstəmləkəçilik 
								siyasəti idi. Teatrların, musiqi ocaqlarının 
								olmaması, bu işə dövlətin vəsait ayırmaması 
								xalqımızı böyük bir mənəvi aləmdən məhrum 
								etmişdi. 
								
								Odur ki, Üzeyir bəyin xalqın zülmətli gecəsində 
								dan ulduzu kimi parlaması, peşəkar musiqi 
								teatrı, opera, xor, simli orkestr yaratması 
								musiqimizdə yeni bir səhifə açdı. 1907-ci ildə 
								"Leyli və Məcnun" yazıldı (1908-ci ilin 12 
								yanvarında ilk tamaşası olub). Opera Azərbaycan 
								mədəniyyətində yeni eranın başlanğıcı oldu. 
								Düzdür, bu zamanadək Azərbaycanın musiqi 
								aləmində maraqlı hadisələr də baş vermişdi. 
								Məsələn, nəğmələr şəhəri Şuşada XIX əsrin 
								sonlarında Sadıqcan qədim yeddisimli tarı 
								təkmilləşdirib ikiçanaqlı etmiş, dəri örtük 
								çəkmiş, simlərin sayını isə 11-ə çatdırmış, 
								beləliklə, onun rezenatorunu və diapazonunu 
								artırmışdı. Ona görə də milli musiqi alətimiz 
								olan tar səs boyu, səs gücü və tembri ilə bir 
								çox Avropa musiqi alətlərindən üstündür. 
								 
								
								XIX əsrdə Azərbaycanda böyük musiqiçilər 
								dəstəsinin çalışması, Cabbar Qaryağdı, Keçəçi 
								oğlu Məmməd, Seyid Şuşinski, Əbülbağı Zülalov və 
								başqaları ifaçılıq sənətinin yeni bir 
								mərhələsinə təkan verdilər. 
								
								O vaxta qədər milli musiqimiz olan muğam və 
								dəstgahlarda Hafiz, Sədi və digər Şərq 
								şairlərinin farsca qəzəlləri oxunurdu. Adları 
								çəkilən xanəndələr isə Azərbaycan şairlərinə 
								müraciət etməyə başladılar. Məclislərdə 
								Füzulinin, Seyid Əzimin qəzəlləri getdikcə daha 
								çox oxunurdu. Bütün bunlar milli özünüdərkin 
								nəticəsi idi. 
								
								XIX əsrin sonları - XX əsrin əvvəllərində Bakı 
								şəhəri neft hasilatının artması ilə əlaqədar 
								böyük sənaye mərkəzinə çevrilir. Dünyanın hər 
								yerindən Rotşildlər, Mantaşevlər və s. kimi 
								kapitalistlər "Sarı iblis" həvəsinə Bakıya 
								yığışırlar. 
								
								Təbiidir ki, burada proletariat da formalaşır. 
								Volqaboyundan, İrandan axın-axın Bakıya gələn 
								fəhlələr getdikcə mütəşəkkil bir qüvvəyə 
								çevrilən proletar sinfini yaradırlar. 1885-ci 
								ildən başlayaraq Bakıda simfonik konsertlər 
								təşkil olunur. 1895-ci ildən isə şəhərə İtaliya 
								opera truppası gəlir. M.F.Axundovun, 
								C.Məmmədquluzadənin, H.B.Zərdabinin, M.Ə.Sabirin 
								vətənpərvər ruhlu əsərləri bu dövrdə mədəni 
								həyatda əsl intibaha səbəb olur. Üzeyir 
								Hacıbəyov dühası da belə bir dövrdə parlayıb, 
								meydana çıxmışdır. 
								
								Azərbaycan musiqisinin əsas çiçəklənmə dövrü XX 
								əsrin əvvəllərindən başlanmışdır. Həmin əsrin 
								20-ci illərində isə musiqi sənətinin inkişafında 
								böyük sıçrayış olmuşdur. Təkcə bir faktı 
								göstərim ki, əgər Avropada ilk operadan müasir 
								operanın yaranmasına qədər 300 il vaxt 
								keçmişdirsə, bizdə bu, "Leyli və Məcnun"dan 
								"Koroğlu"yadək 30 il ərzində baş vermişdir. 
								Həmin illərdən başlayaraq respublikamızda 
								muzeylər, opera və konservatoriya, digər musiqi 
								müəssisələri yaradılır və təkmilləşdirilir. 
								
								1922-ci ildə azərbaycanlılardan ötrü mu 
								
								siqi məktəbi təşkil edilir. Azərbaycan Dövlət 
								Opera Teatrı, Azərbaycan Dövlət Dram Teatrı 
								fəaliyyətə başlayır. Bakıda teatr texnikumu 
								açılır.  
								
								Hazırda bizdə yüksək sənət qüdrətinə malik  
								incəsənət ustaları-ifaçılar çoxdur. Məsələn, 
								beynəlxalq müsabiqələr laureatı olmaq çox 
								çətindir. Buna baxmayaraq, mahir pianoçu Fərhad 
								Bədəlbəyli iki dəfə beynəlxalq müsabiqə laureatı 
								adını qazanıb. Ülvi Zeynalov İtaliyada, Validə 
								Rəsulova Parisdə müxtəlif müsabiqələrin 
								qalibləri olublarE Fidan Qasımova da beynəlxalq 
								müsabiqə laureatıdır. Biz ifaçılıq sənətində çox 
								sahədən irəlidəyik. İfaçılarımızdan iki nəfəri - 
								Bülbül və müsahibiniz SSRİ Dövlət mükafatına 
								layiq görülüblər. Bizdə yüksək istedadlı 
								bəstəkarlar nəsli yetişib. Q.Qarayev, F.Əmirov, 
								S.Rüstəmov, S.Hacıbəyov, T.Quliyev, R.Hacıyev, 
								A.Məlikov, C.Cahangirov, V.Adıgözəlov və digər 
								bəstəkarlarımızla biz həqiqətən fəxr edirik. Çox 
								xalqlar bu sahədə bizə qibtə edə bilərlər. 
								
								Musiqimizin inkişaf yolundan söhbət açarkən son 
								on ildəki nailiyyətlər xüsusilə qeyd 
								edilməlidir. Bu illər ərzində respublikamızda 
								yeni-yeni musiqi kollektivlərinin təşkil 
								edilməsi, incəsənət həyatımızda mühüm hadisə 
								olan ev-muzeylərin açılması, yubileylərin 
								keçirilməsi incəsənətimizin kütləviləşməsinə və 
								xalqa daha da yaxınlaşmasına əlverişli şərait 
								yaratmışdır. Dövlətimizin ədəbiyyat və 
								incəsənətimizin inkişafına göstərdiyi qayğı, 
								yaradıcı ziyalılara verilən yüksək qiymət bizi 
								daim yeni-yeni əsərlər yaratmağa ruhlandırır. 
								
								- Gənc nəslin mənəvi-estetik tərbiyəsində 
								musiqinin rolunu necə qiymətləndirirsiniz? 
								
								- İnsanda estetika onun mənəvi gözəlliyidir. 
								Mənəvi gözəlliyi yaradan isə musiqi, ədəbiyyat 
								və dildir. Bunlar bizim mənəvi  həyatımızdır. 
								Musiqinin açdığı gözəllik aləmi insan ruhuna, 
								psixologiyasına dərindən təsir edir, onu 
								nəcibləşdirir, ülviləşdirir, həyatdan zövq 
								almağa, yaşamağa, yaratmağa ruhlandırır. Məhz 
								buna görə də indi parta arxasında oturan 
								vətənimizin gələcək qurucularına əsaslı musiqi 
								tərbiyəsi verilməsi, onlarda musiqini duymaq və 
								ondan zövq almaq qabiliyyəti formalaşdırılması 
								pedaqoji kollektivlərin əsas işi olmalıdır. 
								Müəllimlərimiz istər dərs prosesində, istərsə də 
								sinifdənxaric və məktəbdənkənar tədbirlər 
								vasitəsi ilə musiqinin açdığı gözəllik aləmi ilə 
								şagirdləri daha yaxından tanış etməlidirlər.
								 
								
								Musiqi insana estetik zövq verməklə bərabər, 
								onun mənəvi cəhətdən zənginləşməsində də böyük 
								rol oynayır. Mənəvi zənginlik isə hərtərəfli 
								inkişaf etmiş şəxsiyyətin ayrılmaz xassəsidir, 
								həm də bunun üçün təkcə musiqini sevmək kifayət 
								deyil. Onu dərindən bilmək, musiqini 
								qiymətləndirmək qabiliyyətinə malik olmaq da 
								lazımdır. Müasir insan xalq mahnılarından tutmuş 
								mürəkkəb simfonik əsərlərə qədər bütün musiqi 
								janrlarına dərindən bələd olmalıdır. Musiqinin 
								şəxsiyyətin hərtərəfli inkişafındakı roluna dair 
								çoxlu sübut gətirə bilərik. Məsələn, marşal 
								Tuxaçevski gözəl skripka çalırdı, həm də o buna 
								əyləncə vasitəsi kimi deyil, həyatının ayrılmaz 
								bir parçası kimi baxırdı. 
								
								Borodin kimyaçı olub. Lakin həm də gözəl 
								bəstəkar idi. Kapitan Rimski-Korsakov məşhur 
								bəstəkar olmuşdur... "Leyli və Məcnun"un birinci 
								dirijoru yazıçı Əbdürrəhim bəy Haqverdiyev 
								olmuşdur. 
								
								- Bəs məktəblərdə musiqi tərbiyəsinin inkişafı 
								üçün nəyi tövsiyə edərdiniz? 
								
								- Bütün məktəblərdə musiqi tərbiyəsinin 
								birtərəfli inkişaf etməsini. 
								
								Məsələn, məktəbdə estrada kollektivi varsa, 
								onunla yanaşı xor dəstəsi, xalq çalğı alətləri 
								ansamblı, nəfəs alətləri orkestri və s. də 
								olsun. Ən ümdəsi musiqiyə ayrılan saatlar 
								musiqiyə həsr olunsun. Musiqi müəllimlərimiz 
								peşəkar olsunlar. Məktəblərimizin pedaqoji və 
								şagird kollektivləri musiqi kollektivləri və 
								bəstəkarlarımızla geniş əlaqə saxlasınlar, 
								onları məktəbdə aparılan estetik tərbiyə işinə 
								daha yaxından cəlb etsinlər. 
								
								- Maestro, məktəblilər arasında musiqinin 
								təbliği sahəsindəki işlər barədə nə deyə 
								bilərsiniz? 
								
								- Bu sahədəki işləri də qənaətbəxş hesab 
								etmirəm. Məktəblilər üçün xüsusi konsertlər 
								vermək, məktəblərdə musiqi mövzusunda 
								viktorinalar, bəstəkar və ifaçılarla görüşlər 
								təşkil etmək musiqinin təbliğində mühüm rol 
								oynayır. Məktəblərimiz qabaqcıl sənət adamları 
								ilə görüşləri az-az, həm də zəif təşkil edirlər. 
								Mənə belə gəlir ki, məktəblər öz məzunları ilə 
								çox pis əlaqə saxlayırlar. Əlbəttə, mən bunu 
								musiqi incəsənəti ilə bağlı məzunlarla əlaqə 
								barədə deyirəm. Hər bir bəstəkar və ifaçı 
								müəyyən bir məktəbin yetirməsidir. Bu mənada 
								onların şəxsi nümunəsindən tərbiyə prosesində 
								geniş istifadə edilə bilər. 
								
								Şagirdlərin kütləvi şəkildə konsertlərə 
								aparılması, ayrı-ayrı musiqi kollektivlərinin 
								məktəbdə şagirdlər qarşısındakı çıxışları da 
								musiqinin məktəblilər arasında geniş təbliğ 
								olunmasına imkan yaradır. Ona görə də uşaqlar 
								üçün musiqinin təbliği sahəsində filarmoniyada 
								planlı və məqsədyönlü iş aparılır. Biz 
								ümumtəhsil məktəbləri şagirdlərinin hər yaş 
								qrupu üçün abonentlər hazırlamışıq. Həmin 
								abonementlərdə musiqinin müxtəlif janrlarına aid 
								konsertlər, bəstəkar və ifaçılarla görüşlər 
								nəzərdə tutulmuşdur. Hazırda bu cür 9 
								abonementimiz məktəblərə çatdırılmışdır və biz 
								bu abonementlər üzrə konsertlərə başlamışıq. 
								Bütün bunlar, zənn edirəm ki, musiqinin 
								məktəblilər arasında təbliğ olunmasına xeyli 
								kömək edə biləcəkdir.  
								
								- Gələcək planlarınız barədə oxucularımıza 
								məlumat vermənizi xahiş edərdik.   
								
								- Yorulmadan çalışmaq, əlimdən gələni etmək. 
								Yaradıcılıq imkanlarımı səfərbər edib xalqıma 
								bacardığım qədər xidmət etmək, özü də hər sahədə 
								- yaradıcılıqda da, dirijorluqda da, ictimai 
								işlərdə də. Çünki hər bir sənətkar xalqın 
								səadəti uğrunda daim mübarizə aparmalıdır. Sülh 
								uğrunda ardıcıl mübariz olmalıdır. İndiki dövrdə 
								müharibələrə qarşı sənətkar sözü xüsusilə 
								lazımdır. 
								
								Mən indi memuarlarımı yazıram. Qeyd edim ki, 
								memuar yazmaq çox çətindir. Əvvəla, gərək o 
								qədər pak olasan ki, gördüyün şeyləri olduğu 
								kimi, artırıb əskiltmədən yaza biləsən. 
								İkincisi, ömür boyu qəlbindən, ürəyindən keçən 
								sənət hadisələrini arayasan və mindən birini 
								seçib yazasan. Bu işdə bitərəf olmaq çətindir . 
								Memuar başqaları üçün həm maraqlı, həm də örnək 
								olmalıdır, heyif ki, nə atam, nə də əmim memuar 
								yazmayıblar. Əgər yazsaydılar, nə qədər gözəl 
								sənət əsərləri qoyub gedərdilər.  
								
								Yusif ƏLİYEV  |