XIX əsr ədəbiyyatından danışarkən, ilk növbədə,
maarifçilik ideyalarının yayılması kimi böyük
bir hərəkat yada düşür. Bu hərəkatın təkanverici
qüvvələri ayrı-ayrı növ və janrlarda
yazıb-yaradan sənətkarlar olsalar da, onları bir
ideya - maarifçilik ideyası birləşdirirdi. Belə
maarifçilərdən bəziləri məktəblər açmasalar da,
xalqın maariflənməsi yolunda əllərindən gələni
əsirgəmirdilər. Hələ o dövrlərdə M.F.Axundzadə
H.B.Zərdabiyə yazdığı məktubların birində belə
deyirdi: "Bir kampaniya təşkil edin və onlar da
Azərbaycanın şəhər və kəndlərində məktəbxanalar
açmaq işi ilə məşğul olsunlar".
Belə məktəb yaradan şəxslərdən biri də
S.Ə.Şirvani olmuşdur. S.Ə.Şirvani şair olmaqla
bərabər, işgüzar və istedadlı müəllim idi.
Tədris prosesində müəllim S.Əzimin həyatı
haqqında danışarkən onun pedaqoji fəaliyyətinə,
Azərbaycan pedaqoji elmi tarixindəki roluna
xüsusi diqqət yetirilməlidir. Bu məqam tədrisin
həm keyfiyyətinin yüksəlməsinə, həm də
şagirdlərin şair-pedaqoq haqqında məlumatlarının
artmasına kömək edər.
Ömrünün 18 ilini məktəbdarlığa bağlayan şair
elmin bir çıraq olub qaranlıq beyinləri
işıqlandıracağını bilirdi. Hələ məktəb
yaratmazdan əvvəl Şamaxı mühitində tədrisin
köhnə qayda-qanunlarla, mollaxana üsulu ilə
keçirilməsini tənqid edərək yazırdı:
Hər vilayətdə var beş-on məktəb,
Edirik kəsb onda elmü ədəb.
Məktəbin fərşi altı köhnə həsir,
Neçə ətfali-müflis onda əsir.
Şairin təsvirindən məktəbdəki dərs prosesinin
hansı vəziyyətdə olması oxucuya tam aydın olur.
Var gücü ilə yeni tipli məktəb yaratmaq üçün
çalışan şair çox keçmir ki, Şamaxıda yeni üsullu
məktəb açır. Onun bu məktəbində 36 şagird təhsil
alırdı. Maddi ehtiyac içində yaşayan şair bu
məktəbdən heç bir gəlir əldə etmirdi. Tədris
prosesində müəllim şairin məktəb açandan sonra
Şamaxı qaraguruhçular mühitində ona edilən
təzyiq və hücumlardan danışmalı, eyni zamanda
bütün bu halların şairi qorxutmadığını, əksinə,
onun öz işini daha da inkişaf etdirməyə
çalışmasını xüsusi qeyd etməlidir. S.Əzim
tərbiyə işinin kəmsavad, köhnəpərəst,
dünyagörüşü kasad olan müəllimlərin əlinə
verilməsini istəmirdi. Belə adamların
müəllimlik kimi şərəfli bir ada zərər
gətirəcəyini deyirdi. Şair öz dövründə olan
məktəb və dərsliklərin vəziyyəti haqqında
şeirlərinin birində belə yazırdı:
Əvvəla, bizdə yox o məktəblər
Ki, verə kəsbi-elmi xalqa səmər,
Nə o günə kitablar əlan
Ki ola öz lisanında bəyan.
Bizə hasil nə şey olur yoxdan,
Ki ibtidadır kitabımız çoxdan.
Maarifpərvər şair gənc nəslin təlim-tərbiyəsi
üçün yeni tipli dərsliklərin olmasını da böyük
zərurət hesab edirdi. Açdığı məktəbində yeni
tipli dərsliklərlə gənc nəslin təlim-tərbiyəsinə
başlamaq üçün özü dərslik yaratmaq qərarına
gəlir və buna tez bir zamanda nail olur. Şair
ilk dərsliyini "Rəbiül-ətfar" ("Uşaqların
baharı") 1878-ci ildə tamamlayır. Bu dərslikdən
sonra şairin şöhrəti daha da artır. Mürtəce
qüvvələrin hücumu isə səngimək bilmirdi.
S.Əzimin ikinci dərsliyi isə "Tacül-kitab"
("Kitabların tacı") adlanır. Şair bu dərsliyi
1883-cü ildə tamamlayır. Müəllif əsərini
Aleksandrın taxta çıxdığı gün bitirdiyinə görə
bu adı verir. "Müntəxəbat"ın müqəddiməsində şair
hələ o zaman dilimizi Azərbaycan dili
adlandırmışdır.
S.Ə.Şirvani dillərin öyrənilməsinə hələ öz
dövründə böyük önəm verirdi. Belə ki, Şamaxıda
təhsil alan və orada məktəb müəllimi işləyən
A.Zaxarov S.Əzimi şəxsən görmüş və onun haqqında
belə yazmışdır: "Hacı S.Ə.Şirvani 18 ildir ki,
məktəb idarə edir. Fars, ərəb və bir neçə
Dağıstan ləhcələrini bilir. Birinci dərəcəli
şair kimi tanınır. O, rus dilində oxumaq və
yazmağı bacarır, rus dilində çətin danışır,
lakin yaxşı başa düşür. Onun məktəbində rus
dili dəxi təlim edilir. Ruscanı təlim edən şəhər
məktəbinin 6-cı sinif tələbəsidir".
S.Əzimin həyat və yaradıcılığı VIII sinif
dərsliyində (müəllifi - N.Cəfərov, N.Araslı,
S.Hüseynoğlu. Bakı, 2005) tezisvari xarakter
daşıyır. Burada müəllim şairin həyat və
yaradıcılığı haqqında biliklərini sistemli
şəkildə şagirdlərə çatdırmalı, şairin
yaradıcılığının əsasını lirik şeirlərin təşkil
etdiyinə önəm verməlidir. Sonra müəllim şairin
maarifçi şeirlərinin əsas ideyasını məktəb,
təlim, tərbiyə təşkil etməsinə diqqəti
artırmalıdır.
Bu zaman müəllim bir məsələyə xüsusi olaraq önəm
verməlidir. Şair - nəsihət verən müəllim, real
olaraq atadır, onun oğlunun simasında yetişməkdə
olan gəncliyə öyüd-nəsihət verməyə mənəvi haqqı
var. Müraciət forması kimi xitabdan istifadə
edən şair gəncliyi elmə, təhsilə səsləyir, nicat
yolunu ancaq elmdə görür.
Demirəm rus, ya müsəlman ol,
Hər nə olsan, get əhli-ürfan ol!
Demə bu kafər, ol müsəlmandır,
Hər kəsin elmi var, o, insandır.
Tədris prosesində təbii ki, "Əkinçi" qəzetinin
fəaliyyəti ön plana çəkilməli və Seyid Əzimin
oradakı fəaliyyəti xüsusi vurğulanmalıdır.
"Əkinçi" qəzetində ən çox şeirləri çap olunan
şair bu qəzeti paslı beyinləri işıqlandıran
məşələ bənzədirdi. Hələ öz dövründə "Xalqın
bircə nicat yolu varsa, o da maarifdədir," -
deyən şair başqa ölkələrin tərəqqi etdiyini
gördükdə, öz xalqını qəflət yuxusundan oyatmağa,
köhnə cəhalət məngənəsindən azad etməyə
çalışırdı. "Azadəlik səfasını bidar olan bilər",
- deyən şair, yəqin etmişdi ki, yalnız bilikli,
elmli və mədəni insanlar azadlıq əldə edə
bilərlər.
Günü-gündən zəlibü xar oluruq,
Möhnəti qüssəyə düçar oluruq.
Bu qədər dərd kim olur hadis
Ona bielmlik olur bais.
Bir bəladır bu dərdi-nadani
Ki, onun elm olubdur dərmanı.
Tədris prosesində müəllim şairin
didaktik-tərbiyəvi şeirləri, mənzum hekayə və
satiraları haqqında məlumat verdikdə də onları
maarifçiliklə əlaqələndirməlidir. Dərsin belə
şəkildə qurulması şagirdə aşağı sinifdən
S.Ə.Şirvani haqqında aldığı bilikləri
genişləndirməyə imkan yaradır.
X sinfin dərsliyində (müəlliflər - N.Cəfərov,
T.Kərimli, Z.Əsgərli, A.Bakıxanova. Bakı, 2005)
şairin həyat və yaradıcılığı haqqında qısa
məlumat verilib. Bu dərs prosesində müəllim
şairin həyatı haqqında əvvəlki bilikləri
möhkəmləndirdikdən sonra onun pedaqoji
fəaliyyətində "siyasi cəhətdən şübhəli müəllim"
kimi ittiham olunmasının səbəblərini şagirdlərə
açıqlamalı və şair-pedaqoqun öz hüquqlarını
bərpa etmək üçün apardığı mübarizələr şagirdlərə
aşılanmalıdır.
Hər şeydən öncə S.Əzim lirik şairdir. Böyük
Füzulidən sonra ədəbiyyatımızda ən böyük qəzəl
ustasıdır. Aşiqanə qəzəllərində şair həqiqi
aşiqin simasında yüksək insani məhəbbət, nəcib
insani duyğular, mətanət və sədaqət, vəfa,
əhdinə sadiqlik, çətinliklərə dözüm kimi
sifətləri tərənnüm edirdi. Lirik qəzəllərində
iki obraz var. Bunlardan biri, eşq şərabı içib
məhəbbətə giriftar olan aşiq, digəri isə
romantik bir xəyalla sevən məşuqədir.
Yüz sərvi-xuraman ola, könlüm səni istər,
Yüz baği-gülüstan ola, könlüm səni istər.
Şair həqiqi məhəbbəti və gözəli dünya
nemətlərinin ən yüksəyi sayır və sevgilisini
canından üstün tutduğunu söyləyir. Müəllimlərə
kömək məqsədi isə şairin "Necə həmtay tutum hər
büti-zibaya səni" qəzəlinin təhlilini verməyi
məqsədəuyğun sayırıq. X sinif dərsliyində şairin
"Necə həmtay tutum hər büti-zibayə səni" misrası
ilə başlayan lirik qəzəli verilir. Əruz vəzninin
rəməl bəhrində olan qəzəl 7 beytdən ibarətdir...
Qəzəlin birinci misrası bədii sual üzərində
qurulub:
Necə həmtay tutum hər büti-zibayə səni?
Vermərəm, tanrı bilir cümlə bu dünyayə səni.
Qəzəl Aşiqin dilindən söylənilir. Birinci beytdə
dərin bir məhəbbətlə sevən aşiq gözəli əfsanəvi
bütlərdən də yüksəyə qaldırır, onu bu dünyada
heç nə ilə dəyişməyəcəyini Tanrının da bildiyini
söyləyir.
Qorxuram ki, nəzər əhli deyə naqisdi bu söz,
Oxşadam hüsndə hərçənd tamam ayə səni.
Aşiq sevgilisinin gözəlliyini ayla müqayisə
etmək belə istəmir, çünki belə müqayisə sevgili
üçün azdır. Aşiq onların eşqinə göz qoyanların
bu sözün yalan-naqis olmasını deyəcəklərindən
qorxur.
Arizin gün əvəzi, aləmi nurani edən,
Gər mələklər çəkələr ərzi-müəllayə səni.
Sevgilisinin yanağının parlaqlığı o qədər çoxdur
ki, o, gün əvəzində Aləmi işıqlandırdığı üçün
göydəki mələklərin onu göyün ən uca qatına -
9-cu göyə çəkəcəklərindən qorxan aşiq çox
narahatdır.
İstəməz abi-bəqa Xızrı-Məsiha xurşid
Göstərə bir kəs əgər Xızri Məsihayə səni.
Sənin üzünün gözəlliyini görən Xızır peyğəmbər
daha əbədi həyat axtarmaz, İsa Məsih səni görsə
günəşi istəməz:
Şaxi gül qoyma sala sayə səni bağ içrə,
Bu nəzakətlə, gülüm incidər ol sayə səni.
Gözəl olduğu qədər də zərif və incə olan
məşuqənin hətta gül budağının ona kölgə
salmasını istəməyən aşiq, gülün budaqlarına da
qısqanır, çünki gülün budaqları ona kölgə qədər
yaxındır, bu yaxınlıq, bu kölgə məşuqəni incidə
bilər. Aşiq isə ona yaxın ola bilmədiyi üçün bu
kölgəni də qısqanır.
Ey pəriçöhrə, gəlir billəhi, heyfim özümün
Ki, desin yar, xəyaliq, məni-rüsvayə səni.
Cəfa çəkən aşiq həm də təvazökardır, o özünü
belə gözələ layiq bilmir. Ey pəriüzlü gözəl,
vallah mənim özümün də heyfim gəlir ki, xalq
mənim kimi rüsvay olmuşu, adı dillərə düşən
birisini sənə tay tutsun.
Nə edir arizuyi-hur, nə gülzari-behişt,
Versələr gərçi ki, bu Seyyidi-şeydayə səni.
Qəzəlin məqtə beytində bu gözəli əgər Seyyidə
versələr, şair dini əfsanəyə görə cənnətdə ona
vəd edilən cənnət pərilərindən imtina edəcəyini
vurğulayır.
Qəzəlin dili çox aydın və şagirdlərin başa
düşəcəkləri anlamdadır. Ərəb-fars izafətlərinə,
dili ağırlaşdıran tərkiblərə rast gəlmirik.
S.Ə.Şirvani yaradıcılığının orta məktəblərdə
ətraflı tədrisi günümüzün aktual problemlərindən
biridir.
Xuraman HÜMMƏTOVA,
Heydər Əliyev adına liseyin
Azərbaycan dili və ədəbiyyat
müəllimi, filologiya elmləri namizədi
|