O insan xoşbəxtdir ki, ona böyük şəxsiyyət kimi
baxılır, o, öz tarixini yarada bilir. Şübhəsiz
ki, o, bu tarixi yaşı ilə yox, əməlləri ilə
yaradır. Belə insanlardan biri də otuz beş il
ömür sürmüş (1899-1934), XX əsr Azərbaycan
ədəbiyyatının klassik sənətkarlarından biri olan
Cəfər Cabbarlıdır. Bu böyük və unudulmaz
sənətkarın keçdiyi ömür yoluna bir daha nəzər
salmaq üçün qızı, Cəfər Cabbarlı ev-muzeyinin
direktoru Gülarə Cabbarlı ilə görüşdük. O, bizi
mehribanlıqla qarşılayıb, iri bir masanın
arxasında əyləşmək üçün yer göstərərək dedi:
-
Heç bilirsən o vaxtlar bu masanın arxasında
kimlər əyləşiblər, - Cəfər Cabbarlı, Abbas Mirzə
Şərifzadə, Ülvi Rəcəb, İsmayıl Hidayətzadə,
A.Tuqanov, Mərziyyə Davudova, Sona Hacıyeva və
başqaları... Səksənə yaxın yaşı olan Gülarə
xanım bu sözlərdən sonra ani xəyala daldı.
Söhbətə lap əvvəldən başladı...
"Mən bir susmaz duyğuyam ki..."
...Atam belə bir adda şərqi yazmışdı. Həmin
şərqini sanki özünə həsr etmişdi:
Mən bir solmaz yarpağam ki, çiçəkləri bəzərəm,
Mən bir susmaz duyğuyam ki, ürəklərdə gəzərəm.
Doğrudan da, o, bu gün ürəklərdə yaşayır,
sevilir. Bu da təsadüfi deyil. Onun şeirdə,
nəsrdə, eləcə də milli dramaturgiyamızın
inkişafında böyük xidmətləri olmuşdur.
- Qısaca olaraq deyim ki, atam Bakının Xızı
kəndində (indiki Xızı rayonunda) kömürçü
ailəsində dünyaya gəlmişdi. Cəfərin 2-3 yaşı
olanda ailəsi Bakı şəhərinə köçmüşdü. O, ilk
təhsilini mollaxanada almış, sonra 7 nömrəli
rus-tatar məktəbində (Azərbaycan - red.)
oxumuşdur. S.S.Axundov, A.Şaiq onun müəllimləri
olmuşdur. 1924-1925-ci illərdə o, teatr
məktəbində oxumuşlar. "Kommunist" qəzeti
redaksiyasında, Dövlət Dram Teatrında
çalışmışdır.
C.Cabbarlı 1934-cü ildə Azərbaycan yazıçılarının
qurultayında iştirak etmişdir. O, həmin il sovet
yazıçılarının I qurultayında çıxış etmiş və
Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü
seçilmişdir. Atam 1934-cü il dekabrın 31-də
Bakıda vəfat etmişdir.
O, yaradıcılığa "Məktəb" jurnalında çap olunan "Bahar"
adlı lirik şeiri ilə başlamışdır. Daha sonra
lirik-romantik və satirik şeirlər yazmışdır.
Onun ən məşhur lirik şeiri "Ana"dır. Ən məşhur
dram əsərlərindən biri "Aydın" faciəsidir.
20-30-cu illərdə yazdığı dram əsərlərinin
çoxunun mövzusunu müasiri olduğu həyatdan
götürmüşdür. "Oqtay Eloğlu", "Sevil", "Almaz",
"1905-ci ildə", "Yaşar", "Dönüş" və sair
əsərləri bu gün də orta və ali məktəblərdə
tədris olunur.
Bütün bunlar bir övlad kimi məni çox
sevindirir.
"Cəfər Cabbarlının ev-muzeyi ulu öndər Heydər
Əliyevin göstərişi ilə yaranıb"
Atamın bu ev-muzeyi 1982-ci ildə ulu öndərimiz
Heydər Əliyevin göstərişi ilə yaradılıb. Elə o
vaxtdan da bu muzeyə mən rəhbərlik edirəm. Onu
da deyim ki, muzeyin açılışında Heydər Əliyev
şəxsən iştirak edib. Ulu öndər atamın
yaradıcılığına, şəxsiyyətinə həmişə böyük
hörmətlə yanaşıb. Dəmiryolu vağzalının
qarşısında atamın heykəlinin ucaldılması da
ümummilli lider Heydər Əliyevin böyük səyi
sayəsində olub. Bütün bunlara görə həmişə ona
Allahdan rəhmət diləyirəm.
"Atam həmişə təhlükəsizlik orqanları tərəfindən
təqib edilib"
Atamı həmişə pantürkizmdə günahlandıraraq onu
həbs etmək üçün məqam axtarmışlar.
1923-cü ildə onu bir neçə dəfə təhlükəsizlik
orqanlarına çağırmışlar. Orada 2-3 ay
əzab-əziyyətlər vermişlər. Atamın "Ədirnə fəthi"
və "Ulduz" ("Trablis müharibəsi") əsərlərində
Türkiyə gənclərinin azadlıq uğrunda mübarizəsi
əsas yer tutur. Elə buna görə də ona amansız
işgəncələr vermişlər. Bütün bu və digər
məsələlərlə bağlı təqiblərdən,
əzab-əziyyətlərdən qorxmayan, usanmayan atam heç
bir dostunun adını çəkməmişdir. Tutarlı faktlar
tapmasalar da, atamı daim incitmişlər. Bəlkə də
onun az yaşamasına səbəb elə bu təqiblər
olmuşdur.
"Bu, mənim şeytan qızım Gülarənin darağıdır"
Anam Sona xanım danışırdı ki, mənim 2-3 yaşım
olanda darağımla atamın saçını daramışam. Necə
olubsa o da papağını başına qoyub iş yerinə
gedib. O, papağını çıxaranda aktyorlar görüblər
ki, Cəfərin başında qadın darağı var. Hamı
gülüşüb. Atam özü də gülərək dostlarına deyib ki,
bu, mənim şeytan qızım Gülarənin darağıdır.
"O, zarafatı çox xoşlayardı"
Bir dəfə atam maaş alıbmış. Onunla teatrda
işləyən köməkçisi Məmməd Əlili ilə (Qorxmaz
Əlilinin atası) nahar edirlər. Atam pullarını
çıxarıb stolun üstünə qoyur. Bir qədər keçmiş
pulları götürür. Sonra da başlayır stolun üstünü
axtarmağa. Əlili soruşur ki, ay Cəfər, nə
axtarırsan? Atam cavab verir ki, pulumu stolun
üstünə qoymuşdum, indi yoxdur. Əlili deyir ki,
nə demək istəyirsən, belə çıxır ki, pullarını
mən götürmüşəm? Atamın bu sözündən sonra Əlili
əsəbi halda çıxıb gedir. Bu iş ona elə pis təsir
edir ki, hətta istəyir özünü tramvayın altına
atsın. Bir qədər sonra atam qardaşı oğlu
Əlbəndəni Əlilinin dalınca göndərir ki, o,
buradan çox əsəbi gedib, özünə bir xətər-zad
yetirər, ona de ki, səni əmim çağırır. Əlili
geri qayıdanda atam ondan dönə-dönə üzr istəyir.
"Məni bağışla, - deyir: Əlimdə bir əsər yazıram,
istəyirdim görəm ki, adama böhtan atanda o adam
özünü necə hiss edir". Əlili də deyir ki, bəs
mən özümü tramvayın altına atsaydım, necə
olacaqdı?
Atam yenə ondan üzr istəyir.
"Atam mərcdə uduzduğuna görə anama mirvari
boyunbağı alıb"
Anam danışırdı ki, bir dəfə Cəfərlə mərcləşdik.
Mən dedim ki, əgər mən aparsam, bir düzüm
mirvari boyunbağı alarsan. Cəfər də dedi ki, sən
uduzsan, mənə bir cüt corab alarsan. Aradan heç
yarım saat keçmədi ki, telefon zəng çaldı. Mən
yaxınlaşıb divardan asılmış telefonun dəstəyini
qaldırdım. Cəfəri istəyirdilər. Onu çağırıb
dəstəyi ona verəndə dedim ki, Cəfər, apardım. O
bilmədi nə etsin, danışıb qurtarandan sonra dedi
ki, yox, bu düz deyil, sən aparmadın. Axı
telefonun məftilinin bir ucu divardadır. Bir
xeyli mübahisədən sonra Cəfər dedi ki, yaxşı,
Sonası, zarafat edirdim. Sənə bəlkə mirvari
əvəzinə qızıl boyunbağı alım. Axı mirvari
boyunbağını əzəndə o torpağa dönür. Qızıl isə
əzilsə də qızıldır. Dedim ki, mən mirvari
boyunbağı istəyirəm.
Atam mərcdə uduzduğuna görə anama mirvari
boyunbağı alıb.
"O, "Almaz" əsərini dizinin üstündə yazıb"
Şurabad bağlarında bizim də bağımız varmış. Anam
deyirdi ki, biz tez-tez ora dincəlməyə gedirdik.
Cəfər isə burada lap çox işləyirdi. Özü də bağda
şəraitimiz pis idi. Alaçıqda yaşayırdıq. Cəfər "Almaz"
əsərini burada lampa işığında, dizinin üstünə
bir taxta parçası qoyub yazırdı. Əsəri elə
dizinin üstündə yazıb qurtardı.
Mən onun bu vəziyyətini görüb dedim ki, ay Cəfər,
gəlsənə bu bağda bir ev tikdirəsən. Cavab verdi
ki, tikdirməyinə tikdirərəm, amma bu ev də
şəhərdəki ev kimi olacaq. Daha bağ evi ilə şəhər
evinin nə fərqi olacaq. O bu sözdən sonra dedi
ki, mənə bir fincan çay gətir. Ona çay gətirəndə
mənə bir kağız parçası uzatdı. Dörd bəndlik bir
şeir yazmışdı:
Ay Sonası, çay gətir mənimçün,
Qələndərəm, pay gətir mənimçün.
Bağ yeridir, qəndi çox işlətmərəm,
İstəyirsən say gətir mənimçün.
Bəli, həmin gün ölməz sənətkar Cəfər Cabbarlının
qızı Gülarə xanımla çox söhbət etdik. Atası
barədə yada düşən xatirələrini dinlədik. Təhsil
ocaqlarında onunla olan görüşlər barədə, atasına
olan xalq sevgisindən, xalq məhəbbətindən
danışdıq.
Sonda Gülarə xanımdan qəzet üçün ailəvi
şəkillərini istədik. Əvvəlcə şəkli vermək
istəmədi. Sonra birtəhər razılaşdı. Mən onu
yaxşı başa düşürdüm. Bu, Gülarə xanımın atasına
olan istəyindən, məhəbbətindən irəli gəlirdi. O
istəmir ki, Cəfər Cabbarlının ev-muzeyində
toplanmış heç bir eksponat, heç bir sənəd itsin.
O istəyir ki, Cəfər Cabbarlı haqqında olan hər
bir şey gələcək nəsillərə çatdırılsın. Axı bütün
bunlar hamısı xalqını, Vətənini canından artıq
sevən Cəfər Cabbarlıya, Cəfər Cabbarlı da
xalqına məxsusdur.
Ədalət DAŞDƏMİRLİ |