Aprelin 27-də Bakıdakı "Hyatt Regency" otelinin
"Quba" zalında "Məktəbli gənclər Heydər Əliyev
zəkasının işığında" mövzusunda Bakı şəhər
ümumtəhsil məktəbləri şagirdlərinin
yaradıcılığına həsr olunan konfransın yekun
mərhələsi və qaliblərin mükafatlandırılması
mərasimi keçirildi.
Azərbaycan Respublikasının Dövlət himni
səsləndirildikdən sonra Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin müdiri Nailə Rzaquliyeva çıxış edərək
bu il aprelin 10-da keçirilmiş "Məktəbli gənclər
Heydər Əliyev zəkasının işığında" mövzusunda
Bakı şəhər ümumtəhsil məktəbləri şagirdlərinin
yaradıcılığına həsr olunan konfrans haqqında
məlumat verdi. Nailə Rzaquliyeva öz mahiyyətinə
görə elmi, yaradıcı olmaqla yanaşı, qabiliyyət
və istedadın üzə çıxarılmasına imkan verən bu
konfransın qaliblərinə müvəffəqiyyətlər
arzuladı.
Tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin
və onun layiqli davamçısı ölkə Prezidenti cənab
İlham Əliyevin təhsil sahəsində gördükləri
işlərlə bağlı ayrı-ayrı məqamları əks etdirən
"Azərbaycan-dünyam mənim" adlı sənədli filmə
tamaşa etdilər.
Mərasimdə münsiflər heyəti tərəfindən işləri
yüksək qiymətləndirilən bir necə şagirdin
müxtəlif mövzularda təqdimatları oldu.
Sonra konfransda ən yaxşı yaradıcılıq işi ilə
fərqlənmiş 50-yə yaxın şagirdə Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin diplom və hədiyyələri təqdim
edildi. Mərasimdə həmçinin ümummilli lider
Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü
münasibətilə keçirilən inşa müsabiqəsinin Bakı
şəhəri üzrə qalibləri olan 11 şagird də
mükafatlandırıldı.
Konfransda AMEA-nın müxbir üzvü, professor Vaqif
Abbasov, Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva,
Mətbuat Şurasının sədri Əflatun Amaşov, Binəqədi
Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev
son illər Azərbaycan təhsilinin uğurlu
inkişafından, ölkə Prezidenti cənab İlham Əliyev
tərəfindən təhsilə göstərilən qayğıdan söz
açdılar.
Mərasimi təhsil naziri Misir Mərdanov
yekunlaşdıraraq ulu öndərimiz Heydər Əliyevin
müəllimlərə hər zaman xüsusi hörmətlə
yanaşdığını, onların əməyini yüksək
dəyərləndirdiyini qeyd etdi. Dahi şəxsiyyətin
müəllim haqqında dediyi dəyərli fikirləri
mərasim iştirakçılarının diqqətinə çatdıran
təhsil naziri hazırda onun layiqli davamçısı,
ölkə başçısı cənab İlham Əliyev tərəfindən
Azərbaycan təhsilinin, elminin inkişafına diqqət
və qayğı göstərildiyini xüsusi vurğuladı. Nazir
istedadlı şagirdlərin üzə çıxarılmasında,
onların yaradıcılıq potensialının inkişafında
belə tədbirlərin keçirilməsinin müstəsna
əhəmiyyəti olduğunu bildirdi, bütün qalibləri
təbrik etdi.
Samirə KƏRİMOVA |