Azərbaycan
ədəbiyyatında yazıb-yaradan adlı-sanlı elm-sənət
adamları, şair-publisist və ictimai-siyasi
xadimlər az olmamışdır. Onların mütərəqqi
ənənələrini layiqincə davam etdirən bir
şəxsiyyət də vardır ki, o, çağdaş dövrümüzdə
özünün əməli fəaliyyəti və yaradıcılığı ilə
diqqəti cəlb etməkdədir. Söhbət qədim Şirvan
torpağında tanınmış həkim, ictimai xadim, gözəl
ziyalı, şair-publisist kimi şöhrət tapmış
Mirəfsəl Təbibdən gedir. Hörmətli ağsaqqal,
elcanlı və nüfuzlu ziyalı olan Mirəfsəlin xeyli
əsərləri, o cümlədən "Təbibim obaya, elə
arxalan", "Bir ömür sürmüşəm, dünya görmüşəm",
"Fikirlərim, mülahizələrim, xatirələrim", "Dünya
ola bilmir daha tamaşa", "Daha üz çevirmək
mümkün deyildir", "250 sonet", "Rübailər",
"Uşaqlar, həmsöhbətim sizsiniz" və s. kitabları
mənə tanışdır. Həyat, ölüm haqqında, məhəbbət,
xəyanət, sevinc və kədər barədə düşüncələr,
dövlətçilik, millilik, türkçülüklə bağlı fəlsəfi
qənaətlər və mülahizələr bu əsərlərin əsas
mahiyyətini təşkil edir. Onun poeziyasında
əsasən klassik ədəbiyyatımıza məxsus əbədi və
əzəli mövzular qələmə alınmışdır. Bütün bu
məsələləri professor Əmirxan Xəlilov yeni çapdan
çıxmış kitabında - "Həyata müdrik baxış"
monoqrafiyasında elmi şəkildə həll etməyə
çalışmışdır. On fəsildən, Ön söz və Son sözdən
ibarət bu kitabda müəllif şair-ədibin
yaradıcılığını Azərbaycan və dünya ədəbiyyatı
fonunda araşdırmışdır.
Ə.Xəlilovun təsdiq etdiyi kimi, Mirəfsəl Təbibin
şeir-sənət məramı, demək olar ki, onun özü
kimidir; sadə və müdrik, həzin və kövrək,
öyrədən və düşündürən. Özündən müştəbeh olmamaq
onun mənəvi aləminin bəzəyidir. Necə deyərlər,
"bircə ondan razıdır ki, özündən narazıdır". Bu
mühüm keyfiyyətləri özündə birləşdirən şair
yaxşı dərk edir ki, təkəbbürlülük, lovğalıq
təkcə həyatda yox, elə yaradıcılıqda da
qəbuledilməzdir. Çünki böyük sələfinin dediyi
kimi, "Birinci addımda lovğalananlar, ikinci
addımda yıxılacaqdır". Monoqrafiyada bu cəhət ön
plana çəkilir ki, Mirəfsəl, hər şeydən əvvəl,
əsl gözəllikləri Ana təbiətdə görür və onları
ilhamla əks etdirir. Vətən, torpaq
təəssübkeşliyi, dövlətçilik, türkçülük,
ilkinliyə qayıdış, milli ruh, ideya və motivləri
onun qüdrətli və titrək qəlbini təlatümə
gətirən, onda qeyri-adi rezonans yaradan əbədi
və əzəli mövzulardır. Bu sıraya müdrik şairin
məhəbbət, səadət, ölüm və şəhidlik hissi ilə
bağlı əsərlərini də aid edirik. Kitabın
"Fəlsəfi - estetik janr və Şərq - Qərb
məsələsi", habelə "Rübai - klassik və müasirlik
kontekstində" fəsillərində şairin poetik
dünyası, bizcə, yetərincə açıqlanır, əsas
mülahizə və iddialar konkret bədii misallarla
sübuta yetirilir. M.Təbibin bir ümdə cəhəti də
budur ki, o, heç vaxt Azadlıq, Müstəqillik,
Həqiqət yolundan kənarda qalmamışdır. Xalqımızın
ən çətin günlərində səsi Qarabağdan gəlmiş,
maddi və mənəvi köməyini Azərbaycan əsgərindən
əsirgəməmişdir. Hazırda da bu yüksək amalla,
aydın əqidə və məfkurə ilə
yaşayıb-yaratmaqdadır.
İnsanın,
bəşərin azadlığı uğrunda mübarizə duyğuları,
türkçülük, müstəqillik ideyalarının tərənnümü,
Vətən, yurd məhəbbəti onun əsərlərinin, xüsusən
publisist ruhda yazılmış kitablarının əsas
rəhnidir. Vaxtilə alman dahisi "Faust"da gözəl
ifadə etmişdir:
Yaşamaq istəsən, vuruş həmişə!
Azadlıq layiqdir o adama ki,
Atıla bu yolda hər an döyüşə!
"Dünyanı gözəllik yox, məhz insan özü xilas
edəcəkdir" - tezisi ilə çıxış edən Mirəfsəl
Təbib haqlı olaraq bu fikirdədir ki:
Dövləti müstəqil olmayan millət,
Azad ola bilməz - budur həqiqət!
Başqa bir əsərində isə yazır: "Sözü, Zəkanı,
Əməli özünün həyat məramı hesab edənlər
ölməzdir". Sonra isə öz mülahizələrini spesifik
şəkildə belə tamamlayır:
Azadlıq - ruhudur hər bir millətin,
Hüsnü - Azadlıqdır hər məmləkətin.
Pis, yaxşı, nə olsaq - özümüz olaq,
Milli soya bağlı kökümüz olaq.
Monoqrafiyada müəllif haqlı olaraq şairin lirik
şeir, qoşma, qəzəl, rübai və sonetlərini
ümumiləşdirərək poeziyamızda, publisistikamızda
yerini, mövqeyini müəyyənləşdirməyə cəhd
göstərir, onun özünəməxsus keyfiyyətlərini üzə
çıxarır. Kitabda düzgün qeyd olunur: "baharında
çiçəklənən, çiçəyində ləçəklənən, ləçəyində
göyçəklənən" dünyanı sevdiyinə görədir ki, onun
özü də təbiətin gözəllikləri qədər canlı, kamil
və cazibədardır. Bu da bir reallıqdır ki,
Mirəfsəlin şəxsiyyəti ilə bədii yaradıcılığı
arasında qırılmaz bir vəhdət mövcuddur. "Mənli -
mənsiz təki olsun bu dünya" söyləyən şair
həyatın ziddiyyətlərini, "qəm karvanını" dərk
etməklə yanaşı, həm də insanlığı, dünyanı gözəl
görmək istəyir. Bir misrasında sevgilisinə belə
deyir: "Yaşıl geyin, mən heyranam yaşıla".
Təbiidir ki, öyrənmək, görüb-götürmək
qarşılıqlıdır. Bu mənada Sələflər, Xələflər
arasında problem yoxdur və ola da bilməz. Ədəbi
estafet heç vaxt bir nöqtədə dayanıb qala
bilmir. Birindən digərinə keçir və bu, ədəbi
qanunauyğunluqdur. Bu estafetdə birisi zəfər
qazanır, zirvəyə çatır, digəri çalışıb -
çabalayır, dağın ətəyinə çata-çatmaya. Ə.Xəlilov
bu yerdə məntiqi olaraq insan-şair taleyini
ümumiləşdirən şairdən kiçik bir misal gətirir və
ona haqq qazandırır:
Kimi - düzlük xülyası,
Kimi - özəl dünyası.
Kimi - kənək, vasvası.
İşin coduna çıxır.
Kiminin daşır köpü,
Kiminin dolur küpü.
Kimi yığır çör-çöpü,
Gedir, oduna çıxır...
Həkim əlac eyləyir,
Falçı adına çıxır.
Monoqrafiyada şairin rübailəri də tədqiqata cəlb
olunmuşdur. Müxtəlif növ şeirlərini, habelə
qəzəl, müxəmməs və sonetlərini ətraflı şərh edən
ədəbiyyatşünas onun rübailərini çox doğru olaraq
klassik və müasir Azərbaycan və dünya ədəbi
fonunda nəzərdən keçirmişdir. Mirəfsəlin rübai
və sonetlərinə diqqət yetirdikdə aydın nəzərə
çarpır ki, o, nəinki milli klassiklərimizdən,
eyni zamanda dünyanın Dante, Şekspir, Xəyyam
kimi dahilərindən bəhrələnmiş, onlardan yaradıcı
şəkildə öyrənmiş və öz orijinal şeir
nümunələrini yarada bilmişdir.
Vaxtilə rübai ustası kimi şöhrət tapan Məhsəti
xanım bircə kəlamı ilə çox sərrast deyib: "Mənim
kəbinimdir bircə rübai". Ə.Xəlilov bu fikrə
istinad edərək yazır: "Ciddi poeziyası və ciddi
şəxsiyyəti ilə seçilən Mirəfsəl Təbibin də qala
bürcü rübaidir. İstər yüksək məfkurəsi, istərsə
də estetik atributları ilə bizdə ümumi qənaət
yaradan bu rübailər məhz Mirəfsələ məxsusdur.
Elə bu xüsusiyyət onun rübailərinə uzunömürlülük
vəd edir".
Müəllifin bu elmi qənaətinin sübutu kimi
aşağıdakı iki rübaini hörmətli oxucuların
diqqətinə çatdırmağı vacib bilirəm:
Dərdli könüllərə mehr bağladım,
Kədəri, qüssəni, qəmi dağladım.
Harda ki, ovundu, güldü könüllər,
Hüznü satın alıb, özüm ağladım.
Sükutam, deyirlər zaman kimiyəm,
Şəffafam, deyirlər duman kimiyəm.
Yamanlıq edənə yaxşı deyirlər,
Yaxşılıq edirəm, yaman kimiyəm.
Mən inanmaq istərdim ki, gözəl insan, şair və
qeyrətli vətəndaş olan Mirəfsəl Təbibin
yaradıcılığı ədəbi tənqidimizin diqqətindən
yayınmayacaq, bu barədə çox yazılacaqdır.
Əmirxan Xəlilovun bu sanballı monoqrafiyası
müdrik şairimiz haqqında xoş sözlər deməyə hər
cür əsas verir. Kitab ədəbiyyatşünaslıqda, çox
güman ki, öz dəyər və qiymətini tapacaqdır.
Nizami CƏFƏROV,
AMEA-nın müxbir üzvü,
millət vəkili |