Dəqiqələr saata, günlər həftələrə, həftələr
aylara dönür, fəsillər dəyişir, illər bir-birini
əvəz edir. Üaşayırıq. Özümüz də bilmədən hər gün
bir addım son mənzilimizə yaxınlaşırıq.
Və
bu gəldi-gedər dünyaya göz açan hər bir insan
İlahi tərəfindən ona bəxş edilmiş ömür payını
özünəməxsus tərzdə, bacardığı kimi yaşayır.
Dünyasını dəyişib əbədiyyətə qovuşandan sonra
Vətəni və xalqı üçün gördüyü işlərlə, özündən
sonrakı nəsillər üçün miras qoyduğu xeyirxah
əməlləri ilə onu tanıyanlar tərəfindən hörmət və
ehtiramla xatırlanır, yad edilirlər.
Belə insanlardan biri, uzun müddət Azərbaycan
Dövlət Universitetində (indiki BDU-da) fəaliyyət
göstərən, görkəmli ədəbiyyatşünas, Azərbaycan
dramaturgiyasının tədqiqatçısı, dünya
ədəbiyyatının görkəmli nümayəndələrinin
təbliğatçısı olmuş, filologiya elmləri doktoru,
professor Əli Sultanlı haqqında söz açmaq
istəyirik. Alimin bizə məlum olmayan keşməkeşli
ömür yoluna nəzər salmaq üçün onun keçmiş
həmkarı, yaxınları və tələbələri ilə görüşməyi
qərara aldıq.
Əli Abdulla oğlu Sultanlı 1906-cı ildə
Naxçıvanda anadan olub. İlk təhsilini doğma
Naxçıvanda alan Əli 1923-cü ildə Bakıya gəlib,
burada oğlanlar seminariyasını və sonra
Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib.
1929-cu ildə o, APİ-nin Xarici ölkələr
ədəbiyyatı kafedrasında müəllim kimi ilk əmək
fəaliyyətinə başlayıb, bir müddət sonra
filologiya fakültəsinin dekanı vəzifəsinə təyin
edilib.
Əli Sultanlı 1940-cı ildə "Axundov və Molyer"
mövzusunda elmlər namizədi və 1946-cı ildə isə
"Azərbaycan dramaturgiyasının tarixi" mövzusunda
elmlər doktoru dissertasiyalarını müdafiə edib.
Sonralar taleyini Azərbaycan Dövlət
Universitetinə bağlayıb və ömrünün sonuna kimi
bu təhsil ocağında işləməklə misilsiz,
yaddaqalan əməllərilə ömür salnaməsini yazıb.
"O, vətənpərvər alim, əvəzsiz müəllim idi"
Yusif Seyidov, BDU-nun kafedra müdiri,
filologiya elmləri doktoru, professor:
- Əli Sultanlı uzun illər Azərbaycanın ali
məktəblərində Qərbi Avropa ölkələrinin çoxəsrlik
ədəbiyyatını, fəlsəfə, ictimai-siyasi fikir
tarixini, çoxəsrlik rus, hind, türk, İran və
bütün Şərq ədəbiyyatının mədəniyyət tarixini
dərin bilən bir alim kimi yadda qalıb.
Respublikamızda xarici ölkə ədəbiyyatının
müntəzəm öyrənilməsi və bu sahədəki ilk
müvəffəqiyyətlər professor Əli Sultanlının adı
ilə bağlıdır. Ə.Sultanlı tədris etdiyi fənnə aid
"Antik ədəbiyyatı müntəxəbatı", "Roma ədəbiyyatı
müntəxəbatı", "Xarici ölkələr ədəbiyyatı",
"Antik ədəbiyyat tarixi" və s. başqa qiymətli
dərs vəsaitləri hazırlayaraq çap etdirib.
Aristotel, Bokkaçio, Şekspir, Molyer, Russo,
Höte, Şiller, Bayron, Hüqo, Heyne, Balzak,
İbeen, R.Rollan və başqa sənətkarların
yaradıcılığı haqqında jurnal və qəzetlərdə
müntəzəm olaraq məqalələr nəşr etdirib,
Azərbaycan xalqını dünya mədəniyyətinin inciləri
ilə tanış edib.![](95.gif)
Qədim Azərbaycan ədəbiyyatı tarixini
işıqlandırmaq həmişə Ə.Sultanlını düşündürüb.
Onun "Dədə Qorqud" dastanı haqqında bir çox
məqalələr yazması məhz bunun nəticəsidir. O,
həmçinin respublikanın ali məktəbləri üçün
xarici ölkələr ədəbiyyatı üzrə sanballı
mütəxəssislər hazırlayıb.
Əli Sultanlı o zaman universitetimizdə Avropa
ədəbiyyatı adlanan kafedranın müdiri idi və bu
ədəbiyyatdan mühazirələr oxuyurdu. Onun
qeyri-adi diksiyası var idi, dərs prosesində
tədris materialına uyğun olaraq, səsinin tonu
dəyişir, bəzən adama elə gəlirdi ki, elmliyi
azaltmadan, monoloq deyir. Dərslik olmadığı üçün
mühazirəni yazmalı idik, lakin Əli müəllimin
mühazirəsinin şirinliyi məcbur edirdi ki, biz
tələbələr, necə deyərlər, ağzımızı açıb onu
dinləyək. Ə.Sultanlının dərsləri həmişə kütləvi
xarakter alırdı, yəni onun mühazirələrində təkcə
qrupun tələbələri deyil, başqa fakültələrin
tələbələri də iştirak edirdi. Mən tələbə,
aspirant olanda da, universitetdə işləyəndə də
bunların şahidi olmuşam.
Əli müəllim həqiqəti müdafiə etmək üçün heç
nədən çəkinməzdi. Yaxşı yadımdadı, 50-ci illərdə
erməni təcavüzünün əleyhinə çıxış etdiyinə görə
universitetin müəllimi Abbas Zamanovun partiya
sıralarından çıxarılması məsələsi qoyulmuşdu.
Zamanına görə bu ən ağır cəza idi. Mərkəzi
Komitənin tələbi ilə universitet rəhbərliyi bunu
həyata keçirməli idi. Məsələnin müzakirəyə
qoyulduğu ümumi partiya iclasında Əli Sultanlı
belə bir qərarın çıxarılmasını qəti şəkildə
pisləyib, Abbas Zamanovu müdafiə etdi.
Biz tələbə ikən fakültənin dekanı olan Həbibulla
Səmədzadə 1948-ci ildə dünyasını dəyişdi. Əli
müəllim fakültəyə dekan qoyulması təklifinə qəti
etiraz etdi: - "Mən onun yerində otura
bilmərəm", - dedi. Onlar dost olmuşdular, bu
münasibət, bu insanlıq duyğusu ona imkan
vermirdi ki, həmin hissi - psixoloji maneəni
aşsın.
Əli müəllimin adı bu gün də şərəflə çəkilir.
Ölümündən 50 il keçməsinə baxmayaraq, hazırda da
Avropa ədəbiyyatı (indi dünya ədəbiyyatı)
kafedrası Əli Sultanlının adı ilə çağırılır.
"Əli dayım tanınmış alim olmaqla yanaşı,
dostluğa da sadiq insan olub"
![](97.gif)
Kamal Abdulla, yazıçı-dramaturq, dilçi-alim,
professor:
- Əli dayım rəhmətə gedəndə mənim 9 yaşım vardı.
Onun bizim evimizdə olan "Antik ədəbiyyat
tarixi" kitabını hələ o zaman dəfələrlə
oxumuşam. Həmin kitabda miflərin təsvirinə həsr
edilmiş böyük hissələr vardı. O vaxtlar həmin
yunan mifləri Azərbaycan oxucularına yaxşı tanış
olmadığına görə Əli müəllim o mifləri geniş
təsvir etməyə məcbur olub. O mifləri maraqlı bir
nağıl və ya bir hadisə kimi oxuduğum üçün o
zamankı antik yunan mifləri barədə mənim
təsəvvürüm formalaşmağa başlamışdı. İndi də bu
haqda hansı təsəvvürə malikəmsə, buna görə Əli
Sultanlıya minnətdaram. Məndə Dədə Qorquda,
Azərbaycan və dünya ədəbiyyatına məhəbbət onun
əsərlərini oxuyandan sonra yaranıb. Azərbaycan
ədəbiyyatşünaslığında həm dramaturgiya tarixini
sistemləşdirən, həm də antik ədəbiyyatı
sistemləşdirib Azərbaycan ədəbiyyatşünaslığının
bir sahəsinə çevirən görkəmli alim kimi onun
yeri əvəzsizdir.
Əli dayım tanınmış alim olmaqla yanaşı, dostluğa
da sadiq insan olub. Anam Bətulə xanım danışardı
ki, onların Naxçıvandakı ata evini Hüseyn
Cavidin evindən bir çəpər ayırdığı üçün yaxın
qonşu olublar. Anam H.Cavidin həyat yoldaşı
Müşkünaz xanımla çox mehriban rəfiqə olublar.
Babam Abdulla kişi də qızı Bətuləni ancaq
H.Cavidin ailəsinə etibar edib. Dayılarım da
bunun müqabilində anamın onlara getməsinə,
Müşkünaz xanımla dostluq etməsinə mane olmayıb.
Cavid Əfəndiyə də yaxşı qonşu, ağsaqqal dost
kimi hörmət ediblər.
O zaman Cavid Müşkünaz xanımla birlikdə anamı da
Bakıya gətirir, onları oxumaq üçün darülfünə
düzəldir və onlara dərs deyir. 1937-ci ilin
məlum hadisələri ilə əlaqədar H.Cavid həbs
olunaraq Sibirə sürgün edilir. Müşkünaz xanım
uşaqları ilə birlikdə yaşadıqları evdən bayıra
atılır. Onlar Dağlı məhəlləsində pəncərəsiz,
döşəməsi torpaq, qapısı bir baş küçəyə açılan
balaca bir daxma tapıb ora yığışıblar. Müşkünaz
xanım ehtiyac üzündən acından ölməsin deyə,
oğlunu Naxçıvana göndərir. Dost-tanışlar, hətta
qohumlar da onlarla əlaqəni tamam kəsir,
qapılarını açan belə olmur. Ağır məqamlarında
onu yad edən yalnız naxçıvanlı rəfiqələri
Hüsniyə xanım və anam Bətulə olur. Onları
acından ölməyə qoymurlar. Dayılarımın, o
cümlədən Əli dayımın məsləhəti ilə anam zənbilə
yemək yığıb üstünə hamam boğçası qoyar, hava
qaralanda zənbili başına örtdüyü enli çadranın
altında gizlədib Müşkünazgilin yaşadığı evə
tərəf gedərdi. Evə çatanda qapını astaca döyüb
zənbili qapının ağzında yerə qoyub oradan təcili
uzaqlaşardı. Zamanına görə, bu, böyük risk və
təhlükə idi. Müşkünaz xanım bunu bildiyi üçün
həmin an qapını açıb zənbili götürərdi. Hər dəfə
onların ailəsinə edilən belə köməkliklərdən
sonra Əli dayım rahatlıq tapar, anamın üzünə
minnətdarlıqla baxardı.
"Dünya ədəbiyyatı kafedrasını Əli Sultanlı
yaradıb"
Cəmil Nağıyev, filologiya elmləri doktoru,
professor:
- 1964-cü ildə mən ADU-ya qəbul olanda artıq bir
neçə il idi ki, Əli Sultanlı dünyasını
dəyişmişdi. Buna baxmayaraq, yaxşı bir müəllim
kimi onun haqqında əfsanəyəbənzər söhbətlər
eşidirdim. Sonralar onun yaradıcılığı ilə tanış
olduqca heyrətlənirdim. O, Azərbaycan
dramaturgiya tarixini və xalq dramlarını tədqiq
edib və sanballı monoqrafiyalar yazıb. Əli
Sultanlı Dədə Qorquda həsr etdiyi tədqiqat
əsərində yunan şairi Homerin Odiseya əsərinin
personajlarından biri olan Polifenlə (Siklonu)
"Kitabi Dədə Qorqud" dastanındakı Təpəgözün
müqayisəli təhlilini verib.
Onun elmi-pedaqoji fəaliyyətinin əsas
istiqamətlərindən biri də qədim yunan və qədim
Roma ədəbiyyatlarını əhatə edən, bu gün də öz
elmi dəyərini itirməyən, Azərbaycan
ziyalılarının və universitet tələbələrinin əsas
tədris vəsaiti kimi mənbələrdən biri olan "Antik
ədəbiyyatı tarixi" kitabıdır. 1958-ci ildə çap
olunan həmin kitab bu gün də tələbələrin
istifadə etdiyi dəyərli dərs vəsaitidir. Əli
müəllim bu gün də dəyərini itirməyən bir sıra
kitabların və dərsliklərin müəllifidir. O, ilk
dəfə olaraq Azərbaycanda "Orta əsrlər və intibah
dövrü ədəbiyyatı müntəxəbatı"nı da çap etdirib.
Əli Sultanlı 1939-cu ildə universitetdə Dünya
ədəbiyyatı kafedrasını yaradıb və ömrünün sonuna
kimi həmin kafedraya rəhbərlik edib.
"Atamı az qala tanımayacaqdım"
Nərmin Sultanlı, BDU-nun Şərqşünaslıq
fakültəsinin dosenti (Əli Sultanlının qızı):
- Atamın bir müəllim, pedaqoq kimi ustalığından,
ömrünün böyük hissəsini xalq maarifinə həsr
etməsindən, tələbələrinə qarşı qayğıkeşliyindən
çox yazılıb. Bu haqda Əli müəllimin sevimli
tələbəsi İsmayıl Şıxlının "Mənim rəqibim" və
"Onun səsi qulağımdadır" adlı hekayələri var.
Əli müəllim mahir lektor kimi 150 nəfərlik
auditoriyanı öz mühazirələriylə sehrləndirərdi.
Yaxşı yadımdadır, 6 yaşım vardı. Atam məni özü
ilə universitetə aparmışdı. Elə oldu ki, mən
onun mühazirəsində oturmalı oldum. Mühazirə
başlandı və birdən qarşımda tanımadığım bir adam
gördüm, hətta bu dəyişiklik məni bir az qorxutdu
da! Atam isə Troya müharibəsindən danışır, gah
Axilles olurdu, gah da Patrokl və s.
Atam dostluqda səmimi və hətta fədakar idi.
Müharibə vaxtı və 50-ci illərdə məlum səbəblərə
görə dara düşən dostlarına və tələbələrinə çox
incə davranışla, onlara hiss etdirmədən kömək
edərdi. Sürgündən təzə qayıtmış bir ziyalını
(adını çəkmək istəmirəm) atam hər gün nahar
vaxtı evə dəvət edir, onu yaxşıca yedirdəndən
sonra ingilis dilini öyrətməsini ondan xahiş
edərdi. Və bir gün bundan şübhələnən həmin insan
atama - "Əli, ingilis dilini öyrənmək sənin
nəyinə lazımdır, özü də həmişə nahar vaxtı?" -
deyə soruşur. Atam özünü itirmədən - "Qardaş,
dili öyrənməyin xeyri var ki, ziyanı yoxdur, bir
də tək olanda iştaham küsür, heç nə yeyə
bilmirəm. Səninlə bir olanda həvəslə yeyirəm və
söhbətlərin də mənə başqa cür ləzzət verir", -
deyərək əlüstü cavab verməklə qonağını azdırır,
duyuq düşməsinə imkan verməməyə çalışır. Ancaq
atalar demiş, "Cidanı çuvalda gizlətmək olmur".
Atamın sovet quruluşuna münasibəti çox mənfi
idi. Kommunist partiyasının üzvü olmadığına görə
Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü
seçilmədi.
Bir insan kimi formalaşmağımda atamın böyük
rolu olub. O zamanlar çoxları uşaqlarını rus
bölməsində oxumağa göndərərdi. Atam bunun qəti
əleyhinə idi və mən təhsilimi Azərbaycan
məktəbində aldım. Sonra isə Azərbaycan Dövlət
Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb
dili şöbəsinin Azərbaycan bölməsində oxuduğuma
görə mənim mütaliəmə də çox diqqət verirdi.
Atam yaddaşımda təmkinli, heç vaxt səsini
yüksəltməyən, ürəyiyumşaq bir şəxs kimi qalıb.
Cavanlıqdan heç bir heyvanın ətini yemədiyini
çox adamlar uzun müddət bilməyib. Səyahəti çox
sevərdi. Bizi o vaxtkı Sovet İttifaqının bütün
gəzməli yerlərinə aparmışdı.
Atam deyərdi: "Müəllimlik peşəsini seçən adam
bir şeyi yaddan çıxarmamalıdır: müəllim tələbə
üçün ilahi varlıq, bir örnək olmalıdır".
Uşaqlıqda ata-ananın himayəsindən tez qurtarıb,
böyüməyə can atırıq. Yaşlaşanda isə atalı-analı
günlərimiz üçün darıxırıq. Mən də atamla
keçirdiyim xoşbəxt uşaqlığım üçün çox darıxıram.
Atam həyat eşqi ilə qaynayan, tükənməz arzularla
yaşayan nikbin bir insan idi. Lakin vəfasız ömür
ona yaşamağa imkan vermədi. 1960-cı ildə,
ömrünün çiçəkləndiyi 54-cü ilində dünyasını
dəyişib əbədiyyətə qovuşdu.
Qələmə aldı:
Nizami MİRZƏ |