| 
								
								 Bu 
								gəldi-gedər dünyaya göz açırıq. Və sonu 
								bilinməyən, bəzən zirvəyə, bəzən də uçuruma 
								aparan ömür yollarında addımlayır, bitib 
								tükənməyən arzularla yaşayırıq. Çətinliklərə 
								sinə gərərək, daşlı-kəsəkli, enişli-yoxuşlu 
								cığırlardan başlanan çətin yolları qət edənlər 
								zirvələrə qalxıb arzularına çatırlar. Belə yolun 
								yolçuları vətəninin tərəqqisinə, millətinin 
								maariflənməsinə xidmət edən xeyirxah işləri, 
								mütərəqqi əməlləri ilə onu tanıyanlar tərəfindən 
								seçilərək sayılır, böyük nüfuz sahibi kimi 
								hörmət qazanırlar. Belə insanlardan biri Təhsil 
								Nazirliyinin şöbə müdiri, filologiya elmləri 
								namizədi Faiq Şahbazlının maraqlı və ləyaqətli 
								ömür yolundan söz açmaq istəyirik. 
								
								Redaksiyadan Faiq müəllimin 55 yaşının tamam 
								olması münasibətilə məqalə yazmaq tapşırığını 
								aldım. 
								
								Sevindim. Dəstəyi qaldırıb nömrəni yığdım, 
								xəttin o biri başında Faiq müəllimin gümrah səsi 
								eşidildi. Bəri başdan onu ad günü münasibətilə 
								təbrik etdim. Haqqında məqalə yazmaq üçün onunla 
								görüşməli, keçdiyi ömür yolunda bəzi məqamlara 
								işıq salmalı, arzu və diləklərini, gələcək 
								planlarını öyrənməli, yaşayaraq arxada qoyduğu 
								illərin acılı-şirinli anlarını vərəqləməli 
								olacağımı dedim. Əvvəlcə təvazökarlıq etdi. 
								Sonra razılaşdı. Nazirlikdə, kabinetində 
								görüşmək üçün vədələşdik. 
								
								Görüş vaxtına bir az qalmış geyinib iş otağımdan 
								çıxdım. Hava sakit və mülayim idi. Sakit əsən 
								meh ruh oxşayırdı. Dünənki fırtınadan, dumandan, 
								çəndən əsər-əlamət qalmamışdı. Dünən elə bil 
								hava nəyəsə acıqlanıb qaş-qabağını sallamışdı. 
								Bu gün isə səma aydın və təmiz idi. Günəşin 
								parlaq şəfəqləri yerə ələnir, hər tərəfə bir 
								ilıqlıq, bir hərarət səpələyirdi. Təbiət öz 
								yaşıl donunu geyməyə başladığı üçün ecazkar bir 
								gözəllik duyulurdu. Yazın əvvəli olduğundan bir 
								canlanma hiss olunurdu. Həyat qaynayırdı. 
								
								İnsanın doğulduğu fəsil onun psixoloji durumuna 
								təsir edir, deyirlər. Bəlkə elə buna görədir ki, 
								Faiq müəllim həmişə mehribanlığı, səmimiyyəti, 
								qaynayıb-qarışması, dostcanlığı ilə 
								başqalarından fərqlənir. Gülər çöhrəsiylə 
								başqalarına da müsbət aura verir. 
								
								 Vədələşdiyimiz 
								vaxtda kabinetinin qapısını açdım, içəridə başqa 
								bir adamın da olduğunu görüb geri qayıtdım. Faiq 
								müəllim qapıya yaxınlaşıb məni təkidlə içəri 
								dəvət etdi. Qəbulda bir müəllimin də gözlədiyini 
								görüb onu da kabinetə çağırdı. Onların dərdini 
								dinləyib hörmətlə yola saldıqdan sonra: 
								
								- Qəbulda kiminsə məni gözləməsini xoşlamıram, 
								xüsusilə də müəllimin, - dedi. Ani sükutdan 
								sonra nəyisə xatırlayıbmış kimi sözə başladı: - 
								Dəvəçi (indiki Şabran) Rayon İcra Hakimiyyətində 
								şöbə müdiri işləyirdim. İş gününün ikinci  
								yarısı idi, keçmiş məktəbli yoldaşım, bugünkü 
								dostum yanıma gəlmişdi. Oturub ötən günləri yada 
								salır, çay içə-içə xatirələri çözələyirdik. 
								Aradan xeyli vaxt keçmişdi, nə üçünsə kabinetdən 
								dəhlizə çıxanda bir nəfər ağsaqqalın qapı 
								ağzında dayandığını gördüm. Sən demə, mənimlə 
								işi varmış. Üzrxahlıq elədim, qoluna girib 
								kabinetə apardım. Şikayətini dinləyib, dərdinə 
								əlac eləmək üçün təcili tədbir gördüm. Həmin 
								şəxs orta məktəb müəllimi idi. Sonralar məhrəm 
								adamlar kimi dəfələrlə yanıma gəlib razılığını 
								bildirmiş, mənə tövsiyələrini və xeyir-duasını 
								vermişdi. 
								
								Ümumiyyətlə, müəllimlərə xüsusi hörmətim var. 
								Orta məktəbdə mənə Azərbaycan dili və 
								ədəbiyyatdan dərs demiş Qədir müəllim heç vaxt 
								yadımdan çıxmır. Səliqəli, zövqlü geyimi, gözəl 
								natiqlik qabiliyyəti, mədəni davranışı, 
								təmkinliyi və nikbin xarakteri məni valeh 
								etmişdi. Hələ o vaxtdan ona oxşamaq, onun kimi 
								müəllim olmaq arzusu baş qaldırmışdı qəlbimdə. 
								Allahdan ona görə razıyam ki, bu arzuma çata 
								bilmişəm. Məktəbə yaşıdlarımdan bir il tez 
								getmişəm. Orta təhsilimi başa vurduqdan sonra 
								Azərbaycan Dövlət Pedaqoji İnstitutuna qəbul 
								olmaq istəsəm də, lazım olan balı toplaya 
								bilmədiyim üçün konkursa düşdüm. 
								
								Ani fikrə getdi. Nurlu çöhrəsində xəfif, qara 
								kölgələr gəzdi. Gözlərini məchul bir nöqtəyə 
								dikib xəyala daldı. Sanki uzun illərin arxasında 
								boylanıb bu gün nağıla dönmüş uşaqlığını, 
								yetkinlik dövrünün həmin ağrılı-acılı anlarını 
								xatırlayıb yenidən yaşadı. O, günləri yenidən 
								xəyal süzgəcindən keçirib zəhmət bahasına 
								qovuşduğu indiki anlarını müqayisə etdi və 
								təbəssümlə gülümsəyərək: 
								
								- Rayonumuza əliboş, üzüqara qayıtsam da, ruhdan 
								düşmədim, - dedi.  Üç il sovxozda fəhlə işlədim. 
								1973-cü ildə APİ-nin hazırlıq kursunda oxumağa 
								başladım. 
								
								Elə bu an daxili telefonun aramsız səsinə görə 
								sözünə ara verib dəstəyi qaldırdı. Rəhbərliklə 
								danışdığı hiss olunurdu. Ona təcili tapşırıq 
								verildiyi üçün söhbətimiz başqa günə qaldı. 
								
								Faiq Şaban oğlu Şahbazlı 1955-ci il aprelin 
								25-də Dəvəçi (indiki Şabran) rayonunun Orta 
								Əmirxanlı (indiki Vələsli) kəndində anadan olub. 
								8 illik təhsilini doğma kəndlərində, IX-X 
								sinifləri isə Dəvəçi şəhər Tofiq Abbasov adına 
								orta məktəbdə başa vurub.  
								
								1974-cü ildə APİ-nin filologiya fakültəsinə 
								daxil olan Faiq Şahbazlı,  Feyzulla Qasımzadə, 
								Əbdüləzəl Dəmirçizadə, İsmayıl Şıxlı, Afat 
								Qurbanov, İmran Babayev, Əbdül Əlizadə kimi 
								görkəmli alimlərdən dərs alıb. Hazırlıqlı və 
								fəal tələbə kimi başqalarından seçilən Faiq, 
								müəllimlərin sevimlisi olub. Fərqlənmə diplomu 
								ilə ali təhsilini başa vurduqdan sonra öz xahişi 
								ilə Qubanın Xaltan kənd orta məktəbinə 
								göndərilib və orada müəllim kimi fəaliyyətə 
								başlayıb. Savadlı və işinin öhdəsindən layiqincə 
								gəldiyi üçün şagirdlərin, müəllimlərin və kənd 
								sakinlərinin dərin hörmətini qazanıb. Bir ildən 
								sonra direktor müavini işləyib. İstedadı rayon 
								rəhbərliyi tərəfindən nəzərə alınıb və Faiq 
								müəllim işlədiyi məktəbə direktor təyin edilib. 
								25 yaşında ikən rayonda ən gənc direktor kimi 
								tanınıb. Üç ildən sonra 1981-ci ildə Bakıya 
								köçən Faiq Şahbazlı 83 nömrəli məktəbdə direktor 
								müavini işləyib. Altı aydan sonra APİ-nin 
								aspiranturasının əyani şöbəsinə daxil olub. 
								Ailəsini və iki uşağını aldığı cüzi təqaüdlə 
								dolandırsa da dözüb. Həyatın əzablı yollarını 
								dada-dada işıqlı, uca zirvələrə can atıb. 
								
								Professor Afat Qurbanovun rəhbərliyi ilə 1986-cı 
								ildə "Azərbaycan dilçiliyinin inkişafında 
								professor Ə.Dəmirçizadənin rolu" mövzusunda 
								namizədlik dissertasiyasını müdafiə edərək 
								filologiya elmləri namizədi alimlik dərəcəsini 
								alıb. Azərbaycan dilçiliyi kafedrasında 
								laborant, müəllim və dosent vəzifələrində 
								işləyib. Ünsiyyəti və mehribançılığı ilə 
								tələbələrinin dərin hörmətini qazanıb. Bir 
								müddət sonra - 1995-ci ildə Dəvəçi Rayon İcra 
								Hakimiyyətində şöbə müdiri işləsə də, ali məktəb 
								auditoriyaları, tələbələri üçün qəribsəyib və 
								qısa müddətdən sonra oradakı yüksək vəzifəsindən 
								imtina edərək yenidən APİ-yə qayıdıb. Sevimli 
								müəllimlik peşəsini davam etdirib. 
								
								Savadlı müəllim, peşəkar pedaqoq kimi tanınan 
								Faiq Şahbazlı 1997-ci ildə Təhsil Nazirliyinin 
								Elm İdarəsinin rəis müavini vəzifəsinə irəli 
								çəkilib. Bir müddət burada işlədikdən sonra 
								Dərslik və nəşriyyat şöbəsinə müdir müavini 
								təyin edilib. 2006-cı ildən isə bu şöbənin 
								müdiri vəzifəsində çalışır. 3 fənn proqramının, 
								5 orta məktəb dərsliyinin, 1 metodik vəsaitin, 
								50-dən artıq məqalənin müəllifidir. Onlarca 
								müxtəlif əsərlərə redaktorluq edib. 
								Özbəkistanda, Türkiyədə elmi konfranslarda 
								iştirak edibE 
								
								O, həm də gözəl ailə başçısıdır. Həyat yoldaşı 
								müəllimdir. Qızı Könül atasının yolu ilə gedir, 
								onun namizədlik dissertasiyası artıq hazırdır. 
								Üç qız və bir oğlan nəvəsi var. Onlar 
								babalarının şərəfli ömür yolunun davamçıları 
								olacaqlar. 
								
								Söhbətimiz yarımçıq qaldığı üçün ertəsi gün Faiq 
								müəllimlə telefon əlaqəsi saxlayıb gələcək 
								planları, arzu və istəkləri haqqında məlumat 
								verməsini ondan xahiş etdim. O dedi: 
								
								- Mən xoşbəxtəm, ona görə xoşbəxtəm ki, ömrümün 
								enerjili, işgüzar çağlarını ümummilli liderimiz 
								Heydər Əliyevin quraraq bizə miras qoyduğu 
								müstəqil Azərbaycan Respublikasında yaşayır və 
								onun daha da inkişaf edib dünya ölkələri 
								arasında layiqli yer tutmasına xidmət edirəm. 
								Ulu öndərin müdrik və tarixi siyasətini bu gün 
								ləyaqətlə davam etdirən möhtərəm Prezidentimiz 
								İlham Əliyev cənablarının rəhbərliyi altında 
								işləmək məsuliyyətli olduğu qədər xoşdur və 
								şərəflidir. Bu günə qədər vətənimizin 
								çiçəklənməsi, xalqımızın maariflənməsi və 
								tərəqqisi naminə əlimdən gələni əsirgəməmişəm və 
								ömrümün sonuna kimi də millətimə xidmət 
								edəcəyəm. 
								
								Bəli, biz də, öz növbəmizdə, cığırdan başlayıb 
								zirvələrə gedən çətin yolda uğurlu addımlarla 
								irəliləyən Faiq Şahbazlıya möhkəm cansağlığı, 
								uzun ömür və daha yeni nailiyyətlər arzulayırıq. 
								
								Nizami MİRZƏ |