Aprelin
24-də Bakıdakı 164 nömrəli orta məktəbdə
"Kimlik" şagird studiyasının və məktəbin
kollektivinin hazırladığı "Xatun" adlı
bədii-musiqili məclis keçirildi.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım
Əliyevanın xatirəsinə həsr olunmuş tədbirin
keçirilməsində məqsəq türk xatunlarının
Azərbaycan tarixində rolunu və onların
xalqımıza verdiyi töhfələri gənc nəslə çatdırmaq
idi. Mərasimdə məktəbin müəllim-şagird
kollektivi, aktyor-müğənni Şəmistan Əlizamanlı,
şair Nizami Muradoğlu, rəssam Minayə
Feyzullayeva və digər qonaqlar iştirak
edirdilər.
Məclisi giriş sözü ilə açan məktəbin direktoru
Kəmalə Qədirova qonaqları salamlayaraq, belə
tədbirlərin keçirilməsinin vacibliyini
vurğuladı. O belə mərasimlərin şagirdlərin
təlim-tərbiyəsinə müsbət təsir göstərdiyini və
onların şəxsiyyət kimi formalaşmasına xidmət
etdiyini bildirdi. Qeyd etdi ki, kollektiv və
xüsusən də "Kimlik" şagird studiyasının rəhbəri
Şəhla Gündüzün səyi nəticəsində artıq sayca
dördüncü məclis keçirilir.
Çıxışlarda Azərbaycan qadınlarının elm və
mədəniyyətimizin inkişafındakı xidmətlərindən
ətraflı bəhs edildi.
Məktəbin xor kollektivi "Bu mənim ana dilimdir",
"Qız haralısan", "Şuşanın dağları" və başqa
mahnıları səsləndirdilər. Tədbirdə şagirdlər
tərəfindən "Ağabəyim ağanın monoloqu"
söylənildi, "Qaçqın qızın hekayəti", "Anama
məktub" adlı kiçik səhnəciklər məharətlə
oynanıldı.
Niyazi RƏHİMOV |