| 
								
								
								Müəllimlik sənəti, peşəsi cəmiyyətdə ən yüksək  
								qiymətə layiq olan bir peşədir. Müəllim olmaq 
								kimi şərəfli bir iş yoxdur.  
								
								
								Heydər ƏLİYEV  
								
								 Keçən 
								dərs ilinin sonu, buraxılış imtahanları 
								ərəfəsində Bakı şəhərinin orta ümumtəhsil 
								məktəblərindən birinin təlim Azərbaycan dilində 
								aparılan bölməsinin XI sinfinin bir şagirdinin 
								bütün fənlərdən "yaxşı" və "əla" qiymətlər 
								almasına baxmayaraq, ədalətsiz olaraq rus 
								dilindən ona illik "qeyri-kafi" qiymət verildiyi 
								və buraxılış imtahanlarına buraxılmadığı barədə 
								Təhsil Nazirliyinə ərizəsi daxil olmuşdur. 
								Araşdırma nəticəsində müəyyənləşdirildi ki, 
								həqiqətən şagird yaxşı oxumuş, illikdə iki 
								fəndən "3", qalanlarından "4" və "5", yalnız rus 
								dilindən "2" qiymət almış, ona görə də məktəbin 
								pedaqoji şurasının qərarı ilə imtahanlara 
								buraxılmamışdır. Şagirdin IX və X siniflərdə 
								necə oxuması ilə maraqlananda aydın oldu ki, o, 
								hər iki sinifdə bütün fənlərdən, o cümlədən rus 
								dilindən də "yaxşı" və "əla" qiymətlər almışdır. 
								Görülən tədbirlər nəticəsində şagird  
								imtahanlara buraxıldı və imtahanları 
								müvəffəqiyyətlə verərək ali məktəbə də daxil 
								oldu. 
								
								Belə bir vəziyyətin yaranmasına səbəb nə 
								olmuşdur? 
								
								Müəllimin etinasızlığı, sinif rəhbərinin 
								səhlənkarlığı, məktəb müdiriyyətinin laqeydliyi, 
								valideynlərin biganəliyi.  
								
								Keçən dərs ilinin nəticələrinə nəzər salsaq 
								görərik ki, ölkə üzrə buraxılış imtahanlarında 
								səkkiz minə yaxın şagird bir fəndən "qeyri-kafi" 
								qiymət aldığı üçün məktəbi bitirməmiş, təxminən 
								o rəqəmin 50 faizi qədər şagird isə yalnız bir 
								fəndən "qeyri-kafi" qiymət aldığı üçün 
								imtahanlara buraxılmamışdır. Bu nəticələr nə 
								dərəcədə obyektivdir? 
								
								Görəsən, yalnız bir fəndən müsbət qiymət 
								almadığına görə imtahanlara buraxılmayan və ya 
								imtahanlarda yalnız bir fəndən "qeyri-kafi" 
								qiymət alaraq məktəbi bitirməyənlərin taleyi 
								müəllimlərimizi, məktəb və rayon (şəhər) təhsil 
								şöbələri rəhbərlərini düşündürürmü?  
								
								X-XI siniflərdə tədris olunan 16-17 fəndən ancaq 
								birindən yetirməyən şagirdlərin gələcəyi üçün 
								kim məsuliyyət daşımalıdır?  
								
								Əlbəttə, ilk növbədə, müəllim. 
								
								Müəllim kimdir? 
								
								Dar mənada "Müəllim" ərəbcədən tərcümədə "dərs 
								keçən, tədris edən" deməkdir (Ərəb və fars 
								sözləri lüğəti, Bakı, 1966.səh. 409), geniş 
								mənada Azərbaycan dilinin izahlı lüğətində 
								"Müəllim - 1. məktəbdə hər hansı bir fəndən dərs 
								deyən adam. Nəsihət verən, öyüd verən, öyrədən, 
								ağıl verən. 
								
								2. Hörmət üçün adlara qoşularaq deyilir. 
								
								3. Hər hansı sahədə nüfuz sahibi olan, 
								başqalarına təsir edən, nümunə ola bilən adam, 
								ustad". 
								
								"Müəllimlik - müəllim vəzifəsi, müəllim sənəti, 
								işi" kimi şərh edilir. (Azərbaycan dilinin 
								izahlı lüğəti, III c.səh.408, Bakı-2006). 
								
								"Müəllim - geniş ictimai mənada mütəfəkkir, 
								ictimai xadim, insanların dünyagörüşünü və 
								inamını formalaşdıran, onlara həyatda öz yolunu 
								tapmaqda kömək edən"  insandır. (Pedaqoqiçeskiy 
								slovar, II c. səh. 546, Moskva, 1960). 
								 
								
								"Müəllim - ərəbcə öyrədən, bilmək, başa düşmək 
								sözündəndir. Ümumtəhsil, texniki peşə, orta 
								ixtisas məktəblərində və ya ali məktəbdə hər 
								hansı fənni tədris edən pedaqoji işçi"dir. (ASE, 
								VII c. səh. 120, Bakı-1983). 
								
								"Müəllim - özünün mənimsədiyi, yiyələndiyi 
								bilikləri, bacarıqları, əldə etdiyi, qazandığı 
								təcrübəni, həyatı dərk etməsi və ona 
								münasibətini digərlərinə verən, ötürən şəxsdir" 
								(V.Q.Onuşkin, Y.İ.Oqaryov "Obrazovaniye 
								vzroslıx:  mejdistiplinarnıy slovar 
								terminologii" səh. 189, Sankt - Peterburq - 
								Voronej - 1995).  
								
								"Müəllim - sistemləşdirilmiş bilikləri, bacarıq 
								və vərdişləri, habelə mənəvi keyfiyyətləri 
								adamlara məqsədyönlü, planlı və mütəşəkkil 
								aşılamaq yolu ilə cəmiyyətin sonrakı inkişafına 
								güclü təkan verən pedaqoji təhsilli 
								mütəxəssis"dir. (Azərbaycan Milli İzahlı 
								Ensiklopedik Pedaqoji lüğət. səh, 157, Bakı - 
								2005). 
								
								"Müəllim" anlayışı müxtəlif mənbələrdə müxtəlif 
								ifadələrlə şərh edilməsinə baxmayaraq, nəticə 
								etibarı ilə mahiyyətcə eyni mənanı bildirir. 
								
								Müəllim - ilk növbədə insandır, bilikli, 
								savadlı, tərbiyəli, uşaqları və peşəsini sevən 
								insandır, uşaqları, gəncləri xalqın, vətənin 
								gələcəyi üçün hazırlayan vətənpərvər insandır, 
								vətəndaşdır, ictimai xadimdir... 
								
								Müəllim gənc nəslin mənəvi aləminin memarı, 
								cəmiyyətin etibar etdiyi şəxsdir. Cəmiyyət ən 
								əziz, ən qiymətli sərvətini - uşaqları, öz 
								ümidini, öz gələcəyini müəllimə etibar edir. 
								Bununla sanki məktəbin, müəllimin məqsədi, 
								vəzifəsi müəyyənləşdirilir - xalqın, dövlətin 
								gələcəyini formalaşdırmaq, "Təhsil Haqqında " 
								qanunda təsbit olunduğu kimi, "Azərbaycan 
								dövləti qarşısında öz məsuliyyətini dərk edən, 
								xalqın milli ənənələrinə və demokratiya 
								prinsiplərinə, insan hüquqları və azadlıqlarına 
								hörmət edən, vətənpərvərlik və azərbaycançılıq 
								ideyalarına sadiq olan, müstəqil və yaradıcı 
								düşünən vətəndaş və şəxsiyyət yetişdirməkdir". 
								
								Bu baxımdan dahi mütəfəkkir N.Tusinin fikirləri 
								daha maraqlıdır. 
								
								"Hər sənətin şərəfi onun məqsədində, hər 
								varlığın islahı onun zatındakı şərəfindədir...
								 
								
								Deməli, bu dünyadakı mövcudatın ən şərəflisi 
								olan insanı kamilliyə çatdırmaq məqsədini güdən 
								sənət dünya sənətlərinin ən şərəflisi 
								olmalıdır... 
								
								Varlıqları ən aşağı dərəcədən kainatın ən 
								şərəfli mərtəbəsinə qaldıran sənətdən daha 
								şərəflisi nə ola bilər?!" (Əxlaqi-Nasiri, 
								səh.81).  
								
								Bəli, müəllimlik çox şərəfli peşədir - 
								vəzifədir, şərəfli olduğu qədər də mürəkkəb, 
								məsuliyyətli vəzifədir. 
								
								Ona görə də hər bir müəllim bilməlidir ki, hər 
								bir uşaq - fikirləri, görüşləri, hissləri, 
								duyğuları, maraqları, sevincləri, həyəcanları, 
								kədərləri və qayğıları ilə özünəməxsus xüsusi 
								bir dünyadır. Müəllim şagirdlərin bu mənəvi 
								dünyasını görməli və bilməlidir. Hər bir müəllim 
								məktəbin mənəvi həyatına hissiyyatlılıq, 
								qayğıkeşlik, dostluq, mehribanlıq 
								xüsusiyyətlərini gətirməlidir. "Təlim və 
								təhsilin çətin məqamlarında müəllim şagirdlərini 
								hədələməklə, əsəbi hərəkətlərlə, imtahan 
								qiymətləri ilə qorxutmamalı, əksinə onlarda 
								gözəl arzu və ümid qığılcımları oyatmalıdır" 
								(A.Mirzəcanzadə. İxtisasa giriş, Bakı -1990.  
								səh 228). 
								
								Özünün uşaqlığını xatırlamayan, uşaq aləminin 
								ecazkar xüsusiyyətlərini bilməyən adam yaxşı 
								müəllim ola bilməz. 
								
								"Yaxşı müəllim nə deməkdir" sualına 
								V.A.Suxomlinski belə cavab verirdi: "O, ilk 
								növbədə, uşaqları sevən insandır, onlarla 
								ünsiyyətdən sevinc tapır, inanır ki, hər bir 
								uşaq yaxşı adam ola bilər, uşaqlarla dostluq 
								etməyi bacarır, uşaqların sevincini və kədərini 
								ürəyinə sala bilir, uşağın qəlbini oxuyur və heç 
								vaxt unutmur ki, özü də vaxtilə uşaq olub.
								 
								
								İkincisi, yaxşı müəllim tədris etdiyi fənnin 
								elmini yaxşı bilir, ona vurğunluqla onun inkişaf 
								üfüqlərini-yeni kəşfləri, tədqiqatları, 
								nailiyyətləri izləyir, o elmin problemlərindən 
								də xəbərdardır. Yaxşı müəllim orta məktəbin 
								tədris proqramında nəzərdə tutulanlardan daha 
								çox bilir. Dərin bilik, geniş dünyagörüş 
								şagirdlər qarşısında elmin, biliyin, fənnin, 
								tədris prosesinin cəzbedici qüvvəsini aça bilmək 
								üçün vacibdir. Şagirdlər müəllimin simasında 
								ağıllı, bilikli, düşüncəli, sənətinə vurğun bir 
								insan görməlidirlər... 
								
								Üçüncüsü, yaxşı müəllim psixologiya və 
								pedaqogika elmlərini bilən, tərbiyə haqqında 
								elmləri bilmədən uşaqlarla işləməyin 
								mümkünsüzlüyünü hiss və dərk edən insan 
								olmalıdır. 
								
								Dördüncüsü, yaxşı müəllim öz peşəsinin ustası 
								olmalıdır". (V.A.Suxomlinski, İzbrannıye 
								pedaqoqiçeskiye soçineniya, 3-cü cild, səh. 43, 
								Moskva - 1980). 
								
								Böyük rus yazıçısı L.N.Tolstoy yazırdı ki, "Əgər 
								müəllim ancaq işini sevirsə, o yaxşı müəllim 
								olacaq. Əgər müəllim bir ata, bir ana kimi 
								şagirdi sevirsə, o bütün kitabları oxuyan, lakin 
								nə işini, nə də şagirdləri sevməyən müəllimdən 
								yaxşı müəllim olacaq. 
								
								Əgər müəllim işinə və şagirdlərə olan 
								məhəbbətini özündə birləşdirirsə, o kamil 
								müəllimdir" (Pedaqoqiçeskiye soçineniya, Moskva 
								- Leninqrad - 1948. səh. 300). 
								
								Görkəmli alman pedaqoqu A.Disterveq deyirdi ki, 
								pis müəllim şagirdlərə həqiqəti təqdim edir, 
								yaxşı müəllim onu tapmağı öyrədir. 
								
								Pedaqoji proses insan fəaliyyəti növlərindən 
								biridir, onsuz nəsillərin varisliyi, cəmiyyətin 
								mövcudluğu və inkişafı qeyri-mümkündür. 
								 
								
								Məlumdur ki, peşə ilə, o cümlədən müəllim peşəsi 
								ilə bağlı bu və ya digər vəzifələrin yerinə 
								yetirilməsi insandan müəyyən mənəvi - psixoloji 
								keyfiyyətlər, hərəkətlər və mənəvi münasibətlər 
								tələb edir. 
								
								Hər bir peşə və ya ixtisaslaşdırılmış fəaliyyət 
								növünün  təkrarolunmaz situasiyaları, 
								çətinlikləri və ziddiyyətləri mövcuddur. Onları 
								işin gedişində operativ şəkildə həll etmək və 
								aradan qaldırmaq lazımdır. Çünki bu prosesdə 
								insanların əxlaqi keyfiyyətləri formalaşır. 
								
								Pedaqoji işdə mənəviyyatın rolu daha böyükdür, 
								ona görə ki, burda əxlaqın özü pedaqoji 
								funksiyaları yerinə yetirir. Müəllim əhəmiyyətli 
								dərəcədə şagirdlərin daxili aləmini, mənəvi 
								simasını formalaşdırır. Müəllimin zəhməti və 
								diqqətindən bütün uşaqlar keçir. Bu mənada 
								müəllim təlim - tərbiyə prosesində nəinki 
								həlledici fiqur, o cümlədən  xalqın gələcəyini 
								formalaşdırmaqda ən vacib faktordur. Bu 
								missiyanı yerinə yetirmək üçün müəllimdən gərgin 
								əmək sərf etmək tələb olunur. 
								
								Bu baxımdan özbək mütəfəkkiri və şairi 
								Ə.Nəvainin fikirləri diqqətəlayiqdir: 
								
								"Müəllimin etdiyini heç bir insanın etməyə gücü 
								çatmaz, bunu nəinki Adəm, hətta cəhənnəmin 
								hakimi belə bacarmaz. Hətta bir uşağın tərbiyə 
								edilməsi qüvvətli əri belə əldən salar, eyni 
								zamanda bir çox uşağı tərbiyə edən və onlara 
								dərs verən müəllim hünər, fədakarlıq göstərir. 
								Bu, çox ağır və üzücü əməkdir. Malik olduğu hər 
								şeyə görə tələbə müəlliminə borcludur, hətta 
								hökmdarın belə müəllimə qulluq, kömək, iltifat 
								etməsi gərəkdir. Əgər hakimin özü tələbə olsa 
								belə, müəllimi ondan razıdırsa, Allah da ondan 
								razı olar. 
								
								O, (müəllim) ilahiyyat elmlərini bilməli, 
								insanlara isə dünyəvi elmləri öyrətməlidir. 
								Haramdan kənarda durmalı, pis işlərdən 
								qaçmalıdır.  
								
								O, təcrübəsiz, xəbərsiz adamların - şagirdlərin, 
								tələbələrin mənəviyyatını pozmamalı və 
								yolverilməz işlər görməməlidir. Əks  təqdirdə o, 
								müəllim deyil, əxlaqsız, pis, yaramaz insandır 
								və mömin, dindar insanlar onunla ünsiyyət 
								saxlamamalıdırlar. Alimlər mömin, pak və 
								baxəbər, səriştəli olmalıdırlar, onlar Allahın 
								nə buyurduğunu, Onun rəsulunun nə dediyini 
								bilməlidirlər" (E.Əliyev. Məktəbli fəlsəfəsi. 
								Bakı - 2008. səh.166,168) 
								
								Müəllimlik peşəsinin şərəfli olduğu qədər də 
								məsuliyyətli, çətin və mürəkkəb olması barədə 
								dahi Ü.Hacıbəyov belə yazırdı: "Müəllimlik 
								vəzifəsi çox çətin və ən məsuliyyətli bir 
								vəzifədir. Hər adam onun öhdəsindən gələ bilməz 
								və hər bir adama müəllim deyib, uşaqları ona 
								tapşırmaq böyük xətadır. Yalnız bir təlimdən 
								başqa uşağın tərbiyəsi dəxi müəllimin 
								öhdəsindədir. Uşaq dəxi qabili - tərbiyə bir şey 
								olduğuna görə, onu nə tövr tərbiyə etsən, o cür 
								də adam çıxar. Tərbiyə işində cüzi bir 
								səhlənkarlıq uşağın gələcəyini pozub, evini 
								yıxar. 
								
								Bu ağır sənətə qədəm qoyan müəllim əfəndi 
								bunların hamısını əvvəlcə mülahizəyə almalıdır. 
								Müəllimliyi özü üçün Sibir əzabı bilən müəllim, 
								yaxşıdır özünü bu sənətdən kənar etməklə, 
								zəhmətdən və cavabdehlikdən qurtarsın, qəlbində 
								tərbiyə və təlimə bir şövq və həvəs yoxsa, heç 
								bu işə girməsin və bu sənəti əhl adamlara tərk 
								ilə özünə başqa bir kəşhi - ruzi vasitəsi 
								axtarsın". (Ü.Hacıbəyov. Seçilmiş əsərləri, Bakı 
								- 1985. səh.128-129). 
								
								Müəllim müəllimlik peşəsinin sirlərini və tədris 
								etdiyi fənnin elmi -  nəzəri və praktik 
								əsaslarını, ölkəmizdə təhsilin dövlət tərəfindən 
								müəyyən edilmiş məqsədini, özünün "Təhsil 
								qanunu" ilə müəyyənləşdirilmiş hüquq və 
								vəzifələrini yaxşı bilməli və əməldə həyata 
								keçirməlidir. 
								
								Müəllim elə bir insan - mütəxəssis olmalıdır ki, 
								uşaqlar, gənclər ondan öyrənməyə can atsınlar. 
								Təsadüfü deyildir ki, xalq belə bir deyim 
								formalaşdırıb, "müəllim o kəs deyil ki, öyrədir, 
								o kəsdir ki, ondan öyrənirlər". Əlbəttə, o 
								müəllimdən öyrənirlər ki, o yaxşı öyrədilib, 
								yaxşı hazırlanıb. Macar bəstəkarı Z.Koday 
								deyirdi ki, "O kəs yaxşı öyrədə bilər ki, onu 
								yaxşı öyrədiblər".  
								
								Bu məsələyə İ.Hötenin münasibəti belə idi: 
								"Kimlərdən biz öyrəniriksə düzgün olaraq bizim 
								müəllimlərimiz adlandırılırlar, lakin hər 
								öyrədən bu ada layiq deyil". Bu ada layiq olmaq 
								üçün "...təhsildə kamilliyə çatmaq lazımdır" 
								(Konfusi). 
								
								Çox təəssüf ki, ölkəmizin ümumtəhsil 
								müəssisələrində işləyən  170 mindən artıq 
								müəllimin xeyli hissəsi bu tələblərə cavab 
								vermir. 
								
								Səriştəli, peşəkar müəllim olmaq üçün müntəzəm 
								axtarışda olmaq, oxumaq, öyrənmək lazımdır. 
								Müqəddəs kitabımız  Qurani - Kərimin buyurduğu 
								kimi, "insan beşikdən qəbir evinə qədər 
								öyrənməlidir". Hər bir müəllim yadda 
								saxlamalıdır ki, insana xas olan qüsurların ən 
								pisi qeyri - peşəkarlıqdır. 
								
								Müəllimlik sənəti yaradıcı işdir. Akademik 
								A.Mirzəcanzadənin təbirincə desək, 
								"Yaradıcılığın bütün sahələrində öz-özünə 
								öyrənmə və şəxsi təhsil böyük əhəmiyyətə 
								malikdir. Belə deyirlər ki, yaradıcılıq 
								işlərində ən əsası və başlıcası öyrətmək olmaz - 
								bunu ancaq öyrənmək olar". (İxtisasa giriş. 
								Bakı-1990. səh. 232) 
								
								İngilis filosofu H.Spenserə görə, "Bəşəriyyət 
								həmişə ancaq şəxsi təhsil yolu ilə 
								müvəffəqiyyətlə inkişaf etmişdir". O.Süleymenov 
								deyir ki, "ancaq şəxsi təhsil yolu ilə 
								mütəxəssis olmaq olur". "Müəllimlərin müstəqil 
								təhsili... onların elmi-siyasi cəhətdən 
								inkişafına kömək edir" (M.Mehdizadə). Bu 
								baxımdan rus musiqişünası və pedaqoqu Anton 
								Rubinşteynin fikirləri çox maraqlıdır: "Əgər 
								bircə gün öyrənmirəmsə - bunu özüm hiss edirəm, 
								əgər iki gün öyrənmirəmsə, bunu mənə yaxın 
								olanlar hiss edirlər, əgər üç gün öyrənmirəmsə - 
								bunu hamı hiss edir". "Müəllim nə qədər ki, 
								oxuyur, öyrənir, o yaşayır, o, oxumağı 
								dayandırdıqda ondakı müəllimlik ölür" 
								(K.D.Uşinski). 
								
								Müəllim sənəti humanist sənətdir, insan 
								mənəviyyatını formalaşdıran sənətdir. Uşaqlara 
								olan sevgi müəllim fəaliyyətinin humanist 
								istiqamətinin əsasıdır. 
								
								Müəllim bütün hallarda, xüsusən 
								"müəllim-şagird", "müəllim-pedaqoji kollektiv", 
								"müəllim-məktəb rəhbərliyi", "müəllim-valideyn" 
								münasibətlərinin qurulmasında pedaqoji 
								taktı-nəzakəti, onun davranışına verilən etik 
								tələbləri gözləməli, şagirdlərin şərəf və 
								ləyaqətinə hörmət bəsləməli, onlara münasibətdə 
								ədəblə davranmalıdır. 
								
								Təəssüf ki, bir sıra müəllimlərimiz tərəfindən 
								bu etik tələblər gözlənilmədiyi üçün hər il 
								şagirdlər və valideynlər tərəfindən Təhsil 
								Nazirliyinə, digər dövlət orqanlarına, kütləvi 
								informasiya vasitələrinə və s. minlərlə şikayət 
								ərizəsi daxil olur. Bu ərizələrin 
								araşdırılmasına xeyli əməkdaş cəlb edilir, külli 
								miqdarda vaxt, enerji, əsəb itirilir, vəsait 
								sərf olunur. Son nəticədə təhsilimizə həm maddi, 
								həm də mənəvi zərbə vurulur. O şəxslər 
								bilməlidirlər ki, "Heç bir millət əxlaq 
								qaydalarına əməl etmədən yüksələ bilməz". 
								(M.K.Atatürk).  
								
								Müəllim vicdanlı, insaflı, ədalətli olmalıdır. 
								Bunları o sözdə yox, əməldə həyata keçirməlidir, 
								şəxsi nümunə göstərməlidir. İnsanlara, faktlara, 
								hadisələrə obyektiv qiymət verməyi bacarmalı, 
								düzlüyü təlqin etməlidir. 
								
								Atası Hüseyni-Əbu Əli ibn-Sinanı Buxaraya Quran 
								müəllimi xətib Übeydin yanına gətirir və Hüseynə 
								Quranı öyrətməyi xahiş edir. İlk məşğələlərdən 
								müəllim görür ki, hansı ayədən, surədən söhbət 
								gedirsə, Hüseyn dərhal ayələri, surələri əzbər 
								deyir və geniş şərh verir. Bir müddətdən sonra 
								müəllim hiss edir ki, Hüseynə əlavə bir şey verə 
								bilmir. Müəllim Hüseynə deyir: "Mənə bax, atana 
								deyərsən ki, daha səni bura gətirməsin. Sən 
								həqiqətən də hafizsən, Quranı əzbər bilirsən". 
								Müəllim Hüseynin atasına məsləhət görür ki, onu 
								daha yüksək səviyyəli alimin (müəllimin) yanına 
								aparsın. (V.Voskoboynikov - "Böyük loğman"). 
								
								Musiqi məktəbində oxuyan Aybəniz VIII sinifdə I 
								rübü başa vurarkən belə qənaətə gəlir ki, o 
								musiqiçi yox, filoloq olmalıdır. O, ədəbiyyata 
								olan marağını və arzusunu atasına bildirir və 
								onu Bakının 132 nömrəli məktəbinə köçürürlər. 
								
								Təbiət-riyaziyyat fənləri tədris edən müəllimlər 
								hiss edirlər ki, Aybəniz bu fənləri çətin 
								mənimsəyir. Riyaziyyat müəllimi Sadiq müəllim 
								Aybənizə deyir: "... qızım, sən riyaziyyatdan, 
								həndəsədən, fizikadan özün də bilirsən ki, çox 
								zəifsən, belə getsə, biz səni sinifdə saxlamalı 
								olacağıq. Başa düşürəm ki, çalışırsan, lakin 
								əvvəlcədən bünövrə olmadığından heç nə alınmır. 
								Atana de ki, məktəbə gəlsin...". 
								
								Səhərisi gün böyük şairimiz Səməd Vurğun məktəbə 
								gəlir, müəllimlər otağına daxil olur, 
								müəllimlərlə mehribanlıqla görüşür, hal-əhval 
								tutur, sonra Sadiq müəllim və fizikadan dərs 
								deyən Bəhram müəllimlə söhbət edir. Nəhayət, 
								eyni zamanda APİ-də də dərs deyən Bəhram 
								müəllimin təklifi ilə belə qərara gəlirlər ki, 
								APİ-nin tələbəsi Şəfiqə Aybənizlə məşğul olsun. 
								İllər keçir Aybəniz məktəbi bitirir, digər 
								fənlərdən "5", riyaziyyat, fizika və kimyadan 
								"3" qiymətlərlə attestat alır. Hesab edirəm ki, 
								əlavə şərhə ehtiyac yoxdur. ("Azərbaycan 
								müəllimi" qəzeti, 19.03.2010). 
								
								Təəssüflə qeyd etməliyik ki, öz ixtisası üzrə 
								belə səthi hazırlığa malik olan bir sıra 
								müəllimlərimiz repetitorluqla "məşğul olur", 
								hətta yaxşı oxuyan uşaqlardan da onun yanına 
								gəlmələrini təkidlə tələb edirlər. Nəticədə 
								"müəllim-şagird", "müəllim-valideyn" 
								münasibətləri pozulur, müəllim, şagird, valideyn 
								arasında münaqişə yaranır. Bu hal uşaqların 
								təlim-tərbiyəsinə ciddi ziyan vurur. 
								
								Müəllimlər və valideynlər, təhsili idarə edənlər 
								və ictimaiyyətin nümayəndələri bu həqiqətləri, 
								bu dəyərləri qoruyub saxlamağa borcludurlar. 
								
								Pedaqoji əmək ictimai fəaliyyətin xüsusi 
								sahəsidir. Burada bilik, bacarıq, peşəkarlıqla 
								yanaşı etik normalara riayət edilməsi 
								nəticəsində formalaşan müəllim nüfuzunun da 
								böyük rolu vardır. Çünki başqa mütəxəssislərdən 
								fərqli olaraq müəllim canlı, şüurlu, faktlara və 
								hadisələrə öz fərdi münasibəti olan insanlarla 
								işləyir. Müəllim şagirdlər, öz həmkarları və 
								valideynlər arasında yüksək nüfuza malik olduqda 
								onun pedaqoji fəaliyyətinin uğurlu olduğunu 
								söyləmək olar. Müəllimin nüfuzu onun mənəvi 
								statusudur. Nüfuz insanın ictimai proseslərin 
								gedişi təcrübəsində əldə etdiyi mənəvi ləyaqətə 
								söykənən digərlərinə təsir etmək qüvvəsidir. 
								Pedaqoji nüfuz müəllimin mənəvi-etik və 
								psixoloji-pedaqoji hazırlığından çox asılıdır. 
								Onun səviyyəsi müəllimin biliyinin dərinliyi, 
								erudisiyası, ustalığı, işə və iş yoldaşlarına 
								münasibəti, ümumi hazırlığı, ictimai fəallığı, 
								valideynlərlə işləmək metodu, məişətdə davranışı 
								və s. ilə müəyyən edilir. Onlara təlim-tərbiyəsi 
								etibar edilən uşaqların gələcək taleyi üçün 
								yüksək mənəvi məsuliyyət nümayiş etdirən 
								müəllimlərimiz çoxdur, lakin müəllim adına, 
								nüfuzuna xələl gətirən müəllimlər də az deyil.
								 
								
								Məktəbi bu təsadüfi adamlardan təmizləmək üçün 
								müəllimlərin ciddi, qərəzsiz, ədalətli, 
								obyektiv, sistemli şəkildə attestasiyasının 
								keçirilməsi zəruridir. Bu, zamanın, təhsil 
								sahəsində aparılan islahatların tələbidir. 
								Bununla bağlı dövlət və hökumət tərəfindən 
								müvafiq hüquqi baza yaradılmışdır. Əsas məsələ 
								qanunvericilik aktlarının tələblərinin icrasını 
								təmin etməkdən ibarət olmalıdır. 
								
								Müəllim nüfuzunu hər hansı qərarla, əmrlə, 
								göstərişlə qaldırmaq qeyri-mümkündür. Müəllimlik 
								peşəsinin nüfuzunu hər bir müəllim öz iş və 
								mənəvi keyfiyyətləri ilə, məktəbin rəhbərliyi, 
								təhsili idarəetmə orqanları, dövlət və 
								ictimaiyyət, kütləvi informasiya vasitələri isə 
								müəllim peşəsinə obyektiv münasibəti, maddi və 
								mənəvi dəstəyi ilə onun hörmətini yüksəltməyə 
								borcludurlar. 
								
								Dövlət başçısının müvafiq sərəncamına əsasən 
								üçüncü ildir ki, "Ən yaxşı müəllim", "Ən yaxşı 
								ümumtəhsil məktəbi" müsabiqələri keçirilir ki, 
								bu da müəllimlərin maddi və mənəvi 
								həvəsləndirilməsinə, məktəblərin tədris - maddi 
								bazasının möhkəmləndirilməsinə güclü təsir 
								göstərir. 
								
								Müəllimlik-vətənpərvərlik peşəsidir. Məhz 
								müəllim uşaqları, gəncləri vətənə məhəbbət 
								ruhunda tərbiyə edir, onları vətənin müdafiəsinə 
								hazırlayır.  
								
								Almaniya kansleri O.Bismark  Almaniyanın  
								möhtəşəmliyini alman xalq müəllimi ilə 
								bağlayırdı. Fransa-Prussiya müharibəsində 
								Prussiyanın qələbəsini alman müəlliminin 
								qələbəsi hesab edirdi: "Biz qələbə çaldıq ona 
								görə ki, alman müəllimi fransız müəlliminə üstün 
								gəldi". 
								
								Əsrlər boyu belə olub, indi də belədir. 1990-cı 
								ilin yanvarında rus ordusunun tanklarına sinə 
								gərən, Qarabağ uğrunda gedən döyüşlərdə 
								qəhrəmanlıqla şəhid olan minlərlə gəncimiz məhz 
								Azərbaycan məktəbinin, Azərbaycan müəlliminin 
								yetişdirmələri idi. 
								
								Müəllimlik peşəsi bəşəri peşədir, əbədi peşədir. 
								100, 300, 500 və s. ildən sonra hansı peşələrin 
								sıradan çıxacağını, yeni hansı peşələrin 
								yaranacağını demək çətindir. Lakin bir həqiqəti 
								inamla demək olar, nə qədər ki, insanlıq 
								mövcuddur, o qədər də müəllimlik peşəsi mövcud 
								olacaqdır. 
								
								Əsrimiz elmi-texniki tərəqqi əsri, informasiya 
								və kommunikasiya texnologiyaları əsridir. 
								 
								
								Lakin canlı müəllim sözünü, nəfəsini, 
								ünsiyyətini, şagirdlərlə qarşılıqlı 
								münasibətlərini, mənəvi keyfiyyətlərin 
								formalaşmasındakı təsirini və s. heç bir maşın, 
								mexanizm, İKT əvəz edə bilməz. 
								
								Ölkəmizin, xalqımızın gələcəyi naminə müəllimlik 
								peşəsinə və bu peşə sahiblərinə dövlət 
								səviyyəsində daimi layiqli qayğı göstərilir. 
								
								Arif  MURADOV,Azərbaycan Respublikasının
 əməkdar  müəllimi
 |