Qloballaşmalar
dövründə təhsili əqli və mənəvi inkişaf və
zənginləşmənin ən mühüm vasitəsi sayan İntellekt
erasında informasiyalar bolluğu burulğanında
kompüter köməyinə arxalanan İnsan (bütün dil
ailələrinə mənsub olanlar, sivilizasiyalılar)
sacayağı suallara cavab axtarırlar: Biz kimik?
Haradan gəlirik? Hara gedirik?
Bir vaxtlar İlahi Varlığı danma vasitəsi olan
Elm indi Vahid və qüdrətli Yaradanın
mövcudluğunu təsdiq və təhlil edən nailiyyətləri
ilə diqqəti çəkir. Bütün dil, din və irqlər üzrə
canlı varlıqlar - adamlar bütün
bioloji-fizioloji cəhətləri ilə oxşardırlar.
Eləcə də nəbatat və heyvanat aləmini təşkil
edənlər arasında çox cüzi fərqlər var, fəqət
oxşarlıq daha zəngin, daha qabarıq və təbiidir.
Ən maraqlısı budur ki, dünyanın müxtəlif
guşələrində yaşayan xalqların təfəkkür və
təxəyyülünün məhsulu olan bütün növ
bədii-estetik yaradıcılıq məhsulları mövzu,
süjet və motivlərinə görə oxşardır. Bu oxşarlıq
hələ XVIII əsrdə Avropa alimlərinin diqqətini
cəlb etmiş, "sivilizasiya dəyərlərinin ancaq
yunanlara məxsusluğu", "yunan və Roma incəsənəti
və mədəniyyəti sivilizasiyanın əsasında dayanır
və onun ana beşiyidir" fikri hökmran mövqe
tutmuşdu.
Amerikanın kəşfi, burada yaşayan hindu
tayfalarının aşkarlanması, onların mədəni-mənəvi
dəyərlərinin Yunanıstan və Romadan uzaq məkanda
mövcudluğu dünya xalqlarına məxsus oxşar
mədəniyyətlərin mövcudluğunu, sivilizasiyada
daxili çarpazlaşma ənənələrinin danılmazlığını
ortaya qoydu. Beləliklə, oxşar mədəni dəyərlərlə
bağlı müxtəlif, fəqət hər şeyin Şərqlə
bağlılığını iddia edən, cəmiyyət inkişafında
tarixi mərhələlərin oxşarlığını qəbul edən
nəzəriyyələr yarandı.
XXI əsrdə oxşar mədəniyyətlərə yeni baxımdan
yanaşmaqla dəyər vermək tarixilik yönümündən
uğurlu addımdır.
"Dünya folklorundakı süjet oxşarlığı, şifahi
yaradıcılığa məxsus oxşarlıq və qohumluq
problemi XIX əsrin başlanğıcından folklor nəzəri
fikrinin diqqət mərkəzində olmuşdur" fikrini
vurğulayan filologiya elmləri doktoru, professor
Azad Nəbiyev oxşarlıq və eyniliklərlə bağlı
nəzəriyyələrin qəti fikrə gələ bilmədiklərini
yeni nəzəri fikrin yaranması üçün əsas götürərək
uzun müddətli müşahidə və eksperimentlərə
başlamışdır. Beləliklə, BDU-nun Azərbaycan
folkloru kafedrasının müdiri A.Nəbiyev
ardıcıllıqla davam etdirilən eksperimentlər
üzərində müşahidələrini, ciddi elmi arqumentlərə
söykənən tədqiqatlarını ümumiləşdirərək dünya
xalqlarının folklorundakı süjet oxşarlıqlarının
xalqların tarixi gen birliyi ilə bağlılığı
elmi-nəzəri qənaətinə gəlmişdir.
Azərbaycan MEA-nın müxbir üzvü A.Nəbiyev
araşdırmalarını "Oxşar dəyərlərin gen qaynağı -
geneoloji nəzəriyyə" adlı monoqrafiyada (elmi
redaktoru və ön sözün müəllifi akademik Fuad
Qasımzadədir. Bakı: "Elm və Təhsil", 2009 - 100
s) əhatə edərək elmi ictimaiyyətə çatdırmışdır.
Oxşar mədəniyyətlərə yeni elmi baxışı əks
etdirən geneoloji nəzəriyyəyə görə, oxşar mədəni
dəyərlərin yaranması xalqların tarixi gen
birliyi ilə bağlıdır. Müəyyən inkişaf
mərhələləri keçmiş xalqların həyat şəraiti və
inkişaf xüsusiyyətləri təhlil olunan
monoqrafiyada geneoloji nəzəriyyənin riyazi
modeli, inkişaf xüsusiyyətləri və fazaları
barədə geniş məlumat verilmişdir.
Akademik F.Qasımzadənin "Oxşar mədəni dəyərlərə
yeni elmi baxış" kimi qiymətləndirdiyi tədqiqat
bir neçə bölmədən ibarətdir.
Zəngin tarixi, filoloji, fəlsəfi ədəbiyyatları
öyrənən folklorşünas alim birinci bölmədə oxşar
mədəniyyətlərin öyrənilmə tarixini izləmiş,
ayrı-ayrı tədqiqatçı fikrinə münasibət
bildirmişdir. Həmin bölmədə ispan tarixçisi
Pyetro Martira, fransız Jan de Leri, dominikanlı
monarx Las Kazas Bartolome, Lafiton, Vikon, Jan
Jak Russo, Gerder, Tik, Arnim, Brentanon,
Şleqbe, Qrimm qardaşları, Benfey, Kroon, Taylor
və b. alimlərin əsərləri mövzu baxımından
diqqətlə, səriştəliklə elmi cəhətdən tədqiq,
təhlil və təqdir edilmiş, yaxud fikir və
mülahizələrə elmi etika dairəsində münasibət
bildirilmişdir.
Monoqrafiyanın məzmun orijinallığı və elmi
fikirlərə münasibət orijinallığı ilə maraq
doğuran bölmələrindən biri "Oxşar
mədəniyyətlərin mənşə birliyinə dair" adlanır.
Gen sözünün etimologiyası açıqlanmış, geneoloji
tədqiqatların aparılmasının salnaməsi təsvir
olunmuş, genlərin tam bölünməz irsiyyət vahidi
hesab olunması mərhələsi təhlil edilmiş,
N.Y.Marrın geneoloji baxışların nəzəri
əsaslarına çox yaxınlaşması vurğulanmışdır.
Kitabın ayrıca bir bölməsində geniş fəaliyyət
funksiyaları, parçalanma formaları və yaddaş
kodunun dinamikası haqqında söhbət açılmışdır.
Professor A.Nəbiyev yazır ki, dünya xalqları
üçün müştərək süjet qaynağı olan gen yaddaşı
xalqların vəhşilik dövründən başlayaraq
sivilizasiyaya doğru inkişafının birinci
mərhələsində formalaşmışdır. Daha sonra müəllif
gen yaddaşının formalaşmasının çoxmərhələli və
çoxfazalı olduğunu qeyd edərək, sonrakı dörd
mərhələnin (fazanın) səciyyəsini vermişdir.
Həmin bölmədə gen-şəcərə, nəsil düşüncəsinin
ümumi məzmun görüntüsünü ümumiləşdirən sxem,
gen düşüncəsi qaynağının riyazi ifadəsi -
Gd=H1+(H2+H3)x(H4+H5) əksini tapmış, gen
düşüncəsinin tarixi-genetik dəyərlər,
tarixi-poetik dəyərlər, etnopoetik dəyərlər kimi
tərkib hissələri, tarixi-poetik dəyərlərdən
törənmiş etnopsixoloji və etnokulturoloji
dəyərlər, gen yaddaşı modelinin fasiləsiz
fəaliyyət funksiyası, gen yaddaşının inkişaf
fazaları sxemləri, bunların şərhi, ayrı-ayrı
folklor əsərlərindən süjet nümunələri
verilmişdir.
Eksperimentlərinin təhlilini verən professor
A.Nəbiyev təxminən 1 çap vərəqi həcmində bölmədə
nəzəriyyənin perspektivlərindən söhbət açmışdır.
Kitabın sonunda geneoloji nəzəriyyə ilə bağlı
müxtəsər məlumat Azərbaycan, rus və ingilis
dillərində verilmiş, istifadə olunmuş ədəbiyyat
göstərilmişdir.
Geneoloji nəzəriyyənin əhəmiyyəti nədədir? Bu
sualı kitabın özündən qələm məhsuluna aşağıdakı
abzasları daxil etməklə cavablandırmaq daha
məqsədəuyğundur. Azərbaycan MEA-nın müxbir üzvü
A.Nəbiyev nəticədə yazır ki, gen nəzəriyyəsinin
perspektivlərinin "gələcək açılışı və yüksəlişi
yeni yüzillikdə monoinformasiya texnikasının
yeni yüksəliş nailiyyətləri ilə bağlı olacaqdır.
Bu texnologiyalar vasitəsilə ilahi Varlıqdan
müqəddəs səma kitablarında insanlığa ünvanlanmış
informasiyalar açıqlanacaq, gen hüceyrə atlası
tərtib edilib üzə çıxarılacaq, güclü hesablama
texnologiyaları vasitəsilə insan dünya
sirlərinin fövqünə yüksələcəkdir. İnsan
gen-şəcərə düzümünün nailiyyətlərindən geniş
şəkildə bəhrələnəcək, nəzəriyyənin yeni-yeni
dəyərləri elmə məlum olacaqdır.
İndiki mərhələdə isə təqdim edilən nəzəriyyə
oxşar mədəni dəyərlərə ən yeni yanaşma olub,
oxşar süjetlərin gen düşüncəsindən xalqların
folklor yaradıcılığının yayılmasının tarixi
spesifikasını açıqlamağa imkan verir. Bu isə
tarixən eyni geneoloji qaynaqdan olan xalqların
yenidən özünə qayıdacağına, vahid xalqa çevrilib
sərvətləri dünyanın yeni nizamına uyğun olaraq
bölüşdürəcəyinə ümidləri artırır.
Bu isə müharibəsiz, terrorsuz, milli qarşıdurma
və münaqişələrsiz dünyaya aparan başlanğıcı kimi
sabahın reallıqlarındandır. Dünya bu sabaha
doğru sürətli addımlarla irəliləməkdədir".
1000 nüsxə tirajla nəşr olunmuş kitabın
"ümumnəzəri, məntiqi-fəlsəfi xarakter"
daşıdığını ön sözdə qeyd edən akademik
F.Qasımzadə "fəlsəfi-məntiqi təhlil üstünlük
təşkil" edən əsəri haqlı olaraq "folklorumuzun
fəlsəfəsi" adlandırmışdır.
Şamxəlil MƏMMƏDOV,
pedaqoji elmlər namizədi,
Sumqayıt Dövlət Universiteti "Folklorşünaslıq"
elmi-tədqiqat laboratoriyasının rəhbəri, dosent |