Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

30 Aprel 2010 - ¹16

 

"Azərbaycanlı gənclər xaricdə təhsil almağa böyük maraq göstərirlər" Həmyerlimiz Voronej Dövlət Texnologiya Akademiyasının  kafedra müdiri, professor Səbuhi Niftəliyev redaksiyamızın qonağıdır

Bookmark and Share

Təqdimat: Səbuhi İliç oğlu Niftəliyev 1968-ci ildə Qərbi Azərbaycanın Vardenis rayonunun Böyük Məzrə kəndində anadan olub, 1984-cü ildə həmin kənddəki orta məktəbi qızıl medalla başa vurub. Voronej Texnologiya İnstitutunda ali ixtisas təhsili alıb, kimyaçıdır. 1994-cü ildə namizədlik, 2004-cü ildə doktorluq dissertasiyaları müdafiə edib, professordur. Ailəlidir, bir oğlu var. 

Ölkəmizdən kənarda, yaxın-uzaq xaricdə, yüz minlərlə soydaşımız yaşayır. Elələri var ki, müvəqqəti gedib. Məqsədləri ya təhsil almaq, ya da işləyib ailəsinə qazanc gətirməkdir. Belələri təhsillərini başa vurduqdan, bir neçə il işləyib əli qazanc tutduqdan sonra vətənə, doğmalarının yanına dönürlər.

Həmvətənlərimizin bəzisi on illərdir ki, xaricdə yaşayır. Orada iş-güc sahibidirlər, mənsəbləri var. Təhsil-elm müəssisələrində elmi, tədris fəaliyyəti ilə məşğuldurlar.

Elə soydaşlarımız da var ki, yaşadıqları ölkələr onlar üçün ikinci vətəndir. Orada anadan olublar, orada təhsil alıblar və orada da çalışırlar. Belələri tarixi vətənlərinə qonaq kimi gəlir və ya gəlməyi arzulayırlar.

Hansı zümrəni təmsil edirlərsə etsinlər, fərqi yoxdur, xaricdəki bütün soydaşlarımızın xoş sorağı, hər hansı sahədə qazandığı uğurlar, vətənimizin xeyrinə göstərdikləri lobbiçilik fəaliyyəti, xalqımıza, ölkəmizə başucalığı gətirən əməlləri bizi sevindirir. Onların xalqımızın övladı olmasından fəxarət duyuruq. Belə həmvətənlərimizdən biri də hazırda Rusiya Federasiyasının Voronej şəhərində yaşayan, buradakı Texnologiya Akademiyasında işləyən Səbuhi Niftəliyevdir.

25 ildən artıqdır ki, taleyini qonşu ölkənin bu əyalət şəhəri ilə bağlamış S.Niftəliyev doğma vətənini də unutmur, vaxtaşırı xidməti işi ilə əlaqədar və ya doğmalarına baş çəkmək üçün Azərbaycana gəlir. Onunla görüşümüz də ölkəmizə növbəti səfəri zamanı oldu. Redaksiyamıza dəvət etdik, iş-gücü ilə maraqlandıq, bəzi suallarımıza cavab verməsini xahiş etdik. Beləliklə, müsahibimiz Voronej Dövlət Texnologiya Akademiyasının ümumi və qeyri-üzvi kimya kafedrasının müdiri, kimya elmləri doktoru, professor Səbuhi Niftəliyevdir. 

- Səbuhi müəllim, Peyğəmbərimiz (s.s.) buyurub ki, elm Çində də olsa dalınca gedin. Getdiyiniz yer Çin olmasa da siz də bu müqəddəs tövsiyəyə əməl edənlərdənsiniz. Voronejə nə vaxt getmisiniz?

- Doğulduğum kənddəki orta məktəbi başa vurduqdan sonra ali təhsilimi xaricdə almaq istədim. Rus dilini yaxşı bilirdim deyə Rusiyaya üz tutdum. 1984-cü ildə, 16 yaşımda Voronejə gəldim və sənədlərimi buradakı texnologiya institutuna verdim. İmtahanlardan müvəffəq qiymətlər alıb institutun kimya fakültəsinə qəbul olundum. O vaxtdan Voronejdəyəm. Bura ali təhsil almağa gəlmişdim. Amma qalıb yaşayası oldum. 2 il ordu sıralarında qulluq etdim. 1991-ci ildə institutu başa vurdum və elə burada da aspiranturaya daxil oldum. 1994-cü ildə namizədlik, 2004-cü ildə doktorluq dissertasiyaları müdafiə etmişəm. Doktorluq işim "Aromatik turşuların su mühitində ekstraksiyası"dır. Professor, kafedra müdiriyəm. İndiyədək 300-dən çox elmi məqaləm dərc olunub. Onların 60-dan çoxu jurnal məqaləsidir. 30-dan artıq ixtiraya görə patent almışam. 4 monoqrafiyam çapdan çıxıb. Kafedra müdiri olmaqla yanaşı, məni maraqlandıran 3-4 mövzu üzrə elmi iş aparır, akademiyada ümumi kimya və qeyri-üzvi kimyadan dərs deyirəm.

- Voronejdə azərbaycanlılar çoxdurmu? Onları birləşdirən hansısa bir qurum fəaliyyət göstərirmi?

- Voronejdə, təxminən 6-7 min azərbaycanlı yaşayır. Onların əksəriyyəti ticarətlə məşğuldur, bir hissəsi istehsalatda çalışır. Elm-təhsillə məşğul olanlar azdır. Belələri burada yaşayan azərbaycanlıların təxminən 10-15 faizini təşkil edir.

Həmyerlilərimizi birləşdirən quruma gəldikdə isə, deyim ki, belə vahid bir qurum yoxdur. Üç təşkilat fəaliyyət göstərir. Kim istəsə onlardan birinə üzv ola və tədbirlərində iştirak edə bilər.

- Doğma vətənə yəqin tez-tez yolunuz düşür. İndiki gəlişinizin məqsədi nədir?

- Budəfəki səfərim işgüzar xarakterlidir. Bizim institut uzun illər Azərbaycan üçün mütəxəssis hazırlayıb. Sovet dönəmində hər il Azərbaycandan 6 gənc Voronej Texnologiya İnstitutuna oxumağa gedirmiş. SSRİ dağılandan sonra əlaqələr kəsilib. İstəyirik onu bərpa edək. Gəlişimizin iki məqsədi var. Biri elmi, digəri təhsil əlaqələri yaratmaqla bağlıdır. Elmi işə görə BDU-da olmuşam. Kimya fakültəsinin rəhbərliyi, burada işləyən professorlarla söhbətlər aparmışam. Təmsil etdiyim akademiya adından ümumi mövzular üzrə birgə elmi-tədqiqat işləri aparmaq təklifim onlar tərəfindən maraqla qarşılanıb. Elə ümumi mövzular var ki, onların tapılıb birgə işlənməsi, inkişaf etdirilməsi həm bizim, həm də BDU üçün faydalı olar.

Təhsillə bağlı da maraqlı planlarımız var. İstəyirik ki, Azərbaycanın dövlət ali təhsil müəssisələri ilə birgə mütəxəssis hazırlığı aparaq. Birgə tələbələr qəbul edib onlayn sistemində oxudaq və Rusiya diplomu verək. Bizim müəllimlər İnternet vasitəsi ilə mühazirə də deyə, praktik məşğələlər də apara bilərlər. Amma imtahan zamanı bizim müəllimlər bura gəlməli, imtahanı özləri götürməlidirlər. Bu qayda ilə tələbələr 4 il Azərbaycanda oxuduqdan sonra Voronejə  gəlib təhsillərinin son 5-ci ilini əyani şəkildə akademiyada davam etdirməli və burada diplom müdafiə etməlidirlər. Biz bunun üçün tələbələrə hər cür şərait yaradır, onları yataqxana ilə təmin edirik. Viza məsələsini, digər problemləri də akademiya öz boynuna götürür ki, tələbələr üçün çətinlik olmasın. Tədris-metodik təminat, proqramlar və s. bizim olacaq. Buradakı ali məktəblər isə yer ayırmalı, şərait yaratmalıdır. Bu məqsədlə Gəncə Texnologiya İnstitutu, Gəncə Dövlət Aqrar Universiteti və b. ali təhsil müəssisələrində olmaq, görüşlər keçirmək, danışıqlar aparmaq fikrindəyik. Yeri gəlmişkən, bununla bağlı Azərbaycan Respublikasının Təhsil Nazirliyinin müvafiq şöbəsində  olmuşam. Nazirlik prinsip etibarı ilə bizim təklifimizin əleyhinə  deyil və təhsil almağın yeni formasını alqışlayır.

- Sizin akademiyada ikipilləli təhsil sistemi tətbiq olunurmu?

- Hələ ki, yox. Rusiya Federasiyasının dövlət institutları, universitetləri ikipilləli sistemə, yəni bakalavriat və magistratura təhsilinə 2011-ci ildə keçməlidir. Lakin biz mütəxəssis hazırlığı ilə yanaşı bakalavr hazırlığına da başlamışıq. Tələbə öz arzusu ilə bakalavr da ola bilər, mütəxəssis də. Biz belə düşünürük ki, istehsalat üçün mütəxəssis bakalavrdan daha yaxşı hazırlanır. Bir var 4 il oxuyasan, bir də var 5 il. Bakalavr hazırlığında əsasən ümumi fənlər keçilir. Mütəxəssis hazırlığında isə xüsusi fənlərə daha çox yer və diqqət ayırmaq olur. Bizim fikrimizcə, mütəxəssis daha çox tələb olunandır, nəinki bakalavr. Hələlik bizim 1 il mütəxəssis hazırlığı üçün qəbul keçirmək imkanımız var.

- Rusiya təhsili haqqında nə deyə bilərsiniz? Sovet təhsilindən bəri onlarda nə dəyişib?

- Əsas dəyişiklik buraxılış və qəbul imtahanlarını əvəz edən Vahid Dövlət İmtahanının tətbiqi ilə bağlıdır. Bildiyiniz kimi, bir neçə il öncə Rusiyanın bir sıra vilayətlərində eksperiment olaraq keçirilməyə başlanmış Vahid Dövlət İmtahanı ötən ildən bütün ölkə üzrə tətbiq olunur. Lakin həmin imtahanlara hələ də  münasibət fərqlidir. Ölkə sanki iki yerə bölünüb - VDİ-nin tərəfdarları və əleyhdarları. İnstitut (universitet) müəllimlərinin əksəriyyəti VDİ-nin əleyhinədir. Onların fikrincə, bu imtahanlar uşaqları çərçivəyə salır, onların məntiqi təfəkkürünü inkişaf etdirmir. Onlar belə hesab edirlər ki, ali məktəblərdə təkcə sxemləri ayıra bilən adamlar deyil, məntiqi təfəkkürü olanlar, fikirləşə, düşünə bilənlər oxumalıdırlar.

Bir də deyirlər ki, Vahid Dövlət İmtahanı ali məktəblərdə guya getdikcə artan korrupsiya hallarının qarşısını almaq üçün tətbiq olunub. Lakin əslində korrupsiya heç də azalmayıb. VDİ korrupsiyanın qarşısını nəzərdə tutulan səviyyədə ala bilməyib. Çünki indi bu hal artıq orta məktəblərə də yayılır. Məktəblərdə şagirdlərə daha çox kömək edirlər.

Əvvəllər gənclər ali məktəblərə daha hazırlıqlı şəkildə gəlirdilər, indi isə gələnlərin səviyyəsi aşağıdır.

- Sizdə tələbə qəbulu necə həyata keçirilir?

- Bizim akademiya da digər dövlət ali məktəbləri kimi tələbə qəbulunu Vahid Dövlət İmtahanının nəticələrinə əsasən aparır.

Xarici ölkə vətəndaşlarından, habelə Rusiya Federasiyası orta məktəblərini  2008-ci ilədək bitirənlərdən və qiyabi təhsil formasını seçənlərdən isə qəbul imtahanlarını özümüz götürürük.

Akademiyamızın bakalavr pilləsi üzrə əyani şöbəsinə qəbul 3 mərhələdə aparılır. Məsələn, tutaq ki, akademiyaya 700 plan yeri ayrılıb. O, 250+250+200 olmaqla üç mərhələ arasında bölünür. Birinci mərhələdə VDİ-dən 3 fəndən daha çox bal toplayanlar, sonrakı mərhələlərdə müvafiq qaydada bir qədər aşağı bal yığanlar qəbul olunur. Ali məktəblərə, o cümlədən də bizim akademiyaya qəbul olunmaq üçün abituriyent Vahid Dövlət İmtahanında daxil olmaq istədiyi ali məktəbin profilinə uyğun gələn 3 fəndən minimum 110-115 bal toplamalıdır.

Əvvəllər abituriyentlər istənilən ali məktəblərə sənəd verə bilirdilər. Bu il həmin qayda dəyişdirildi. İndi abituriyentlər sənədlərini yalnız 5 ali məktəbə verə və hər ali məktəbdə 3 ixtisas göstərə bilər. Nəticə etibarilə onlar 15 ixtisas seçə bilərlər. Əvvəllər isə ixtisas seçimində məhdudiyyət yox idi. Ali məktəblərə qəbul zamanı əsas şərtlərdən biri abituriyentin VDİ-də imtahan verdiyi fənlərlə seçdiyi ali məktəbin profilinin uyğun gəlməsidir.

- 6-7 min azərbaycanlının yaşadığı Voronejdə Azərbaycan məktəbi varmı?

- Yox. Bütün azərbaycanlıların övladları rus məktəblərində oxuyurlar. Lakin azərbaycanlılar üçün bir bazar günü məktəbi var ki, istənilən valideyn uşağını ora apara bilər. Orada azərbaycanlı müəllimlər dərs deyir. Əsasən Azərbaycan dili, Azərbaycan tarixi keçilir. Axı bu fənlər rus məktəblərində tədris olunmur.

- Oğlunuz hansı məktəbdə oxuyur?

- Voronejdə Rusiya Dəmir Yolunun bir özəl məktəbi var. Oğlum orada 3-cü sinifdə oxuyur. Cəmi 300 şagirdi olan məktəbdə hər sinifdən yalnız bir komplektdir. Burada verilən təhsilin səviyyəsi yüksəkdir.

- Orada müəllimlərə hədiyyə vermək halları necə, varmı?

- Var. Əsasən bayramlarda müəllimə hədiyyə verirlər. Qadınlara 8 mart - Qadınlar bayramında və müəllim günündə. Kişilərə isə ancaq müəllim günündə. Lakin xüsusi bir məqsədlə müəllimə hədiyyə verilməsi halı yoxdur. Hədiyyələr də əsasən gül, konfet qutusu və suvenirlərdən ibarət olur.

- Azərbaycan təhsilində gedən islahatlar haqqında məlumatınız varmı? Rusiya təhsili ilə Azərbaycan təhsilinin nə kimi fərqli cəhətlərini qeyd edərdiniz?

- Ölkəmizin həyatı ilə daim maraqlanıram. Burada gedən bütün quruculuq işlərindən, o cümlədən təhsildə aparılan islahatlardan da xəbərdaram. Mənim fikrimcə, Azərbaycanda ali məktəblərə keçirilən qəbul imtahanları Rusiyadakı Vahid Dövlət İmtahanından daha düşünülmüş və düzgündür. Bizdəkindən fərqli olaraq Azərbaycanda insanların ali məktəblərə daxil olmaq şansı daha çoxdur.

Rusiya təhsilində çox az şey dəyişib. Əsasən  sovet təhsili ilə eynidir. Azərbaycanda isə təhsil sahəsində çox iş görülüb, ciddi irəliləyişlər var. Burada çoxdan ikipilləli ali təhsilə keçilib. Ümumi təhsildə yeni kurikulumlar tətbiq olunur. İKT ilə təminat yüksək sürətlə gedir. Məktəb tikintisi böyük vüsət alıb və s. Rusiya təhsilində bunların heç biri hələ yoxdur. Yalnız 2011-ci ildən bəzi sahələrdə islahatlar aparılması nəzərdə tutulur.

Azərbaycan təhsilində xoşuma gələn cəhətlərdən biri də xarici ölkələrdə oxumağa daha çox tələbənin göndərilməsidir. Biz isə əsasən özümüzlə kifayətlənirik. Bu isə pisdir. Rusiyada son illər universitetlərin, institutların sayı çox artıb. İndi istəyirlər onların sayını 3 dəfə azaltsınlar. Bu, ali təhsil müəssisələrinin birləşdirilməsi yolu ilə baş verəcək. Bu yaxşı fikirdir.

Bizdə Azərbaycandakı kimi məktəb tikintisi yoxdur. Bəzi yerlərdə yeni məktəblər istifadəyə verilsə də əsas diqqət mövcud məktəblərin təmirinə yönəlmişdir.

- Sirr deyilsə, nə qədər maaş alırsınız?

- Ayda rus pulu ilə 19-20 min rubl alıram. Bu təxminən 700 ABŞ dolları edir.

- Həmin maaşla Voronejdə dolanmaq mümkündürmü? Ümumiyyətlə, Voronejdə dolanışıq paytaxtdakından və bizdəkindən nə dərəcədə fərqlidir?

- Bizdə Moskvadan, haradasa, 2-3 dəfə ucuzluqdur. Buna baxmayaraq, aldığım əməkhaqqı yaxşı yaşamaq üçün kifayət deyil. Bunun üçün ən azı 1500 ABŞ dolları lazımdır. Lakin həyat yoldaşım işləyir, həkimdir və birlikdə maaşımız bizi görür.

Dövlət bizə qazanmaq üçün imkanlar da açıb. Müəssisələrlə təsərrüfat müqavilələri bağlayırıq. Biz onların müəyyən problemini həll edirik, onlar da bizə maddi kömək göstərir, görülmüş işin müqabilində vəsait ödəyirlər. Məsələn, mənim rəhbərlik etdiyim kafedra Voronejdə ən böyük müəssisələrdən biri olan "Minudobreniye" Açıq Səhmdar Cəmiyyəti ilə müqavilə bağlayıb. Biz onlara öz tullantılarından təkrar xammal kimi istifadə etmək üçün elmi araşdırmalarla əsaslandırılmış yollar təklif edirik. Buna görə səhmdar cəmiyyət bizə 400-500 min pul verir.

Rusiya Federasiyasında məqsədli proqram var. Əgər sənin elmi işinin praktik tətbiqi varsa, mövzun kifayət qədər aktualdırsa, müvafiq sənədləri təqdim etməklə həmin proqramda iştirak edə bilərsən. Proqramı udan layihələrə böyük miqdarda, təxminən, 3,5 milyon dollar maliyyə vəsaiti ayrılır.

Beləliklə, əməkhaqqının maksimum həcmi sənin əqli qabiliyyətindən asılıdır. Əgər heç nə etmək istəmirsənsə, onda verilən minimum əməkhaqqı ilə kifayətlənməlisən.

- Repetitorluq orada da yayılıbmı?

- Həddən artıq. X-XI sinif şagirdlərinin demək olar ki, hamısının VDİ-yə hazırlaşmaq üçün seçici fənlərdən repetitoru var. Şagirdlər artıq X sinifdən oxumağa az fikir verirlər. Düzdür, məktəbə gedirlər, lakin "xala xətrin qalmasın". Demək olar ki, hər şagird 2-3 fəndən repetitor yanına gedir.

- Voronejdə ümumtəhsil məktəblərində çalışan müəllimlərin əməkhaqqı nə qədərdir?

- Rusiyada, o cümlədən Voronejdə müəllimlər çox maaş alır. Onların maaşları ali məktəblərdə işləyən müəllimlərin əməkhaqqı ilə bərabərləşdirilib. Məsələn, oğlumun  oxuduğu məktəbdə ibtidai sinif müəlliminin maaşı 12-13 min rubldur (təxminən 400 ABŞ dolları - Y.Ə.). Direktor kafedra müdiri qədər əməkhaqqı alır.

Yerli hakimiyyət müəllimə federal stavkadan çox əməkhaqqı verə bilər. Bu, yerli rəhbərliyin iradəsindən asılıdır. Onların müəyyənləşdirilmiş büdcələri var.

- Voronejdə neçə ali məktəb fəaliyyət göstərir? Bizdən orada oxuyanlar varmı?

- Voronejdə dövlət ali məktəblərinin sayı 13-dür. Azərbaycandan təhsil almağa gələn gənclər çoxdur. Məsələn, bizim akademiyada 8 həmyerlimiz təhsil alır. Voronej Dövlət Tibb Akademiyasında oxuyanlar isə daha çoxdur - 60-70 nəfər. Voronej Dövlət Universitetində 15-20 azərbaycanlı gənc təhsil alır. Biz akademiyamızda oxuyan həmyerlilərimizin sayını artırmağa çalışırıq.

- Xalqımızın adət və ənənələrini, tarixi günlərimizi Voronejdə qeyd edə bilirsinizmi?

- Hamısını qeyd edirik. Novruz bayramını isə hər il xüsusi təntənə ilə keçiririk. 20 Yanvar hüzn günündə, Xocalı faciəsinin ildönümlərində də faciə qurbanlarının xatirələrini xüsusi tədbirlər keçirməklə anırıq. Çalışırıq adət-ənənələrimizi yaddan çıxarmayaq.

- Orada qəzetimizi oxuya bilirsinizmi?

- Atam və anam müəllim olduğundan "Azərbaycan müəllimi" həmişə ailəmizin sevimli nəşri olub. Atam qəzeti müntəzəm alıb oxuyardı. Buna görə məndə qəzetinizə qarşı doğma hisslər var. Lakin onu Voronejdə alıb oxumaq mümkün deyil. İnternet vasitəsi ilə oxuyuram. Bu yolla Azərbaycanda gedən bütün işlərdən, o cümlədən də təhsil sahəsindəki yeniliklərdən xəbər tutmaq mümkündür və xəbər də tuturuq.

- Müsahibə üçün sağ olun. 

Müsahibəni apardı:
Yusif ƏLİYEV

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Müsahibələr" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
30 Aprel 2010 - ¹16
Azərbaycan Tibb Universitetinin 80 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Moskva Dövlət Açıq Universitetinin Bakı filialının fəaliyyətinə verilmiş xüsusi razılığın (lisenziyanın) ləğv olunması barədə  Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Bakıda 44-cü Beynəlxalq Mendeleyev Olimpiadasının açılışı oldu
 
Azərbaycanın 42 məktəblisi ABŞ-da təhsil alacaq
 
Akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi yad olundu
 
"Məktəbli gənclər Heydər Əliyev zəkasının işığında"
 
Aprelin 29-da Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov Türkiyənin Yıldız Texniki Universitetinin rektoru İsmayıl Yüksək və Qazi Universitetinin rektoru Rza Ayxanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
 
Ramiz Məmmədzadənin 80 yaşı qeyd olundu
 
"Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası"
 
"Azərbaycanda himayədar qayğı sisteminin yaradılması" mövzusu müzakirə edildi
 
Moskvada elmi-praktik konfrans keçirilib
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Zirvəyə gedən yolda...
 
Malayziya, Tailand və Polşa məktəblilərinin Azərbaycanla bağlı təəssüratları
 
İngilis dilində tamaşanın nümayişi olub
 
"Atam deyirdi ki, oğlumun barmaqlarından musiqi damır" Korifey sənətkarımız Niyazidən otuz il əvvəl alınmış müsahibə
 
Əli Sultanlı yaddaşlarda necə qalıb
 
"Atam həmişə təhlükəsizlik orqanları tərəfindən təqib edilib" Cəfər Cabbarlının qızı Gülarə Cabbarlı ilə söhbət
 
Filologiyada yaşanmış ömür
 
Təhsilin maliyyələşdirilməsinin beynəlxalq aspektləri və Azərbaycanda orta təhsilin adambaşına maliyyələşdirilməsi məsələləri
 
Bakıda 44-cü Beynəlxalq Mendeleyev Olimpiadasının açılışı oldu
 
"Vətəndə qalan uşaqlığım"
 
Seyid  Əzim Şirvani yaradıcılığının orta məktəblərdə öyrənilməsi
 
Kövrək xatirələr
 
Olimpiada qalibləri mükafatlandırıldılar
 
Magistrantların V elmi konfransı
 
"Azərbaycanlı gənclər xaricdə təhsil almağa böyük maraq göstərirlər" Həmyerlimiz Voronej Dövlət Texnologiya Akademiyasının  kafedra müdiri, professor Səbuhi Niftəliyev redaksiyamızın qonağıdır
 
Müasir təhsilin aktual problemi
 
Kurikulum islahatı və müasir dərs
 
Müəllim məsuliyyəti
 
Türkçülük, dövlətçilik mövqeyindən yazılmış kitab
 
Koreyalı qonaqlar Naxçıvan Dövlət Universitetində
 
"Xatun" bədii-musiqili məclisi keçirilib
 
Ədəbi-bədii kompozisiya
 
Milli mətbuatımızın şanlı səhifəsi
 
Musiqi Kolleci tələbələrinin hesabat konserti
 
İxtisasartırmanın kurikulum çərçivəsində təkmilləşdirilməsi zəruridir
 
"Mənim könlüm deyir ki..."
 
Mənəvi dəyərlərimizə hörmət tərbiyə edək
 
"Oxşar dəyərlərin gen qaynağı - geneoloji nəzəriyyə" Folklorumuzun fəlsəfəsi
 
Respublika elmi konfransı
 
Azərbaycan Mətbuat Şurasının "Qara siyahı"sı
 
Müəllimlərin, şagirdlərin və ingilis dilini öyrənənlərin nəzərinə! Xarici dilin öyrənilməsi sahəsində tam yeni və orijinal metodologiya!
 
Kompüter müsabiqəsinə yekun vuruldu
 
Məktəblilərimiz daha 7 medal gətirdilər
 
Uşaq-Gənclər İdman Məktəbinin yeni qələbələri
 
Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş idman yarışları keçirilib
 
Dünya universitetləri: Bristol Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov