Hər
bir insanın yaşanaraq şirinli-acılı xatirələrə
dönən ömür yolu daşlı, kəsəkli cığırlardan
keçir. Həyatın əzablı yollarında büdrəsə də,
yıxılmadan sinəsini çətinliklərə sipər edib
mübarizə aparanlar ləyaqətli bir ömür yaşayıb
qalib olurlar. Belə insanlardan biri Azərbaycan
Tibb Universitetinin İnsan anatomiyası
kafedrasının müdiri, tibb elmləri doktoru,
professor, əməkdar həkim, Rusiyanın Təbiət və
Tibb Elmləri Akademiyasının üzvü, 70 illik
yubileyi ərəfəsində dünya tibb elminə verdiyi
töhfələrinə görə Türk Dünyası Araşdırmaları
Uluslararası Elmlər Akademiyasına üzv seçilmiş
və akademiyanın qızıl medalına layiq görülmüş
Vaqif Bilas oğlu Şadlınskinin mənalı ömür
yolundan söz açmaq niyyətindəyik.
70 yaşının tamam olması münasibətilə Vaqif
müəllimlə iş başında görüşüb gəlişimizin
səbəbini açıqladıq və yaşayaraq arxada qoyduğu
illərin xatirələrə çevrilmiş keşməkeşli
səhifələrini vərəqləməsini ondan xahiş etdik. O,
dərin xəyala daldı, nurlu çöhrəsində keçmişin
əzablı, ağır günlərini yenidən yaşayan qara
kölgələr dolaşdı. Və ömür səhifələrini belə
vərəqlədi...
1940-cı il yanvarın 24-də Qərbi Azərbaycanda -
Ermənistanın Böyük Vedi rayonunun Böyük Vedi
kəndində Bilas müəllimin ailəsində dünyaya göz
açmışam. Uşaqlığım müharibə illərinə düşdüyündən
başqaları kimi mən də ağır günlər yaşamışam. Bir
parça çörək üçün insanlar gecə-gündüz işləyər,
başlarını bir təhər dolandırardılar. Atam
məktəbdə dərs deyər, ictimai işlərlə məşğul
olar, müharibədə həlak olmuş qohum-qardaşın
başsız qalmış ailəsinə əl tutar, kömək edər, bir
sözlə, səhər tezdən evdən çıxar, gecədən xeyli
keçmiş qayıdardı. Anam həyətyanı sahəmizdə
bağ-bostan əkib becərər, qapımızdakı mal-qaranı
görər, ağır külfətimizin dolanışığı üçün atamla
çiyin-çiyinə çalışardı.
Altı yaşımda kəndimizdəki uşaq bağçasına
gedirdim. Müharibənin qurtarmasından bir il
keçməsinə baxmayaraq, hər tərəfdə aclıq,
səfalət, ağır ruzigar hökm sürürdü. Müharibə
hamıya fəlakət gətirmişdi. Cəbhəyə getmiş
kişilərin çoxu həlak olmuş, qayıdanların yarısı
şikəst gəlmiş, salamat qayıdanları isə
gecə-gündüz əlləşər, işdən baş açmazdılar. O
vaxtlar Azərbaycana gəlmək, doğma torpaqlarda
qonaq olmaq Ermənistanda yaşayan azərbaycanlılar
üçün müşkül məsələ idi. Hamı yeni quruculuq
işləri ilə məşğul olurdu. İşdən, təhsildən bir
saat qalanlar sorğu-suala tutulur, ləngimələri,
gecikmələri barədə izahat tələb edilirdi.
Sənədlə təsdiq edilən rəsmi icazələri olmayanlar
cəzalandırılırdı.
Bağça müəllimimiz Şahzadənin bizə öyrətdiyi bir
bənd şeir heç vaxt yadımdan çıxmır:
Vaqona bax, vaqona,
Bir gün mindim mən ona.
Yolum düşdü uzağa,
Bakı, Gəncə, Qazağa.
Sanki Vətən həsrətlilərinin arzusu bu şeirdə
izhar edilir, nisgilli yaşadıqları ürək
yanğısıyla misralara çevrilirdi.
"Köçkünlük taleyini mən də yaşamışam"
1948-ci ilin isti iyul ayı idi. Bir həftə olardı
ki, "könüllü" köçən azərbaycanlı ailələrini
Ermənistanın Dəvəli stansiyasından yük
vaqonlarına doldurub qatarla yola salmışdılar.
Yük, mal-qara daşımaq üçün nəzərdə tutulmuş bu
taxta vaqonların hər birinə üç-dörd ailə
yerləşdirilmişdi. "Könüllü" adı ilə doğma
yurd-yuvalarından zorla deportasiya edilən
azərbaycanlıların əksər hissəsi Qazaxıstan
çöllərinə, az bir hissəsi isə Azərbaycanın rayon
və bölgələrinə köçürülürdü. Evlərimiz isə
Suriyadan gəlmiş ermənilərə verilmişdi, buna
görə də köçərkən evini satmağa heç kimin
ixtiyarı yox idi. Bir günlük yolu bir aya gəlib
mənzil başına yetişmişdik. Günlərlə
stansiyalarda dayanırdıq. Bəzi vaqonları açıb
digər rayonlara yola salmaq üçün başqa qatarlara
qoşur, köçənləri bölgələrə bölüşdürməyə görə
yuxarı instansiyalardan günlərlə göstəriş
gözləyirdilər. Vaqonların üstü dəmir təbəqə ilə
örtüldüyündən içəri təndir kimi isti olurdu.
Yerə düşə bilənlər kölgələnmək üçün vaqonların
altına girər, mazutlu dirəklərin arasında oturar
və ya uzanardılar. Vaqonda qalan qocalar və
xəstələr isə istidən olmazın zülm çəkər, gecənin
düşməsini səbirsizliklə gözləyərdilər. Bir gün
qonşu vaqonda əzablara tab gətirə bilməyən qoca
bir kişi dünyasını dəyişdi. Mərhumun qızı
tükürpədici səslə zülüm-zülüm ağlayır, əlini
ulu göylərə qaldırıb səbəbkarlara qarğış
yağdırırdı. Bir az keçmiş 4 nəfər əsgərlə vaqona
yaxınlaşan nəzarətçi meyiti aparmağı onlara əmr
etdi. Əsgərlər qocanın cəsədini yaxınlıqdakı at
arabasına uzadıb basdırmaq üçün naməlum
istiqamətə apardılar. Bəli, ixtiyar bir qocanın
meyitini kəfn-dəfn etməyə imkan belə verilmədi.
Yolboyu belə ölənlərin sayı çox idi. Ermənilər
əsrlər boyu bizə qənim kəsiliblər.
"Tarlada, pambıq çöpləri qalağı altında
gecələmişəm"
Ermənistandan köçürüləndən sonra Şəmkirdə
məskunlaşmışdıq. Atam məktəb direktoru işləyir,
mənsə məktəbdə oxuyurdum. VII sinifdən
başlayaraq yay tətillərində kolxoza köməyə
gedir, az da olsa əməkgünü qazanıb ailənin
dolanışığına kömək edirdim. VIII-IX siniflərdə
oxuyarkən yay aylarında tarlalara at arabasında
yerləşdirilmiş 500 litrlik çəndə su daşıyır,
qızmar günəş altında işləyən kolxozçulara
paylayırdım. Payız, qış aylarında isə dərsdən
sonra Nuru adlı bir dəmirçinin yanında işləyir,
peç düzəltməkdə, dəmir təbəqələrdən boru
hazırlamaqla ona kömək edir, azdan-çoxdan pul
qazanır, həm də ikiillik iş stajı toplayırdım.
Axı o vaxt qərar vardı ki, iki il istehsalatda
işləyib staj toplamayan gənclər ali məktəblərə
qəbul ola bilməzdilər.
O zamanlar kolxoza kömək edənlərə pambıq
yığımından sonra sahələr ayrılırdı. Həmin
sahələrdə qalan pambıq kolunun kökünü,
gövdəsini, çör-çöpünü payına düşən yığıb
toplayar, maşın olmadığı üçün at, öküz və ya
kəl arabalarıyla evlərinə aparar, qış boyu
peçdə və ya təndirdə yandırmaq üçün istifadə
edərdilər. IX sinifdə oxuyurdum. Payıma düşən
sahədən yığıb topladığım pambıq kollarından bir
taya vurmuşdum. Əllərimin içi qabarlamış, üzü
isə çat-çat olub suluqlamışdı. Ağırlığına görə
bu qədər oduncağı yalnız kəl arabası ilə aparmaq
olardı. Axşam düşüb qaş qaralsa da, arabadan bir
xəbər yox idi. Həmişə sözünə düz çıxan arabaçı o
gün məni aldatmışdı. Əynimdəki yalıxı köynək
soyuğun qarşısını ala bilmirdi. Soyuq canıma
işləyirdi. Zəhmətimin bəhrəsini tarlada qoyub
kəndə - evə qayıtmaq istəmirdim, oğurlanmasından
qorxurdum. Ocaq qalamağa da kibritim yox idi.
Əlacsız qalıb çör-çöpdən vurduğum tayanın içinə
girib orada gecələməli oldum. Sübh tezdən
tayanın altından çıxdım, atılıb-düşməyə,
ora-bura qaçmağa başladım. Soyuq canıma işləmiş,
əhədim kəsilmişdi. Uzaqdan arabanın tarlaya
yaxınlaşdığını görüb sevindim. Sən demə, axşam
arabanın oxu sınıbmış, arabaçı gecə yatmayıb,
oxu yenisi ilə əvəz edərək özünü mənə çatdırıb.
"Düşmən gülləsinə tuş gəlmişəm"
Orta məktəbi bitirdikdən sonra bir il kolxozda
işlədim. 1959-cu ilin noyabrında hərbi xidmətə
göndərildim. Minsk şəhərinin yaxınlığında
yerləşən Plesnisa qəsəbəsində Belarusiya Hərbi
Dairəsi mərkəzi polkunun məktəbində 8 ay kurs
oxuduqdan sonra II dərəcəli sürücülük peşəsinə
yiyələndim. Sonra məni Minskdən 90 kilometr
kənarda, 411-ci ixtisaslaşdırılmış hərbi polkun
yerləşdiyi Stelpsi şəhərinə apardılar. Bu polk
Belarusiya Hərbi Dairəsinin 026-cı Hərbi Hava
Qüvvələrinin nəzdində idi. Burada hərbi hava
qüvvələri üçün xüsusi aerodromlar tikirdilər.
Mən sürücülər rotasına yerləşdirildim. İdarə
etdiyim "MAZ-205" markalı iri yük maşını ilə
aeroportun tikintisində və raketlər üçün xüsusi
yanacağın daşınmasında fəallıq göstərir,
nümunəvi əsgər kimi xidmət edirdim.
1961-ci il sentyabrın ortaları idi. Axşamın
düşməsinə lap az qalırdı. Xüsusi tapşırığa
əsasən kapitan Şevlyakovla birlikdə Almaniya
sərhədinə yaxın ərazidə yerləşən hərbi bazaya
raketlər üçün xüsusi yanacaq aparırdım. Tərkibi
sirr kimi gizli saxlanılan bu yanacağı meşənin
dərinliklərində yerləşdirilmiş xəlvəti bazaya
vaxtında çatdırmalı idim. Hər iki tərəfi şam,
küknar ağacları ilə əhatə olunmuş yolun çox
hissəsini qət etmişdik ki, qəfil atılan güllə
səslərinə diksindik. Naməlum tərəfdən bizi
gülləyə tutdular. Həyəcanla qışqıran kapitan
Şevlyakov maşını saxlamağı mənə əmr etdi.
Komandirimin üzünə təəccüblə baxıb sürəti daha
da artırdım. Belə anda aradan çıxmaq lazım idi.
Komandir isə qışqırır, maşını saxlamağımı, əks
halda məni tribunala verəcəyini deyirdi.
Əsəbiləşdim, - deyirsən saxlayım gülləni
çaxsınlar təpənə? Durduğun yerdə cəhənnəmə vasil
eləsinlər səni? Bunu istəyirsən? Səni bilmirəm,
mən yaşamaq istəyirəm, - deyə üstünə qışqırdım
və qazı axıra qədər basıb oradan uzaqlaşmağa
çalışdım. Oradan xeyli uzaqlaşmışdıq ki, maşının
təntidiyini hiss elədim. Gücü artırmaq üçün
əlimi sürət qutusuna aparmaq istəsəm də,
bacarmadım. Sən demə, sağ qoluma güllə dəyibmiş.
Qolum süstləşir, əlimin üstündən qan süzülürdü.
Maşını sola döndərməli idim, tək əllə sükanı
yığışdıra bilmədim. Maşın yoldan çıxıb zərblə
gövdəli bir ağaca dəyib dayandı. Hadisədən xəbər
tutan xüsusi təyinatlı əsgərlər məni "QAZ-69"
markalı maşınla hospitala, yanacaqla dolu yük
maşınını isə qoşqu ilə lazımi bazaya apardılar.
Güllə qol sümüyümü zədələyibmiş. Bir müddət
burada müalicə olunduqdan sonra hissəyə
qayıtdım. Komandirim mənə dedi ki, bizi gülləyə
tutanlar alman kəşfiyyatçıları olub. Çənin
partlamasından qorxduqları üçün gülləni yalnız
bizə tuşlayıblar. Biz isə vaxtında aradan
çıxmışıq. Məqsədləri raketlər üçün hazırlanan
yanacağın bircə litrini ələ keçirib ölkələrinə
aparmaq və tərkibini öyrənmək olub. Bu şücaətimə
görə mənə komandanlıq adından serjant rütbəsi,
"Əlaçı sovet əsgəri" döş nişanı verdilər.
Partiya sıralarına namizədliyə qəbul edib məni
bölmə komandiri təyin etdilər. Həmçinin ana
vətənə gəlmək üçün 10 gün məzuniyyət verdilər.
Bütün bunlar o zaman əsgər üçün böyük təltiflər
və mükafatlar idi.
"Hiyləgər erməni xislətinə həmişə nifrət
eləmişəm"
Hərbi xidmətimi başa vurub geri qayıtdım.
1962-ci ilin aprelindən Şamxorda (indiki Şəmkir)
Lenin adına kolxozda mənə verilmiş "ZİS-150"
markalı yük maşınında sürücü işlədim. Kolxozun
sədri Osepyan rayon mərkəzində yaşamasına
baxmayaraq, hər gün Leninkəndə, kolxoza
gəlib-getməli idi. Onunsa başı eyş-işrətə
qarışmışdı. İstədiyi vaxt kəndə gəlir, idarəyə
baş çəkib gedirdi. Qatı millətçi və hiyləgər bir
erməni idi.
Bir gün mənə xəbər elədilər ki, Osepyanın
tapşırığı ilə bağdan yığılmış 25 qutu almani
Şamxora, Osepyanın evinə aparmalı, Bakıdan qonaq
gəlmiş yoldaşlara təhvil verməliyəm. Maşını bağa
sürdüm, yığılan meyvələrin çox seçmə, ilkin
nübar olduğunu gördüm. Elə bil hər budaqdan
seçilib bir alma dərilmişdi. Dosta layiq pay
idi. Qutuları yükləyəndən sonra maşını Şamxora,
rayon mərkəzinə sürdüm. Osepyanın evinə çatanda
həyətdə dayanmış Ermənistan seriyalı minik
maşınlarını görüb hər şeyi başa düşdüm. Deməli,
bu meyvələr Bakıya deyil, Yerevana, ermənilərə
pay göndərilirdi. Ay siz öləsiz, alma yerinə
zəhrimarımı yeyərsiz deyib, maşını hirslə geri
döndərdim. Və kəndə nə vaxt çatdığımı bilmədim.
Maşını birbaş həmişə Gəncə bazarında alver edən
Şabangilin qapısına sürdüm. Meyvələri ona verib
çox ucuz qiymətə satmasını tapşırdım. Məqsədim
almanı özümüzkülərə yedirtmək idi. Məsələdən
hali olan Şaban ertəsi gün 25 qutu almanı Gəncə
bazarında su qiymətinə bir saata xırıd eləmişdi.
Səhəri gün Osepyan məni yanına çağırdı, almanı
hara apardığımı soruşdu.
Hara aparacam, Şamxora, sizin evinizə, dedim.
Bizim evə alma gətirilməyib dedi. Necə yəni
gətirilməyib? Həyətinizdə 4-5 minik maşını
saxlanılmışdı. Darvazanızın qabağında bir cavan
oğlan dayanmışdı. Alma qutularını qapının
ağzında boşaldıb sizin üçün gətirdiyimi həmin
oğlana dedim və həyətə daşımasını ondan xahiş
etdim. O, başını tərpədib razılaşdığını
bildirdi. Mən də maşına oturub üzüm bağlarına
dərman çatdırmaq üçün kəndə tələsdim, - deyə
cavab verdim.
Osepyan sonralar da bu məsələyə bir neçə dəfə
qayıtsa da, mənə heç nə sübut edə bilmədi. Özü
də müəmmalı qalmışdı. Uşaqlıqdan onların iç
üzünü görə-görə gəlmişəm və həmişə də hiyləgər
erməni xislətinə nifrət etmişəm.
"SSRİ Tibb İşçiləri Həmkarlar İttifaqı Rəyasət
Heyətinin sədri Novikovu tənqid etmişəm"
1963-cü ildə Azərbaycan Tibb İnstitutuna daxil
olmuşam. Hələ II kursda oxuyarkən yataqxana
tələbə sovetinin, sonralar isə institutun tələbə
həmkarlar təşkilatının sədri seçilmişəm. "Əla"
qiymətlərlə oxuyur, institutun bütün ictimai
işlərində fəal iştirak edirdim. V kursda
oxuyurdum. 1968-ci ilin yanvar ayında SSRİ Tibb
İşçiləri Həmkarlar İttifaqının qurultayına
nümayəndə seçilmişdim. Moskvada, Qurultaylar
Sarayında keçirilən iclaslarda iştirak edir, bir
sıra tanınmış ictimai-siyasi xadimlərlə tanış
olurduq. Qurultaydan sonra Azərbaycandan və
başqa respublikalardan gələn nümayəndələrin bir
qrupu üçün xüsusi ziyafət təşkil edilmişdi.
Burada çıxış edən SSRİ TİHİRH-nin sədri Novikov
Azərbaycan xalqını təhqir etdi. Azərbaycanda
qabaqlar ümumiyyətlə mədəniyyətin olmadığını,
böyük rus xalqının köməkliyi ilə bu ölkədə
mədəniyyətin, elmin, texnikanın, təhsilin
inkişaf etdiyini dedi. Onun bu çıxışı məni
təbdən çıxardı, ayağa qalxıb düz gözlərinin
içinə baxdım və "Hələ XII əsrdən üzü bəri
Azərbaycanda Nizaminin, Füzulinin və başqa şair
və mütəfəkkirlərin yazıb-yaradaraq dünya şöhrəti
tapdıqlarını söylədim. Rusiyada isə o zamanlar
şeirdən, ədəbiyyatdan, ümumiyyətlə mədəniyyətdən
söz açmağa belə dəyməz", - dedim. Zalda
oturanların matı qurumuş, səslərini içinə çəkib
təəccüblə mənə baxırdılar. Ürəyimi boşaldıb,
yerimə əyləşdim. Novikov bir kəlmə də danışmadan
məclisi tərk etdi. Bakıya qayıtdıq, tənbeh
olunacağımı gözləyirdim. Artıq rektorumuz Xamis
müəllimə xəbər vermişdilər. Xamis müəllim
demokratik və vətənpərvər bir insan olduğu üçün
məni nəinki cəzalandırdı, əksinə, "düz eləmisən,
belələrinin cavabı yerində verilməlidir", -
dedi. Təhsilimi "əla" qiymətlərlə başa vurduğum
üçün məni institutda laborant saxladılar.
"Mənasız yaşamadığım üçün qürur duyuram"
Ali təhsilimi başa vurduqdan sonra taleyimi bu
təhsil ocağına bağlamışam. Laborant, müəllim,
baş müəllim, kafedra müdiri, prorektor
vəzifələrinə qədər yüksəlmişəm. Hansı vəzifədə
işləməyimdən asılı olmayaraq həmişə vətənimə və
dövlətimizə sadiq olmuşam. Ümummilli lider
Heydər Əliyevin ikinci dəfə hakimiyyətə
qayıdışından sonra o zaman Azərbaycanda hökm
sürən ağır vəziyyət yaxşılığa doğru dəyişdi.
Atəşkəs əldə edildi, ölkədə sabitlik yaradıldı.
Bu gün onun bizə miras qoyduğu müstəqil
Azərbaycan Respublikasında gedən dinamik
inkişafı hamımız görür və həyatımızda hiss
edirik. Bütün bunlara görə ulu öndərə minnətdar
olmalıyıq. Tövsiyələrindən həmişə bəhrələnməli,
onu dahi bir müəllim kimi özümüzə meyar seçməli,
vətənpərvərlikdə, həyata münasibətdə ona
oxşamağa çalışmalıyıq. Elə buna görə də həmişə
məqsədim müstəqil respublikamıza layiq, yüksək
intellektli, savadlı mütəxəssislər yetişdirmək
olub. Hazırda beynəlxalq aləmdə və respublikanın
bir sıra elm və müalicə müəssisələrində
ləyaqətlə çalışan yetirmələrimlə fəxr edir,
mənasız yaşamadığım üçün qürur duyuram.
Nizami MİRZƏ |