Bu
günlərdə Rəşid Behbudov adına Dövlət Mahnı
Teatrında "Xalq qəzeti"nin fotomüxbiri,
YUNİSEF və "Qızıl Qələm" mükafatları laureatı
Rafiq Salmanovun yeni çapdan çıxmış "Mənim
könlüm deyir ki..." kitabının təqdimatı və 60
illik yubileyi keçirildi.
Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və
təşkilatçılığı ilə keçirilən mərasimdə
respublikanın bir çox incəsənət və mədəniyyət
xadimləri, millət vəkilləri, digər qonaqlar
iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan Mədəniyyət və
Turizm Nazirliyinin şöbə müdiri Lətifə Məmmədova
Azərbaycan ifaçılıq sənətində özünəməxsus yer
tutan sənətkarlarımız haqqında silsilə məqalələr
hazırlayan və onların sənət aləminə əsrarəngiz
rəng qatan R.Salmanova nazirliyin Fəxri
fərmanını təqdim edərək, yubilyara gələcək
yaradıcılığında uğurlar və cansağlığı arzuladı.
Sonra "Xalq qəzeti"nin baş redaktoru Həsən
Həsənov çıxış edərək, R.Salmanovun milli
mətbuata verdiyi töhfələrdən söz açdı. O, Rafiq
müəllimin böyük zəhmət hesabına ərsəyə gətirdiyi
kitabdan danışaraq, onun yüksək yaradıcılıq
qabiliyyəti olduğunu və bundan səmərəli şəkildə
istifadə etdiyini qeyd etdi. H.Həsənov kitabın
ərsəyə gəlməsində əməyi olan hər bir şəxsə,
xüsusən də Azərbaycan mədəniyyətinin dostu,
kitabın nəşrinə maliyyə dəstəyi vermiş Bakı
Metropoliteninin rəisi Tağı Əhmədova
minnətdarlığını bildirdi.
Mərasimdə
ustad xanəndələrimiz Əlibaba Məmmədov, professor
Arif Babayev, Canəli Əkbərov R.Salmanovu 60
illik yubileyi münasibətilə təbrik etdilər.
Azərbaycan musiqisinin korifeylərini bu kitabda
cəmlədiyinə görə ona təşəkkür etdilər.
Tədbirdə çıxış edən Milli Məclisin deputatları
Miri Qənbərov və Vahid Əhmədov Rafiq Salmanovun
ərsəyə gətirdiyi "Mənim könlüm deyir ki..."
kitabının işıq üzü görməsində "Xalq qəzeti"nin
və onun baş redaktoru Həsən Həsənovun böyük
əməyini yüksək dəyərləndirdilər. Onlar belə
nəşrlərin gələcək nəsillər ücün böyük töhfə
olduğunu və milli mədəni irsimizin qorunub
saxlanılmasına xidmət etdiyini vurğuladılar.
Ön sözün müəllifi, Milli Konservatoriyanın
rektoru, xalq artisti Siyavuş Kərimi
R.Salmanovun bu kitabının musiqi ifaçılarımızın
dünəni, bugünü və sabahı barədə əhatəli sənədli
əsər təsiri bağışladığını və bu əsərin daim
qəlblərdə xüsusi yür tutacağını bildirdi.
Xalq şairi Zəlimxan Yaqub yubilyarı təbrik
edərək onun haqqında xoş fikirlər səsləndirdi. O
bildirdi ki, R.Salmanov yaxşı jurnalist olmaqla
bərabər, həm də etibarlı dost, sədaqətli ailə
başçısı və qayğıkeş atadır. Bütün bu yüksək
keyfiyyətlərilə bərabər, onun həm də yüksək
musiqi duymaq və bu musiqiləri dəyərləndirmək
bacarığı var. Məhz bu keyfiyyətlər belə bir
gözəl məzmunlu kitabın yaranmasına, onun
oxunaqlı olmasına stimul verir.
Xalq artistləri Ramiz Quliyev, Flora Kərimova,
Nazpəri Dostəliyeva, Brilliant Dadaşova,
Mələkxanım Əyyubova, əməkdar artistlər Gülüstan
Əliyeva, Mətanət İsgəndərli və digər incəsənət
ustaları öz gözəl ifaları ilə mərasim
iştirakçılarına xoş ovqat bəxş etdilər.
Niyazı RƏHİMOV |