İnsan rəhmətə gedəndə deyirlər: "Dünyasını
dəyişdi, haqq dünyaya getdi".
Bu belədir. Düzdür. Haqdır.
Lakin
Düşünürəm, bu dünyada ləyaqətlə, uzun və mənalı
ömür sürən, böyük bir ailəyə rəhbərlik edən, öz
ağıllı məsləhətləri, müdrik nəsihətləri,
təmkini, maddi və mənəvi köməyi ilə çoxlarına
dayaq olan bir insanın bu dünyadakı həyatı haqq
deyilmi?!
Məgər bir nəvənin, nənəsinin cənazəsi önündə
dərin hüznlə baş əyib məhəbbət və hörmət rəmzi
olan duruşu haqq deyilmi?!
Qürur hissi ilə seyr edirəm, hər insana qismət
olmayan bu görüntünü.
Həmidə xanım - əsl Azərbaycan xanımı.
Min məna vardı bir baxışında.
Böyük bir həyat məktəbi idi Həmidə xanım.
Dünyasını dəyişdi, lakin bu dünyada dərin iz
qoyub getdi.
Bir mütəxəssis, bir rəhbər kimi neçə-neçə
gənclərə həyata vəsiqə verdi. Professor Çingiz
Cərullazadə və professor Nigar Cərulla qızı kimi
cəmiyyətdə sayılıb-seçilən övladlar bəxş etdi.
Ləyaqətli, əsl-nəcabətli, həm daxili, həm zahiri
gözəl olan gəlini Hicran xanım və kürəkəni
Müsəvvər bəy kimi kamil bir mütəxəssis, artıq
hər biri bir şəxsiyyət kimi formalaşmış nəvələr,
şirin nəticələr. Bütün bunlardır Həmidə xanımın
bu dünyada qoyub getdiyi iz.
Mənim də boynumda onun haqqı var idi.
Deyə bilmərəm, o dünyada neçə və hansı
mərhələlərdən keçir insanın ruhu. Bu mənim üçün
bir sirdir. Əli Əleyhissəlamın kəlamı ilə desək:
"Ən böyük sirr - ölümdür".
Bir şeyə əminəm ki, Həmidə xanım kimi bir
şəxsiyyət üçün bu dünya da, o dünya da haqq
dünyasıdır.
Sona İBRAHİMOVA,
Bülbül adına Orta
İxtisas Musiqi Məktəbinin direktor müavini |