Təxminən üç həftə öncə ölkəmizin paytaxtında
Ətraf Mühitin Mühafizəsi IV Beynəlxalq Layihə
Olimpiadası (İNEPO-EUROASİA) keçirildi.
Olimpiadada dünyanın 33 ölkəsindən 300-ə yaxın
şagird iştirak edirdi. 4 gün davam edən
olimpiadanın proqramına qaliblərin
müəyyənləşdirilib mükafatlandırılması ilə yanaşı
müxtəlif görüşlərin, mədəni-kütləvi tədbirlərin,
gəzintilərin təşkili də daxil edilmişdi. Proqram
çərçivəsində belə görüşlərdən biri aprelin 7-də
Təhsil Nazirliyində oldu. Təhsil naziri cənab
Misir Mərdanovun olimpiadanın bir qrup
iştirakçısı ilə keçirilən həmin görüşündə
Türkiyə, Gürcüstan, Polşa, Tailand, Malayziya və
b. ölkələrdən olan müəllim və şagirdlər iştirak
edirdilər. Fürsətdən istifadə edib görüşdən
sonra olimpiada iştirakçısı olan şagirdlərin bir
neçəsindən qəzetimiz üçün qısa müsahibələr
aldıq.
Özümüzə
müsahib seçərkən Azərbaycandan uzaqda yerləşən
və təhsil sistemi haqqında nisbətən az
məlumatımız olan ölkələrin təmsilçilərinə
üstünlük verdik. Beləliklə, müsahiblərimiz
Malayziya məktəblisi Muhamad Akmal Asmadi,
tailandlı Navapan Tanloh və polşalı şagird
Alisya Ruszczakdır. Hər üç şagirdə eyni sualları
ünvanladıq: hansı məktəblərdə, neçənci sinifdə
oxuyurlar, öz ölkələrində analoji olimpiadada
iştirak ediblərmi, hazırkı olimpiadaya hansı
layihələrlə gəliblər, təmsil etdikləri ölkələrdə
repetitorluq varmı, müəllimlərə hədiyyə
verilirmi, gələcəkdə hansı ixtisas üzrə ali
təhsil almaq fikrindədirlər, ölkəmiz haqqında
təəssüratları necədir və s.
Malayziyada müəllimlərə ancaq müəllim günündə
hədiyyə verirlər
Malayziyadan olan məktəbli Muhamad Akmal Asmadi
suallarımıza cavab olaraq söylədi ki, Qafar Baba
adına Mara kiçikyaşlılar üçün Elmlər Kollecində
("Mara Yunior sciense Collegetun Chafar Baba") V
sinifdə oxuyur. 17 yaşı var. Kolleci bu il
bitirəcək. Malayziyada müxtəlif olimpiadalar,
bilik yarışları keçirilsə də hazırda iştirakçısı
olduğu olimpiada tipli yarışlar təşkil edilmir.
Təbiət elmlərinə böyük həvəs göstərir, buna görə
də ətraf mühitin mühafizəsi problemləri onu
yaxından maraqlandırır. Bu mövzuda olimpiadada
ilk dəfə iştirak edir. Ölkəmizdə keçirilən Ətraf
Mühitin Mühafizəsi IV Beynəlxalq Layihə
Olimpiadası haqqında məlumatı İnternet vasitəsi
ilə əldə edib və onda iştirak etmək qərarına
gəlib. "Elektrik enerjisi - "Piozo"nun yeni
mənbəyi kimi - Düyü qabığı" mövzusunda layihə
hazırlayaraq olimpiadanın təşkilat komitəsinə
göndərib.
Muhamad Akmal Asmadi bildirdi ki, onların
ölkəsində, o cümlədən oxuduğu məktəbdə də
müəllimlərə hədiyyələr verilir. Ancaq bu ildə
bir dəfə - yalnız müəllim günündə olur.
Malayziyalı məktəblinin dediklərindən aydın oldu
ki, onların ölkəsində ayrı-ayrı fənləri dərindən
öyrənmək üçün fərdi şəkildə müəllimlə məşğul
olmaq təcrübəsi, yəni repetitorluq yoxdur. Bu
məqsəd üçün birillik xüsusi kurslar mövcuddur.
Belə kursları təhsil müəssisələri təşkil edir.
Orta məktəbi bitirdikdən sonra və
universitetlərə girməzdən əvvəl kim istəsə həmin
kurslarda bir il əlavə hazırlıq keçə bilər. Hər
kəs seçimi özü edir. O, özü həkim-nevroloq
olmağı qarşısına məqsəd qoysa da belə kurslara
gedib-getməyəcəyini hələ bilmir.
Ölkəmizə ilk dəfə gəldiyini deyən malayziyalı
məktəbli paytaxtımızdan çox xoşu gəldiyini,
şəhərimizin artıq bir sıra görməli yerlərində
olduğunu söylədi. Bildirdi ki, insanlarımız ona
xüsusilə xoş təsir bağışlayır. Onlar çox
diqqətli və mehribandırlar. Küçələrdə rast
gəldiyi adamlardan onunla birlikdə şəkil
çəkdirmək istəyənlər çox olub.
Tailandda repetitorluq yoxdur
İkinci müsahibimiz Tailand məktəblisi Navapan
Tanlohun 15 yaşı var. O, Kentalalak məktəbində
("Kentalalak school") X sinifdə oxuyur. Məktəbi
gələn il bitirəcək. Arzusu alim olmaqdır. Bunun
üçün dəqiq fənləri və təbiət elmlərini daha
yaxşı öyrənməyə çalışır. O da bildirdi ki,
indiyədək heç bir olimpiadada iştirak etməyib.
Layihə olimpiadası qatıldığı ilk böyük
beynəlxalq bilik yarışmasıdır. Ölkəmizdə belə
bir olimpiadanın keçiriləcəyindən xəbər tutan
kimi ona ciddi hazırlaşıb və bu hazırlığın
nəticəsi olaraq "Penoplast ərzaq qutusundan
hazırlanmış tavan layihəsi" adlı layihəsi ilə
olimpiadada iştirak edir. Əmindir ki,
tullantılardan səmərəli istifadə olunması
iqtisadi mənfəət gətirdiyi kimi təbiətin
mühafizəsinə, ətraf mühitin çirklənməsinin
qarşısının alınmasına da böyük töhfə verə bilər.
Tərcüməçimiz ingilis dilində danışan Tailand
məktəblisinə "onların məktəblərində müəllimə
hədiyyə verilirmi" sualımızı nə qədər başa
salmağa çalışsa da Navapan Tanloh bunu başa düşə
bilmədi. Dedi ki, bu haqda anlayışı yoxdur.
Ümumiyyətlə oxuduğu müddətdə belə bir hadisə ilə
qarşılaşmayıb, nə özü hansısa müəllimə hədiyyə
verib, nə də kiminsə verdiyini görüb. O habelə
ölkələrində repetitorluğun da olmadığını
söylədi. Bildirdi ki, orta məktəblərdə alınmış
bilik ali məktəblərə qəbul üçün kifayət edir.
Navapan Tanloh da paytaxtımıza valeh olduğunu
söylədi. Bildirdi ki, burada hündürmərtəbəli
binalar çoxdur. Bizdə isə belə binalar azdır,
indi-indi tikilir.
Polşa məktəbliləri yalnız xüsusi qabiliyyət
tələb edən universitetlərə əlavə hazırlaşırlar
Polşadan olan müsahibimiz Alisya Ruszczak da
suallarımızı həvəslə cavablandırdı. Söylədi ki,
16 yaşı var. Meridian beynəlmiləl məktəbində
("Meridian İnternational School") 9-cu sinifdə
təhsil alır. Ötən il öz ölkələrində coğrafiya və
biologiyadan keçirilən olimpiadada iştirak edib.
Məktəbli qızın dediyindən məlum oldu ki, bu
olimpiadalar onlarda sınaq imtahanları kimi
təşkil olunur. Hər iki fənnə böyük həvəs
göstərir. Beynəlxalq layihə olimpiadasında həmin
fənlər üzrə bilik və bacarıqlar daha çox lazım
gəldiyindən onda iki layihə ilə iştirak etmək
qərarına gəlib. Seçdiyi layihələrin mövzuları
coğrafiyadandır: "Biz mikroiqlimi necə dəyişə
bilərik?", "Şəhərləri necə salmaq olar?".
Əmindir ki, hər iki layihəsinin mövzusu çox
aktualdır. Çünki hazırda dünya iqlim
dəyişikliyindən çox əziyyət çəkir. Şəhərlərin
salınmasında isə çox vaxt ekologiya nəzərə
alınmır. Buna görə də o, layihələrinin heç
olmazsa birinin bəyəniləcəyinə və
mükafatlandırılacağına ümid edir.
Polşa məktəblisi bildirdi ki, onun ölkəsində də
müəllimlərə hədiyyə vermək qaydası mövcuddur.
Hədiyyə kimi müəllimlərə adətən gül təqdim
olunur. Bəzən isə bu hədiyyələr suvenir, kitab
şəklində olur. Müəllimlərə hədiyyə ildə iki dəfə
- Beynəlxalq Müəllim Günündə və Yeni il
bayramında verilir.
Gələcəkdə hansı ixtisas üzrə ali məktəbə
gedəcəyini hələ müəyyənləşdirmədiyini deyən
Alisya onlarda da məktəb təhsilindən əlavə
hazırlığın olduğunu, lakin onun repetitorluq
şəklində deyil, xüsusi kurslar vasitəsilə
həyata keçirildiyini söylədi. Qeyd etdi ki,
ölkəsinin məktəblilərinə daha çox xüsusi
qabiliyyət tələb edən universitetlərə
hazırlaşmaq lazım gəlir və onlar bu hazırlığı
xüsusi kurslarda alırlar. Digər ali məktəblərə
qəbul üçünsə məktəblərdə aldıqları biliklər
kifayət edir.
O da ölkəmiz, paytaxtımız barədə öz
təəssüratlarını "Azərbaycan çox gözəldir"
sözləri ilə ifadə etdi. Bildirdi ki, insanlar
çox qonaqpərvərdir. Şəhərimizlə hələ yaxşı tanış
olmadığını deyən Varşava məktəblisi buna
baxmayaraq doğma şəhərləri ilə Bakı arasında
bəzi müqayisələr də apardı. Bildirdi ki,
Polşada, o cümlədən Varşavada çoxmərtəbəli evlər
daha çoxdur.
Hər üç müsahibimiz ölkəmizdə olmaqdan,
beynəlxalq layihə olimpiadasında iştirak
etməkdən dərin məmnunluq hissi duyduğunu
bildirdi.
Yusif ƏLİYEV |