Aprelin 28-də Bakıdakı "Crescent Beach" otelində
məktəblilərin kimya üzrə 44-cü Beynəlxalq
Mendeleyev Olimpiadasının açılışı oldu.
Tədbir
iştirakçıları öncə Fəxri xiyabana gələrək,
xalqımızın ümummilli lideri Heydər Əliyevin
xatirəsini ehtiramla andılar. Görkəmli
oftalmoloq-alim, akademik Zərifə xanım
Əliyevanın da məzarı ziyarət olundu.
Açılış mərasimində Azərbaycan Respublikasının
təhsil naziri Misir Mərdanov, Olimpiadanın
Təşkilat Komitəsinin və Münsiflər Heyətinin
üzvləri, dünyanın 14 ölkəsindən beynəlxalq bilik
yarışına gəlmiş şagirdlər və onların rəhbərləri,
KİV nümayəndələri iştirak edirdilər.
Tədbiri təhsil naziri Misir Mərdanov açaraq
iştirakçıları və qonaqları məktəblilərin
Beynəlxalq Mendeleyev Olimpiadasının açılış
mərasimində salamlamaqdan sevinc hissi və
məmnunluq duyduğunu bildirdi. Nazir qeyd etdi
ki, bu mötəbər elm və intellekt yarışının ikinci
dəfə müstəqil Azərbaycanın paytaxtı Bakı
şəhərində keçirilməsi azərbaycanlıları hədsiz
qürurlandırır. Olimpiadanın ünvanı üçün yenidən
Bakı şəhərinin seçilməsini təsadüfi hesab
etmədiyini, bu əlamətdar hadisənin, hər şeydən
əvvəl, Azərbaycanın təhsil və elm potensialına,
ölkəmizin bu mühüm sahədə qazandığı
nailiyyətlərə inam və əminliyin real təzahürü
kimi qiymətləndirdiyini söylədi.
Açılış mərasiminə toplaşdıqları hazırkı
olimpiadanın say etibarı ilə 44-cü olmasını bu
mötəbər bilik yarışmasının uzunömürlülüyünü
təsdiq edən ən parlaq fakt kimi dəyərləndirən
nazir olimpiadanın davamlı keçirilməsini tarixi
bir hadisə adlandırdı. Bildirdi ki, belə bir
davamlılığa Mendeleyev olimpiadası təhsilin
inkişafına, elmi nailiyyətlərin təbliğinə,
istedadlı gənclərin üzə çıxarılmasına və ən
nəhayət, müxtəlif xalqların nümayəndələri
arasında dostluq və əməkdaşlıq əlaqələrinin
yaradılması kimi nəcib bir amala təmənnasız və
sədaqətlə xidmət etməsi sayəsində nail
olunmuşdur. Nazir Mendeleyev olimpiadasının
müasir dünyamızda müstəsna əhəmiyyət daşıyan
sülhməramlılıq, müxtəlif mədəniyyətlərə həssas
və tolerant münasibət kimi mənəvi missiyanı
ləyaqətlə yerinə yetirdiyini diqqətə çatdırdı.
Nazir Mendeleyev olimpiadasının beynəlxalq
nüfuzunun yüksəlməsi üçün son 20 il ərzində
gərgin əmək sərf etmiş görkəmli kimyaçı alim və
elm təşkilatçısı, Rusiya Elmlər Akademiyasının
həqiqi üzvü Valeri Vasilyeviç Luninin və onun
həmkarlarının xidmətini xüsusi qeyd etdi.
Azərbaycan məktəblilərinin bu olimpiadada
iştiraklarına hərtərəfli imkanlar yaradılması və
indiyədək olimpiada qaliblərindən 21 nəfərin
dünyanın ən nüfuzlu ali məktəblərindən biri olan
Moskva Dövlət Universitetinin kimya fakültəsinə
imtahan vermədən qəbul olunmasını və orada
təhsillərini uğurla davam etdirməsini təhsil
naziri məhz V.V.Luninin Azərbaycana və
azərbaycanlılara səmimi münasibətinin,
diqqətinin və qayğısının nəticəsi kimi
dəyərləndirib, bütün bunlara görə Valeri
Vasilyeviçə hamının adından minnətdarlığını
bildirdi, bu olimpiadanın şöhrəti və uğurunun
onun rəhbərliyi altında ilbəil artacağına əmin
olduğunu söylədi.
Təhsil naziri Beynəlxalq Mendeleyev
Olimpiadasına Azərbaycanda belə yüksək səviyyədə
marağın olmasında dövlətimizin və onun başçısı
cənab Prezident İlham Əliyevin qayğısını xüsusi
qeyd etdi. Misir Mərdanov, eyni zamanda bu işdə
Azərbaycanın böyük kimyaçı alimi, AMEA-nın
müxbir üzvü, professor Vaqif Abbasovun xüsusi
rolu olduğunu vurğuladı.
Hər hansı bir ölkədə tərəqqinin tempinin həmin
ölkədə elm və təhsilin inkişaf səviyyəsi ilə
ölçüldüyünü deyən nazir elm və təhsili inkişafın
mənbəyi, aparıcı qüvvəsi, istedadlı insanları
hər bir dövlətin ən etibarlı sərvəti, tükənməz
kapitalı kimi səciyyələndirdi. Elmli, təhsilli,
istedadlı insanlara bütün cəmiyyətlərdə həmişə
hörmət və ehtiram göstərildiyini bildirən nazir
bütün müqəddəs kitablarda da elmə, təhsilə
həmişə müstəsna qiymət verildiyini söylədi.
Olimpiada iştirakçısı gənclərin simasında
gələcəyin görkəmli alimlərini, tədqiqatçılarını,
müasir biliklərlə silahlanmış mütəxəssisləri
gördüyünü deyən nazir getdikcə qloballaşan
dünyada mütəxəssisə verilən ən başlıca tələbin
rəqabətə davamlılıq olduğunu, bu gün Avropada
vahid təhsil məkanının yaradılması ideyasının
gerçəkləşməsinin həmin tələbə daha artıq
aktuallıq gətirdiyini diqqətə çatdırdı.
Təhsil naziri çıxışında son illər təhsil və elm
sahəsinin inkişafı istiqamətində Azərbaycanda
görülmüş islahatyönümlü işlər haqqında da
məlumat verərək bildirdi ki, bu islahatların
əsasını maddi dəyərlərin, iqtisadi potensialın
yüksək intellektə malik olan insan potensialına
çevrilməsi ideyası təşkil edir.
Nazir mərasim iştirakçılarının diqqətinə
çatdırdı ki, son 12 il ərzində Azərbaycanda
1600-dən çox yeni məktəb binası tikilib, 500-
dən çox məktəb binası təmir olunmaqla müasir
avadanlıqlarla təchiz edilib. Nazir həmin
müddətdə dövlət səviyyəsində ümumtəhsil
məktəblərinin dərsliklər, dərs vəsaitləri, əlavə
vəsaitlərlə, İKT ilə təminatı, məktəbəqədər
təhsilin yeniləşdirilməsi, texniki peşə
təhsilinin təkmilləşdirilməsi, xüsusi istedada
malik uşaq və gənclərin yaradıcılıq
potensialının inkişafı, Azərbaycan gənclərinin
xaricdə təhsili və s. sahələrdə xüsusi
proqramların və layihələrin həyata
keçirildiyini də söyləyib, bütün bunların
iştirakçılarda ölkəmizdə təhsil sahəsində
aparılan işlər barədə aydın təsəvvür
yaradacağına əmin olduğunu söylədi.
Çıxışında olimpiadanın təşkili məsələsinə də
toxunan təhsil naziri bildirdi ki, nazirlik
iştirakçılar üçün yaxşı şərait yaratmağa
çalışıb. Olimpiada üçün elə məkan seçilib ki,
onun iştirakçıları bilik yarışmalarında iştirak
etməklə yanaşı, həm də dincələ bilsinlər,
şagirdlər və qonaqlar gərgin iş saatlarından
sonra mənalı istirahət etsinlər.
Nazir eyni zamanda olimpiadanın proqramında bir
sıra digər tədbirlərin, o cümlədən şəhərlə
tanışlıq məqsədi ilə tarixi yerlərə, görməli
məkanlara gəzintilərin, ekskursiyaların
təşkilinin, konsert proqramlarının nəzərdə
tutulduğunu diqqətə çatdırdı, müxtəlif ölkələri
təmsil edən şagirdlərin bütün bunlardan
faydalanacaqlarına, özlərinə yeni dostlar
tapacaqlarına əmin olduğunu vurğuladı.
Misir Mərdanov çıxışının sonunda zala
toplaşanları 44-cü Beynəlxalq Mendeleyev
Olimpiadasının açılışı münasibəti ilə təbrik
etdi, olimpiadanın işinə və iştirakçılarına
uğurlar arzuladı.
Açılış mərasimində çıxış edən təşkilat
komitəsinin həmsədri, M.V.Lomonosov adına Moskva
Dövlət Universitetinin kimya fakültəsinin
dekanı, fiziki kimya kafedrasının müdiri, kimya
elmləri doktoru, professor, Rusiya Elmlər
Akademiyasının həqiqi üzvü Valeri Vasilyeviç
Lunin olimpiadanın son 10 ildə ikinci dəfə
Bakıda keçirilməsindən məmnun olduğunu, bu
müddət ərzində paytaxtımızın çox dəyişdiyini,
inkişaf etdiyini diqqətə çatdırdı. Ölkəmizdə baş
vermiş bu inkişaf və tərəqqidə ümummilli lider
Heydər Əliyevin, onun siyasi kursunu uğurla
davam etdirən Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin böyük xidmətləri
olduğunu vurğuladı.
Mendeleyev olimpiadasının beynəlxalq bilik
yarışmaları arasında xüsusi yer tutduğunu deyən
V.V.Lunin onun yeganə olimpiadadır ki,
arasıkəsilmədən keçirildiyini, qaliblərinin
kimya təmayüllü ali məktəblərə maneəsiz qəbul
olunduqlarını söylədi. Olimpiadaya yaxşı
hazırlıq görüldüyünü, seçilmiş yerin əla
olduğunu deyən V.V.Lunin bu mötəbər bilik
yarışlarının təşkilinə göstərdiyi böyük köməyə
görə təhsil naziri cənab Misir Mərdanova,
münsiflər heyətinin sədri, Azərbaycan Milli
Elmlər Akademiyasının müxbir üzvü, professor
Vaqif Abbasova, Lomonosov adına MDU-nun
professoru Valentin Georgiyeviç Nenaydenkoya
minnətdarlığını bildirdi.
Qonaq diqqətə çatdırdı ki, Mendeleyev
olimpiadası kimya elmi və təhsilinin inkişafına
böyük kömək göstərir. V.V.Lunin kimya üzrə
ümumdünya olimpiadasının bu il Moskvada
keçiriləcəyini, BMT tərəfindən 2011-ci ilin
"Kimya ili" elan olunacağını, bu il habelə
radioaktivliyin kəşfinin 100 illiyinin qeyd
olunacağını və bir sıra digər məsələləri də
mərasim iştirakçılarının nəzərinə çatdırdı və
çıxışının sonunda olimpiadaya gəlmiş şagirdlərə
bu mötəbər bilik yarışlarında qalib olmağı
arzuladı.
44-cü Beynəlxalq Mendeleyev Olimpiadasının
münsiflər heyətinin sədri, Azərbaycan Milli
Elmlər Akademiyasının müxbir üzvü, professor
Vaqif Abbasov da mərasimdə qısa təbrik nitqi
söylədi. Olimpiadanın çox yaxşı vaxta təsadüf
etdiyini, havaların mülayim keçdiyini deyən V.
Abbasov iştirakçılara hər cür hava şəraitində
yaxşı əhvali-ruhiyyə və qələbə sevinci, bu
mötəbər yarışlardan böyük alim, Bakı neftinin
tərkibinin tədqiqatçısı olmuş D.İ.Mendeleyevin
şəkli əks olunmuş medallarla qayıtmağı arzuladı.
V.Abbasov çıxışında beynəlxalq Mendeleyev
olimpiadalarının təşkili və keçirilməsində
akademik Valeri Vasilyeviç Luninin xidmətlərini
yüksək qiymətləndirib ona, habelə builki
olimpiadanın təşkilatçısı olan Təhsil
Nazirliyinə, nazir Misir Mərdanova və digər
əməyi olanlara təşəkkür etdi.
Mərasimdə söz alan Moskva Dövlət Universitetinin
professoru Valentin Georgiyeviç Nenaydenko
maraqlı yarışları izləyə biləcəyindən məmnun
olduğunu deyib olimpiadanın yüksək şəkildə
keçəcəyinə inamını ifadə etdi. Beynəlxalq
olimpiadaya ən yaxşıların seçildiyini, təklif
olunan məsələlərdən onların razı qalacağına ümid
etdiyini söylədi. Qonaq olimpiada
iştirakçılarına uğurlar arzulayıb, bu hadisənin
onların yaddaşında xoş xatirə kimi qalacağına
inandığını bildirdi.
Yusif ƏLİYEV |