Biz istəsək də, istəməsək də qloballaşma bütün
sahələrə təsir etdiyi kimi məktəbə və xüsusən də
onun idarəolunmasına öz təsirini göstərir. Bu da
özünü, hər şeydən əvvəl, təhsilin məzmununda,
onun təşkilində və idarəedilməsində müsbət və ya
mənfi nəticələrə gətirib çıxarır. Çoxları hesab
edir ki, bu gün əsas vəzifə məktəbin onilliklər
ərzində əldə etdiyi nailiyyətləri qoruyub
saxlamaqdır. Biz hesab edirik ki, belə təhsil
işçiləri yanılırlar. Onlar unudurlar ki, hər bir
dövrün öz tələbi var. Keçmişi bilməmək
istər-istəməz bu günü bilməməyə gətirib çıxarır
və əksinə, bu gün yenilikləri görməsən, inkişaf
etmiş ölkələrdə gedən prosesləri dərk etməsən,
ümumiyyətlə, elmin, təhsilin inkişafından danışa
bilməzsən. Bu yanaşma - yeni bilik səviyyəsi,
elmin keyfiyyəti, yeni metodologiya olmadan
məktəbin, təhsilin məzmunu dəyişilməz qalarsa,
inkişafdan danışmaq qeyri-mümkün olar. Bu
baxımdan müasir şəraitdə "Təhsilin əsasları"
fənninin tətbiqinin zəruriliyi, onun predmeti,
məzmunu, məqsədi, vəzifələri, məktəbin təhsil
prosesinin idarə olunmasına təsiri inkaredilməz
bir həqiqətdir.
Fikrimizi açıqlayaq. On ildən artıqdır ki,
ölkəmizdə təhsil islahatları gedir. Əfsuslar
olsun ki, əksər təhsil işçiləri islahatların
adını eşidiblər, məzmununa isə bələd deyillər.
Ancaq unutmayaq ki, islahatın məzmununu bilmədən
onu həyata keçirmək mümkün deyil. "Azərbaycan
Respublikasında ali təhsilin bakalavr pilləsində
ibtidai sinif müəllimlərinin hazırlığı üzrə fənn
kurikulumu"nda təhsil məqsədlərini
müəyyənləşdirdikdə təhsil alanların mədəniyyət
və təhsil, sivilizasiya və təhsil, qloballaşma
və təhsil, cəmiyyət və dövlət arasında mürəkkəb
əlaqələr haqqında biliklərin mənimsənilməsinə
xüsusi diqqət yetirmişlər. Məzmun xətti isə
təhsil anlayışı, təhsil, cəmiyyət və dövlət
haqqında açıqlamalar, təhsilin məqsədi, təhsilin
məzmunu və xüsusən, açıq cəmiyyətdə təhsil,
təhsil və demokratiya problemləri kimi
müəyyənləşmişdir.
Bu məzmun xətlərinin mənimsənilməsi, gözlənilən
təlim nəticələrinin əldə edilməsi, hazırlanacaq
müəllimlərin (tələbələrin) uşaqlar haqqında,
onların yaşadıqları, fəaliyyətdə olduqları
mühitdə keçirdikləri hiss və həyəcanlar, onları
əhatə edən insanlarla münasibətlər, onların
özünəinamının formalaşdırılması və onların
müvəffəqiyyətsizliyinin aradan qaldırılması
yollarının mənimsənilməsi, onların obyektiv
qiymətləndirilməsi bu gün mühüm əhəmiyyət kəsb
etmiş məsələlərdir.
Göstərilənlər onunla izah edilə bilər ki,
praktik müəllim hazırlığı və hazırlıq dövründən
başlayaraq müəllimlərdə müəllimlik sənətinə xas
olan peşə funksiyalarının reallaşdırılması üçün
zəruri konpetensiyalar formalaşdırmaq, təlim
prosesində tədqiqatlar aparmaq bacarığına malik
olub, fənləri əlaqəli və inteqrativ şəkildə
tədris etmək bacarığı bu gün təhsil prosesinin
ən önəmli məsələləridir. Bu da müəllimlərdən
təhsil islahatlarının mahiyyətini,
normativ-hüquqi sənədləri bilməsini, təhsil
sahəsində baş verən dəyişikliklərə
uyğunlaşmasını, liderlik qabiliyyətinə malik
olmasını, təhsilin, məktəbin idarəedilməsində
fəal iştirakını təmin etmək məqsədilə
təcrübələnməyin əhəmiyyətini ön plana çəkir.
Ancaq məktəbin idarəolunmasında və inkişaf
proseslərində müəllimlərin iştirakı təsadüfi
hallarda ictimaiyyəti təmin edə bilər.
Bir çox məktəblərimiz (xüsusən mərkəzdən uzaq
olanlar) təhsilin bu günü ilə yaşayır. Əlbəttə,
bu, hər şeydən əvvəl, həmin məktəblərin
rəhbərlərinin əksəriyyətinin diqqətinin gündəlik
məsələlərə yönəldilməsi ilə əlaqədardır. Ancaq
digər səbəblər də mövcuddur. Bu səbəblərdən biri
də hələlik məktəb rəhbərləri üçün təşkil edilən
qısamüddətli (3 aylıq) ixtisasartırma kursları
nəzərə alınmazsa, məktəb meneceri (sadəcə
olaraq, məktəb rəhbəri) peşəsinə yiyələnmiş
kadrlarımızın yox səviyyəsində olmasıdır.
Yaxşı məktəb direktoru yaxşı idarəçi olmalıdır.
O yaxşı idarəçidirsə, rəhbərliyin məqsədlərini,
idarəetmə prosesini bilməli, təhsildə gedən
yeniləşmələr fenomenindən xəbərdar olmalı,
qabaqcıl təcrübəni öyrənməli və tətbiqini təşkil
etməlidir. Bu baxımdan hazırda respublikamızda
təhsil sistemində Avropa standartlarına uyğun
olaraq Boloniya prosesinə qoşulmaqla əlaqədar
böyük və sistemli işlər gedir. Boloniya
deklarasiyasının tələblərindən biri də İKT -ni
tədris prosesinə tətbiq etmək, məktəbin
idarəolunmasında ondan istifadə etməkdir. Bu da
təlim prosesinin effektliliyini artıran mühüm
vasitələrdən biridir. Bu proses Azərbaycanda
artıq həyata keçirilməyə başlanmışdır. "Təhsilin
əsasları" fənninin tədrisi prosesində
informasiya-kommunikasiya texnologiyalarından
istifadəyə geniş yer verilir. Nəzərə alınır ki,
mövcud informasiya texnologiyaları müstəqil
öyrənmə imkanlarını genişləndirir və keyfiyyətin
yüksəldilməsinə köklü təsir göstərir. Bunun
hətta müstəqil fənn kimi ibtidai siniflərdə
tədris edilən fənlərin kurikulumuna daxil
edilməsində məqsəd də məhz gələcək müəllimlərdə
təlim və tədris prosesində müasir
informasiya-kommunikasiya texnologiyalarından
istifadə edilməsinə şərait yaratmaqdır. Qeyd
etmək yerinə düşər ki, bu proses artıq məktəbin
idarəolunmasına da tətbiq edilməkdə, "elektron
məktəb" adı altında həyata keçirilməkdədir. Bu
gün ölkə Prezidentinin bu sahədə qərarına əsasən
20 məktəbdə müəyyən işlər aparılır.
Fikrimizcə, bu prosesin daha da genişlənməsinə
"Təhsilin əsasları" fənninin tədrisi əhəmiyyətli
təsir göstərəcəkdir. Fənnin tədrisində bu
texnologiyaların tətbiqi İnternetdən istifadə
etməyə geniş imkanlar açır. Bu şəraitdə
formalaşmış müəllim təhsil mühitini İKT-siz
təsəvvür edə bilmir. Deməli, məktəblərdə də
müvafiq şərait yaradılmalı, informatikanı tədris
edən müəllimlər bunu nəzərə almalı, bu prosesə
rəhbərlik edən məktəb direktorları İKT-dən
istifadə bacarıqlarına yiyələnməlidir. Belə
olarsa, məktəblərimizdə formalaşacaq
avtomatlaşdırmadan təhsilin, bütövlükdə məktəbin
idarəolunmasında istifadə ediləcək. Bununla da
yeni idarəetmə sisteminin tətbiqinə şərait
yaranacaq. Bu da məktəb sənədlərinin
hazırlanmasına, istifadə olunmasına və
təlim-tərbiyə prosesinin keyfiyyətcə
yüksəlməsinə təsir göstərəcək.
Şagirdlərin nailiyyətlərinin
müəyyənləşdirilməsi məqsədi ilə aparılmış
qiymətləndirmənin nəticələrinin təhlili,
imtahanlara nəzarət və monitorinqlərin
keçirilməsi, siniflərin komplektləşdirilməsi,
valideynlər haqqında məlumatların toplanması,
istifadə olunması və təhlilinə şərait yaranacaq.
Belə olduqda məktəbin idarəolunmasında, məsələn,
şagirdlər, siniflər, müəllimlərin
tarifikasiyası, əmək haqları, imtahanların
nəticələri və s. haqqında operativ olaraq
məlumatlar almaq, təhlil etmək, ölçü götürmək
imkanları yaranacaq. Bütün bunlar məktəb
rəhbərlərinə hadisələrin inkişafını lazımi
istiqamətə yönəltməyə, öz şəxsi qabiliyyətinə və
imkanlarına istinad edərək rəhbərlik etdiyi
kollektivi problemlərin həllinə
istiqamətləndirməyə, operativ qərarların qəbul
edilməsinə şərait yaradır. Atılmış addımlar
məktəb rəhbərlərinin innovativ yollarla
idarəetmə bacarıqlarına yiyələnməsinə şərait
yaradacaq. Bu da ayrı-ayrı mütəxəssislərin
istəyindən asılı olmayaraq məktəbin, təhsilin
"bu gününü dünənə çevirir", "sabahı isə
bügünləşir". Məktəb bu günün və gələcəyin
tələblərinə uyğunlaşıb dəyişdikcə cəmiyyətin
tələblərinə cavab verəcək.
Bu açıqlamalar aydın göstərir ki, qloballaşma
şəraitində təhsildə, mədəniyyətdə, elmdə də
mürəkkəblik artmışdır. Bu mürəkkəblik bütün
ölkələrə aid olan bir prosesə çevrilmişdir. Ona
görə də bizdən asılı olmayaraq, bütün
istiqamətlərdə olduğu kimi, təhsil sistemi də bu
prosesə qoşulmalı, yenilikləri öyrənib tətbiq
etməli və yeniləşməlidir.
Bu problemlərin həlli yollarından biri təhsil
işçilərinin bu proseslərə yiyələnməsidir. Bu
proseslərə yiyələnmiş müəllim nəinki
planlaşdırmanı, onun həyata keçirilməsini
bacarır, o həm də təhlil edir, təkliflər verir,
onları dəyərləndirir, tətbiq edir və bütün
bunların nəticəsində, təhsil sisteminin
inkişafında fəal iştirak edir.
Belə olduqda, qarşıya bir sual çıxır: "Bu
prosesə yiyələnməmiş mütəxəssislər belə
müəllimlərin fəaliyyətinə, təlim-tərbiyə
prosesinə rəhbərlik edə bilərmi?". Qətiyyətlə
demək lazımdır ki, bu, qeyri- mümkündür, çünki
hazırda fərdlər, şəxsiyyətlər cəmiyyətin sosial,
mədəni, elmi və iqtisadi həyatını dəyərləndirir,
zənginləşdirir, onu nəticəyönümlü edir.
Bəs nə etməli? Məktəblərimizin kollektivlərini
bu prosesə hazırlamaq, onları bu yenilikləri
qəbul etməyə, bəlkə də onlardan öyrənib, yeni
metodlardan öz təcrübələrində istifadə etməyə
yönəltmək lazımdır. Beləliklə, yeniliklər
məktəblərimizdə təlim-tərbiyə proseslərinə
sirayət edib, onun yeniləşməsinə təsir
göstərəcək.
Ancaq bununla kifayətlənmək olmaz. Ona görə
ibtidai məktəb müəllimlərini və məktəbi idarə
edənləri bu proseslərə hazırlamaq məqsədilə
onlar üçün yeniləşmiş proqramlar əsasında
kurslar təşkil edilməlidir. Bu kurslarda
"Təhsilin əsasları" fənninin, qısaldılmış
şəkildə olsa da, "təhsil menecmenti" və "təhsil
marketinqi"nin tədris edilməsinə və İKT- dən
istifadə metodikasına yiyələnməlidirlər.
Və nəhayət, artıq vaxtı çatmışdır ki, Nazirlər
Kabinetinin "Azərbaycan Respublikasında
fasiləsiz təhsil və müəllim hazırlığının
Konsepsiya və Strategiyasının təsdiq edilməsi
haqqında" 25 iyun 2007-ci il tarixli 102¹-li
qərarına əsasən yenidənhazırlanma kurslarında
təhsil menecerlərinin hazırlanmasına
başlanılsın. Bu məqsədlə kursların proqramları
hazırlanmalı və "Təhsilin əsasları" fənni oraya
daxil edilməlidir.
Belə olarsa, məktəblərimiz bu prosesə hazırlanar
və iki ildən sonra məktəblərə göndərilmiş, yeni
məzmuna yiyələnmiş müəllimlər ögey münasibətlərə
rast gəlməzlər. Beləliklə, bütövlükdə təhsil
sistemimizin Boloniya prosesinə inteqrasiyası
sürətlənər.
Ramiz MƏMMƏDZADƏ,
AMİ-nin Təhsilin idarə edilməsi və peşə təlimi
kafedrasının müdiri, professor,
Afət SÜLEYMANOVA,
Təhsil Nazirliyinin
aparıcı mütəxəssisi |