|
Yerləşir: |
Kanada, Ontario əyaləti, Toronto şəhəri |
|
|
Yaranma tarixi: |
1827-ci il |
Tipi: |
Dövlət |
İşçi heyəti: |
3080 nəfər |
Tələbələrin sayı: |
70000 nəfər |
İllik gəlirləri: |
1 milyard 899,5 milyon
Kanada dolları |
İllik xərcləri: |
2 milyard 68,7 milyon Kanada dolları |
Rəsmi saytı: |
toronto.ca |
Toronto Universiteti (University of Toronto)
Şimali Amerikanın ən yüksək intellektual
keyfiyyətə malik elmi-tədqiqat mərkəzlərindən
biridir. Ali məktəb Kanadanın Ontario əyalətinin
Toronto şəhərində yerləşir. 1926-cı ildən
Toronto Universiteti "Amerika Universitetləri
Assosiasiyası"nın üzvüdür. Böyük Britaniyanın
"Times Higher Education Supplement - QS World
Universities Rankings" jurnalının 2009-cu ildə
apardığı dünya universitetlərinin reytinqinə
görə, Toronto Universiteti 100 ən yaxşı ali
məktəb arasında 29-cu yerdədir. Kanadanın
həftəlik dərc olunan "MacleanTs" jurnalının ölkə
üzrə apardığı reytinqə əsasən universitetin tibb
məktəbləri 12 il (1994-2005) ardıcıl olaraq
birinci pillədə qərarlaşıb. Toronto
Universitetinin ədəbi tənqid və kommunikasiya
nəzəriyyələri proqramları üzrə tanınan Toronto
məktəbi dünyada böyük nüfuza malikdir.
Tarixi
15 mart 1827-ci ildə kral IV Georq Yuxarı
Kanadada Kral Kollecinin yaradılması haqqında
xartiya imzalayır. Dini yönümlü kollecin ilk
prezidenti Toronto şəhərinin Anqlikan kilsəsinin
yepiskopu Con Straçan təyin edilir. Həmin il
Kral Kollecinin üçmərtəbəli yunan intibahı
üslubunda inşa edilmiş və hazırda tarixi abidə
kimi qorunan binası tikilir. C.Straçanın
rəhbərliyi altında fəaliyyət göstərən kollec
İngiltərə kilsəsi və elit Britaniya
koloniyaları ilə sıx əlaqələr qurur.
Yarandığı gündən islahatçı siyasətçilər kolleci
dünyəvi ali təhsil müəssisəsinə çevirmək
məqsədilə ruhanilərlə gərgin mübarizə aparırlar.
Uzun mübahisələrdən sonra 1849-cu ildə Yuxarı
Kanadanın yeni yaradılmış məsul hökuməti səs
çoxluğu ilə Kral Kollecinin Toronto Universiteti
adlandırılması haqqında qərar verir. Ali məktəb
bütünlüklə kilsə ilə əlaqəni kəsir. Bu hadisədən
bir il öncə C.Straçan istefa verir və Anqlikan
kilsəsinin özəl seminariyası olan Triniti
Kollecinin yaradılması işinə başlayır.
1878-ci ildə universitetin Tətbiqi Elmlər
Məktəbi yaradılır və Skule adlandırılır. Toronto
Tibb Məktəbi 1887-ci ildə yaradılsa da, tibb
fakültəsi universitetdə 1843-cü ildən fəaliyyət
göstərirdi. 1887-ci ildə universitetdə hüquq,
bir il sonra isə stomatologiya fakültələri
açılır. 1884-cü ildən ali təhsil müəssisəsinə
qızların qəbulu aparılır.
1890-cı ildə Toronto Universitetində güclü
yanğın baş verir və nəticədə 1853-cü ildə
yaradılmış Universitet Kollecinin çox hissəsi və
kitabxanadakı 33000 cild kitab yanır.
Universitet bu itkiləri yalnız iki ilə bərpa
edir. Toronto Universitetində 10 il ərzində
kollegial rəhbərlik sistemi formalaşır və bir
neçə yeni kilsə kollecləri yaradılır.
1896-1991-ci illərdə Toronto Universiteti Kral
Konservatoriyasına, 1912-1968-ci illərdə isə
Ontario Kral Muzeyinə rəhbərlik edir. Bu
müəssisələr hazırda müstəqil fəaliyyət
göstərsələr də, universitetlə sıx əməkdaşlıq
edirlər. 1901-ci ildə Toronto Universiteti
mətbuatı yaradılır. 1910-cu ildə universitetin
pedaqogika fakültəsi Toronto Universiteti
Məktəbləri adlı məktəb laboratoriyası yaradır.
I və II Dünya müharibələri zamanı universitet
durğunluq dövrünü yaşayır, tələbə və müəllimlər
könüllü orduya gedirlər. Sonradan universitetdə
müharibədə həlak olan insanların şərəfinə 44
metr hündürlükdə Əsgər Qülləsi ucaldılır.
Qüllənin üzərində I və II Dünya müharibələrində
həlak olan şəxslərin adları həkk edilir. Hazırda
həmin qüllə Toronto Universitetinin
simvollarından biridir.
1935-ci ildə Riçmond Hill şəhərində Toronto
Universitetinin Devid Danlep Rəsədxanası,
1949-cu ildə isə Aerokosmik Tədqiqatlar
İnstitutu tikilir. 1964-cü ildə universitetin
Skarboro, 1967-ci ildə isə Mississauqa
kampusları yaradılır. 1959-cu ildə Toronto
Universitetinin nəzdində yaradılan York
Universiteti altı il sonra müstəqillik əldə
edir.
1980-ci ildən başlayaraq Toronto Universiteti
dövlət tərəfindən maliyyələşdirməni azaldır və
yardımlar hesabına vəsait toplamağa daha çox
diqqət yetirir. 80-ci illərdə təhsil müəssisəsi
1 milyard Kanada dollarından çox maliyyə yardımı
alır.
2001-ci ildə universitetdə "Citizen Lab" adlı
laboratoriya yaradılır. Bu laboratoriya İnternet
senzurasına qarşı mübarizə aparır.
Büdcə və təhsil haqqı
2009-cu ildə Toronto Universitetinin illik
gəliri 1 milyard 899,5 milyon Kanada dollarına
bərabər olub. Bu məbləğin 146,7 milyon dolları
investisiya gəlirləri, 82,1 milyon dolları
yardımlar, 247,2 milyon dolları müxtəlif
xidmətlər, 434,5 milyon dolları müqavilələr,
636,4 milyon dolları təhsil haqqı, 646 milyon
dolları isə dövlət qrantları hesabına əldə
edilib.
Ötən il universitetin xərcləri 2 milyard 68,7
milyon Kanada dolları təşkil edib. Həmin
vəsaitin 82,5 milyon dolları təmir və texniki
işlərə, 144,6 milyon dolları müxtəlif təqaüdlərə,
195,8 milyon dolları yeni avadanlıqlara, 218,3
milyon dolları əməkhaqları və dərsliklərə,
qalanları isə digər xidmətlərə sərf olunub.
2009-2010-cu tədris ilində bakalavr pilləsində
təhsil alan tələbələrin birillik təhsil haqqı
onların seçdiyi ixtisas və proqramdan asılı
olaraq 4000-34000 Kanada dolları arasında
dəyişib. Əksər fakültələrin qiyməti 7880 Kanada
dolları təşkil edib. Bu tədris ilində magistr və
doktorantların təhsil haqqı bir çox proqramlar
üzrə 6366 Kanada dolları dəyərində olub. Lakin
burada da qiymətlər proqram (stomatologiya-32760
Kanada dolları, maliyyə riyaziyyatı-37000 Kanada
dolları, menecment-85000 Kanada dolları)
çərçivəsində fərqlənir.
Əcnəbi tələbələrin təhsil haqqı tədris
proqramından asılı olaraq 11160-40000 dollar
arasında dəyişir.
Toronto Universiteti tələbələrə edilən maliyyə
yardımı və təqaüdlərə görə Şimali Amerikada əsas
yerlərdən birini tutur. Universitetdə əlaçı,
xüsusi istedada malik tələbələrə verilən
təqaüdün məbləği orta hesabla 5035 dollar təşkil
edir. Maliyyə durumu çətin olan tələbələrə əlavə
400-1000 dollar dəyərində qrant verilir. Təqaüd
almaq istəyən tələbə bununla bağlı universitetə
yazılı müraciət etməlidir.
Toronto şəhərində yaşamaq tələbələrə baha başa
gəlir. Burada qiymətlər çox bahadır. Nəqliyyat,
yaşamaq haqqı tələbənin şəxsi büdcəsi hesabına
ödənilir. Universitetdə təhsil alan əcnəbi
tələbələr Ontario hökuməti tərəfindən tibbi
sığortadan (UHIP) keçir. Universitetin tibbi
sığortası 567 Kanada dollarıdır.
Toronto Universitetinin hər üç kampusunda bir
neçə yataqxana mövcuddur. Bu yataqxanalardan ən
məşhurları İnnis, Çestnut, Ali, Loretto, Yeni,
Uilson, Triniti, Sant-Hilda, Uitni, Morrison,
qızlar üçün Ennsli, doktorantlar üçün Messi və
digərləridir. Yataqxanalarda məskunlaşmaq
istəyən tələbələr ərizə ilə ali təhsil
müəssisəsinə müraciət etməlidirlər. Tələbələrə
binalarda hər bir şəraitlə təmin edilmiş otaq və
mənzillər (1, 2 və daha çox otaqlı), xüsusi
evlər təklif olunur. Yataqxanalarda 8 ay (1
tədris ili) qalmaq otaqlardakı şəraitdən asılı
olaraq tələbələrə 7920-13474 Kanada dollarına
başa gəlir. Evlərin aylıq qiyməti isə onların
şəraitindən və yerləşdiyi ərazidən asılı olaraq
610-1000 dollardır.
Universitet bu gün
Toronto Universitetinin yerləşdiyi Toronto
şəhəri Kanadanın ən böyük şəhərlərindən və
dünyanın mədəniyyət mərkəzlərindən biridir.
Təxminən 10000 akrlıq ərazidə yerləşən şəhər
Ontario gölünün yaxınlığında salınıb və
kontinental iqlimə malikdir. Toronto beynəlmiləl
şəhərdir və burada bir çox millətlərin
nümayəndələri yaşayır. Bununla yanaşı, şəhər
Amerika qitəsinin ən təhlükəsiz
meqapolislərindəndir, belə ki, burada yaşayan
bütün xalqlar münaqişəsiz həyat sürür.
Toronto Universiteti üç kampusdan ibarətdir:
Müqəddəs Georq (163 akr), Mississauqa (224 akr),
Skarboro (300 akr). Müqəddəs Georq kampusu
Toronto şəhərinin mərkəzində yerləşir və tarixi
memarlıq abidələrinə, əsrarəngiz parklara,
yaşıllıqlara malikdir. Kampusda intibah, qotik,
klassik və s. üslublarda tikilmiş memarlıq
abidələri buraya çoxlu sayda turist cəlb edir.
Müqəddəs Georq kampusunda Tətbiqi Elmlər və
Texnika, Musiqi, Fiziki Tərbiyə və Sağlamlıq
kollecləri yerləşir.
Mississauqa kampusu Toronto şəhərinin
qərbindədir. Kampusda universitetin nəşriyyatı,
radiostansiyası, Tələbə Təşkilatının binası,
60-dan çox klub vardır. Bu şəhərciyi
universitetin ən qonaqpərvər, dostluq
münasibətlərinin möhkəm olduğu kampus
adlandırırlar. Kampusda, həmçinin, Heyzel
McCallion akademik tədris mərkəzi, kitabxana,
istirahət guşələri, idman kompleksləri və s.
yerləşir. Əcnəbi tələbələr bu kampusda daha çox
məskunlaşıb.
Skarboro kampusu Toronto şəhərinin şərqində
Highland Krik vadisinin yanındadır. Bu kampusda
daha çox modern binalara rast gəlinir.
Skarboroda, əsasən, qlobal iqtisadi
tendensiyalar, bazar iqtisadiyyatının
tələblərinə cavab verə biləcək innovativ
proqramlar həyata keçirilir.
Universitetdə 1000-ə yaxın tələbə təşkilatı,
klubları və s. fəaliyyət göstərir. Burada
tələbələrdən ibarət universitet teatrı, musiqi
ansamblı, caz orkestri, xor kapellası,
ümumilikdə "Varsity Blues" adlanan 44 idman
komandası, həftədə iki dəfə dərc olunan
"Varsity" tələbə qəzeti, "Hart House Review"
ədəbi jurnalı, CIUT FM radiostansiyası mövcuddur.
Hər kollecin, məktəb və fakültənin ayrıca olaraq
qəzet, jurnal və digər nəşrləri var.
Toronto Universitetinin nəzdində fəaliyyət
göstərən kolleclər aşağıdakılardır:
Təsis kollecləri - İnnis, Yeni, Universitet,
Vudvort; ilahiyyat kollecləri - Noks, Recis,
Vikliff; federativ (birləşdirilmiş) kolleclər -
Müqəddəs Mixail, Universitet, Triniti
Universitet, Müqəddəs Hilda, Viktoriya
Universitet, Emannuil; diplomlu mütəxəssis (ali)
kolleci - Messi.
Bu ali təhsil müəssisəsində mövcud olan fakültə
və məktəblərdən Tətbiqi elmlər və mühəndislik,
Elmlər və incəsənət, Musiqi, Memarlıq, Landşaft
və dizayn, Meşə təsərrüfatı, Tibb, Stomatologiya,
Tibb bacısı, Əczaçılıq, Fiziki tərbiyə və
sağlamlıq, Səhiyyə, İnformatika, Hüquq,
Pedaqogika, Dövlət idarəçiliyi, Menecment,
Sosial fəaliyyət, İlahiyyat və digərlərini qeyd
etmək olar.
Universitetdə tələbələrə 800-dən çox incəsənət,
biznes və digər proqramlar, dünyanın 40
ölkəsində 130 mübadilə proqramı, 16 ölkədə yay
proqramları təklif edilir.
Toronto Universitetinin kitabxana sistemi
böyüklüyünə görə Harvard, Yel, Berkli
universitetlərinin kitabxanalarından sonra
Şimali Amerikada dördüncü yerdə durur. Kitabxana
sisteminə 19 milyon cild kitab, 5,4 milyon
mikrofilm, 70000 dövri nəşr, 1 milyon xəritə və
s. daxildir. Universitetin ən böyük kitabxanası
Robartsdır. Burada sosial və humanitar elmlərə
aid beş milyondan çox kitab var. Tomas Fişer
kitabxanasında nadir kitablar və əlyazmalar,
qədim Misir papirusları, inkunabulalar (kitab
çapı icadının ilk dövründə yığma hərflərlə çap
olunmuş ilk kitab), librettolar qorunur. Toronto
Universitetinin kitabxana sistemi 2005-ci ildən
İnternet şəbəkəsinə qoşulub.
Toronto Universitetinin İncəsənət Mərkəzi 4 əsas
kolleksiyadan ibarətdir. Malkove kolleksiyasında
xristianlıqdan əvvəlki və Bizans dövrünə aid
heykəltəraşlıq nümunələri, tunc, mebel, ikona və
ədəbi əsərlər, yunan-Roma dövrünə aid şüşə
əşyalar və daş relyeflər, rəssam Böyük Lukas
Kranaxın 1538-ci ilə aid olan "Adəm və Həvva"
adlı sənət əsəri saxlanılır. Toronto
kolleksiyasına Kanadanın incəsənət nümunələri
daxildir.
Toronto Universitetinin kansleri Devid Piterson,
prezidenti isə professor Devid Neylordur.
Universitetin akademik, inzibati və tələbə
məsələləri ilə 1971-ci ildə yaradılmış
İdarəçilər Şurası məşğul olur. Hazırda Toronto
Universitetində 3080 nəfər işçi çalışır. Onların
98,6%-i doktorluq dərəcəsi almış müəllimlərdir.
Ali məktəbin alimlərinin əksəriyyəti Amerika
İncəsənət və Elmlər Akademiyasının üzvləri,
Amerika Elminin İnkişafı Assosiasiyasının
təqaüdçüləridirlər. Universitetin məzunlarından
və tədqiqatçılarından 9 nəfəri Nobel mükafatına
layiq görülüb.
Toronto Universitetində 70000 mindən çox tələbə
təhsil alır. Onların 50336 nəfərini bakalavr,
qalanlarını isə magistr və doktorantlar təşkil
edir. Burada Kanadanın 10 bölgəsindən, ABŞ-ın 48
ştatından və dünyanın 160 ölkəsindən olan
tələbələr oxuyur. Universitetin məzunlarının
sayı 450000 nəfərə yaxındır.
Toronto Universitetindən aldığımız məlumata görə,
hazırda bu təhsil müəssisəsində 17 azərbaycanlı
tələbə təhsil alır. "2007-2015-ci illərdə
Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı" çərçivəsində bu il Toronto
Universitetinin bakalavr pilləsində Toğrul
Elkömək oğlu İbrahimli iqtisadiyyat və genetika,
Mətin Mahir oğlu Hüseynli kimya mühəndisliyi,
Əli Tahir oğlu Hüseynov kommersiya, Əhəd İlhami
oğlu Süleymanlı kompüter elmləri sahələri üzrə
təhsil alırlar. Tural Paşa oğlu Qəlbinur isə
oftalmologiya sahəsi üzrə doktorantdır.
Toronto Universiteti dünya elminə böyük töhfələr
verib. Burada ilk elektron kardiostimulyator,
süni qırtlaq, kimya lazeri hazırlanıb, mədəaltı
vəzinin transplantasiyası əməliyyatı, bir çox
xəstəliklərin müalicəsi həyata keçirilib.
Universitetdən 2 km. aralıda yerləşən Toronto
şəhərinin Diskoveri rayonunda 5000 aparıcı
tədqiqatçı hər il 1 milyard dollar dəyərində
tibbi tədqiqatlar aparır. 1921-ci ildə burada
tibb tarixində önəmli hadisələrdən olan insulin
kəşf edilib. 1963-cü ildə beyin sümüyünün
köçürülməsi əməliyyatının əsasını qoyan gövdə
hüceyrələri aşkarlanıb. 1972-ci ildə "Cyqnus
X-1" tədqiqatları nəticəsində atmosferdə qara
dəliklərin olması sübuta yetirilib.
Universitetin astronomları Uran planetinin
peykləri olan Kaliban və Sikoraksanı, Andromeda
I, II, III qalaktikalarını aşkar ediblər.
Universitet UTEC adlanan dünyada ilk operativ
kompüterlərdən birini hazırlayıb, UNIVAC I-dən (ABŞ-da
yaradılan ilk kommersiya kompüteri) sonra
dünyada ikinci kommersiya kompüteri yaradıb.
Toronto Universiteti bu gün də tədqiqatlarını
sürətlə inkişaf etdirir və gələcəyin lider
elmi-tədqiqat mərkəzi olmaq niyyətindədir.
Toronto Universitetinin məşhur məzunları
|
Vaira Vike-Freiberqa |
Latviyanın 6-cı prezidenti |
|
|
Nur Həsənəli |
Trinidad və Tobaqonun 2-ci prezidenti |
|
|
Stefen Harper |
Kanadanın 22-ci Baş naziri |
|
|
Pol Martin |
Kanadanın 21-ci Baş naziri |
|
|
Lester Pirson |
Kanadanın 14-cü Baş naziri |
|
|
Uilliyam Makkenzi Kinq |
Kanadanın 10-cu Baş naziri |
|
|
Artur Meighen |
Kanadanın 9-cu Baş naziri |
|
|
Frederik Bentinq |
tibb və fiziologiya üzrə Nobel mükafatı
laureatı |
|
|
Con Ceyms Maklod |
tibb və fiziologiya üzrə Nobel mükafatı
laureatı |
|
|
Oliver Smithis |
tibb və fiziologiya üzrə Nobel mükafatı
laureatı |
|
|
Lester Pirson |
sülh üzrə Nobel mükafatı laureatı |
|
|
Jeyms Orbinski |
sülh üzrə Nobel mükafatı laureatı |
|
|
Artur Leonard Skavlov |
fizika üzrə Nobel mükafatı laureatı |
|
|
Bertram Brukhaus |
fizika üzrə Nobel mükafatı laureatı |
|
|
Con Çarlz Polani |
kimya üzrə Nobel mükafatı laureatı |
|
|
Volter Kohn |
kimya üzrə Nobel mükafatı laureatı |
|
Hazırladı:
Lamiyə ƏLİYEVA |