Bakıdakı 177 nömrəli orta ümumtəhsil məktəbində
artıq bir neçə ildir ki, xalqımızın ən əziz
bayramı Novruz böyük təntənə ilə qeyd olunur.
Builki bayram şənliyi də çox məzmunlu və maraqlı
təşkil olunmuşdu. Məktəblilərin yaz tətili
Novruzdan bir neçə gün əvvəl başlandığından
bayram şənliyi ilaxır çərşənbəyə salınmışdı. Ona
görə şənliyə toplaşanlar həmin gün iki bayramın
sevincini yaşadılar.
Məktəbin həyətində təşkil olunmuş, orijinal
forması və maraqlı məzmunu ilə diqqəti cəlb
edən bayram tədbirinə Yeni Azərbaycan Partiyası
Nərimanov rayon təşkilatının Qadınlar Şurası da
təşkilatçı qismində qatılmışdı. Şənlikdə
məktəbin pedaqoji və şagird heyətinin üzvləri
ilə yanaşı, Təhsil Nazirliyindən, Nərimanov
Rayon İcra Hakimiyyətindən, Bakı Şəhəri üzrə
Təhsil İdarəsindən, rayon Qadınlar Şurasından da
xeyli qonaq, habelə valideynlər vardı. Meydanda
dairəvi düzülmüş stolların üstünə növbənöv
bayram şirniyyatı, səmənilər qoyulmuşdu.
Meydanın ortasında bayram tonqalı alovlanırdı.
Mərasimi 177 nömrəli məktəbin direktoru Həqiqə
Məmmədova açaraq şənlik iştirakçılarının
bayramını təbrik etdi. Bildirdi ki, elimizin,
obamızın gözəl adətləri var. Onları yaşatmaq,
nəsillərdən-nəsillərə ötürmək bizim borcumuzdur.
H.Məmmədova ilaxır çərşənbə, Novruzla bağlı
xalqımız arasında yüz illərlə yaşayan
ənənələrdən söz açıb, bayram günlərində
küsülülərin barışdığını, qızlara, gəlinlərə
xonça gəldiyini, hamının bir-biri ilə xoş rəftar
etdiyini, bir-birinə qonaq getdiyini, məhz buna
görə də bu milli bayramın xalqımız arasında çox
sevildiyini bildirdi və qonaqları təqdim etdi.
YAP Respublika Qadınlar Şurasının sədr müavini,
YAP Nərimanov Rayon Təşkilatı Qadınlar Şurasının
sədri Məhəbbət İbrahimova da söz alıb təmsil
etdiyi qurum adından bayram sevinci yaşamağa
gələnləri təbrik etdi, onlara həmişə bayram
əhvali-ruhiyyəli günlər arzuladı.
Sonra məktəbin istedadlı uşaqlarının ifasında
bədii proqram nümayiş olundu. Proqramın bütün
nömrələri, xüsusən də bahar qızın meydana
gəlişi, təmsil etdiyi fəsilin şəninə söylədiyi
şeir və mahnılar, keçəllə-kosanın məzəli
dialoqu, ayrı-ayrı şagirdlərin ifaları, idman
nömrələri bayram iştirakçılarında xoş ovqat
yaratdı.
Tədbirin sonunda şagirdlər və qonaqlar bayram
tonqalının ətrafında yallı getdilər.
Yusif ƏLİYEV |