Mehdiyev Vaqif Bəylər oğlu 1947-ci il avqustun
8-də Qərbi Azərbaycanın Zəngəzur vilayətinin
Siznək kəndində ziyalı ailəsində anadan olub.
1966-cı ildə Qafan şəhər 4 nömrəli orta məktəbin
XI sinfini bitirib. Hərbi xidmətdə olub. Bir
neçə istehsalat müəssisələrində fəhləlik edib.
1977-ci ildə Bakı Dövlət Universitetinin tarix
fakültəsinin axşam şöbəsini bitirib. Həmin ildən
bu təhsil ocağında müəllim kimi fəaliyyətə
başlayıb və 1996-cı ildən məktəbə rəhbərlik
edir.
Vaqif müəllimin şənbə, bazar da daxil olmaqla
həftənin bütün günləri iş yerində - məktəbdə
olduğunu eşitmişdim. Eşitdiklərimi yerində
öyrənmək köhnə mərəzimdir və bu suallara cavab
tapmaq üçün martın 14-də, bazar günü üz tutdum
Bakıdakı 82 nömrəli məktəbə. Üçüncü - Yel
çərşənbəsinin qara, ağ, qırmızı və yaşıl
küləkləri əsib dayandığı üçün hava sakit və
mülayim idi. Məktəbə çatanda darvaza qapısı açıq
olsa da, həyətdə nə bir maşın, nə də bir
ins-cins görünmürdü. Geri qayıtmaq istədim.
Maraq mənə üstün gəldiyindən korpusa
yaxınlaşdım, giriş qapısını açıb içəri keçdim.
Geniş, səliqə-sahmanlı vestibüldə saçı və
bığları düm ağarmış bir nəfərin divardan asılmış
stenddəki şəkilləri səliqəyə saldığını gördüm.
Qiyafəsindən gözətçiyə oxşamırdı. Tanış olduq.
Zənnim məni yanıltmamışdı, məktəbin direktoru
Vaqif müəllim idi. İlk tanışlıqdan söhbətimiz
şirin alınmışdı. Kabinetində oturub çay içə-içə
dərdləşir, ötən acılı-şirinli günləri xəyal
süzgəcindən keçirirdik.
- Bu gün bazar - istirahət günüdür. Hamı
dincəlir, siz nə əcəb işdəsiniz?
- Bağım yox, bostanım yox, nə də başqa bir
məşğuliyyətim. Məktəb mənim işim, evim və
istirahət yerimdir. Təsadüfən bir gün məktəbə
gəlməyəndə elə bil nə isə itirmişəm, nəsə
çatışmır. Məktəbdə il boyu xırda və cari təmir
işləri aparılmalıdır. Məsələn, bu gün məktəbin
gözətçisi Elşad Əliyevlə təsərrüfat müdiri
Elsevər Orucov yuxarı mərtəbələrdə bir neçə
sinif otağının xarab olmuş lampalarını
dəyişirlər. Mən də stendləri səliqə-sahmana
salırdım. Bunu və buna bənzər müəyyən işləri
başqa günlər, tədris zamanı görmək yerinə
düşmür. Dərsə mane olur. İstirahət günləri işə
çıxmağı heç kimə məcbur etmirəm. Fiziki tərbiyə
müəllimi Abbas Sərdarov, əmək müəllimi Bəybala
İbrahimov və həmkarların sədri Əli Məmmədov da
məni tək qoymur, könüllü olaraq şənbə və bazar
günləri məktəbə baş çəkirlər. Lazım olarsa, bir
işin qulpundan yapışırlar.
- Bu gün uşaqlarımızın təhsil almaları üçün hər
cür şərait yaradılıb. Siz məktəb illərinizi necə
xatırlayırsınız?
- Müharibə təzə qurtarmışdı. İnsanlar bir qarın
çörəyə möhtac idi. Rənglənmiş bezdən əllə
tikilən köynək və şalvar tapıb geyinəndə
sevincimizin həddi-hüdudu olmazdı. Hər gün
kəndimizdən 15 kilometrlik bir məsafəni piyada
gedib Qafan şəhərində yeganə Azərbaycan məktəbi
olan 4 nömrəli orta məktəbdə təhsil alırdıq. İlk
müəllimim olan Sürəyya Mehdiyevanı heç vaxt
unutmuram. Üç qız, iki oğlan idik. Çətinliklərə
baxmayaraq, orta məktəbi yaxşı qiymətlərlə başa
vurduq.
- İlk əmək fəaliyyətinə neçə yaşınızda
başlamısınız?
- 1966-cı ildə orta məktəbi bitirsəm də, ali
məktəbə girə bilmədim. Elə həmin il sentyabrın
1-də atam məni dəmirçi yanında toxmaq vuran
qoydu. Dəmirçi dəmir külçəsini görükdə qızdırır,
sonra zindanın üstünə qoyur, mən də toxmaqla,
yəni iri, ağır çəkiclə qıpqırmızı köz kimi
qızarmış dəmir külçəni döyür, lazımi fiqurlara
salırdım. Həmin ərəfədə bir gün atam səhər işə
getməzdən qabaq ali partiya məktəbinin diplomunu
nümayişkaranə mənə göstərib - bunu almasaydım,
indi belə səliqəli geyinib rahat iş başında
oturmazdım, - deyib iradını bildirmişdi. Bir il
dəmirçilik etdikdən sonra hərbi xidmətə getdim.
1971-77-ci illərdə istehsalatda fəhlə işləməklə
yanaşı, BDU-nun axşam şöbəsini bitirdim. 1977-ci
ildən bu məktəbdə müəllim kimi fəaliyyətə
başladım. 1996-cı ildə isə məni bu təhsil
ocağına direktor təyin etdilər.
- Həyatınızda ən yaddaqalan gün?
- 2000-ci il sentyabrın 1-i "Bilik günü"
münasibətilə ulu öndər Heydər Əliyev məktəbimizə
gəlmişdi. Qəribədir ki, həmin il məktəbimizi
bitirən 98 şagirdin 95-i ali məktəblərə qəbul
olmuşdu. Ümummilli lider Heydər Əliyev bizim
məktəbimizdə çıxış edərək dəyərli tövsiyələrini
verib. Həmin günü heç vaxt unutmaram. Yeri
gəlmişkən qeyd edim ki, təhsil naziri Misir
Mərdanov tez-tez məktəbimizə gəlir, qayğı və
köməyini heç vaxt bizdən əsirgəmir.
- İşlədiyiniz dövrdə hansı mükafatları
almısınız?
- 1985-ci ildə "Qabaqcıl maarif xadimi" döş
nişanına layiq görülmüşəm. 2008-ci ildə isə
hörmətli Prezidentimiz cənab İlham Əliyevin
Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif
edilmişəm. Başqa bir sıra diplom və fəxri
fərmanlarla da təltif olunmuşam.
- Məktəbinizdə işləyən müəllimlərin səviyyəsi
sizi qane edirmi?
- Məktəbimizdə çalışan 107 müəllimin
əksəriyyətindən razıyam. Onlar şagirdlərlə ümumi
dil tapmaqda, ünsiyyətə girməkdə, tədrisi yüksək
səviyyədə aparmaqda çətinlik çəkmirlər. Lakin
gənc müəllimlərlə problemlərimiz olur. Onların
çoxu müəllim olmaq arzusu ilə deyil, qəbul
zamanı topladıqları bala görə bu ixtisası
seçiblər. Müəllimlik sadə görünsə də, çətin
peşədir.
- Məktəbinizin şagirdləri necə oxuyur?
- Son illər buraxılış imtahanlarının
mərkəzləşdirilmiş qaydada aparılması şagirdləri
möhkəm silkələyib. Onlar bu gün attestat almaq
üçün çalışırlar. Bu hal davamiyyətə xüsusi təkan
verib. Ümumiyyətlə, məktəbimizin şagirdlərindən
çox razıyam.
- Məzunlarınızın ali məktəblərə qəbulu ilə bağlı
göstəricilər sizi qane edirmi?
- Son iki ildir ki, məktəbimizin məzunlarının
qəbul imtahanlarında topladıqları orta bal
300-dən yuxarıdır. Bakı şəhəri üzrə qəbul
imtahanlarında yüksək göstəriciləri ilə
fərqlənən 19 ümumtəhsil ocağından biri bizim
məktəbdir. Ötən tədris ilində qəbul
imtahanlarında məzunlarımızdan 80 nəfəri
550-dən, 4 nəfəri isə 600-dən yuxarı bal
toplayıb.
- Övladlarınızdan razısınızmı?
- İki oğlum var. Həyatda ən böyük mükafatım
onlardır. Çünki ağıllarıyla seçilirlər. Hər
ikisi ali təhsillidir. Böyük oğluma mən də dərs
demişəm. Ona üç dəfə "4" yazmışam ki, qızıl
medala düşməsin. Sonra bunu başqa cür
fikirləşərdilər. Kiçik oğlum isə rus bölməsində
oxuyub. Yalnız məktəbi bitirən ərəfədə ona dərs
deyən müəllimlər mənim oğlum olduğunu biliblər.
- Bayramlarda şagirdin müəlliminə hədiyyə
verməsinə necə baxırsınız?
- Orta məktəbdə oxuyarkən 8 Martda sübh tezdən
meşəyə gedər, dərdiyimiz gül və çiçəklərdən
dəstə bağlayıb müəllimimizi təbrik edərdik.
Şagirdin müəllimini təbrik etməsi məcburi deyil,
isti münasibətdən yaranmalıdır. Bizim məktəbdə
heç bir şagirddən nəsə tələb olunmur. Şagird
əgər müəllimini bir dəstə güllə təbrik edirsə,
biz buna normal yanaşırıq.
- Məktəb direktoru hansı keyfiyyətə malik
olmalıdır?
- Direktor insandır, atadır, anadır və
tərbiyəçidir. O, rəhbərlik etdiyi kollektivin
hər bir üzvünün problemini bilməli, dərdinə
şərik olmalıdır. İnzibati amirlikdən,
hədə-qorxudan uzaq olmalı, hər bir müəllimin ona
ürək qızdıraraq dərdini deməsi üçün şərait
yaratmalıdır. Direktorun qapısı həmişə açıq
olmalıdır. O zaman hörmət qazanmaq, kollektiv
tərəfindən sevilmək olar.
- İşdən çıxmaq fikriniz yoxdur ki?
- Ötən il təqaüdə çıxsam da, özümü yaxşı hiss
edir, işdən getmək haqqında hələ düşünmürəm.
Balıq susuz yaşamadığı kimi, mən də məktəbsiz,
işsiz yaşaya bilmərəm. Şəhər saat 6 tamamda,
uzağı 7-yə 10 dəqiqə işləmiş məktəbdə oluram.
Çünki səhər saat 7-də Zığdan, Əhmədlidən,
Mehdiabaddan və başqa yerlərdən valideynlər
uşaqlarını məktəbə gətirərək işə gedirlər. Onlar
mənə arxayın olurlar. Rəhbərlik etdiyim
kollektiv məni qəbul etməzsə, yuxarı
təşkilatlardan işdən getməyimi məsləhət
bilərlərsə, həmin gün vəzifəmdən getmək haqqında
ərizəmi yazmağa hazıram. Lakin müəllimlərimə və
şagirdlərimə elə öyrəşmişəm ki, özümü bir dəqiqə
belə onlarsız təsəvvür edə bilmirəm.
- Gələcəkdə yerinizdə kimi görmək istərsiz?
- Çətin sualdır. Bu mənim səlahiyyətimdən
uzaqdır. Ancaq arzu edirəm ki, bu təhsil ocağına
həmişə səriştəli, Babaxan müəllim kimi
pedaqoqlar rəhbərlik etsin. Məktəb direktoru
gərək ömrünü yeniyetmələrin təlim-tərbiyəsi
yolunda şam kimi əritsin.
- Qarşıdan gələn bayrama necə hazırlaşırsınız?
- Sevimli bayramımız olan Novruz baharın
gəlişindən, ilin təzələnməsindən xəbər verir.
İlk şənliyi məktəbdə müəllim və şagird
kollektivi ilə keçirəcəyik. Evdə isə səməni
qoymuşuq, artıq göyərib boy atıb. Bazarlıq edib
balaca bir süfrə açacağıq, oğul, gəlin və
nəvələri başımıza yığıb birgə bayram
keçirəcəyik. Süfrəmiz kasıb olsa da, açıq
qəlbimizlə, ailə səadətimizlə qürur duyuram.
Təki canımız sağ olsun. Yeri gəlmişkən, qarşıdan
gələn bayram münasibətilə təhsil işçilərini və
bütün Azərbaycan xalqını təbrik edir, onlara
xoşbəxtlik arzulayıram.
Müsahibəni apardı:
Nizami MİRZƏ |