Bakı şəhər məktəblilərinin iştirakı ilə aparılan
bu intellekt marafonu "Ümumtəhsil Mərkəzi-XXI
əsr" tərəfindən Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin "Xüsusi istedada
malik olan uşaqların (gənclərin) yaradıcılıq
potensialının inkişafı üzrə Dövlət Proqramı
(2006-2010-cu illər)" haqqında Sərəncamına
əsaslanaraq Təhsil Nazirliyinin dəstəyi ilə
2009-cu ildən başlayaraq keçirilir.
"ÜTM - XXI əsr"in təşəbbüsü ilə keçirilən bu
tədbirin təşkilatçısı məktəbin direktoru Vəfa
Məmmədova "İntellekt marafonu - 2010"un seçim
turu haqqında məlumat verərək bildirdi ki, bu
tura hələ dekabr, yanvar və fevral aylarından
hazırlaşmağa başlamışıq. Hər şənbə günləri
təşkil etdiyimiz treninqlərdə 1116 şagird və 240
müəllim iştirak edərək təlimat alıb. Bu gün
keçirdiyimiz marafonda 128 məktəbdən olan 1088
nəfər II sinifdən VIII sinfə qədər olan
şagirdlər iştirak edir. İntellekt marafonu
paytaxtın 17, 27, 34, 46, 62, 175, 190, 276,
Avropa liseyi və "ÜTM.-XXI əsr" məktəblərində
keçirilir. Qeyd olundu ki, marafon Azərbaycan,
rus və ingilis dillərində keçirilir. "İntellekt
marafonu - 2010"un keçirilməsinin əsas məqsədi
şagirdlərin intellektual inkişafını üzə
çıxarmaq, tədrisin inkişafında intellekt
texnologiyasının bir vasitə rolu olduğunu
yaymaq, yeniyetmə şagirdləri intellektual
fəaliyyətə cəlb etməklə neqativ hallardan
yayındırmaq və sosial problemləri həll etməkdir.
Bu marafon 2 turdan ibarətdir. II əsas tur
aprelin 17-sində "ÜTM-XXI əsr"də keçiriləcəkdir.
Turda qaliblər müəyyən olunacaq və
mükafatlandırılacaq.
Həmin gün bizim də iştirak etdiyimiz bu seçim
turu paytaxtın 10 məktəbində olduğu kimi,
"ÜTM-XXI əsr"də keçirildi. Artıq hər bir
şagirdin səviyyəsinə, sinfinə uyğun 5 sual 3
dildə lövhəyə yazılmışdı. Bu məktəbdə oxuyan 400
şagird arasından seçilərək bu turda iştirak edən
128 şagird intellektlərinin gücü ilə verilən
tapşırıqları həll etməyə başladı.
Biz daha sonra "İntellekt marafonu-2010"
yarışının keçirildiyi Bakıdakı 175 nömrəli
məktəbdə də olduq. Yasamal rayonundakı 10 məktəb
şagirdlərinin qatıldığı seçim turunda müşahidəçi
kimi iştirak etdik.
Turda Yasamal rayonunun məktəblərindən 80-dən
çox şagird öz intellektual səviyyəsini sınadı.
Məktəblərdə keçirilən "İntellekt
marafonu-2010"un seçim turunun cavabları martın
18-19-da elan ediləcək.
Ədalət DAŞDƏMİRLİ,
Niyazi RƏHİMOV |