Türkiyənin İstanbul şəhərində Böyük Britaniyanın
"British Council" təşkilatının "Uğura doğru
addımlar" layihəsi ilə əlaqədar beynəlxalq
seminar keçirilmişdir.
Təhsil Nazirliyindən bildirmişlər ki, "British
Council" təşkilatı tərəfindən təşkil edilən,
Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, İsrail,
Bolqarıstan və digər ölkələrdən olan
nümayəndələrin qatıldığı həmin seminarda
Azərbaycan Respublikası Təhsil Nazirliyinin
Strateji təhlil, planlaşdırma və kadrların
idarəolunması şöbəsinin müdiri Fərzəli Qədirov
və Azərbaycan Dillər Universitetinin Təlimdə
innovasiyalar və əlavə təhsil kafedrasının
müdiri Əmralı Şirəliyev iştirak etmişlər.
Beynəlxalq tədbirdə hər bir ölkənin nümayəndə
heyəti təqdimatla çıxış etmiş, ingilis dili
müəllimlərinin ilkin hazırlığı, statusu,
ixtisasının artırılması sistemi barədə məlumat
verilmişdir.
Azərbaycan nümayəndələrinin təqdimatında son
illərdə ingilis dili müəllimlərinin
peşəkarlığının artırılması istiqamətində həyata
keçirilən tədbirlər, o cümlədən "British
Council" təşkilatı ilə birgə layihələr, səmərəli
əməkdaşlıq nəticəsində əldə olunan əhəmiyyətli
nailiyyətlər, eyni zamanda ingilis dili
müəllimlərinin ilkin hazırlığı barədə məlumat
verilmişdir.
Ölkəmizdə ingilis dilinin tədrisi ilə əlaqədar
həyata keçirilən tədbirlər və tətbiq edilən yeni
ixtisasartırma modeli "British Council"in
mütəxəssisləri və seminar iştirakçıları
tərəfindən maraqla qarşılanmışdır.
Beynəlxalq tədbirdə "British Council"in "Uğura
doğru addımlar" adlı yeni layihəsi barədə
məlumat verilmişdir.
"British Council" təşkilatı ilə birgə həyata
keçiriləcək yeni layihə Azərbaycan üçün xüsusi
əhəmiyyət daşıyır. Bu layihə pedaqojiprofilli
ali təhsil müəssisələrində ingilis dili müəllimi
ixtisası üzrə təhsil alan 900 nəfərədək sonuncu
kurs tələbəsini, hazırda məktəblərdə çalışan və
5 ilədək pedaqoji stajı olan 1000 nəfərədək
ingilis dili müəllimini əhatə edəcəkdir.
AzərTAc |