Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ)
ilə Fransanın "Total" şirkəti arasında kadr
hazırlığı sahəsində əməkdaşlıq çərçivəsində
Paris Neft İnstitutunun xarici tələbələr üzrə
prorektoru, professor Jan Pyer Roan və "Total"
şirkətinin kadr hazırlığı üzrə departament
rəhbəri xanım Veronik Minyonak Bakıda səfərdə
olmuşlar. Onlar ARDNŞ-ın Azərbaycandakı
təqaüdçüləri sırasından seçilmiş 18 tələbə ilə
müsahibə keçirmişlər.
ARDNŞ-ın mətbuat xidmətindən bildirmişlər ki,
müsahibədə təqaüdçülər ixtisas və məntiqdən test
imtahanları vermiş, qonaqlar onlarla sual-cavab
aparmışlar. Seçilmiş 6 tələbənin ARDNŞ-ın Təqaüd
Proqramı çərçivəsində Fransanın nüfuzlu ali
təhsil müəssisələrində magistratura təhsili
almağa göndərilməsi nəzərdə tutulur. Onların 3-ü
mühəndis, digər 3 nəfəri isə iqtisadiyyat
ixtisası üzrə təhsillərini davam etdirmək üçün
Bakı turunu müvəffəqiyyətlə keçmişlər.
Martın 11-də fransalı qonaqlar ARDNŞ-ın baş
ofisində şirkətin kadr, rejim və informasiya
texnologiyaları üzrə vitse-prezidenti Xalik
Məmmədovla görüşərək, müsahibənin yekunları
haqqında ona məlumat vermişlər. X.Məmmədov kadr
hazırlığı istiqamətində iki şirkət arasında
yaranmış əməkdaşlığın qarşıdakı illərdə daha da
dərinləşəcəyinə əminliyini diqqətə çatdırmışdır.
AzərTAc |