1944-cü ildə mən konservatoriyanın nəzdində olan
10 illik musiqi məktəbinin 1-ci sinfinə getmişəm.
Fortepiano çalırdım, müəllimim də məktəbin
direktoru, professor Kövkəb xanım Səfərəliyeva
idi. O illəri mən heç zaman unutmayacağam.
Musiqi məktəbində 7 il oxuduqdan sonra, VIII
sinfin I rübündə artıq qət etdim ki, mən
musiqiçi olmayacağam. Atamın kitabxanasındakı
kitabların çoxunu oxuduğumdan məndə ədəbiyyata
böyük həvəs oyanmışdı. Adi orta məktəbə keçib,
sonra ADU-nun filologiya fakültəsində oxumaq
arzusu qəlbimdə baş qaldırmışdı. Niyəsə bunu
atama söyləməkdə çətinlik çəkirdim. Yaxşı
xatirimdədi, 1952-ci ilin oktyabr ayının
ortasında atamın kabinetinə girib ona bu arzumu
dedim. O, əvvəl fikrə getdi, sonra gülümsəyib: "Hə,
deyəsən qızım pianoçu yox, alim olmaq fikrinə
düşüb! Nə deyirəm ki, səni ən yaxşı qız
məktəbinə - 132 nömrəli məktəbə keçirdərəm". Elə
də oldu. Mən VIII sinfin II rübündən həmin
məktəbin VIII "B" sinfinin şagirdi oldum. O
gündən mənim çətinliklərim başladı. Humanitar
fənlərdən çətinlik çəkmirdim. Lakin riyaziyyat,
fizika və kimya fənlərindən heç bir anlayışım
olmadığını özüm də, müəllimlərim də tezliklə
başa düşdük. Musiqi məktəbində bu fənlərin çox
zəif keçilməsi mənim üçün böyük problem yaratdı.
Çox savadlı və olduqca ziyalı müəllimlərimiz var
idi. Allah hamısına rəhmət eləsin. Ədəbiyyat
müəllimimiz Bilqeyis Məmmədova (Təhmasib) məndə
ədəbiyyata olan həvəsi daha da artırdı.
Riyaziyyat müəllimlərimizi - Sadıq Sadıqovu,
Əhməd Əhmədzadəni də böyük məhəbbətlə
xatırlayıram.
VIII sinfin II rübü qurtardıqdan sonra Sadıq
müəllim məni yanına çağırıb dedi ki, qızım, sən
riyaziyyatdan, həndəsədən, fizikadan özün də
bilirsən ki, çox zəifsən, belə getsə, biz səni
sinifdə saxlamalı olacağıq. Başa düşürəm ki,
çalışırsan, lakin əvvəldən bünövrə olmadığından
heç nə alınmır. Atana de ki, məktəbə gəlsin,
onunla da söhbət edib vəziyyəti başa salaq.
Mən evdə atama dedim ki, ata, səni məktəbə
çağırırlar. Onun sifəti çox ciddi görkəm aldı,
başını bulayıb dedi: "Məktəbdə neyləmisən?". Mən
cavab verdim ki, heç bir pis iş görməmişəm,
yalnız dərslərlə bağlı məsələdir.
Səhərisi gün atam məktəbə gəlib, müəllimlər
otağında bütün müəllimlərlə çox mehriban görüşdü,
hal-əhval soruşub onlara xoş sözlər dedi. Sonra
Sadıq müəllim əhvalatı atama başa saldı. Sinifdə
qalacağım barədə fikir atamın xoşuna gəlmədi...
Bir az fikirləşəndən sonra: "Ay Sadıq müəllim,
görürsünüz də, təqsir Xavər xanımdadır. Mən ona
dedim ki, bu uşaqların üçünü də musiqi məktəbinə
vermə.
Bu da nəticəsi. Doğrudan da, orada bu fənlərə
çox fikir verilmir, əsas musiqi fənləridir. Mən
sizi də başa düşürəm. Lakin gərək bir çıxış yolu
tapaq. Əgər müəllim tutub Aybənizi evdə
çalışdırsam necə olar? Dərs ili qurtarana qədər
əgər xeyri olmasa, onda, neyləməli, sinifdə
qalar..." dedi.
Sadıq müəllim atamla razılaşdı. Fizika
müəllimimiz Bəhram Sultanov Azərbaycan Pedaqoji
İnstitutunda da dərs dediyindən Şəfiqə adlı bir
tələbəni atama məsləhət gördü. Şəfiqə hər
dərsdən sonra mənimlə demək olar ki, iki saat
məşğul olurdu. III və IV rüblərdə artıq mənim
qiymətlərim düzəldi və məni sinifdə
saxlamadılar. Təəssüflə qeyd edirəm ki, kamal
attestatımda qiymətlərimin hamısı "5",
riyaziyyat, fizika, kimya fənlərindən "3"
olmuşdu.
İllər ötdü... Atamın yubileyi ilə bağlı
məktəblərdə keçirilən görüşlərdə mən bu xatirəni
söyləyib, o zamanlar mənəvi dəyərlərimizin necə
saf olduğunu vurğulayıram. Təhsilə münasibət o
qədər ciddi idi ki, valideynlərə heç bir fərq
qoyulmurdu. O zaman heç kəs təsəvvürünə belə
gətirə bilməzdi ki, Aybəniz Vəkilova adlı
şagirdə Səməd Vurğunun qızı olduğuna görə layiq
olmadığı yüksək qiymət yazılsın. Bunu nə atamın
özü, nə mən, nə də ki, sinif yoldaşlarım başa
düşə bilməzdilər. Yalnız müəllim və şagird
münasibətləri var idi.
Mən indi artıq 70 yaşa qədəm qoyuram. Həyatımda
nəsə yaxşı bir iş görürəmsə, o məktəb illərini,
atamı, müəllimlərimi xatırlayıram.
Valideynlərimə və müəllimlərimə xəyalən müraciət
edib deyirəm: "Çox sağ olun! Nə yaxşı ki,
həyatımda sizin kimi insanlar olub!".
Bu yazını redaksiyamıza Səməd Vurğunun
ev-muzeyinin direktoru
Aygün Vəkilova
(Aybəniz Vəkilovanın qızı) təqdim edib. |