(Əvvəli qəzetimizin ötən saylarında)
Hörmətli oxucular, bu məqalədə Təhsil
Nazirliyinin British Council (Britaniya Şurası)
ilə təhsil sahəsində əlaqələri, həyata keçirilən
birgə layihə və proqramlar barədə fikirlərimi
sizinlə bölüşəcəyəm.
Azərbaycan Respublikası ilə Böyük Britaniya və
Şimali İrlandiya Birləşmiş Krallığı arasında
yaranmış elmi-mədəni sahələrdə münasibətlərin
möhkəmlənməsi və inkişafında British Councilin
xüsusi rolu olmuşdur. British Council
qeyri-mənfəət təşkilatıdır və Böyük Britaniyada
xeyriyyə təşkilatı kimi qeydiyyatdan keçmişdir.
Təşkilatın himayədarı Böyük Britaniya
Kraliçasıdır, onun müavini funksiyalarını isə
Uels şahzadəsi icra edir.
British Council fəaliyyətində təhsil komponenti
prioritet təşkil etməklə 3 aspektə xüsusi
əhəmiyyət verir: islahatlar və stabillik;
iqtisadiyyat və bacarıqlar; mədəniyyətlərarası
dialoq.
British Council Böyük Britaniyanın xarici
ölkələrlə elmi-mədəni əlaqələrini təşkil edən
əsas təşkilatdır və o, dünyanın 110 ölkəsinin
250-dək şəhərində təmsil olunur. Şura
Britaniyanın xarici ölkələrdəki səfirliklərinin
mədəniyyət şöbələrinin funksiyalarını həyata
keçirir. British Councilin ölkələrdən asılı
olaraq dəyişən fəaliyyəti ümumilikdə aşağıdakı
sahələri əhatə edir:
- insanların təhsilinə yardım, Britaniya ilə
peşəkar əlaqələrin yaradılması;
- yüksək səviyyəli mütəxəssis hazırlığı və
xarici ölkələrdə müştərək layihələrin həyata
keçirilməsi;
- ingilis dilinin tədrisinə yardım;
- kitabxana və məlumatlarla təminat xidmətləri;
- Britaniyada təhsil, elm və texnologiyanın
inkişafı;
- Britaniya incəsənəti və ədəbiyyatının təbliği.
Təşkilatların məqsədləri Birləşmiş Krallığın
dünyada etibarlı tərəfdaş imicinin yüksəldilməsi,
British Councilin dünyanın ən effektiv
beynəlxalq mədəni əlaqələr təşkilatı kimi
tanıdılması ilə bağlıdır. British Councilin
dünyada 222 informasiya mərkəzi və
kitabxanasının 340 min üzvü vardır. İnformasiya
mərkəzi və kitabxana 8 milyondan artıq kitab,
audio-videokaset və sair vəsaitlərdən ibarət
resurslara malikdir. Təşkilat xarici ölkələrdə
aparılan ingilis dili kurslarının yüksək
standartlara uyğun olmasına nəzarət edir və
"Learn English" adlı xüsusi web səhifəsi ilə
maraqlananları lazımi məlumatlarla təmin edir.
British Council fəaliyyət göstərdiyi ölkələrdə
incəsənət, ədəbiyyat və dizayn, təhsil və
treninq, ingilis dilinin tədrisi, dövlət və
insan hüquqları və digər mövzular üzrə
məlumatları yayır, ictimai həyatın müxtəlif
sahələri üzrə seminarlar, işçi qruplarının
görüşləri, debatlar və sair tədbirləri həyata
keçirir.
British Council Kembric Universitetinə ingilis
dili imtahanları təklif etmək səlahiyyətlərinə
malik yeganə mərkəzdir. Kembric Universiteti
Yerli İmtahanlar Sindikatı 1913-cü ildən bu
günədək dünyada ən müfəssəl imtahanlar təklif
etməkdədir. British Council ilə Kembric
Universitetinin Yerli İmtahanlar Sindikatı
arasında 1940-cı ildən uzunmüddətli əməkdaşlıq
mövcuddur. Təşkilatın xarici ölkələrdə yerləşən
mərkəzləri Kembric Universiteti Yerli İmtahanlar
Sindikatını uğurla bitirənlərə şəhadətnamələr
verir. Adətən, bu şəhadətnamələri Britaniya
səfirləri təqdim edirlər. Qeyd etmək yerinə
düşərdi ki, Kembric Universitetinin
şəhadətnamələri dünyada ingilis dilinin
mükəmməlliyini bildirən sənəd kimi qəbul edilir.
|
¹ |
Məktəb |
I Sinif |
Şagird |
II sinif |
Şagird |
V sinif |
Şagird |
VI sinif |
Şagird |
Müəllim |
|
|
1. |
Bakı şəhəri 7
nömrəli məktəb |
4 |
87 |
4 |
75 |
3 |
84 |
3 |
69 |
14 |
|
|
2. |
Bakı şəhəri 23
nömrəli məktəb |
5 |
167 |
6 |
184 |
5 |
133 |
5 |
166 |
16 |
|
|
3. |
Bakı şəhəri 27
nömrəli məktəb |
6 |
194 |
5 |
157 |
6 |
143 |
5 |
130 |
14 |
|
|
4. |
Bakı şəhəri 7
nömrəli məktəb-lisey |
5 |
151 |
7 |
169 |
2 |
74 |
6 |
172 |
11 |
|
|
5. |
Bakı şəhəri
"Ankara" məktəb-liseyi |
7 |
225 |
8 |
197 |
7 |
160 |
5 |
132 |
15 |
|
|
6. |
Bakı şəhəri
"İstedad" Beynəlxalq Təsil Kompleksi |
4 |
100 |
5 |
138 |
4 |
98 |
4 |
102 |
14 |
|
|
7. |
S.C. Pişəvəri
adına Humanitar fənlər gimnaziyası |
4 |
139 |
4 |
136 |
4 |
125 |
5 |
153 |
16 |
|
|
Cəmi: |
35 |
1063 |
39 |
1056 |
31 |
817 |
34 |
924 |
100 |
|
British Council Azərbaycanda 1993-cü ildə "bp/STATOİL"
alyansının maliyyə dəstəyi ilə ingilis dili,
biznes administrasiyası və idarəetmə sahələrində
təlimlərlə fəaliyyətə başlamışdır.
Azərbaycan Respublikasının Prezidenti Heydər
Əliyev və Böyük Britaniyanın Baş naziri Con
Meycor tərəfindən 23 fevral 1994-cü ildə
imzalanmış "Təhsil, elm və mədəniyyət sahəsində
əməkdaşlığa dair saziş" Britaniya ilə Azərbaycan
arasında mədəni əməkdaşlığın hüquqi əsasını
qoymuşdur. Azərbaycan və Britaniya xalqları
arasında dostluq münasibətlərinin, eləcə də
təhsil, elm və mədəniyyət sahələrində əlaqələrin
inkişafında tarixi əhəmiyyət daşıyan bu saziş
imzalandığı gündən iki ölkə arasında qarşılıqlı
anlaşmaya geniş zəmin yaratmışdır. Bundan sonra
British Council Azərbaycanda fəaliyyətini
genişləndirmişdir. Sazişin 14-cü maddəsinə
əsasən British Council iki ölkə arasında təhsil,
elm və mədəniyyət sahəsində əməkdaşlıqda Böyük
Britaniya hökumətinin əsas vasitəçisidir.
Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə
British Councilin səmərəli fəaliyyəti Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyev və
Birləşmiş Krallığın Baş naziri Toni Bleyerin
1998-ci il iyulun 21-də imzaladıqları birgə
bəyannamədə də qiymətləndirilmişdir.
Bəyannamənin 10-cu maddəsində qeyd olunmuşdur: "Hər
iki lider British Councilin Azərbaycanda ingilis
dilinin tədrisi, təhsil, elm, texnika və
mədəniyyət sahələrini əhatə edən genişlənmiş
fəaliyyətini xüsusilə bəyəndilər".
1998-ci ilin mayında British Council-in rəsmi
dəvəti ilə Azərbaycan Respublikası Təhsil
Nazirliyinin nümayəndə heyəti Böyük Britaniyaya
səfər etmişdir. Səfər nəticəsində Azərbaycan
Respublikası Təhsil Nazirliyi ilə British
Council arasında əməkdaşlıq haqqında Saziş və
Niyyət Memorandumu imzalanmışdır. Bu Memorandum
Azərbaycan Respublikası Təhsil Nazirliyi
nümayəndə heyətinin Böyük Britaniyanın Təhsil
Sahəsində Mübadilələr üzrə Mərkəzi Büro arasında
keçirilmiş görüşün və fikir mübadilələrinin
nəticəsində imzalanmışdır. Görüş British Council
tərəfindən təşkil edilmişdir. Həmin görüşdə
Təhsil Sahəsində Mübadilələr üzrə Mərkəzi
Büronun direktorluğunu Qraham Devid təmsil
etmişdir. Görüş zamanı qarşılıqlı maraq kəsb
edən məktəblər və kolleclər arasında əlaqələr,
ingilis dilinin tədrisi, müəllim və məktəb
rəhbərlərinin mübadiləsi kimi məsələlər müzakirə
edilmişdir.
Memoranduma əsasən tərəflər 1998-ci ilin may-dekabr
ayları ərzində aşağıdakı tədbirlərin həyata
keçirilməsi haqqında razılığa gəlmişlər:
1. Təhsil sahəsində mübadilə üzrə Mərkəzi Büro
Azərbaycanın məktəb və kollecləri üçün Böyük
Britaniyada tərəfdaş məktəblərin axtarılmasında
köməklik göstərəcəkdir. Əsas diqqət ümumtəhsil
sektoruna yönəldiləcəkdir.
2. Məktəblər arasında stabil və qarşılıqlı
faydalı əlaqələr yaradılandan sonra Mərkəzi Büro
tərəfdaş tədris müəssisələri arasında
eksperimental məktəb rəhbərləri mübadiləsi
layihəsinə yardım məsələsinə baxacaqdır.
3. Azərbaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan Respublikasının Böyük Britaniyadakı
səfirliyi vasitəsilə Azərbaycanda fəaliyyət
göstərən Böyük Britaniya şirkətləri haqqındakı
məlumatı həmin şirkətlərə beynəlxalq təhsil
layihəsinə sponsorluq üçün müraciət etmək
məqsədi ilə təmin edəcəkdir.
4. Müvafiq fondlar mövcud olduğu təqdirdə,
ingilis dili sahəsində birtərəfli konsultativ
yardım proqramlarının həyata keçirilməsi
məsələsinə Mərkəzi Büro tərəfindən baxılacaqdır.
Həmin proqramda iştirak etmək niyyətini bildirən
Müəllim Təşkilatları haqqında məlumatı Təhsil
Nazirliyinə çatdırmaq məqsədilə Azərbaycan
Respublikasının Böyük Britaniyadakı səfirliyinə
təqdim ediləcəkdir.
5. Avropa Komissiyası (TASİS), Avropa
Yenidənqurma və İnkişaf Bankı və ya digər
maliyyə mənbələri tərəfindən Azərbaycanda
təhsilin inkişafına müəyyən fondlar ayrıldığı
təqdirdə, Böyük Britaniyada ikitərəfli və
çoxtərəfli layihələrdə iştirak etmək məqsədilə
mümkün tərəfdaşların müəyyən edilməsində Mərkəzi
Büro öz yardımını göstərəcəkdir.
British Council Azərbaycanda aşağıdakı
istiqamətlərdə fəaliyyət göstərir:
-Müəllimlərin təkmilləşdirilməsi üzrə
seminarların keçirilməsi;
İngilis dili müəllimlərinin Britaniyada yay
məktəblərində təkmilləşmə kursları keçməsinin
maliyyələşdirilməsi;
-Şirkətlər və qeyri-hökumət təşkilatları üçün
idarəetmə-menecment üzrə təlimlər;
-İncəsənət və elm sahələrində görüşlər və
informasiya mübadiləsi;
-Britaniyada təhsil, incəsənət və mədəniyyət
haqqında seminarların təşkil olunması;
-Təhsilin maliyyələşdirilməsi, ingilis dilinin
tədrisi mərkəzlərində keyfiyyətə nəzarət
sahələrində mütəxəssislərin başqa ölkələrə
səfərlərinin maliyyələşdirilməsi;
- Təhsil Nazirliyi ilə birlikdə ali və orta
məktəblərdə müəllimlər üçün "İngilis dilinin
tədrisi metodikası", "Böyük Britaniyada təhsil
və mədəniyyət tarixi" mövzusunda seminarların
keçirilməsi;
- British Council ekspertləri tərəfindən ali
təhsil müəssisələrinin ingilis dili müəllimləri
üçün "İngilis dilinin tədrisinin müasir
metodikası" üzrə seminarların keçirilməsi;
- İngilis dilinin tədrisi üçün dərsliklərin və
vəsaitlərin hazırlanması;
- İngilis dilinin tədrisi ilə məşğul olan dövlət
və qeyri-dövlət təşkilatlarına tədris metodları
haqqında kitabların və müəllimlər üçün ingilis
dili kursları, lüğətləri və məlumat
kitabçalarının hədiyyə edilməsi;
- İncəsənət sahəsində tədbirlərin
maliyyələşdirilməsi.
British Council Təhsil Nazirliyi ilə əməkdaşlıq
çərçivəsində Azərbaycanda təhsil sahəsində
çoxsaylı layihə və proqramlar həyata keçirir.
Həmin layihə və proqramlar barədə məlumatları
diqqətə çatdırmaq istərdim.
Azərbaycan İngilis Dili Müəllimləri
Assosiasiyasına dəstək (AzETA) layihəsi. Bu
layihə British Councilin Azərbaycanda həyata
keçirdiyi əhəmiyyətli layihələrdən biridir.
Layihə 2003-cü ildən başlanmışdır. Əsas məqsəd
Azərbaycan İngilis Dili Müəllimləri
Assosiasiyasının geniş tanınması və davamlı
infrastrukturunun qurulmasına kömək etməkdir.
Layihə çərçivəsində İcra Şurası yaradılmış,
Bakıda baş ofis və 4 regionda - Şəki, Xaçmaz,
Mingəçevir, Gəncədə yerləşən filiallardan ibarət
infrastruktur, xüsusi maraq qrupları təşkil
edilmiş, İnternet saytı (www.az-eta.org)
yaradılmışdır. Hazırda AzETA-nın 600-dən çox
üzvü vardır.
Hazırda "Gənc ingilis dili müəllimləri" layihəsi
AzETA tərəfindən həyata keçirilir. Eyni zamanda
bu təşkilat ingilis dili müəllimləri üçün
seminarlar, təlimlər, konfranslar təşkil edir,
ingilis dilinin tədrisi metodikasının
təkmilləşdirilməsi istiqamətində səylər göstərir.
İngilis dilinin tədrisi sahəsində layihələr.
British Council Azərbaycanda ingilis dilinin
tədrisi sahəsində layihələr həyata keçirir. Bu
layihələr vasitəsilə British Council
Azərbaycanda ingilis dili müəllimlərinin
təkmilləşdirilməsi vasitəsilə müəllimlərin
peşəkar inkişafını dəstəkləyir. Layihə müasir
təlimin aspektləri, dərsliklərin
qiymətləndirilməsi, şagird nailiyyətlərinin
qiymətləndirilməsi, yeni ingilis dili
kurikulumunun nəzərdən keçirilməsi, innovativ
layihə modulu, tədrisin təkmilləşdirilməsi,
dərsin səmərəli planlaşdırılması və müşahidə,
müəllimlərin ixtisasının artırılması və digər
sahələri əhatə edir.
Müəllimləri Təkmilləşdirmə Layihəsi (İNSETT -
in-service teacher training). I mərhələ. Layihə
2003-2005-ci illəri əhatə etmişdir. Həmin müddət
ərzində ümumilikdə 100 kaskad təlim sessiyası
keçirilmişdir. 19 təlimçi müəllim kaskad təlim
seminarlarını aparmış, 500 nəfər ingilis dili
müəllimi kaskad təlimlərindən keçmişdir. Layihə
çərçivəsində 12000 nəfər şagird yeni
metodologiya və təlim materiallarının istifadəsi
ilə keçilən dərslərdən faydalanmışdır.
Müəllimləri Təkmilləşdirmə Layihəsi (İNSETT) II
mərhələ. Bu mərhələ 2005-2006-cı illəri əhatə
etmiş, layihə çərçivəsində Ucar, İsmayıllı və
Şirvan şəhərlərindən olan 22 ingilis dili
müəllimi 5 birhəftəlik intensiv seminarda
iştirak etmişdir. 20 kaskad təlim sessiyası
keçirilmişdir. 19 təlimçi müəllim kaskad təlim
seminarlarını aparmışdır. 240 nəfər ingilis dili
müəllimi kaskad təlimlərindən keçmişdir. Layihə
çərçivəsində 5000 nəfər şagird yeni metodologiya
və təlim materiallarının istifadəsi ilə keçilən
dərslərdən faydalanmışdır.
Müəllimləri Təkmilləşdirmə Layihəsi (İNSETT) III
mərhələ. Bu mərhələ 2007-2008-ci illəri əhatə
etmişdir. Layihə çərçivəsində Azərbaycan
Müəllimlər İnstitutunun 11 filialından 25
müəllim və metodist 5 birhəftəlik intensiv
seminarda iştirak etmişdir. 100 kaskad təlim
sessiyası keçirilmişdir. 20 nəfər təlimçi
müəllim kaskad təlim seminarlarını aparmışdır.
425 nəfər ingilis dili müəllimi kaskad
təlimlərindən keçmişdir. 35000 nəfər şagird yeni
metodologiya və təlim materiallarının istifadəsi
ilə keçilən dərslərdən faydalanmışdır. AMİ və
onun filiallarından 22 təlimçi müəllim
təlimlərdən keçmişdir.
Layihə Təhsil Nazirliyi, Azərbaycan Müəllimlər
İnstitutu və British Council əməkdaşlarından
ibarət xüsusi yaradılmış idarə heyəti tərəfindən
idarə olunur. Müəllimləri təkmilləşdirmə
layihələri aşağıdakı nəticələrin əldə edilməsinə
zəmin yaratmışdır:
-İNSETT komandası uzunmüddətli ingilis dili
təlimi proqramını hazırlamış və AzETA, Bakı
Pedaqoji Kadrların İxtisasartırma və
Yenidənhazırlanma İnstitutu, Azərbaycan
Müəllimlər İnstitutu və Azərbaycan Dillər
Universiteti kimi yerli təşkilatlar tərəfindən
həyata keçirilməsi üçün təqdim etmişdir;
-təlim proqramı üçün yeni materiallar
toplanmışdır;
-ayrı-ayrı müəllimlər tərəfindən 2-illik proqram
zamanı bütün müəllimlərin istifadə edə
biləcəkləri layihələr tərtib edilmişdir;
-gələcək trenerlərin hazırlanması üçün təlimlər
apara biləcək İNSETT sertifikatı olan 42
nəfərdən ibarət peşəkar və təcrübəli trenerlər
komandası yaradılmışdır;
-Azərbaycanda müasir ingilis dili tədrisinin
hərtərəfli hesabatını özündə əks etdirən
tədqiqat aparılmışdır;
-layihə çərçivəsində işlənib hazırlanmış
materiallar İnternetdə yerləşdirilməklə bütün
müəllimlərin istifadəsinə verilmişdir.
Gənc ingilis dili müəllimləri layihəsi (NQT). Bu
regional layihə gənc ingilis dili müəllimləri
üçün təlimləri nəzərdə tutur. AzETA bu layihənin
həyata keçirilməsində əsas tərəfdaşdır.
Layihə 50 nəfər Gəncə, 40 nəfər Sumqayıt,
həmçinin 60 nəfər Bakı məktəb və liseyindən olan
gənc ingilis dili müəllimlərini əhatə edir.
Təlimlər Rumıniya və Bolqarıstanda təlim keçmiş
6 yerli mütəxəssis tərəfindən uğurla həyata
keçirilmişdir. İlk seminar Gəncə, Sumqayıt və
Bakıda 2007-ci ilin yanvarında, növbəti seminar
həmin ilin aprel ayında olmuşdur.
İngilis dilinin tədrisi sahəsində İNSETT
heyətinin işləyib sınaqdan keçirdiyi
uzunmüddətli ixtisasartırma proqramı milli
səviyyədə yayılaraq AMİ tərəfindən mənimsənilib.
AMİ bu təcrübədən yararlanaraq yalnız ingilis
dili müəllimlərinin deyil, digər fənn
müəllimlərinin ixtisasının artırılması sahəsində
də yeni sistemi tətbiq etmişdir.
British Councilin Təhsil Nazirliyi ilə birgə
həyata keçirdiyi müəllimlərin təkmilləşdirilməsi
layihələri uğurlu olmuşdur. Həmin layihələrin
məqsədi Azərbaycanda təhsil islahatlarına uyğun
olaraq ingilis dili müəllimləri üçün ingilis
dilinin tədrisi sahəsində ən son nailiyyətləri
əks etdirən müasir və effektiv ixtisasartırma/təkmilləşdirmə
sisteminin yaradılması, ingilis dilinin
tədrisində fəal/interaktiv təlim metodlarının və
yeni pedaqoji texnologiyaların tətbiqidir. Həmin
layihələrdən ümumilikdə 2000-dək müəllim, 54000
şagird faydalanmış, layihələr çərçivəsində 250
kaskad təlimləri keçirilmiş, 77 nəfər təlimçi
hazırlanmış, 23 nəfər "öyrədənlərin öyrədəni"
təcrübə mübadiləsi məqsədilə xarici ölkələrdə, o
cümlədən Böyük Britaniyada səfərdə olmuş,
layihələrə cəlb olunmuş müəllimlər tərəfindən
təlim materialları və tədris vəsaitləri
hazırlanmışdır. İngilis dilinin tədrisi
sahəsində layihələr üzrə nailiyyətlərin əldə
edilməsində, ingilis dili müəllimlərinin
ixtisasının artırılması üzrə səmərəli sistemin
yaradılmasında British Councilin proqramlar üzrə
rəhbəri Gülşən Hüseynovanın xüsusi xidmətləri
olmuşdur.
Müəllimlərin təkmilləşdirilməsi üzrə British
Council tərəfindən həyata keçirilən layihələr
Azərbaycanda öz peşəkarlığı və səriştəliliyi ilə
fərqlənən, müasir təlim texnologiyalarına, fəal/interaktiv
təlim metodlarına yiyələnmiş ingilis dili
müəllimlərinin formalaşmasına zəmin yaratmışdır.
Təhlil göstərir ki, Azərbaycan Respublikası
Prezidentinin Sərəncamına əsasən 2008-ci ildən
keçirilməyə başlayan "Ən yaxşı müəllim"
müsabiqəsində iştirak edənlər arasında ingilis
dili müəllimləri daha üstünlük təşkil edir. Belə
ki, 2008-ci ildə keçirilən müsabiqədə 45 ingilis
dili müəllimi iştirak etmiş, onlardan 18 nəfəri
ən yaxşı 100 müəllim sırasına daxil olmuşdur.
2009-cu ildə də 69 ingilis dili müəllimi
müsabiqə iştirakçısı olmuş, onlardan 21 nəfəri
qalib adını qazanmışdır.
İngilis dilinin intensiv tədrisi layihəsi.
Azərbaycan müstəqillik əldə etdikdən sonra dünya
birliyinə inteqrasiya meyillərinin artması,
beynəlxalq əməkdaşlığın genişlənməsi xarici
dillər sahəsində müvafiq kompetensiyalara malik
gənc nəslin formalaşdırılmasını daha zəruri
etmişdir. Bu amil isə xarici dillərin tədrisinin
təkmilləşdirilməsini, beynəlxalq təcrübədə
uğurla istifadə olunan metodikaların ölkəmizdə
də tətbiqini xeyli aktuallaşdırmışdır. İndiki
zamanda bir və ya bir neçə xarici dil bilmək
artıq həyati tələbat hesab olunur.
Təəssüflə qeyd etmək istərdim ki, sovet
dövründəki təlim ənənəsinə uyğun olaraq
müstəqillik illərində də xarici dillərin tədrisi
şagirdlərdə nitq bacarıqlarının
formalaşdırılmasından çox qrammatik qaydaların
mənimsədilməsinə xidmət etmişdir. Bu səbəbdən,
sirr deyil ki, əksər hallarda şagirdlər xarici
dili məktəbdə yox, daha çox həmin dilin
daşıyıcıları olan insanlarla ünsiyyətdə
öyrənirlər.
Təhlil göstərdi ki, ölkəmizin ümumtəhsil
məktəblərində xarici dillərin tədrisi sahəsində
mövcud olan problemlər, əsasən, proqram və
dərsliklərin, tədris metodikasının müasir
tələbləri ödəməməsi və sagirdyönümlü olmaması,
bir çox müəllimlərin peşəkarlıq səviyyəsinin,
mövcud ixtisasartırma sisteminin müasir
tələblərə cavab verməməsi ilə bağlıdır.
Mövcud problemlərin aradan qaldırılması üçün
xarici dillər intensiv tədris edilməli, bunun
üçün ünsiyyət əsaslı (kommunikativ) yanaşma
metodikasına üstünlük verilməsi, müəllimlərin
peşəkarlıq səviyyəsinin artırılması sahəsində
müasir və effektiv ixtisasartırma/təkmilləşdirmə
sistemi tətbiq edilməlidir.
Bununla əlaqədar British Councilə müraciət etdik
və birgə layihənin reallaşdırılması barədə
razılığa gəldik. 2008-2009-cu dərs ilindən
layihənin həyata keçirilməsi üçün ilkin olaraq
Bakı şəhərində 7 pilot məktəbi müəyyənləşdirdik:
Bakı şəhərindəki 7, 23, 27 nömrəli məktəblər, 6
nömrəli məktəb-lisey, Ankara məktəb-lisey, "İstedad"
Beynəlxalq Təhsil Kompleksi (134 nömrəli məktəb)
və S.C.Pişəvəri adına Humanitar fənlər
gimnaziyası. Bu məktəblər təsadüfən
seçilməmişdir, çünki həmin məktəblərdə uzun
müddət xarici dillər, o cümlədən ingilis dili
dərindən öyrədilmişdi və lazımi kadr potensialı
var idi.
Layihə ilkin mərhələdə 7 məktəb üzrə 41 sinifdə
1085 birinci sinif, 37 sinifdə 1077 beşinci
sinif şagirdi olmaqla ümumilikdə 78 sinfi, 2162
şagirdi əhatə etmişdi.
British Council ilə birlikdə müəyyənləşdirilmiş
məktəblərin direktorları, ingilis dili
müəllimləri ilə çoxsaylı görüşlər keçirildi.
Məktəblərin I və V siniflərində ingilis dilinin
intensiv tədrisinə başlanılması üçün yeni tədris
planları tərtib edildi, proqramları hazırlandı
və təsdiq edildi, dərsliklər müəyyənləşdirildi.
Qabaqcıl ingilis dili müəllimləri və British
Council ilə müzakirələrdən sonra həmin
siniflərdə tədris prosesində istifadə ediləcək
milli dərsliklərlə yanaşı, Kembric
Universitetinin nəşr etdiyi və Böyük Britaniyada
uğurla tətbiq edilən, Azərbaycan üçün məqbul
olan dərslik komplektləri müəyyənləşdirildi.
Hazırda müəllimlər və şagirdlər həmin dərslik
komplektləri ilə təmin olunmuşdur. Bu mərhələdə
ən əhəmiyyətli məsələlərdən biri də pilot
siniflərində dərs deyəcək müəllimlərin seçilməsi
idi. Məktəb rəhbərləri ilə birlikdə ingilis
dilini intensiv tədris edəcək 55 müəllim seçildi.
British Councilin təcrübəli və səriştəli
təlimçiləri tərəfindən təlim seminarlarının
proqramı hazırlandı. Böyük Britaniyadan
mütəxəssis dəvət edilməklə həmin müəllimlər üçün
üç təlim seminarı keçirildi və onlara British
Council və Təhsil Nazirliyinin müvafiq
sertifikatları təqdim olundu.
Onu da qeyd etmək lazımdır ki, ingilis dilinin
intensiv tədrisi layihəsi British Councilin
mütəxəssisləri tərəfindən daim müşahidə olunur.
Daha geniş monitorinq isə 2009-cu ilin
noyabrında aparılmışdır. Monitorinq prosesində
pilot məktəblərin ingilis dilini tədris edən
bütün müəllimlərinin dərsləri dinlənilmiş və
geniş təhlil edilmişdir. Monitorinqin
nəticələrinə əsasən hər bir müəllimin
fəaliyyətinin təhlilini və müvafiq tövsiyələri
özündə əks etdirən geniş hesabat hazırlanıb
Təhsil Nazirliyinə təqdim edilmişdir. Bu
hesabatlar pilot məktəblərin rəhbərləri və
müəllimlərlə birlikdə müzakirə edilmiş və
fəaliyyətdə nəzərə alınması üçün müvafiq
məktəblərə təqdim edilmişdir. Eyni zamanda
monitorinqin nəticələri ingilis dilini intensiv
tədris edən müəllimlər üçün daha bir təlim
seminarının keçirilməsi üçün də əsas olmuşdur.
2009-2010-cu dərs ilindən layihənin əhatə
dairəsi daha da genişləndirilmiş, 7 pilot
məktəbin həm I, V, həm də II, VI siniflərində
ingilis dili intensiv tədris edilməyə
başlanmışdır. Hazırda pilot məktəblərin 35 I
sinfində 1063 şagird, 39 II sinfində 1056 şagird,
31 V sinfində 817 şagird, 34 VI sinfində 924
şagird ingilis dilini intensiv öyrənməkdədir.
Həmin siniflərdə 100 müəllim ingilis dilini
tədris edir.
British Council ingilis dili tədrisi ilə bağlı
Azərbaycanda digər xidmətləri də həyata keçirir:
təşkilatın Tədris Mərkəzində bütün bilik
səviyyələri üçün ingilis dili üzrə təlim
kursları; ingilis dilini Böyük Britaniyada
öyrənməyi arzulayanlar üçün yerləşdirmə
xidmətləri; ingilis dilinin öyrənilməsi və
tədrisini dəstəkləməklə Böyük Britaniyada təhsil
almaq imkanları haqqında məlumatın verilməsi və
bu yönümdə imtahanların təşkil edilməsi.
Təbiət fənləri üzrə müəllimlərin təlimləri
layihəsi. Məhz ingilis dili müəllimlərinin
ixtisasının artırılması üzrə yaradılmış səmərəli
sistem və toplanmış təcrübə bp və British
Council tərəfindən Azərbaycanda yeni bir
əhəmiyyətli layihənin - təbiət fənləri üzrə
müəllimlərin təlimləri sahəsində layihənin
başlanması üçün əsas olmuşdur. Layihə 2007 -
2010-cu illəri əhatə edir. Layihənin əsas
məqsədi fizika, kimya, biologiya fənləri üzrə
interaktiv təlim metodlarının tətbiqini inkişaf
etdirərək Azərbaycan məktəblərində tədris və
öyrənmə təcrübəsində müsbət dəyişikliklərə
dəstək verməkdir. Perspektivdə bu layihənin
məqsədi hər bir müəllimi interaktiv təlim
metodları ilə tanış edərək bütün ölkə üzrə orta
məktəblərdə təbiət fənlərinin tədrisi
səviyyəsini yüksəltməkdir. Layihə British
Council Azərbaycan və onun tərəfdaşları-Təhsil
Nazirliyi, AMİ, Böyük Britaniyanın Təbiət
Elmlərinin Öyrənilməsi üzrə Milli Mərkəzi
(National Science Learning Centre) və bp
Azərbaycan tərəfindən icra olunur. Layihənin üç
mərhələdə həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Birinci mərhələnin məqsədi əsas təlimçi qrupunu
müəyyən edərək peşəkar bacarıqları inkişaf
etdirməkdir. Bu mərhələdə AMİ və onun
filiallarından 30 müəllim, 5 pedaqoji profilli
ali təhsil müəssisəsindən 10 müəllim, 5 rayondan
seçilmiş pilot məktəblərindən 15 müəllim,
universitet rəhbərləri, rayon təhsil şöbələrinin
nümayəndələrindən, məktəb direktorlarından
ibarət 15 nəfərlik heyət təlimlərə cəlb
edilmişdir.
İkinci mərhələdə 5 rayonun hər birində daha 5
məktəb layihəyə cəlb olunmuş və onların hər
birində 6 müəllim təlimdən keçmişdir. Əsas
təlimçi qrupu təbiət fənləri üzrə 250 müəllimə
təlim kursları keçmişdir.
Üçüncü mərhələdə təbiət fənləri üzrə yeni
kurikulumun tətbiqinə dəstək üçün tədris
materialları işlənib hazırlanacaq. Layihənin
sonuna 3000-dən artıq müəllim interaktiv təlim
metodları üzrə treninqlərdən keçəcək və əldə
edilən təcrübəni bütün ölkə üzrə təbiət fənn
müəllimləri arasında yayacaq.
Britaniya Çivninq Təqaüdü Proqramı. Bu təqaüdlər
xarici tələbələrə Birləşmiş Krallıqda təhsil
alma imkanı vermək üçün təsis olunmuşdur.
Təqaüdlər Britaniya Xarici və Krallıq İşləri
İdarəsi tərəfindən maliyyələşdirilir. Onlar,
Azərbaycan da daxil olmaqla, 150-dən çox ölkədə
təqdim olunur və bütün dünyada gələcək liderlər,
idarəetmə sahəsində çalışan və digər
mütəxəssislərə Birləşmiş Krallıqla yaxından
tanış olmaq və təmsil etdikləri ölkələrə fayda
verə biləcək peşə səviyyəsinə yiyələnmək imkanı
verir. Təqaüdlərin əksəriyyətində birillik
magistr kursu və ya ona ekvivalent bir kurs
nəzərdə tutulur. Proqram çərçivəsində 3 aydan 6
aya qədər davam edən qısa məzuniyyət kursları
üçün də maliyyə yardımı verilə bilir. Proqramda
iştirak üçün 25-35 yaşları arasında ali təhsili
və ən azı üç il ixtisas təcrübəsi olan, ingilis
dilini lazımi səviyyədə bilən və beynəlxalq
münasibətlər, beynəlxalq təhlükəsizlik,
beynəlxalq hüquq, insan hüquqları, kənd
təsərrüfatının inkişafı və aqrobiznes,
iqtisadiyyatın inkişafı, ətraf mühit və iqlim
təhlükəsizliyi siyasəti, avropaşünaslıq,
idarəetmə elmləri, ictimai idarəetmə, QHT-lərin
idarəolunması sahələri üzrə ixtisaslaşmış
səxslər müraciət edə bilərlər. 1993-cü ildən
Britaniya Çivninq Təqaüdləri Proqramı
çərçivəsində Birləşmiş Krallıqda Azərbaycandan
62 təqaüdçü təhsil almışdır.
bp təqaüdü Proqramı. Azərbaycanın
iqtisadi-sosial inkişafı və əhalinin rifahının
yaxşılaşdırılması məqsədilə müxtəlif sahələrdə
yerli gənc mütəxəssislər üçün Böyük Britaniyada
magistr və qısamüddətli kurslar proqramıdır.
2007-2008-ci illərdə həyata keçirilən proqram
gənc azərbaycanlı mütəxəssislərə respublikanın
dayanıqlı inkişafı üçün töhfə vermək məqsədilə
peşəkarlıq səviyyəsini artırmağa imkan vermişdir.
İştirak şərtləri Çivninq Proqramında olduğu
kimidir və bu Proqram ictimai idarəetmə,
iqtisadiyyat, bank işi, maliyyə və mühasibat
sahələrini əhatə edir. Həyata keçirildiyi
müddətdə Proqram üzrə Azərbaycan üçün 8 təqaüd
ayrılmışdır.
(Ardı var)
Misir MƏRANOV,
Azərbaycan Respublikasının
təhsil naziri, fizika-riyaziyyat
elmləri doktoru, professor |