Heydər Əliyev Fondu Gürcüstandakı
azərbaycanlıların təhsilinə müntəzəm dəstək və
yardım göstərir. İndiyədək azərbaycanlıların
yığcam məskunlaşdığı Kvemo Kartli-Borçalı
bölgəsində uzun illər təmir olunmamış bir neçə
məktəb binası Fondun dəstəyi ilə əsaslı surətdə
yenidən qurulub. Belə təhsil ocaqlarından biri
də Marneuli şəhərindəki 7 nömrəli Azərbaycan
ümumi məktəbidir.
Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı
surətdə bərpa olunmuş məktəbin martın 11-də
açılış mərasimi keçirilib. Tədbiri Gürcüstan
təhsil və elm naziri Dmitri Şaşkin açaraq, belə
xeyirxah işə görə Heydər Əliyev Fonduna, onun
prezidenti Mehriban xanım Əliyevaya təşəkkürünü
bildirib. Nazir deyib ki, bu il Fondun yardımı
ilə bölgədə üç məktəb binası əsaslı bərpa olunub.
Azərbaycanlı tərəfdaşlarımız bu istiqamətdə
işləri davam etdirmək niyyətindədirlər, biz
onları alqışlayır, uğur diləyirik. D.Şaşkin əmin
olduğunu bildirib ki, yaxşı şərait tədrisin və
təlimin yüksək səviyyədə təşkilinə imkan
yaradacaqdır.
Heydər Əliyev Fondunun icraçı direktoru Anar
Ələkbərov Fondun prezidenti, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevanın xoş
arzularını tədbir iştirakçılarına çatdırıb.
A.Ələkbərov müasir tələblərə uyğun təmir olunan
məktəb binasının şagirdlərin elmin sirlərinə
daha yaxşı yiyələnmələrinə imkan yaradacağına
əmin olduğunu söyləyib. A.Ələkbərov bildirib ki,
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım
Əliyevanın tapşırığına əsasən bölgədə daha bir
neçə məktəb binasının yenidən qurulması, yeni
məktəb binalarının inşası da planlaşdırılıb.
Gürcüstan parlamentinin deputatı Azər Süleymanov
belə bir xeyirxah işə görə Gürcüstan
azərbaycanlıları adından Azərbaycan
Respublikasının rəhbərliyinə və Heydər Əliyev
Fondunun prezidenti Mehriban xanım Əliyevaya
minnətdarlığını bildirib.
Marneuli resurs-təhsil mərkəzinin rəhbəri
Kamandar İsmayılov Fondun gürcüstanlı
soydaşlarımıza qayğı və diqqəti əsirgəmədiyindən,
məktəblərin təmirində, lazımi dərsliklə,
avadanlıqla təmin olunmasında uğurlu
fəaliyyətindən danışıb.
Marneulidəki 7 nömrəli ümumi məktəbin direktoru
Vahid İbrahimov belə bir hədiyyəyə görə təhsil
ocağının kollektivi adından Mehriban xanım
Əliyevaya minnətdarlığını bildirib.
Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Namiq
Əliyev, Kvemo Kartli-Borçalı bölgəsinin
qubernatoru David Kirkitadze, Marneuli rayon
rəhbərliyi iştirak ediblər.
Y.ƏLİYEV |