Xəbər verildiyi kimi, fervalın 23-də BMT Baş
Məclisinin 64-cü sessiyasında təşkilatın üzvü
olan dövlətlərin nümayəndələri Azərbaycanın
təşəbbüsü ilə martın 21-nin "Beynəlxalq Novruz
Günü" kimi qeyd olunması barədə qətnaməni
yekdilliklə qəbul etmişlər.
Xalqımızın ən əziz bayramlarından olan Novruzun
dünyada təbliğini qarşısına məqsəd qoyan
Azərbaycan Dövlət Teleqraf Agentliyi - AzərTAc
milli mədəniyyətimizin və adət-ənənələrimizin
tarixində mühüm yer tutan qədim bayramımızın
ABŞ-da tanınması üçün mart ayında Kaliforniya
ştatının məktəblərində "Novruz" mövzusunda
xüsusi dərslərin keçilməsi təşəbbüsü ilə çıxış
edib. Agentliyin ABŞ üzrə nümayəndəliyinin
Kaliforniya ştatının Monterey yarımadasının
Təhsil Dairəsi ilə birgə reallaşdırdığı layihəyə
əsasən, yerli məktəblərdə Novruz çərşənbələri
ilə bağlı təqdimatlar keçirilib.
AzərTAc-ın xüsusi müxbiri Şəfəq Mehrəliyeva
məktəblilər qarşısında çıxış edərək, Novruz
bayramının təkcə Azərbaycanda deyil, həm də
Balkanlar, Orta Asiya, Yaxın Şərq bölgələrində
dünyanın 300 milyon əhalisi tərəfindən qeyd
edildiyi barədə danışıb. Azərbaycanda Bahar
bayramının xüsusi təmtəraqla keçirildiyini qeyd
edən jurnalist, azərbaycanlı uşaqların sevimli
Novruz ənənələrini amerikalı məktəblilərlə
bölüşüb. Məktəblilərə Azərbaycan haqqında,
ölkəmizin yerləşdiyi coğrafi məkan, onun iqlimi,
paytaxtı və əhalisi barədə də ətraflı məlumat
verilib. Amerikalı məktəblilər "Novruz"
dərslərindən öyrəndiklərini təhlil edərək
yumurta boyanması, papaq atılması, təmizlik
işlərinin görülməsi, bayramda ailə üzvlərinin
bir yerə toplaşması kimi ənənələrin ABŞ-ın Pasxa,
Şükranlıq, Hallovin kimi bayramlarında da tətbiq
edildiyini bildiriblər. Məktəblilər onlara
hədiyyə edilən Novruz xonçasındakı milli
şirniyyatlarımızdan məmnuniyyətlə dadıblar.
Monterey yarımadasındakı Marina şəhərinin
ibtidai məktəbində keçilən "Novruz" dərslərinin
birində şəxsən iştirak edən Montereyin
vitse-meri Nənsi Selfric Şəfəq Mehrəliyevaya
məktəblilərin dünya haqda biliklərinin artmasına
verdiyi töhfəyə görə minnətdarlığını bildirib.
Amerikalı məktəblilərin Azərbaycan haqqında
öyrəndikləri məlumatların qarşılıqlı mədəni
anlaşmanın inkişafına xidmət etdiyini vurğulayıb.
AzərTAc-ın nümayəndəsi vitse-mer Nənsi Selfricə
Novruz hədiyyəsi olaraq Azərbaycan ipəyinin
rəmzi sayılan Şəki kəlağayısı hədiyyə edib.
Y.ƏLİYEV |