Həmsöhbətim Sabir Kamil oğlu Məmişov sadə bir
həyat yolu keçib. 1953-cü ildə anadan olub.
1971-ci ildə orta məktəbi, 1975-ci ildə isə ali
məktəbi bitirib. Ali məktəbi bitirdikdən sonra
müə\llim kimi fəaliyyətə başlayıb. Azərbaycan
Elmlər Akademiyasının Riyaziyyat İnstitutunda
elmi işçi işləyib. 1990-cı ildən isə Yasamal
rayonundakı 20 nömrəli məktəb-liseydə
riyaziyyat müəllimi kimi fəaliyyət göstərir.
Bunun 3 ilini (2002-2005-ci il) direktor müavini
işləmişdir. İş təcrübəsi dəfələrlə respublika
mətbuatında, radio və televiziyada
işıqlandırılmış, riyaziyyatdan apardığı "açıq
dərs" "Mir" telekanalı vasitəsilə MDB
ölkələrində nümayiş etdirilmişdir. Riyaziyyata
aid çoxlu dərs vəsaitlərinin, riyaziyyat
tədrisinin aktual problemləri, ayrı-ayrı
mövzuların tədrisinə dair çoxsaylı məqalə və
referatların müəllifidir. Azərbaycan
müəllimlərinin XII və XIII qurultaylarının
nümayəndəsi olmuşdur. Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə
2007-2008-ci tədris ilində keçirilmiş "Ən vaxşı
müəllim" müsabiqəsinin qalibi olub.
Bahar özü ilə ailələrə, evlərə şadlıq, sevinc
bəxş edir. Novruz bayramı ərəfəsində insanlar
bir-birini təbrik edir, ürəklərdə sevinc
yaşanır, bir-birlərinin evlərinə gedir,
söhbətləşirlər. Biz də Novruz bayramı ərəfəsində
Yasamal rayonundakı 20 nömrəli məktəb-liseyin
qabaqcıl riyaziyyat müəllimi, respublikanın
əməkdar müəllimi Sabir Məmişovla söhbət etdik.
Sabir müəllimi tapmaq o qədər də çətin olmadı.
Birinci mərtəbədə oturmuş ahıl qapıçı bildirdi
ki, dəhlizin axırındakı kabinet Sabir
müəllimindir. Kabinetə daxil olduq. Sabir
müəllim bizi görən kimi ayağa qalxdı və köhnə
tanışlar kimi görüşüb hal-əhval tutduq:
- Sabir müəllim, Novruzqabağı özünüzü necə hiss
edirsiniz?
- Lap yaxşı. Həmişə Novruz bayramında ikiqat
sevinirəm. Düz 10 il bundan qabaq Novruz
ərəfəsində ümummilli liderimiz Heydər Əliyevin
Sərəncamı ilə "Azərbaycan Respublikasının
əməkdar müəllimi" adına layiq görülmüşəm. Ona
görə də hər dəfə Novruz gələndə daha çox
sevinirəm.
- Sabir müəllim, ailə üzvləriniz neçə
nəfərdən ibarətdir?
- Bir oğlum, iki qızım, üç nəvəm var. Həyat
yoldaşım Nina Hüseynova evdar qadındır. Oğlum
İqtisad Universitetini bitirib, Əhalinin Əmək və
Sosial Müdafiəsi Nazirliyində işləyir. Qızım
Səadət mənim yolumu gedir, bir kollektivdə
çalışırıq. Digər qızım Səbinə isə həkimdir.
Övladlarımın üçü də ailə qurub.
- Düz 20 ildir ki, bu məktəbdə çalışırsınız.
Hansı illəri daha çox uğurlu hesab edirsiniz?
- Doğrusu, bütün illər mənim üçün uğurlu olub.
Lakin ötən il isə daha çox yetirmələrimin
uğuruna sevinmişəm. Dərs dediyim şagirdlərin 57
nəfərindən 54-ü ali məktəbə, 3-ü isə orta
ixtisas məktəbinə daxil olub. Şagirdlərimdən
xarici ölkələrdə təhsil alanlar da çoxdur. ABŞ,
Fransa, Almaniya, İngiltərənin ali məktəblərində
təhsillərini davam etdirirlər. Onlar daim
İnternet vasitəsilə mənimlə əlaqə saxlayır,
bayramlarda təbrik edirlər.
- Dolanışığınız necədir, nə qədər əməkhaqqı
alırsınız?
- Üçotaqlı evim var. Oğlumun ailəsi ilə birlikdə
yaşayırıq. 350 manat əməkhaqqı alıram.
-
Bu məvacib sizi təmin edirmi?
- Desəm çatır, bu, səmimi olmaz. Yox, çatmır.
- Ailə büdcənizdə əsas nəyə daha çox pul
xərcləyirsiniz?
- Əsasən ərzağa və gündəlik tələbat mallarına.
Ət, yağ, meyvə daha çox yeyilir. Geyim şeylərinə
də pul ayırırıq.
-
Sabir müəllim, repetitorluq edirsinizmi?
- Bəli. 20-yə yaxın şagirdim var. Onları ail
məktəblərə hazırlaşdırıram. Bizdə bu işə qəribə
baxırlar. Repetitorluq dünyanın bütün
ölkələrində var. Hər bir vətəndaş əlavə bilgilər
almaq üçün repetitora müraciət edir.
Azərbaycanda bunun bir qədər ənənəvi hal
almasının səbəbini valideynlərdə görürəm. Bəzi
valideynlər övladlarının repetitor yanında
hazırlaşması ilə "fəxr" edirlər. İkincisi, aşağı
siniflərdən başlayaraq valideynlər məktəblə sıx
əlaqə saxlamırlar. Məlumdur ki, orta məktəbi "3"
və "4" qiymətlə bitirənlər həmin biliklə ali
məktəbə qəbul ola bilməzlər. Övladları IX və X
siniflərə çatdıqda valideynlərin yadına düşür
ki, onlara təhsil lazımdır. Ona görə də
övladlarını əlavə olaraq 4-5 fəndən repetitor
yanına göndərirlər. Belə vaxtda onlar
övladlarının sağlamlığı haqqında düşünmürlər.
Həm gündəlik dərsə gəlmək, eyni gündə 3-4
repetitor yanına getmək şagirddə zehni yorğunluq
yaradır. Bunun fəsadları isə bir neçə ildən
sonra büruzə çıxır.
İndi məktəblərimizin əksəriyyətində yüksək
təhsil almaq üçün hər cür şərait yaradılıb. Ölkə
rəhbərliyinin təhsilə göstərdiyi diqqət və qayğı
Azərbaycan məktəbinin gələcəyə doğru
addımlamasına böyük təkan verir.
- Dərs dediyiniz şagirdlərdən hədiyyə
almısınızmı?
- Səmimi deyirəm. Yox, almamışam. Cəmiyyətdə
belə bir fikir var ki, indi hamı alır. Bu necə
ola bilər ki, oğlum və qızım dediyin
şagirdlərdən hədiyyə umasan?
- Novruz bayramını necə qarşılayırsınız?
Bazarlıq etmisinizmi?
- Adətən bazarlığı oğlum Ramil edir. Azərbaycan
adət və ənənələrinə uyğun bayram keçiririk.
Artıq evdə paxlava, şəkərbura, qoğal bişirilib.
Bayram axşamı da plov bişiriləcək, yanında bütün
nemətləri ilə. Bayram şamı da almışıq.
- Sabir müəllim, xalqımıza nə arzulayardınız?
- Novruz bayramı münasibətilə bütün xalqımızı
ürəkdən təbrik edirəm. Arzum budur ki,
torpaqlarımız işğaldan azad olsun və biz belə
bayramları Qarabağda keçirək. Müəllimlərimizə də
xoşbəxtlik, səadət, çətin və şərəfli işlərində
uğurlar arzulayıram.
Söhbətləşdi:
Malik NOVRUZOV |