Heydər Əliyev Fondunun dəstəyi ilə Quba
şəhərindəki kütləvi məzarlıqda "Soyqırımı
memorial kompleksi" ucaldılacaqdır. Kompleks
erməni-daşnak quldur dəstələrinin Azərbaycan
torpaqlarında həyata keçirdikləri kütləvi etnik
təmizləmə və təcavüz nəticəsində bir çox
bölgələrdə qətlə yetirilmiş on minlərlə insanın
xatirəsinə həsr olunur.
XX əsrin ən faciəli soyqırımları ötən yüzilliyin
əvvəlində Azərbaycanın bir çox bölgələrində
törədilmişdir. Bu zaman on minlərlə insan erməni
vəhşiliyinin qurbanı olmuş, doğma
yurd-yuvasından didərgin düşmüş, bir çox yaşayış
məskənləri yerlə yeksan edilmişdir.
Soyqırımının həyata keçirildiyi bölgələrdən biri
də Quba şəhəri və ətraf kəndlər olmuşdur.
1918-ci ilin aprel-may aylarında Quba qəzasında
törədilmiş qırğınlarda 122 kənd tamamilə
dağıdılmışdır. Qanlı qətliamda xüsusi
qəddarlıqla öldürülən azərbaycanlılarla yanaşı,
ləzgilərin, yəhudilərin, tatların və digər milli
azlıqlara mənsub olan minlərlə insanın
zorakılığa məruz qaldığı aşkar edilmişdir.
Bu gün Quba şəhərindəki kütləvi məzarlıqda qanlı
soyqırımı qurbanlarının narahat ruhları uyuyur.
Burada ucaldılacaq "Soyqırımı memorial kompleksi"
erməni millətçilərinin cinayətkar əməllərinin
dünya ictimaiyyətinə çatdırılması, soyqırımı
qurbanlarının xatirəsinin əbədiləşdirilməsi,
eləcə də gənc nəsillərin milli yaddaşının
qorunması məqsədilə yaradılır.
Heydər Əliyev Fondunun dəstəyi ilə
mütəxəssislərdən ibarət işçi qrupu yaradılmışdır.
Bu istiqamətdə dünya təcrübəsindən bəhrələnən
mütəxəssislər "Soyqırımı memorial kompleksi"nin
bir neçə eskiz layihələri üzərində son tamamlama
işləri aparırlar.
AzərTAc |