Baharın gəlişi münasibətilə Naxçıvan Özəl
Universitetində bayram konserti keçirildi.
Konsert başlanmazdan əvvəl universitetin tədris
və elmi işlər üzrə prorektoru, dosent İbrahim
Kazımbəyli çıxış edərək Novruz bayramı
münasibətilə universitetin bütün müəllim və
tələbə kollektivini təbrik etdi.
Qeyd olundu ki, bayramlar içində bir bayram var.
Əziz, doğma, sevimli Novruz bayramı. Bu bayram
gəlişi ilə evlərə, ailələrə yeni büsat, şadlıq
və sevinc gətirir. Hamı çalışır ki, bu bayramı
yüksək təntənə ilə qeyd etsin. Hər evdə, hər
ailədə Novruz bayramına əvvəlcədən hazırlıq
işləri aparılır. Şəkərbura, paxlava, şorqoğal
bişirilir, bolluq və bərəkət rəmzi sayılan
səməni qoyulur. Bayram axşamı el tonqal başına
yığılır, küsülülər barışır, qohumlar, dostlar
bir-birinin evinə təbrikə gedir. Novruza bir ay
qalmış 4 çərşənbə qeyd edilir. Bu çərşənbələrin
hər biri insanların yaşaması üçün, həyatın
varlığı üçün vacib olan 4 ünsürdən birinə - od,
torpaq, su və havaya həsr olunur. Bu da Novruzun
ən qədim və ən müdrik bayramlardan biri olduğunu
göstərir. Novruz şənlikləri sırasında ilin axır
çərşənbəsi xüsusi yer tutur və təntənə ilə qeyd
olunur. Bu zaman məhəllələrdə, xüsusən də kənd
yerlərində uşaqlar və gənclər qapı-qapı gəzib
bayram payı toplayır, müxtəlif oyunlar
keçirirlər.
İbrahim Kazımbəyli qeyd etdi ki, bu bayramda
əməl edilən adət və inamlar yenilik, saflıq,
təmizlik, sağlamlıqla əlaqədardır. Axır
çərşənbədə təzə paltar geyinmək uğur gətirər.
Xalq arasında həmin gün ağlamaq, qara rəngli
paltar geyinmək, bayramı evdə keçirməmək pis
əlamət sayılır. Həmin gün bütün evlərdə plov
qazanı asılır. Bu çərşənbə xalq arasında ilaxır
adlanır. Xonçalarda boyanmış yumurtalar, səməni,
müxtəlif növ şirniyyatlar bayramın əsas
atributlarıdır. Axır çərşənbədən sonra Novruz
gələr. Bu, torpağın oyandığı, təbiətin
dirçəldiyi gündür, baharın gəlişidir. Prorektor
bu əziz bayram münasibətilə universitetin bütün
müəllim və tələbə kollektivini təbrik etdi və
onlara gələcək fəaliyyətlərində uğurlar
arzuladı.
Sonra geniş konsert proqramı başlandı. Konsert
proqramında universitet tələbələrinin
bir-birindən maraqlı musiqi nömrələri
iştirakçılarda xoş əhvali-ruhiyyə yaratdı.
Mina QASIMOVA,
Naxçıvan Özəl Universiteti
mətbuat xidmətinin rəhbəri |