Bu günlərdə Azərbaycan Respublikası Prezidenti
yanında Dövlət İdarəçilik Akademiyasında
ixtisasartırma kursunun növbəti buraxılışı olub.
"Təbiətdən istifadə və ətraf mühitin
mühafizəsinin dövlət tənzimlənməsi" istiqaməti
üzrə təşkil edilən kursun əsas məqsədi ekoloji
islahatlara dair biliklərin sistemləşdirilməsi
və bu məsələlərlə bağlı dinləyicilərə yeni
məlumatların verilməsidir.
İcra hakimiyyəti orqanlarının, müvafiq nazirlik,
komitə və idarələrin rəhbər işçilərinin iştirak
etdiyi məşğələlərdə ulu öndər Heydər Əliyevin
dövlət idarəçilik təcrübəsinin əhəmiyyətindən
bəhs edilib, Azərbaycan Respublikasının təbii
sərvətlərinin səmərəli istifadəsi, qlobal iqlim
dəyişiklikləri, onun insan orqanizminə təsiri və
s. məsələlərdən ətraflı söhbət açılıb.
Kursda ekologiya və təbii sərvətlər naziri
Hüseynqulu Bağırov, Beynəlxalq EKO Enerji
Akademiyasının prezidenti Fəqan Əliyev və digər
tanınmış alim və mütəxəssislər təbiətdən
istifadənin müasir problemlərinə dair müxtəlif
mövzularda mühazirələr oxuyublar. DİA-nın
rektoru, əməkdar elm xadimi, professor Seyfəddin
Qəndilov kursu başa vuranları təbrik edərək
onlara gələcək fəaliyyətlərində uğurlar
arzulayıb. Dinləyicilərə sertifikatlar təqdim
olunub.
Hicran ƏKBƏROVA |