Son vaxtlar paytaxtımızın ümumtəhsil sistemində
faydalı bir təcrübə - ənənə yaranıb. Yeni fənn
kurikulumlarının tətbiqi vəziyyəti ilə tanışlıq,
bu sahədə toplanmış müsbət təcrübənin öyrənilib
yayılması, yeni kurikulumlarla işləyən
müəllimlərin fəaliyyətinin qiymətləndirilməsi
məqsədi ilə ayrı-ayrı məktəblərdə vaxtaşırı
olaraq "açıq dərs"lər keçirilir, onların
təhlilinə həsr olunmuş müzakirələr aparılır.
Həmin silsilədən növbəti tədbir martın 11-də
Bakıdakı 5 nömrəli orta məktəbdə təşkil
olunmuşdu.
Məktəbin fənn kurikulumlarının tətbiqi ilə bağlı
I-II siniflərində və III-IV siniflərdə "Fəal
təlim metodlarından dərslərimizdə istifadə
edirik" mövzusunda keçirilən "açıq dərs"lərə
Təhsil Nazirliyindən, Təhsil Problemləri
İnstitutundan, Azərbaycan Müəllimlər
İnstitutundan, Bakı Pedaqoji Kadrların
İxtisasartırma və Yenidənhazırlanma
İnstitutundan, Bakı Şəhəri üzrə Təhsil
İdarəsindən xeyli təhsil mütəxəssisi və ekspert
dəvət olunmuşdu. Dərslərdə habelə müəllimlər və
valideynlər də iştirak edirdilər.
Məktəbin I mərtəbəsindəki geniş dəhlizdə mövzu
ilə bağlı zəngin mündəricəli sərgi təşkil
edilmişdi. Öncə həmin sərgi ilə tanış olan
tədbir iştirakçıları fənn kurikulumlarının
strukturunu, müəllimlərin dərs icmallarını,
hazırladıqları təlim resurslarını və s.
materialları əks etdirən guşələri, fənn
kurikulumlarının izahı, təbliği, müəllimlərin,
valideynlərin maarifləndirilməsi istiqamətində
görülmüş işləri yüksək qiymətləndirdilər.
Sonra məktəbin müəllimləri Xanım Məmmədovanın 1
"A" sinfində ingilis dilindən, Şofizə
Mehdiyevanın I "B" sinfində texnologiyadan,
Kəbutər Səfərovanın I "C" sinfində riyaziyyatdan,
Fatimə Xəzri-Mirzəyevanın I "Ç" sinfində (rus
bölməsi) həyat bilgisindən, Bəsti Şıxıyevanın II
"A" sinfində Azərbaycan dilindən, Əsli
Mütəllimovanın II "B" sinfində təsviri
incəsənətdən, Sevinc Rzayevanın II "C" sinfində
(rus bölməsi) informatikadan, Almaz Bayramovanın
III "A" sinfində həyat bilgisindən, Rübabə
Mazanovanın III "B" sinfində ana dilindən, Günel
Musəvinin III "C" sinfində oxudan, Afaq
Abdullayeva və Natəvan Abiyevanın III "Ç"
sinfində (rus bölməsi) Azərbaycan dilindən,
Təranə Ağalarovanın IV "A" sinfində həyati
bacarıqlara əsaslanan təhsildən, Ceyran
Cəlilovanın IV "C" sinfində təsviri incəsənətdən,
Ceyranə Süleymanovanın IV "Ç" sinfində
riyaziyyatdan dedikləri dərslər dinlənildi.
Biz müşahidələrimizi II "A" sinfində apardıq.
Mövzu "Güllərdən göyçək Çiçək" idi. Sinif
qruplara ayrılmış, onlara güllərin adları
verilmişdi: "Qərənfil", "Bənövşə", "Lalə",
"Qızılgül" və "Nərgiz". Mövzunun tədrisi üçün
əqli hücum, müzakirə üsullarını seçmiş müəllim
Bəsti Şıxıyeva kəpənəklərə dair suallarla
motivasiya yaratdı. Kəpənəklərin
güllərə-çiçəklərə qonduğu və onlara oxşadığı,
nəticədə bütün canlıların düşmənlərindən
qorunmaq üçün düşdüyü mühitə uyğunlaşdığı qeyd
olundu. Təbiətdən buna çoxlu misallar gətirildi
və müvafiq şəkillər nümayiş etdirildi. Sonra
qruplardakı şagirdlər adlarını daşıdıqları
güllər haqqında şeirlər söylədilər. Müvafiq
əlaqəni yaradan müəllim mövzunu elan etdi, mətni
özü bir dəfə oxuduqdan sonra şagirdlərə oxutdu,
onun necə mənimsənildiyini yoxlamaq üçün suallar
verdi. Suallar şagirdlər tərəfindən ətraflı
cavablandırıldı. Sonra qruplara tapşırıq
verildi. Tapşırıqları icra edən qrupların
liderləri lövhəyə çıxıb öz cavablarını elan
etdilər. Dərsdə qruplara adlarını daşıdıqları
güllərin rəsmini çəkmək də təklif olundu və
şagirdlər bu tapşırığı icra edəndən sonra
qrupların işi qiymətləndirildi. Dərsin sonunda
hər qrupun fəaliyyəti bir neçə parametr üzrə
qiymətləndirildi və yekun qiymətlər çıxarıldı.
"Açıq dərs"lər başa çatdıqdan sonra "dəyirmi
masa" ətrafında onların müzakirəsi aparıldı.
Müzakirəni açan Təhsil Nazirliyinin Kənd
rayonları üzrə ümumi təhsil şöbəsinin müdiri
Aydın Əhmədov məktəbdə yeni kurikulumların
tətbiqinə hazırlıq yönündə xeyli iş görüldüyünü,
müəllimlərin əksəriyyətinin kurikulumların
mahiyyətini düzgün dərk edib dərslərində
bacarıqla reallaşdırdığını, yeni təlim modelinin
müəllimləri də, şagirdləri də dəyişdirdiyini
qeyd etdi. Dinlədiyi dərsə münasibət bildirən
A.Əhmədov Fatimə Xəzri-Mirzəyevanın I "Ç"
sinfində həyat bilgisindən apardığı dərsi çox
uğurlu dərs adlandırıb onun bütün şagirdlərin
fəallığı ilə keçdiyini, müəllimin şagirdlərə tam
sərbəstlik verdiyini, onların fikirlərinə
diqqətlə yanaşdığını, dərsdə beyin həmləsi, venn
diaqramı, sorğu, müzakirə kimi yeni təlim
üsullarından, çoxlu sayda təlim resursundan
bacarıqla istifadə etdiyini, inteqrasiyanı yaxşı
apardığını bildirdi.
Müzakirələrdə söz alan pedaqoji elmlər doktoru,
professor Yəhya Kərimov, Bakı Şəhəri üzrə Təhsil
İdarəsi müdirinin müavini Məhəbbət Qarabağlı,
Təhsil Nazirliyinin şöbə müdiri Faiq Şahbazlı,
BŞTİ-nin şöbə müdiri Sevinc Rəsulova, Təhsil
Problemləri İnstitutu Kurikulum Mərkəzinin şöbə
və bölmə müdirləri Əlişah Gərayev, Akif Əliyev,
Azərbaycan Müəllimlər İnstitutunun dosenti
Şahrza Ağayev, BPKİ və Yİ-nin direktor müavini
Mönsün Alışov dinlədikləri dərslərin
məziyyətlərindən danışdılar, məsləhət və
təkliflərini bildirdilər.
Müzakirəni yekunlaşdıran Aydın Əhmədov "açıq
dərs"lərin yüksək səviyyədə keçdiyini,
müəllimlərin səviyyəsinin qənaətbəxş olduğunu,
belə tədbirlərin tez-tez keçirilməsinin
vacibliyini vurğuladı, məktəbin direktoru
N.Gündüzlünün təşəbbüskarlığını, məktəbdə
əlverişli təlim mühitinin yaradılması
sahəsindəki fəaliyyətini təqdir etdi.
Yusif ƏLİYEV |