|
Yerləşir: |
Avstraliya, Viktoriya ştatı, Melburn
şəhəri |
|
|
Yaranma tarixi: |
1853-cü il |
Tipi: |
Dövlət |
İşçi heyəti: |
6500 nəfər |
Tələbələrin sayı: |
45800 nəfər |
İllik gəlirləri: |
1530601000 Avstraliya dolları |
İllik xərcləri: |
1525329000 Avstraliya dolları |
Rəsmi saytı: |
www.unimelb.edu.au |
Melburn
Universiteti (University of Melbourne)
Avstraliyanın Viktoriya ştatında Melburn
şəhərinin ətraf qəsəbəsi olan Parkvilldə
yerləşir. Bu ali məktəb Avstraliyanın ikinci,
Viktoriya ştatının isə birinci ən qədim
universitetidir. Böyük Britaniyanın "Times
Higher Education Supplement - QS World
Universities Rankings" jurnalının 2009-cu ildə
apardığı dünya universitetlərinin reytinqinə
əsasən, Melburn Universiteti 100 ən yaxşı ali
məktəb arasında Fransa Politexnik Məktəbi və
Sidney Universiteti ilə birgə 36-cı yerdə
sıralanıb.
Melburn Universiteti Avstraliyanın "Səkkizlik
Qrupu"nun, "Universitetlər 21" beynəlxalq
elmi-tədqiqat, Sakit okean regionu
universitetləri assosiasiyalarının üzvüdür.
Avstraliya ali məktəbləri arasında Melburn
Universiteti biznes, pedaqogika, texnologiya,
incəsənət, hüquq və tibb sahələri üzrə liderlik
əldə edib.
Tarixi
1853-cü ildə dövlət xadimi Hyu Çaylders
Viktoriya ştatının parlamentinə Melburn
Universitetinin yaradılması haqqında akt təqdim
edir və bu təklif qəbul edilir. Universitetdə
ilk dərslər 3 professor və 16 tələbənin iştirakı
ilə 1855-ci ildə keçilir. Universitet binasının
rəsmi açılışı 1855-ci il oktyabrın 3-də ştatın
vitse-qubernatoru Çarlz Hothemin iştirakı ilə
baş tutur. Ali məktəbin ilk kansleri Redmond
Barri təyin edilir və o, bu vəzifədə ömrünün
sonuna qədər, 1880-ci ilədək qalır.
Universitetdə ilk vaxtlar yalnız hüquq elmi
tədris olunur, lakin şəhər sakinlərinin tələbi
nəticəsində 1857-ci ildə burada tibb, 1860-cı
ildə isə mühəndislik fakültələri açılır. 1881-ci
ildə universitetə qızlar qəbul olunmağa başlayır.
Sonrakı illər Melburn Universitetində gərginlik
yaşanır, 1902-ci ildə isə ali məktəb faktiki
olaraq müflis olur. 1886-cı ildən 1901-ci ilə
qədər universitetin xəzinədarı vəzifəsində
çalışmış Frederik Diksonun dələduzluq edərək
külli miqdarda vəsaiti mənimsəməsi faktı
aşkarlanır və o, yeddi il müddətinə azadlıqdan
məhrum edilir. Universitetdə kral komissiyası
təşkil olunur, nəticədə yeni maliyyə, tədris,
təsərrüfat, təhsil strukturları yaradılır,
önəmli islahatlar həyata keçirilir.
I
Dünya müharibəsi zamanı universitetdə yenə
idarəolunma ilə bağlı problemlər yaranmağa
başlayır. 1923-cü ildə rəhbərlik universitet
Senatına həvalə olunur. Tələbələr iki Senat üzvü
seçmək hüququna malik olur. Həmin dövrdə isə
tələbələrin əksəriyyəti varlı ailələrin
övladları idi, istedadlı və təqaüd alan
tələbələr azlıq təşkil edirdi. Universitetin
vitse-kansleri Reymond Pristli ilk olaraq burada
maaş tətbiq edir. 1922-ci ildə Melburn
Universiteti Mətbuatı yaradılır, bu,
Avstraliyada ilk ali məktəb mətbuatı olur.
II Dünya müharibəsindən sonra Avstraliya dövləti
Melburn Universitetinə maliyyə yardımlarını
artırır, tələbələrin sayı artır və bir sıra
təhsil islahatları aparılır. Universitet sürətli
inkişaf yoluna qədəm qoyur. 1955-ci ildə
Avstraliyada ilk kompüter hazırlanır və Melburn
Universitetində quraşdırılır. 1989-cu ildə
Melburn Universiteti AARNET-ə birləşərək
İnternetə ilk qoşulan Avstraliya universiteti
olur.
2003-cü ildə Melburn Universiteti təntənəli
surətdə 150 illik yubileyini qeyd edib. 2008-ci
ildə universitetdə yeni tədris proqramı qəbul
olunub. Həmin proqram hazırda Melburn təhsil
modeli kimi tanınır.
Büdcə və təhsil haqqı
2009-2010-cu
tədris ilində Melburn Universitetində təhsil
alan avstraliyalı tələbələrin təhsil haqqı
məktəb və fakültədən asılı olaraq bakalavr
pilləsində 17600-47300 Avstraliya dolları (AU$),
magistratura və doktorantura pillələrində isə
11300-30650 Avstraliya dolları arasında dəyişir.
Əcnəbi tələbələrin təhsil haqqı tələbənin
oxuduğu fakültə və proqramdan asılı olaraq
bakalavr pilləsində 16000-58700 Avstraliya
dolları arasında dəyişir. Əksər fakültələrin
qiyməti 29500 Avstraliya dolları təşkil edir. Ən
bahalı fakültə tibb elmləri fakültəsidir (58700
dollar). Magistratura və doktorantura
pillələrində oxuyan əcnəbi tələbələrin təhsil
haqqı isə 21250-44650 Avstraliya dolları
arasında dəyişir.
Melburn Universitetinin təqaüd proqramı
Avstraliyanın ən böyük və dolğun proqramlarından
biridir. 300-dən çox tələbə (yerli, əcnəbi,
aborigen və s.) universitetin ayırdığı təqaüddən
bəhrələnir. Təqaüd təhsil haqqını qismən və ya
tam örtə bilər. Təqaüd almaq üçün tələbələrin
qarşısında bir sıra şərtlər qoyulur: ailə
büdcəsi, savadlılıq, yaradıcılıq, istedadlılıq,
davamiyyət. Tələbə bütün meyarlara cavab verərsə,
təqaüd ala bilər. Burada tələbələrə verilən
təqaüdün məbləği təxminən ildə 5000-20000, 60000
Avstraliya dolları arasında dəyişir. Melburn
Universitetində də, digər dünya
universitetlərində olduğu kimi, müxtəlif
təqaüdlər təklif olunur. Bundan əlavə,
Avstraliya hökuməti ayrıca tələbələr üçün təqaüd
ayırıb.
2009-cu
ildə Melburn Universitetinin illik gəlirləri
ümumilikdə 1530601000 Avstraliya dollarına
bərabər olub. Həmin məbləğin 676565000
Avstraliya dollarını Avstraliya dövlətinin
qrantları, 412354000 Avstraliya dollarını təhsil
haqqı və rüsumlar, 83179000 Avstraliya dollarını
investisiya gəlirləri, 23069 Avstraliya
dollarını məsləhətləşmə və müqavilələr, 6516
Avstraliya dollarını ticarət nişanı və
lisenziyalar, qalanlarını isə digər gəlirlər
təşkil edib.
Həmin ildə universitetin illik xərcləri isə
ümumilikdə 1525329000 Avstraliya dolları olub.
Bu vəsaitin 765662000 Avstraliya dollarını işçi
heyətin maaş və məvacibləri, 87067000 Avstraliya
dollarını qiymətdən düşmə və amortizasiya,
54663000 Avstraliya dollarını investisiya
xərcləri, 51190000 Avstraliya dollarını təmir və
xidmətlər, qalanlarını isə digər xərclər təşkil
edib.
Universitet bu gün
Melburn Avstraliyanın ikinci ən böyük və
kosmopolit şəhəridir. 3,5 milyon əhalisi olan
şəhəri adətən Avstraliyanın mədəniyyət və idman
paytaxtı adlandırırlar. Ümumdünya Səhiyyə
Təşkilatı Melburn şəhərini yaşamaq və oxumaq
üçün ən təhlükəsiz və rahat yer kimi
qiymətləndirib. YUNESKO isə Melburnu "Ədəbiyyat
şəhəri" adlandırıb. Əgər siz dinamik şəhər
axtarırsınızsa, Melburnda istədiyinizi tapa
bilərsiniz.
Melburn Universitetinin əsas kampusu Melburn
şəhərinin ətraf qəsəbəsi olan Parkvilldə
yerləşir. Müxtəlif üslublarda inşa edilmiş
tikililər, fontanlar, parklar kampusa xüsusi
gözəllik bəxş edir. Kampusun binaları ilk
vaxtlar qotik və Renessans üslublarda tikilsə də,
1950-ci ildən inşa edilən tikililər modern
üslubdadır. Bundan irəli gələrək, hazırda
kampusda müxtəlif görünüşlü binalara rast gəlmək
olar. Kampusdan Melburn şəhərinin mərkəzi
aeroportuna 30 dəqiqəlik məsafə var. Kampus
daxilində tələbə və müəllimlərə xidmət göstərən
çoxlu sayda avtobus və tramvay mövcuddur.
Melburn
Universitetinin Viktoriya ştatında bir neçə
kampusu var. Bunlar Burnli, Kresvik, Duki,
Uerrib, Soutbank, Şipperton, Houtorn, Viktoriya
İncəsənət Kolleci kampuslarıdır. Həmçinin
universitetin Avstraliya Funksional Genomika
Zavodu, Qoulbern Valli regionunda kənd
təsərrüfatı, səhiyyə və təhsil mərkəzləri
mövcuddur.
Melburn Universiteti tələbələrin burada
qalmaları üçün çoxlu sayda variant təklif edir.
Tələbələrin əksəriyyəti kampus daxilindəki
yataqxanalarda, bir qismi kampusda onlar üçün
ayrılmış xüsusi evlərdə, digər qismi isə şəhərdə
universitetə yaxın yerləşən evlərdə kirayə və
ya ailələrdə qalmağa üstünlük verir. Tələbə
Yataqxana Xidmətinin köməyi ilə gənclər şəhərdə
istədikləri şəraitə uyğun yaşayış yeri tapa
bilərlər.
Kampus daxilindəki böyük yataqxanalardan Triniti,
Ormond, Kuins, Nyumən, Müqəddəs Meri, Müqəddəs
Hilda, Uitli kollecləri, Cenet Klark, Midli,
Beynəlxalq və s. rezidensiyaları qeyd etmək olar.
Yataqxanalarda 52 həftəlik qalmağın qiyməti
otağın sayından və şəraitdən asılı olaraq
14700-35000 Avstraliya dolları arasında dəyişir.
Ailələrdə 40 həftə qalmaq tələbəyə 14800-19200
Avstraliya dollarına başa gəlir. Birillik
qidalanmaq, kommunal, telefon, nəqliyyat, şəxsi
xərcləri ödəmək üçün isə tələbəyə 500-750
Avstraliya dolları lazımdır.
Melburn Universitetinin nəzdində memarlıq,
inşaat və planlaşdırma fakültəsi, Melburn Dizayn
Məktəbi; incəsənət fakültəsi, Humanitar və
Sosial Elmlər Ali Məktəbi (magistr və
doktorantlar üçün) biznes və iqtisadiyyat
fakültəsi, Biznes və İqtisadiyyat Ali Məktəbi;
Melburn Təhsil (pedaqogika) Ali Məktəbi, Tədris,
Ali Təhsil məktəbləri; Melburn Mühəndislik
Məktəbi, Mühəndislik Ali Məktəbi; Yer və Ətraf
Mühit Elmləri Məktəbi, Yer və Ətraf Mühit
Elmləri Ali Məktəbi, Ekoloji Proqramlar Ofisi;
Hüquq Məktəbi, hüquq doktorluğu, magistrı
fakültələri; tibb, stomatologiya və səhiyyə,
tibb, stomatologiya və səhiyyə sahələri üzrə
tədqiqatlar magistraturası; Melburn Tədqiqatlar
Ali Məktəbi, Melburnda tədqiqatlar
magistraturası; dəqiq elmlər fakültəsi, Melburn
Elmlər Ali Məktəbi; baytarlıq elmləri fakültəsi,
baytarlıq elmləri sahəsi üzrə tədqiqatlar
magistraturası; VCA və musiqi fakültəsi,
Tədqiqatlar Ali Məktəbi, Melburn Biznes Məktəbi,
Mt Eliza İdarəedici Təhsil Məktəbi fəaliyyət
göstərir. Burada fakültələrdə bakalavrlar, ali
məktəblərdə isə magistr və doktorantlar təhsil
alır. Universitet 340-dan çox magistr və
doktorluq proqramı təklif edir.
Melburn
Universitetinin təhsil modeli Avropanın,
Asiyanın, Şimali Amerikanın təhsil sisteminin ən
yaxşı xüsusiyyətlərini özündə cəmləşdirən tədris
proqramıdır. Bu model üç nəticədən (əmək
fəaliyyəti, ali ixtisas, yüksək tədqiqat
dərəcələri) birinə gətirən 87 əsas sahə üzrə 6
yeni səviyyədən ibarətdir: incəsənət, biotibb,
kommersiya, ətraf mühit, musiqi, elmlər
bakalavrı səviyyələri. Böyük təcrübə nəticəsində
universitet elmi-tədqiqat layihələrini daha da
genişləndirir, yeni-yeni tədris proqramları
qəbul edir, doktorluq tədqiqatlarını və akademik
mobilliliyi gücləndirir. Melburn Modeli
tələbənin şəxsi keyfiyyətlərinin inkişafı, onun
magistratura və doktorantura pilləsinə daha da
hazırlıqlı olması, gələcəkdə uğurlu karyera əldə
etməsi məqsədi ilə işlənilib.
Melburn Universiteti ilə əlaqəli elmi-tədqiqat
mərkəzlərindən Piter Doherti İnfeksiya və
İmmunitet, Flori Neyroelmlər, Bio21 Molekulyar
Tədqiqatlar və Biotexnologiya, Melburn Tətbiqi
İqtisadi və Sosial Tədqiqatlar, Viktoriya
ştatının Əqli Sağlamlıq Tədqiqatları, Merdok
Uşaq Tədqiqatları, Müqəddəs Vinsent Tibbi
Tədqiqatlar, Makfarleyn Bernet Tibbi
Tədqiqatlar və Səhiyyə, Yaşlaşma Milli
Elmi-Tədqiqat, Bionik Qulaq, Postkolonial
Elmlər, Piter MakKallem Xərçəng, Uolter və Eliza
Tibbi Tədqiqat, Tasmaniya-Asiya-Sakit okean və
Tasmaniya, Nossal Qlobal Səhiyyə institutları,
Avstraliya Göz Tədqiqatları Mərkəzi, Avstraliya
və Yeni Zellandiya Hökumət Məktəbini qeyd etmək
olar.
Melburn Universitetinin kitabxanası
Avstraliyanın ən zəngin kitabxanalarından
biridir. Hər gün kitabxanaya minlərlə oxucu
gəlir. Kitabxanaya 3,5 milyon cild kitab, DVD və
fotoslayd, not, xəritə, dövri və çaplı nəşr,
eləcə də 32000 elektron kitab, yüzlərlə
verilənlər bazası, 63000 ümumi və xüsusi
rəqəmsal jurnal və s. daxildir. Kitabxananın
kataloqunda 111000 ingilis dilində kitabının
disk yazısı mövcuddur.
Bunlar
İngiltərə, İrlandiya, Şotlandiya, Uels, Şimali
Amerikanın Britaniya müstəmləkəsi olduğu dövrdə
çap edilmiş kitablardır. Kitabxana sistemində
Memarlıq, Beylye İncəsənət, Braunless Biotibbi,
Kimya, Yer Elmləri, Şərqi Resurs Mərkəzi, Giblin
İqtisadiyyat və Ticarət, Torpaq və Qida
Resursları, Hüquq, Lenton Parr Musiqi, Təsviri
və İfaçılıq İncəsənəti, Luiza Hanson-Dayer
Musiqi, Riyaziyyat, Fizika, Baytarlıq
kitabxanaları fəaliyyət göstərir. Kitabxananın
personalı oxuculara müəlliflik hüququ,
informasiya və bilik idarəetməsi, informasiya
arxitekturası və layihəsi, eləcə də digər
məsələlərlə bağlı məsləhətlər verir.
Hazırda Melburn Universitetinin kansleri
ixtisasca hüquqşünas olan Aleks Çernov,
vitse-kansleri isə Qlin Devisdir. Universitetdə
6500-dən çox əməkdaş çalışır. Onların
əksəriyyəti dünya üzrə tanınmış alimlər, Nobel
mükafatı laureatları (Mikrobiologiya və
immunologiya şöbəsinin əməkdaşı, professor Piter
Doerti, iqtisadçılar Ceyms Mirrlis və Klayv
Qrencer), Rods təqaüdçüləridir. Melburn
Universiteti bütün sahələr üzrə beynəlxalq
seminarlarda, konfranslarda iştirak edir və
fərqli tədqiqat nümayiş etdirir.
Melburn Universitetində ümumilikdə 45800 tələbə
təhsil alır. Onların 11000-dən çoxu dünyanın
120-yə yaxın ölkəsindən olan əcnəbi tələbələrdir.
Əcnəbi tələbələrin əksəriyyəti Asiyadan,
xüsusilə Çin, Malayziya, Sinqapur və
İndoneziyadan olan gənclərdir.
Melburn Universitetinin Tələbə Təşkilatı burada
oxuyan gənclərə geniş xidmətlər təklif edir.
Təşkilat hər tələbəyə görə universitet
rəhbərliyi qarşısında cavabdehlik daşıyır.
1925-ci ildən universitetdə "Farrago" tələbə
qəzeti dərc olunur.
Universitetdə tələbə həyatı çox maraqlı təşkil
olunub. Tələbələr müxtəlif laboratoriyalara,
institutlara, zavodlara, xəstəxanalara,
fermalara və digər müəssisələrə ekskursiyalar
təşkil edir, şəhərcikdə keçirilən tədbirlərdə,
tamaşalarda, sərgilərdə, seminarlarda, kütləvi
mühazirələrdə, idman yarışlarında iştirak edir,
özlərinə yeni-yeni dostlar qazanırlar.
Melburn
Universiteti ölkə universitetləri arasında
təşkil olunan idman yarışlarında çox zaman ölkə
çempionu olub. Universitetdə 39-dan çox idman
klubu fəaliyyət göstərir. Universitetin
kampusunda fitnes və sağlamlıq üzrə Boreper
Mərkəzi var. İkimərtəbəli mərkəzdə açıq və
örtülü fitnes zalları, hovuz, masaj və
fizioterapiya klinikaları, yoqa və pilates
guşələri yerləşir. İdman kompleksində isə
stadion, voleybol, basketbol, xokkey, velosiped,
qaçış meydançaları, skvoş, kriket zalları,
tennis kortları və s. var. Ali məktəbin futbol
klubu 1859-cu ildən fəaliyyət göstərir.
Universitetin reqbi futbol klubu bu sahə üzrə
Avstraliyanın ən güclü komandalarından biridir.
"Mugars" qadın reqbi komandası, Kriket Klubu (onları
sadəcə "Universit" də adlandırırlar), xokkey,
velosiped komandaları da idman yarışlarında
böyük nailiyyətlər əldə ediblər.
Melburn Universiteti tələbələrə zəngin və
hərtərəfli təhsil verməklə yanaşı, onlara
tədqiqatlara və tədrisə sərbəst yanaşmaq, şəxsi
fikirlər irəli sürmək imkanı yaradır. Tələbələr
universitetin müəllim və tədqiqatçıları ilə
əməkdaşlıq əlaqələri quraraq hər hansı bir
nəticənin əldə olunmasına birlikdə nail olurlar.
Beləliklə, effektli tədris təcrübəsinin əldə
olunması və inkişaf etdirilməsində tələbənin də
rolu olur. Bununla yanaşı, tədris prosesi zamanı
tələbələr başqa universitetlərin tələbələri ilə
əlaqələr yaradır, ali təhsil ocağının
məktəbdənkənar həyatında, diskussiya və
debatlarda fəal işirak edir, universitetin
akademik şərtlərinə, xüsusilə müəlliflik
hüquqlarına hörmətlə yanaşır və onlara riayət
edir. Bir sözlə, Melburn Universiteti gənclərin
arzuladıqları təhsili ala biləcəyi ən mükəmməl
elm ocaqlarından biridir.
Universitetin məşhur məzunları
|
Alfred Dikin |
Avstraliyanın 2-ci Baş naziri |
|
|
Robert Menzies |
Avstraliyanın 12-ci Baş naziri |
|
|
Harold Holt |
Avstraliyanın 17-ci Baş naziri |
|
|
Cim Keyrns |
Avstraliyanın Baş nazirinin müavini |
|
|
Kris Maksvell |
Avstraliya Apelyasiya Məhkəməsinin
prezidenti |
|
|
Baron Riçard Kesi |
Avstraliyanın 16-cı general-qubernatoru
|
|
|
İsmayıl
Əbdül Rəhman |
Malayziyanın Baş nazirinin sabiq müavini |
|
|
Kirsti Svord Gusmao |
Şimali Timorun birinci xanımı |
|
|
Frank Makfrleyn Burnet |
tibb üzrə Nobel mükafatı laureatı |
|
|
Con Keryu Ekkles |
tibb üzrə Nobel mükafatı laureatı |
|
|
Elizabet Blekburn |
tibb üzrə Nobel mükafatı laureatı |
|
Hazırladı:
Lamiyə ƏLİYEVA |