Bakıdakı 87 nömrəli orta məktəbin rəhbərliyinin
ötən il tədris ocağında şagird dram dərnəyinin
yaradılması ilə bağlı irəli sürdüyü təşəbbüs
müəllimlər, şagirdlər, onların valideynləri
tərəfindən müsbət qarşılanmışdır.
Məktəbdə
yaradılmış dram dərnəyinə tezliklə istedadlı
şagirdlər cəlb olundu və onların ifasında
bir-birindən maraqlı tamaşalar nümayiş olunmağa
başlandı.
Ötən müddət ərzində şagird dram dərnəyi böyük
ədibimiz Cəlil Məmmədquluzadənin 100 illik
yubileyinə həsr etdiyi "Sizi deyib gəlmişəm", 20
yanvar faciəsinə həsr olunmuş "O gecə",
"Xocalım, ay Xocalım" adlı musiqili-ədəbi
kompozisiyaları nəinki məktəbin müəllim və
şagirdlərinin, həm də valideynlərin rəğbətini
qazanmışdır.
Bu günlərdə şagird dram dərnəyinin üzvləri
məktəb kollektivi və Suraxanı rayonu
ictimaiyyətinin qarşısında yeni tamaşa ilə çıxış
etmişlər. İstedadlı şagirdlər bu dəfə
müəllifləri Süleyman Rüstəm və Səid Rüstəmov
olan "Durna" musiqili komediyasını tamaşaya
qoymuşlar. İştirakçılar tərəfindən alqışlarla
qarşılanan tamaşada şagirdlər Durna (İlahə
İlyasova), Dursun (Elnur Məmmədov), Lalə (Aysel
Şirinova), Murad (Ənnur Axundlu), Qəmər (Nigar
İbrahimova) və b. rolları məharətlə oynamışlar.
Tamaşaya Firuz Kərimoğlu (rejissor) və Cavid
Məlikov (rejissor assistenti) maraqlı quruluş
vermişdilər.
Tədbirdə iştirak edən Suraxanı Rayon İcra
Hakimiyyətinin, rayon gənclər və idman
idarəsinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
nümayəndələri şagirdlərin çıxışlarını yüksək
qiymətləndirmiş, dərnəyin işinə uğurlar
arzulamışlar.
Sevinc ƏLİYEVA,
Bakıdakı 87 nömrəli orta
məktəbin praktik psixoloqu |