Şəxsiyyətinə, bacarıq və qabiliyyətinə hələ
tələbəlikdən bələd olduğum Hikmət Hüseynovun
"V-VII siniflərin riyaziyyat kursunda çətinliyi
artırılmış məsələlər" kitabı qarşımdadır. Xəyal
məni yaxın keçmişə - tələbəlik illərinə aparır.
1 nömrəli fizika-riyaziyyat təmayüllü internat
məktəbin məzunları öz hazırlıqları ilə digər
tələbələrdən kəskin şəkildə fərqlənirdilər.
Hikmət də onlardan biri idi. Qəbul imtahanlarını
çox yüksək səviyyədə verdiyinə görə o, qrup
nümayəndəsi seçilmişdi. Bütün problemlərimizi
onun köməyilə yoluna qoyurduq. Rayonlu tələbələr
yay tətilindən qayıdıb yataqxanada yerləşənə
qədər xeyli əziyyətlərə qatlaşmalı olurdu, hətta
bəzən dərslərdən də yayınırdıq. Belə vaxtlarda
Hikmət bizimlə müəllimlər arasında "körpü"
olurdu. Çox səliqəli xətti olduğundan iştirak
etmədiyimiz dərslərin materiallarını ondan
götürürdük. Təbii ki, qarşıya çıxan
çətinliklərdə də heç vaxt köməyini bizdən
əsirgəmirdi. Dərslərini əla oxumaqla yanaşı,
ictimai işlərdə də həmişə fəal iştirak edirdi.
Elmi yaradıcılığa çox meyilli olduğundan
universiteti qurtaranda H.Hüseynovun təyinatını
AMEA-nın Riyaziyyat və Mexanika İnstitutuna
verdilər və fakültə elmi şurasının zəmanəti ilə
ona təhsilini aspiranturada davam etdirmək
tövsiyə olundu. Lakin atası Seyfulla müəllimin
vaxtsız vəfatı onun xəyallarını alt-üst etdi.
Evin böyük oğlu kimi ailənin bütün qayğılarını
çiyninə götürməli oldu və doğulub boya-başa
çatdığı Qusar rayonunun Piral kəndində pedaqoji
fəaliyyətə başladı.
Qısa müddət ərzində qabiliyyəti və işgüzarlığı
sayəsində çalışdığı kollektivin və kənd
camaatının hörmətini qazanaraq Piral kənd
məktəbinin direktoru təyin olundu.
Bu müddət ərzində yaradıcılıq hissi H.Hüseynovu
bir an tərk etməyib. "V-VII siniflərin
riyaziyyat kursunda çətinliyi artırılmış
məsələlər" məhz bunun nəticəsində araya-ərsəyə
gəlib. Onun həmmüəllifi olduğu "Ənənəvi
bərabərsizliklərin qeyri-ənənəvi üsullarla həlli
və riyaziyyatdan 121+131 olimpiada məsələləri"
kitabı istedadlı uşaqların yaradıcılıq
potensialının inkişafına xidmət edən yaxşı
nümunələrdəndir.
Hikmət müəllim elmi fəaliyyətini davam etdirməsə
də sübut etdi ki, əsas məsələ sevib-seçdiyi
peşəyə ürəkdən bağlanmaq, onun vurğunu olmaq,
başqa sözlə, ziyalı olmaqdır. Hikmət müəllim
məhz belə ziyalılarımızdandır.
Güləhməd MƏLİKOV,
fizika-riyaziyyat elmləri
namizədi, dosent |