Dərs ili hələ başa çatmasa da təhsil
müəssisələrinin növbəti tədris ilinə
hazırlanması hər yerdə olduğu kimi Səbail
rayonunda da diqqət mərkəzindədir.
Bu məqsədlə rayon icra hakimiyyəti tərəfindən
rayonun orta ümumtəhsil və məktəbəqədər təhsil
müəssisələrinə baxış keçirilmiş, yay mövsümü
ərzində aparılacaq təmir işlərinə hazırlığa
başlanmışdır. Əsaslı təmir işləri nəzərdə
tutulan orta məktəblərdən biri də rayonun
günbəgün böyüyən və inkişaf edən Badamdar
qəsəbəsindəki 236 nömrəli orta məktəbin əsas
tədris korpusudur.
1966-cı ildə inşa olunmuş bu məktəbin 74
sinfində hazırda 1900 şagird təhsil alır.
Məktəbin tədris korpusunun, idman və akt zalının
əsaslı təmirə və yenidənqurmaya böyük ehtiyacı
olduğundan məktəbin pedaqoji kollektivi Heydər
Əliyev Fonduna müraciət etmişdir. Fondun
təşəbbüsü ilə kollektivin təhsildə qazandığı
uğurlar, burada oxuyan şagirdlərin sayının
ilbəil artması nəzərə alınaraq 236 nömrəli
məktəbin binasının əsaslı surətdə təmir olunması
qərara alınmışdır.
Bir neçə gün əvvəl burada təmir işlərinə
başlanılmışdır. İlk növbədə, məktəbin 2600
kvadratmetrlik dam örtüyünün, bütün siniflərin
və yardımçı otaqların və fənn kabinetlərinin,
idman və akt zallarının əsaslı təmiri, qapı və
pəncərələrin, döşəmənin yenisi ilə əvəzlənməsi
işləri görüləcəkdir. Məktəbin həyətində də
təmir-abadlıq işləri aparılacaq, yeni ağac və
kollar əkiləcək, əraziyə asfalt döşənəcək.
Təmirdən sonra sinif otaqları və fənn
kabinetləri hər cür avadanlıqla təmin
olunacaqlar.
Əsaslı təmir işlərinin yeni dərs ili ərəfəsində
başa çatdırılması nəzərdə tutulmuşdur.
Əsaslı təmir və yenidənqurma işləri ilə əlaqədar
məktəbin kollektivi və valideynlər Heydər Əliyev
Fonduna öz minnətdarlıqlarını bildirmişlər.
Rəşad ZİADOV |