Müasir dövrümüzdə bəşəriyyətin qarşısında duran
ən ciddi problemlərdən biri də tütündür.
Tütünün insan orqanizminə ziyanları haqqında nə
qədər təbliğat aparılsa da təəssüflər olsun ki,
ondan istifadə edənlərin sayı getdikcə
artmaqdadır. Hələ 1970-ci ildə Ümumdünya
Səhiyyə Assambleyası ağ ciyər və ürək-damar
xəstəliklərinin inkişafına,həmçinin bronxial
xərçəng, xroniki bronxit, emfizema və bir çox
xəstəliklərə səbəb olan siqaret çəkmənin
ciddiliyini dərk edərək dünyanın bütün səhiyyə
orqanlarına müraciət etmiş, problemə qarşı
lazımi tədbirlərin görülməsinin vacibliyini
bildirmişdir. Həmin dövrdən başlayaraq dünyanın
bir çox ölkəsində siqaretə qarşı təbliğat
kampaniyaları başlamış və bu kampaniyalar bu
gün də davam etdirilməkdədir.
Məlumat üçün bildirək ki, Ümumdünya Səhiyyə
Təşkilatının hesablamalarına görə,dünyada hər il
təxminən 5 milyona yaxın insan siqaretin zəhərli
təsiri nəticəsində dünyasını dəyişir. 2020-ci
ildə isə bu rəqəmin 2 dəfə artacağı gözlənilir.
Siqaret bədəndə 20 növ xərçəng xəstəliyi yaradır
Alimlər
siqaret çəkməyin sağlamlığa nə qədər ağır
zərbələr vurduğunu bildirsələr də, lakin
insanlar sağlamlıqlarını təhlükə qarşısında
qoyduqlarını düşünmək belə istəmirlər. Əgər
onlar siqaretin törətdiyi xəstəlikləri dərindən
anlasalar, bəlkə də bu vərdişdən bir çox
insanlar imtina edər, tüstüsüz sağlam həyat
tərzinə üstünlük verərlər.
Bütün bunları nəzərə alaraq siqaretin zərərləri
haqqında ətraflı məlumat almaq üçün Səhiyyə
Nazirliyi "Sağlam həyat tərzi" proqramının milli
koordinatoru, tibb elmləri doktoru Azad
Hacıyevlə görüşdük və ona siqaretin sağlam,
xəstə orqanizmlərə, qadınlara,uşaqlara necə
təsir etməsi, ən çox hansı xəstəliklərə səbəb
olması haqqında suallar ünvanladıq.
A.Hacıyev bildirdi ki, siqaret yaşından asılı
olmayaraq hər bir şəxsə mənfi təsir göstərir və
orqanizmdə bir çox xəstəliklər yaradır.
Siqaretin yaratdığı ən ağır xəstəlikdən biri də
xərçəngdir. Siqaret bədəndə 20 növdə xərçəng
xəstəliyinin yaranmasında əsas rol oynayır. Ağ
ciyər xərçəngi,qida borusu xərçəngi, tənəffüs
üzvləri xərçəngi və s. Siqaret nikotin və
menoksidkorben kimi öldürücü tərkib hissəsi ilə
bədən üzvlərində, ağciyər və bağırsaqlarda
ölümlə nəticələnən xərçəngyaradıcı virusların
törənməsinə zəmin yaradır. Adamlar siqareti
çəkməyə başlayan kimi, onun mənfi təsirlərinə
məruz qalır. İnsanlar siqaretin tərkibində olan
nikotinə alışırlar. Nikotin alkoqol və kokain
qədər güclü təsirə malikdir. Bunun nəticəsi
olaraq tütün ağ ciyərlərdə xərçəng xəstəliyinin
yaranmasına zəmin yaradır. Amerika Xərçəng
Cəmiyyətinin bildirdiyinə görə, Birləşmiş
Ştatlarda ağ ciyərdə xərçəng xəstəliyinin
yaranmasına 87 faiz siqaret çəkmək səbəb olur.
Ağız boşluğu, qida borusu, böyrək, dalaq və
mədəaltı vəzidə xərçəng xəstəliyi çox hallarda
siqaret çəkmək nəticəsində əmələ gəlir.
Alimlərin araşdırmaları sübut etmişdir ki,
siqaretin tərkibi müxtəlif zəhərli və
xərçəngtörədici maddələrlə doludur. Belə ki,
siqaretdə 4560 zəhərli, 60-dan çox xərçəngə
səbəb olan maddə aşkar edilib. Alman
mütəxəssislərinin gəldikləri qənaətə görə,
siqaret çəkmək insan sağlamlığına ziyan
yetirməklə yanaşı, beyinin iş fəaliyyətinin
ölçüsünü azaldır. Tədqiqatçılar 11-64 yaş arası
şəxslərin qavrama dərəcəsini ölçərkən bu
nəticəyə gəliblər ki, uzun illər boyu siqaret
çəkən şəxs qocaldıqda sağlam və geniş fikrə,
dərin düşüncəyə malik olmur. Eyni zamanda
siqaret iştahanı azaldaraq qidanın həzmini
ağırlaşdırır, sümük boşluğu və digər ciddi
problemlərə səbəb olur. Onu da əlavə edək ki,
siqaret yuxu sistemini qarışdırır və oyanmanı
çətinləşdirir, ümumi iş qabiliyyətini və
fəalliyyəti azaldır, görmə qabiliyyətini
çətinləşdirir, ağız boşluğunda pis qoxu
yaradır.
İnfarktı yaradan əsas amillərdən biri də
nikotindir
Siqaretin
törətdiyi qorxulu xəstəliklərdən biri də
infarktdır. Tütün məhsullarından istifadə edən
şəxslərin ürəyində qan dövranı azalır və ürəyin
fəaliyyəti zəifləməyə başlayır. Damarların
kilidləşməsinə və qan dövranının fəaliyyətini
əngəlləyən nikotin qan təzyiqini artırır və bu
da infarktın yaranmasına şərait yaradır.
Araşdırmalar göstərir kı, infarkt keçirən
xəstələrin 85%-i siqaret çəkən şəxslərdir ki,
buna da əsasən kişilər məruz qalır.
Uşaqları siqaret tüstüsündən qoruyun
Siqaretin böyük bəlalarından biri də onun passiv
şəkildə yayılmasıdır. Belə ki, siqaret çəkən
şəxsin yanında durmaq və ya onunla təmasda olmaq
nəticəsində tütünün zəhərli maddələri insan
orqanizminə daxil olur kı, bu da passiv tütün
çəkmə adlanır. Bundan ən çox əziyyət çəkənlər
isə uşaqlardır. Siqaretin fəsadlarının nə demək
olduğunu bilməyən uşaqlar onun tüstüsünü qəbul
edirlər. Bu onların hələ tam formalaşmayan
orqanizminə dəhşətli dərəcədə mənfi təsir
göstərir. Gələcəkdə bir çox xəstəliklərin
yaranmasını sürətləndirir. Əgər hər hansı
valideyn siqaret çəkirsə, öz övladı ilə təmasda
olarkən nəfəs alanda belə uşağa mənfi təsir
göstərir, onu infeksiyalara yoluxdurur.
Təhqiqatlar müəyyən edib ki, uşaqlarda
infeksiyanın 13 %-i ətrafdakıların siqaret
çəkməsi nəticəsində yaranır. Siqaretdən aktiv
şəkildə istifadə edən uşaqlar və ya
yeniyetmələrdə isə vəziyyət daha acınacaqlıdır.
Onlarda sonsuzluq, kütbeyinlik, əsəb kimi
xəstəliklərin yaranması qaçılmazdır.
Qadınların tütünə aludəçiliyi daha təhlükəlidir
Dünya Sağlamlıq Təşkilatlarının məlumatına görə
siqaret qadınlara kişilərə nisbətən ikiqat mənfi
təsir göstərir. Gündəlik həyatda çətinliklərlə
qarşılaşan xanımlar kişilərdən fərqli olaraq
daha çox stres keçirirlər və bu stresi aradan
qaldırmaq üçün siqaret çəkməyi üstün tuturlar.
Bu stres qadınları siqaretdən asılı edir və onu
tərgitməkdə çətinlik törədir.
Hamilə
qadınlarda isə siqaret daha acınacaqlı fəsadlar
törədir. Əgər hamilə qadın siqaret çəkirsə və
yaxud siqaret çəkən şəxsin yanında tüstünü
passiv şəkildə qəbul edirsə, hormonlara güclü
təsir edən zəhərli maddələr onun gələcəkdə
dünyaya gətirəcəyi körpənin orqanizminə birbaşa
daxil olur və formalaşmaqda olan orqanizmdə bir
çox xəstəliklərin yaranmasının başlanğıcı olur.
Hamilə qadınların hələ doğulmamış uşaqları ana
bətnində zərər çəkir. Cılız, zəif uşaqların
doğumu, hətta ölü doğuşların ehtimalı artır.
Siqaret çəkən qadın uşağı əmizdirən zaman
nikotin ana südü vasitəsilə körpəyə keçir.
Tütünün qocalara təsiri
Siqaret hamıya olduğu kimi, yaşlı insanlara da
mənfi təsir göstərir. Onların bədənlərində olan
hüceyrələrin zəifləməsini sürətləndirir,
yuxusuzluq, taqətsizlik və digər problemlərin
yaranmasına şərait yaradır. Siqaret çəkən yaşlı
adamlar adətən əsəbi olur, hər şeyə emosional
yanaşırlar. Dəridəki qırışların çoxalması,
dişlərin tez tökülməsi kimi hallar daha tez baş
verir.
Siqareti tərgidə bilməmək bir bəhanədir
Tütündən istifadə edənlər gərgin və əsəbi
olduqları zaman siqaret çəkməklə stresdən
çıxdıqlarını güman edirlər. Lakin bu, heç də
belə deyil. Sadəcə olaraq bu, insanlara
psixoloji təsir edir və insanlarda belə təsəvvür
yaradır. Həmin şəxslər düşünmürlər ki, bu yolla
bədənlərini zəhərləyirlər.
Siqareti hər bir şəxs tərgidə bilə
r. Bunun üçün heç bir vasitədən istifadə etmək
lazım deyil. İnsan iradəsi bu pis vərdişi davam
etməmək üçün ən yaxşı vasitədir. Əgər siqaret
çəkən şəxs özündə iradə, özünəinam hiss edərsə,
bunun öhdəsindən asanlıqla gələ bilər və
siqaretdən birdəfəlik yaxa qurtarar.
Siqaretə yox deyək
Hazırda dünyanın bir çox ölkələrində olduğu
kimi, Azərbaycanda da tütünlə mübarizə ciddi
şəkildə aparılır.Belə ki, KİV-də, radio və
televiziyalarda tütün əleyhinə müxtəlif təbliğat
kampaniyaları aparılır. Dünya təcrübəsinin
göstərdiyi kimi, tütün məmulatlarının
qiymətlərinin və vergilərinin artırılması
siqaret çəkməyə qarşı kompleks mübarizə
siyasətinin ən effektiv komponentlərindən
biridir. "Siqaret çəkmənin məhdudlaşdırılması
haqqında" qanun layihəsi Milli Məclisin
gündəliyində duran məsələlər arasındadır. Dövlət
səviyyəsində bu problemin aradan qaldırılması
yolunda müəyyən addımlar atılmaqdadır. Əslində
bu haqda müəyyən qaydalar olsa da əfsuslar olsun
ki, bu qaydalara siqaret çəkən vətəndaşlarımız
riayət etmir. Belə ki, hazırkı
qanunvericiliyimizə əsasən siqaretin təhsil,
idman, səhiyyə və mədəniyyət müəssisələrində
çəkilməsi və satışı qadağandır. Lakin bütün
tədbirlərlə yanaşı, ictimaiyyət də bu ciddi
problemə biganə qalmamalı, hər bir şəxs bu yöndə
təbliğat aparmalı, ictimai yerlərdə siqaret
çəkənlərin qarşısını almağa çalışmalıdır.
Unutmayaq ki, ictimai yerlərdə özümüz də
bilmədən qəbul etdiyimiz zəhərli tüstülər
gələcək həyatımızda bizə problemlər yaradır.
Hazırda dünyanın bir çox ölkələrində olduğu kimi
Türkiyədə də bu yöndə ciddi addımlar atılır və
az müddət keçməsinə baxmayaraq, müsbətə doğru
nəticələr əldə olunur. Biz də inanırıq ki,
respublikamızda aparılan təbliğatlar və tətbiq
olunan qadağalar sayəsində siqaretə aludə
olanlar bu pis vərdişdən yaxa qurtaracaqlar.
Bəli, hamılıqla çalışmalıyıq ki, həyatda ən
böyük var-dövlət olan cansağlığımızı tütünə
qurban verməyək. Allahın bizə bəxş etdiyi
əmanəti göz bəbəyi kimi qoruyaq. Qoruyaq ki,
bizdən sonra gələn nəsillərimiz sağlam olsunlar.
Söhbəti qələmə aldı:
Niyazi RƏHİMOV |