(Əvvəli qəzetimizin ötən saylarında)
Hörmətli oxucular, bu məqalədə Təhsil
Nazirliyinin BMT İnkişaf Proqramı, Qlobal Fond,
Beynəlxalq Qırmızı Xaç Komitəsi və Norveç
Qaçqınlar Şurası arasında əməkdaşlıq əlaqələri,
təhsil sahəsində həyata keçirilən birgə layihə
və proqramlar barədə fikirlərimi diqqətinizə
çatdırmağa çalışacağam.
BMT
İnkişaf Proqramının "Davamlı insan inkişafı"
layihəsi. Qloballaşan dünyada müstəsna əhəmiyyət
kəsb edən və xüsusi aktuallığı ilə seçilən, BMT
tərəfindən minilliyin məqsədlərindən biri kimi
müəyyənləşdirilən davamlı insan inkişafı
konsepsiyası XX əsrin son onilliyində irəli
sürülmüşdür və hazırda dünyada ən mühüm
prioritetə çevrilmişdir. Təsadüfi deyildir ki,
davamlı insan inkişafı qlobal məqsədlərdən biri
kimi BMT tərəfindən Minilliyin Bəyannaməsinə
daxil edilmiş, 2005-2014-cü illər Davamlı insan
inkişafı sahəsində tədris onilliyi elan
edilmişdir.
İnsan inkişafı konsepsiyasına görə, hər bir
şəxsə onun fərdi qabiliyyətlərini, potensial
imkanlarını davamlı şəkildə inkişaf etdirmək
üçün iqtisadi, sosial, mədəni, siyasi sahələrdə
əlverişli mühit yaradılmalıdır. Bu konsepsiya
nəzərdə tutur ki, insanların layiqli həyat
sürməsi, sağlam olması, təhsil və bilikdən
bəhrələnməsi davamlı olmalı, cəmiyyətin inkişaf
prosesində həm çağdaş, həm də gələcək nəsillərin
layiqli həyat sürmək imkanları təmin
edilməlidir. Bu səbəbdən heç bir fərd öz milli,
dini, cinsi və digər mənsubiyyətinə görə uzun,
dolğun və ləyaqətli həyat sürmək imkanlarından
məhrum edilə bilməz.
Bu konsepsiyaya görə qlobal, ölkə və region
səviyyələrində inkişafın planlaşdırılması, idarə
edilməsi və qiymətləndirilməsi zamanı təkcə
ümumiləşdirilmiş orta iqtisadi və sosial
göstəricilər deyil, insanın cəmiyyətdəki
vəziyyəti, onun rifahı təhlil edilib nəzərə
alınır. Bunu qiymətləndirmək üçün isə sağlamlıq,
təhsil və gəlirlər kimi göstəricilərin
istifadəsi nəzərdə tutulur. Bu konsepsiya və
onun əsasında qurulmuş siyasət BMT və onun üzvü
olan ölkələr tərəfindən 1990-cı ildən həyata
keçirilməyə başlanmışdır. Bu sahədə vəziyyəti
səciyyələndirən ilk hesabat BMT tərəfindən
1990-cı ildə Nyu-Yorkda dərc edilmişdir.
Hesabatda müxtəlif ölkələrdə davamlı insan
inkişafının vəziyyəti qiymətləndirilmiş, müvafiq
müqayisələr aparılmışdır. Həmin vaxtdan
başlayaraq belə hesabatlar hər il dərc edilir və
bu nəşrlər həm qlobal olaraq bütün dünyanı, həm
də ayrı-ayrı qitə və ölkələri əhatə edir.
Hesabatlarda, eyni zamanda davamlı inkişafın
planlaşdırılmasında və idarə edilməsində əldə
edilən nailiyyətlərin təbliği də öz yerini
tapır, müxtəlif ölkələrdə müşahidə olunan ümumi
problemlərin aradan qaldırılması yolları
göstərilir.
Dünya təcrübəsində insan inkişafının əsas
göstəriciləri təhsil, səhiyyə, iqtisadi, gender
və ətraf mühit indikatorları ilə
qiymətləndirilir. Təhsil indikatorları isə
əhalinin savadlılıq səviyyəsi, təhsil alanların
faizi, orta təhsil müddəti kimi göstəricilərə
əsaslanır.
Müstəqillik bərpa olunduqdan sonra Azərbaycan
Respublikasında da davamlı insan inkişafına dair
monitorinq aparılmasına başlanmışdır. Bu sahədə
vəziyyəti qiymətləndirən ilk milli hesabat
1995-ci ildə dərc edilmişdir. Həmin dövrdən
başlayaraq insan inkişafına dair hesabatlar
mütəmadi olaraq hazırlanmaqdadır. Milli
səviyyədə aparılmış monitorinqin nəticələri
göstərmişdir ki, Azərbaycanda müstəqillik bərpa
olunandan sonrakı dövr davamlı insan inkişafı
baxımından iki mərhələyə bölünür. 1990-cı
illərin əvvəllərindən başlayaraq 1993-cü ilə
qədər ölkədə davamlı insan inkişafı üzrə
göstəricilər kəskin surətdə aşağı düşmüşdür. Bu,
əsasən iqtisadiyyatda müşahidə edilən böhranın
nəticəsi idi. Lakin 1993-cü ildən sonra ölkədə
həyata keçirilən uğurlu iqtisadi və sosial
siyasət nəticəsində 1996-cı ildən başlayaraq
davamlı insan inkişafı göstəriciləri artmışdır.
Ölkənin sürətli inkişafı, müxtəlif islahatların
həyata keçirilməsi və bu sahədə beynəlxalq
əməkdaşlığın güclənməsi bu prosesin daha geniş
vüsət almasına səbəb olmuşdur.
Davamlı insan inkişafı sahəsində bilik və
bacarıqlar təbii sərvətlərlə zəngin olan ölkələr
üçün xüsusi əhəmiyyət daşıyır. Müvafiq fənnin
tədrisi Azərbaycan Respublikası üçün də olduqca
əhəmiyyətlidir. Ölkənin təbii ehtiyatlarının, o
cümlədən neft və qaz kimi sərvətlərin zənginliyi
davamlı insan inkişafı sahəsində bilik və
bacarığın olmasının xüsusi əhəmiyyətindən xəbər
verir. Bununla əlaqədar ölkə Prezidenti İlham
Əliyev qeyri-neft sektorunun inkişafına hər
zaman xüsusi diqqət yetirərək və bunun üçün, ilk
növbədə, insan potensialının inkişafını və bu
yolla biliyə əsaslanan davamlı inkişafın təmin
edilməsinin vacibliyini göstərmişdir. Ölkədə
neft strategiyası çərçivəsində uğurla həyata
keçirilən islahatlar buna yönəlmişdir. Prezident
İlham Əliyevin irəli sürdüyü "Neft, qaz Tanrıdan
verilən böyük nemətdir, biz bundan uğurla və
məharətlə istifadə edirik. Amma gec-tez bu təbii
sərvətlər tükənəcək, bilik və bacarıq isə
ölkəmizin dayanıqlı inkişafını uzun illər bundan
sonra da təmin edəcəkdir. İnkişaf etmiş
ölkələrin təcrübəsinə istinad etsək görərik ki,
o ölkənin inkişafında aparıcı rol oynayan neft,
qaz deyil, bilikdir, elmi-texniki tərəqqidir,
yeni texnologiyalardır" kimi konseptual
müddəaların əsasında da məhz həmin yanaşma
dayanır.
Eyni zamanda Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev "Təhsil Azərbaycanın
davamlı inkişaf strategiyasının ən öncül
istiqamətlərindən biridir" - fikrini bəyan
etməklə, əslində, ölkəmizdə təhsilin prioritet
inkişaf istiqamətini müəyyənləşdirmişdir.
BMT ekspertlərinin insan inkişafı üzrə apardığı
tədqiqatın nəticələrinə əsasən hazırlanmış
hesabatda göstərilir ki, Azərbaycan əhalinin
savadlılığı baxımından dünyanın bir çox inkişaf
etmiş ölkələri ilə müqayisə edilə bilər və ölkə
üzrə bu indeks 98 faiz təşkil etməklə maksimum
səviyyəyə malikdir.
Onu da qeyd etmək lazımdır ki, ölkəmizdə insan
inkişafının təmin edilməsi dövlət siyasətində
prioritet təşkil etməklə, təhsil strategiyasında
da geniş nəzərə alınmışdır. Belə ki, hazırda
təhsilin bütün pillələrində beynəlxalq
təşkilatlarla birlikdə davamlı inkişafa xidmət
edən proqram və layihələr həyata keçirilir.
Təhsil indikatorları ilə yanaşı, insan
inkişafının qiymətləndirilməsində iqtisadi
indikatorlar da xüsusi əhəmiyyət kəsb edir. Bu
indikatorlar adambaşına düşən ümumi daxili
məhsul və yoxsulluğun səviyyəsi ilə
müəyyənləşdirilir. Xüsusi qeyd etmək lazımdır
ki, son illərdə Azərbaycanda iqtisadi inkişaf
tempi dünya iqtisadçılarının, nüfuzlu beynəlxalq
təşkilatların, müsbət mənada, marağına səbəb
olmuşdur. Nazirlər Kabinetinin 2009-cu ilin
yekunlarına həsr olunmuş iclasında ölkə
Prezidenti cənab İlham Əliyev tərəfindən bəyan
edilmiş iqtisadi inkişaf göstəriciləri bunu bir
daha sübut edir: 2009-cu ilin yekunlarına görə,
Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf
edən ölkələr sırasında olmuşdur. Dünya İqtisadi
Forumunun hesabatında Azərbaycan
rəqabətqabiliyyətliliyinə görə dünyada 51-ci,
MDB məkanında 1-ci yerdədir. Bütün dünyanın
güclü maliyyə böhranı ilə üzləşdiyi 2009-cu ildə
Azərbaycanda ümumi daxili məhsul 9,3 faiz,
sənaye istehsalı 8,6 faiz, kənd təsərrüfatı
istehsalı isə 3,5 faiz artmışdır. 2003-cü ildə
Azərbaycan vətəndaşlarının təxminən 50 faizə
yaxını yoxsulluq səviyyəsində yaşayırdısa, bu
gün bu göstərici 11 faizdir.
Təhsil Nazirliyinin səylərinin nəticəsidir ki,
Azərbaycan insan inkişafının tədrisi sahəsində
ən qabaqcıl ölkələr sırasındadır. BMT-nin
İnkişaf Proqramı çərçivəsində "Davamlı insan
inkişafı" layihəsi Azərbaycanda 1997-ci ildə
başlanmış, ilk olaraq bu fənn Qərb
Universitetində tədris proqramlarına daxil
edilmiş, sonra bu təcrübə digər universitetlərə
də yayılmışdır. Davamlı insan inkişafının orta
məktəblərdə tədrisi 1998-ci ildən başlanmış,
2001-ci ildə Təhsil Nazirliyi ilə BMT İnkişaf
Proqramının pilot layihəsi çərçivəsində Bakının
25 orta məktəbində həyata keçirilməyə
başlanmışdır. 2002-ci ildə layihənin uğurlu
nəticələri nəzərə alınaraq əhatə dairəsi
genişlənmiş, 2003-cü ildə fakültativ məşğələ
kimi bütün orta məktəblərin proqramına daxil
edilmiş, müvafiq proqram və dərs vəsaiti
hazırlanmışdır. Hazırda ölkənin bütün ümumtəhsil
məktəblərinin X siniflərində 34 saat olmaqla
tədris olunur. Bu proqram və dərs vəsaiti
dünyada ümumtəhsil məktəbləri üçün hazırlanmış
ilk vəsaitlər olmuşdur.
Təqdirəlayiq haldır ki, davamlı insan
inkişafının tədrisinə dünyada 2005-ci ildə
başlandığı halda, Azərbaycanda bu proses 1998-ci
ildən başlanmışdır. Bu, ölkənin təhsil
siyasətində insan amilinin prioritet təşkil
etməsindən xəbər verir.
Azərbaycan Respublikasında davamlı insan
inkişafının tədrisi sahəsində qəbul edilmiş
konsepsiya ondan ibarətdir ki, bu fənnin tədrisi
yalnız seçilmiş mütəxəssislər üçün olmayıb,
ümumi təhsilin vacib elementi kimi qəbul edilir.
Bu konsepsiyaya görə ixtisasından, təhsilin
istiqamətindən və səviyyəsindən asılı olmayaraq
cəmiyyətin hər bir üzvü insanı və onun
maraqlarını mərkəzə qoyan fəaliyyəti həyata
keçirməyə qadir olmalı və bunun üçün müvafiq
bilik almalı və bacarıqlara yiyələnməlidir.
Konsepsiyaya görə insan inkişafı sahəsində
biliklər, eyni zamanda fərdi həyat tərzi,
davranış üçün də vacibdir. Müasir dövrdə davamlı
insan inkişafı sahəsində bilik və bacarıqlar
ümumi mədəniyyətin ayrılmaz bir hissəsidir. Bu
sahədə biliklər, eyni zamanda ümumi təhsil və
tərbiyənin ən müasir istiqamətlərindən olan
sosial məsuliyyətli fəaliyyət və həyat tərzi
barəsində biliklərə yiyələnmək üçün də olduqca
vacibdir. Bununla əlaqədar davamlı insan
inkişafı haqqında bilik və bacarığın tədrisi
ümumi təhsilin tərkib hissəsinə çevrilmişdir.
Azərbaycan Respublikasında "Davamlı insan
inkişafı" fənninin tədrisi dövlət siyasətinin
bir hissəsi olmaqla, bu istiqamətdə həyata
keçirilən proqressiv təşəbbüslər BMT tərəfindən
"innovativ ideya və təsirlər" kimi
qiymətləndirilmiş və müvafiq məlumat bu
təşkilatın Baş Qərargahı tərəfindən üzv olan
ölkələr arasında 2004, 2005 və 2006-cı illərdə
dəfələrlə yayılmışdır. Azərbaycan və ABŞ
tərəfindən müştərək proqram çərçivəsində dərc
edilən davamlı insan inkişafına həsr olunmuş
kurikulum və kursların məzmununun ingilis
versiyası dünya üçün yeni olduğundan 2005-ci
ildən Nyu-Yorkda BMT-nin xüsusi saytında
yerləşdirilmiş və üzv ölkələrin istifadəsinə
verilmişdir.
Göstərilən misallar əsasında bu nəticəyə gəlmək
olur ki, inkişafda yüksək nailiyyətlər əldə
edilməsində insan amili həlledici rol oynayır.
İnsan potensialının formalaşması və səfərbər
edilməsi sürətli inkişafın təminatçısıdır. Bu
istiqamətdə məqsədyönlü siyasət aparılması isə
cəmiyyətdə bilik və bacarığın formalaşmasına,
onları daim yeniləşdirməyə və təkmilləşdirməyə
əsaslanır. Bu siyasəti formalaşdırmaq və həyata
keçirmək üçün davamlı insan inkişafı sahəsində
bilik və bacarığa yiyələnmək olduqca vacibdir.
Çağdaş və gələcək nəsillərin davamlı inkişafının
planlaşdırılması, idarə edilməsi və monitorinqi
sahələrinə aid biliklər, eyni zamanda uğurlu
şəxsi karyera qurulmasında da xüsusi əhəmiyyətə
malikdir.
Layihə çərçivəsində "Davamlı insan inkişafı"nın
ali təhsil müəssisələrində tədrisi üçün də
müvafiq proqram və tədris vəsaiti hazırlanmış,
2007-2008-ci tədris ilindən bu kurs ali təhsil
müəssisələrinin bütün ixtisasları üzrə tədris
planlarına seçmə fənn kimi daxil edilmişdir.
Onu da qeyd etmək lazımdır ki, layihənin
səmərəli həyata keçirilməsi və uğurlu
nəticələrin əldə edilməsində akademik Urxan
Ələkbərovun müstəsna xidmətləri olmuşdur. Layihə
onun rəhbərliyi və Təhsil Nazirliyi ilə sıx
əməkdaşlıq şəraitində həyata keçirilir.
BMT-nin Qlobal Fondunun "Həyati bacarıqlara
əsaslanan təhsil" layihəsi. Layihə Təhsil
Nazirliyi və BMT-nin Qlobal Fondu tərəfindən
YUNİSEF-in iştirakı ilə həyata keçirilən
"Azərbaycanda İİV/QİÇS-ə qarşı cavab
tədbirlərinin gücləndirilməsi" proqramı
çərçivəsində reallaşdırılır. Dünya təcrübəsində
geniş tətbiq olunan bu layihə Azərbaycanda
2006-cı ilin yanvarından başlanmışdır.
Ümumilikdə, layihənin 3 mərhələdə həyata
keçirilməsi nəzərdə tutulmuşdur (2006-cı il - I
mərhələ, 2007-2009-cu illər - II mərhələ,
2010-cu ildən sonrakı dövr - III mərhələ).
Layihənin həyata keçirilməsi məqsədilə Təhsil
Nazirliyində Milli əlaqələndirici təyin edilmiş,
Layihəni Əlaqələndirmə Qrupu yaradılmışdır.
Bu layihənin əsas məqsədlərindən biri ümumtəhsil
məktəblərində "Həyati bacarıqlara əsaslanan
təhsil" fakültativ kursunun tədrisi olmuşdur.
Müvafiq sənədlərin hazırlanması məqsədilə
qabaqcıl müəllimlərdən, metodistlərdən,
alimlərdən ibarət İşçi qrupu yaradılmış,
beynəlxalq məsləhətçi cəlb edilməklə onlar üçün
4 təlim seminarı keçirilmiş, 16 nəfər təlimçi
hazırlanmışdır.
Layihə çərçivəsində İşçi qrupu tərəfindən
beynəlxalq məsləhətçilər B.Dobson və C.Lizin
iştirakı ilə "Həyati bacarıqlara əsaslanan
təhsil üzrə Milli Konsepsiya" hazırlanmış,
Təhsil Nazirliyinin 22.05.2006-cı il tarixli,
366 nömrəli əmri ilə təsdiq edilmişdir.
Konsepsiya 1000 nüsxə çap edilərək aidiyyəti
qurumlara, təhsili idarəetmə orqanlarına və
məktəblərə çatdırılmışdır. Konsepsiyada həyati
bacarıqlara əsaslanan təhsilə konseptual yanaşma
və bu sahədə təhsil strategiyası
müəyyənləşdirilmiş, şagirdlərə psixoloji,
fizioloji, hüquqi, iqtisadi, sosial və ekoloji
biliklərin, ünsiyyət mədəniyyəti, münaqişələri
həll etmək, riskli davranışlara yol verməmək,
özünü və başqalarını qiymətləndirmək,
məsuliyyətli, inamlı olmaq, peşə seçə bilmək,
sağlam həyat tərzi sürmək, gender və reproduktiv
sağlamlıq sahələrində lazımi bilik və
bacarıqların aşılanması məsələləri öz əksini
tapmışdır.
Konsepsiya əsasında İşçi qrupu tərəfindən I-IV,
V-IX və X-XI siniflər üçün "Həyati bacarıqlara
əsaslanan təhsil" kursunun proqramları
hazırlanmış, Təhsil Nazirliyinin 17.07.2006-cı
il tarixli, 571 nömrəli əmri ilə təsdiq
edilmişdir. Proqramların hər biri ilkin
mərhələdə 1000 nüsxə çap edilərək məktəblərə
paylanmışdır. Proqramda hər bir sinifdə fərdi,
fərdlərarası, sosial inkişaf və sağlamlıq
kateqoriyaları əhatə edilməklə konkret mövzular
müəyyənləşdirilmişdir. Proqramda kursun dərs ili
ərzində hər sinifdə 33 saat olmaqla tədris
olunması nəzərdə tutulmuşdur.
Xüsusi vurğulanmalıdır ki, "Həyati bacarıqlara
əsaslanan təhsil" kursu məzmunu və mahiyyətinə
görə unikal bir kursdur. Belə ki, heç bir zaman
hər hansı bir kurs ümumi təhsil pilləsinin bütün
səviyyələrini və bütün siniflərini əhatə
etməmişdir. Digər tərəfdən, heç bir kurs
məzmununa görə "Həyati bacarıqlara əsaslanan
təhsil" kursu kimi inteqrativ olmamışdır. Bu
cəhətlərinə görə "Həyati bacarıqlara əsaslanan
təhsil" kursu xüsusi əhəmiyyət daşıyır və təhsil
tariximizdə hələlik ilk təcrübə kimi
dəyərləndirilir.
Əlbəttə, layihə çərçivəsində nəzərdə tutulan
kursun tədrisinə başlanması üçün ən çətin iş
müəllimlər üçün vəsaitlərin hazırlanması idi.
Nəzərə alınsa ki, 2006-cı ildə hələ Azərbaycanda
belə bir vəsaitin hazırlanması təcrübəsi yox
idi, işin mürəkkəbliyi daha da aydın olar.
Bununla əlaqədar İşçi qrupunda çoxsaylı
müzakirələr aparılmış, beynəlxalq
məsləhətçilərlə aparılan diskussiyalardan,
beynəlxalq təcrübə ilə tanışlıqdan sonra
vəsaitlərin işlənməsinə başlanmışdı. Qısa bir
müddət ərzində ibtidai, ümumi orta və orta
təhsil səviyyələri üzrə müəllimlər üçün "Həyati
bacarıqlara əsaslanan təhsil" adlı tədris
vəsaitləri hazırlanmış və Təhsil Nazirliyinin
03.10.2006-cı il tarixli, 718 nömrəli əmri ilə
təsdiq olunmuşdur. I-IV siniflər üçün vəsait
495, V-IX siniflər üçün vəsait 607, X-XI
siniflər üçün vəsait 303 səhifə həcmində olmaqla
müəllim və şagirdlər üçün zəngin öyrənmə
mənbəyinə çevrilmişdir. Tədris vəsaitlərinin hər
biri Qlobal Fondun maliyyə və YUNİSEF-in texniki
dəstəyi ilə 2006-cı ildə 78 min tirajla çap
edilərək ölkənin bütün ümumi təhsil
müəssisələrinə paylandı.
Qeyd olunmalıdır ki, tədris vəsaitləri bir sıra
əhəmiyyətli cəhətləri ilə fərqlənir. İlk
növbədə, vəsaitlərdə müasir təlim strategiyaları
öz əksini tapmışdı ki, bu da müəllimlərə metodik
kömək sahəsində xüsusi əhəmiyyət daşıyırdı.
Digər üstünlük ondan ibarət idi ki, ilk dəfə
olaraq bu vəsaitlərdə proqram üzrə tədris
ediləcək hər bir mövzunun məqsədləri, dərsin
mərhələləri üzrə həyata keçiriləcək tədbirlər,
təlim üsulları, qiymətləndirmə mexanizmi və
təlim materialının məzmunu barədə məlumatlar
verilmişdi.
Məzmununa görə inteqrativ olan bu kursun məqsədi
şagirdlərə sağlam həyat tərzi və yaşamaq
bacarıqlarının aşılanması, bu sahədə onlarda
müvafiq bilik, bacarıq və vərdişlərin, effektiv
davranış strategiyalarının formalaşdırılmasıdır.
Kursun məzmununa sağlamlığın qorunması ilə
yanaşı, insan hüquqları, vətəndaşlıq və digər
qlobal sosial məsələlər də daxil edilmişdir.
Kursun tədrisində təlimin fəal-interaktiv
üsullarından istifadə edilməklə şagirdlərin
qazandıqları zəruri bilik, bacarıq və vərdişləri
həyatda tətbiq edə bilmək bacarıqlarının
formalaşdırılması əsas məqsəd kimi
müəyyənləşdirilmişdir.
Layihə çərçivəsində Bakı şəhəri 5, 151, 191
nömrəli məktəblər, Heydər Əliyev adına Müasir
Təhsil Kompleksi, Heydər Əliyev adına lisey,
Sumqayıt şəhəri 1, 3, 5, 8, 10, 12, 14, 15, 16,
18, 21, 23, 27, 29, 30, 31, 33, 37, 38, 39
nömrəli məktəblər "Həyati bacarıqlara əsaslanan
təhsil" kursunun tədrisi üzrə pilot məktəblər
kimi müəyyənləşdirilmiş, 2006-2007-ci dərs
ilindən həmin təhsil müəssisələrinin I-XI
siniflərində kursun eksperiment şəklində
tədrisinə başlanmışdır.
2007-2008-ci dərs ilində bu məktəblərin sayı
400-ə çatdırılmış, 2008-2009-cu dərs ilində isə
ölkənin bütün ümumtəhsil məktəblərini əhatə
etmişdir.
"Həyati bacarıqlara əsaslanan təhsil" kursunun
tədrisi sahəsində həll edilməli əhəmiyyətli
məsələlərdən biri də bu kursu tədris edəcək
müəllimlərin hazırlanması idi. Ümumilikdə layihə
çərçivəsində 8164 müəllim treninqlərdən
keçirilmiş, müvafiq sertifikatlar alaraq kursun
tədrisinə başlamışdır.
BMT-nin Ümumdünya Ərzaq Proqramı (ÜƏP).
Proqramın məqsədi məcburi köçkünlərin sıx
məskunlaşdığı ərazilərdə ibtidai məktəb
şagirdlərinin qeydiyyatı və davamiyyətinin
artırılması olmuşdur. "Təhsilə görə ərzaq
proqramı" 2003-cü ilin yanvar ayında
başlanmışdır. İlk illərdə proqram çərçivəsində
Azərbaycanın 10 rayonunun 98 məktəbində təhsil
alan 5300 şagird ərzaq səbətinin "evə aparma"
rasionu ilə təmin olunmuşdur. ÜƏP-in bu
təşəbbüsünün uğurlu nəticələri nəzərə alınaraq
təhsil müəssisələrində şagirdlərin
davamiyyətinin yaxşılaşdırılması ilə əlaqədar
proqram 2006-cı ilin iyul ayında daha 2 il
müddətinə uzadılmışdır. 2006-2008-ci illərdə 13
min məcburi köçkün şagirdə ərzaq yardımının
davam etdirilməsi, "Təhsilə görə ərzaq
proqramı"nı genişləndirərək məcburi köçkünlərin
sıx məskunlaşdığı ərazilərdə təxminən 500
məktəbi və 60 min ibtidai sinif şagirdini əhatə
etməsi nəzərdə tutulmuşdu. Lakin proqram 10
rayon üzrə 167 məktəbdə 12 min şagirdi əhatə edə
bildi. Bunun əsas səbəbi isə həmin dövrdə
Azərbaycanın iqtisadi imkanları artmış, məcburi
köçkünlərin sosial prolemlərinin həlli
Azərbaycan hökuməti tərəfindən həll edilməyə
başlanmışdır. Bu səbəbdən də ÜƏP çərçivəsində
məcburi köçkün şagirdlərin ərzaq təminatına
ehtiyac olmamışdır.
Proqram çərçivəsində müəyyənləşdirilmiş
məktəblərdə məktəb direktorları, ibtidai sinif
müəllimləri və VMA üzvləri üçün 2006-cı ilin
oktyabr-noyabr aylarında təlimlər də
keçirilmişdir.
Eyni zamanda şagirdlərin qeydiyyat və davamiyyət
əmsalları üzrə göstəricilərinin monitorinqinin
aparılması istiqamətində ilk addım kimi "ÜƏP-in
əhatə etdiyi məktəblərdə monitorinq sisteminin
qurulması" layihəsi həyata keçirilməyə
başlanmışdır. Bu layihənin məqsədi məktəblərdə
mövcud olan monitorinq sisteminin
təkmilləşdirilməsi və rayon səviyyəsində təhsil
göstəricilərinin beynəlxalq standartlara
uyğunlaşdırılmasından ibarət olmuşdur.
"Təhsilə görə ərzaq proqramı"nda iştirak edən
uşaqlar arasında 2005 və 2006-cı illərdə rəsm
müsabiqələri keçirilmiş, seçilmiş 30 qalib
şagirdin çəkdikləri rəsmlərdən ibarət masaüstü
təqvimlər hazırlanmış və ÜƏP tərəfindən çap
olunmuşdur.
Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK). Təşkilat
1992-ci ildən Azərbaycanda fəaliyyətə başlamış,
1995-ci ildən təhsil layihələri həyata keçirməyə
başlamışdır. BQXK Azərbaycan hökumətinə
beynəlxalq humanitar hüquqda nəzərdə tutulmuş
öhdəliklərini yerinə yetirməkdə yardım göstərir.
Orta məktəblər və universitetlər də daxil
olmaqla cəmiyyət arasında beynəlxalq humanitar
hüququn yayılması Azərbaycanda həyata keçirilən
proqramların əsas tərkib hissəsidir. Proqramın
əsas məqsədi beynəlxalq humanitar hüququn
əsaslarının ölkədə ümumi təhsil proqramına daxil
edilməsi və universitetlərin beynəlxalq
münasibətlər, siyasi elmlər və jurnalistika
fakültələrində ayrıca fənn kimi tədris
olunmasına nail olmaqdır.
Təşkilat tərəfindən həyata keçirilən "Beynəlxalq
humanitar hüququn (BHH) əsasları barədə
biliklərin yayılması" layihəsi çərçivəsində 5-ci
siniflər üçün "Hamımız bir günəşin zərrəsiyik"
adlı vəsait nəşr olunmuş, 190 min nüsxədə
şagirdlərə, 12 min nüsxədə müəllimlərə paylanmış
və bütün ümumtəhsil məktəblərinin 5-ci
siniflərində tədris olunur. Müəllim və şagirdlər
üçün "Dünya mənim, dünya sənin" adlı vəsait
hazırlanmış və ümumtəhsil məktəblərinin 6-cı
siniflərində tədris olunur. 2003-cü ildən ötən
müddətdə 123 treninq keçirilmiş, bunlarda
məktəblərin 5-6-cı siniflərində işləyən 2060
nəfər müəllim iştirak etmişdir.
Təhsil Nazirliyi və BQXK arasındakı əməkdaşlıq
çərçivəsində 2005-ci ildə beynəlxalq humanitar
hüquqa həsr olunmuş mövzular insan və cəmiyyət
fənninin VIII, X və XI sinif proqramlarına daxil
edilmişdir. Eyni zamanda "Beynəlxalq humanitar
hüququn əsaslarının tədrisi" adlı elektron
tədris vəsaiti hazırlanmışdır.
Birgə layihə çərçivəsində 2009-cu ildə şagirdlər
arasında rəsm və inşa müsabiqələri keçirilmiş,
Dövlət Pantomim Teatrı tərəfindən "Hamımız bir
günəşin zərrəsiyik" və "Dünya mənim, dünya
sənin" kitablarından A.Ekzüperinin "Balaca
şahzadə" və Ç.Aytmatovun "Manqurt" əsərləri
səhnələşdirilmişdir.
Azərbaycanda BHH üzrə universitetlərin
beynəlxalq hüquq, hüquq və beynəlxalq
münasibətlər fakültələrinin tələbələri üçün ilk
milli müsabiqə 2004-cü ilin noyabrında
keçirilmişdir. 10 komandanın iştirak etdiyi bu
müsabiqədə Bakı Dövlət Universitetinin "Alma
Mater" komandası qalib gəlmişdi. 2005-ci ilin
sentyabrında isə BHH üzrə ikinci milli müsabiqə
elan edilmiş, 2005-ci il noyabr ayında
keçirilmişdir. Müsabiqənin yerli və xarici
ekspertlərdən ibarət münsiflər heyəti BHH üzrə
biliklərini və müvafiq şəraitdə nəticə çıxarmaq
və müvafiq addım ata bilmək bacarıqlarını
göstərən komandaları qalib hesab etmişdir.
1995-ci ildən başlayaraq universitetlərdə
BHH-nin tədrisi üzrə proqram həyata
keçirilmişdir. Hazırda BHH beynəlxalq hüquq
fakültələrinin tədris planına daxil edilmişdir,
bir sıra universitetlərin beynəlxalq
münasibətlər və hüquq fakültələrində də tədris
olunur.
Norveç Qaçqınlar Şurası (NQŞ). 1995-ci ildən
Azərbaycanda fəaliyyətə başlayan təşkilat ilkin
mərhələdə məcburi köçkünlər üçün çadır
düşərgələrində təhsil prosesinə yardım
göstərmişdir. 1998-ci ildən NQŞ tərəfindən
"İnsan hüquqlarının tədrisi" layihəsi həyata
keçirilməyə başlanmışdır. Layihə uşaqların öz
hüquq və vəzifələrini öyrənməsi, onlarda
tolerantlıq, tənqidi təfəkkür və analitik
bacarıqların formalaşdırılması məqsədi
daşımışdır. Layihə aşağıdakı sahələri əhatə
etmişdir:
-müəllimlərin təlimləndirilməsi;
-təlim materiallarının hazırlanması;
-məcburi köçkünlərin sıx məskunlaşdıqları
ərazilərdə resurs mərkəzlərinin yaradılması;
-QİÇS və gender məsələləri üzrə təlimlərin
təşkili;
-QHT-lər və yerli təhsil institutları ilə
əməkdaşlıq;
-qaçqın və sığınacaq axtaranların təhsillə təmin
edilməsi üçün xüsusi cəhdlər.
2001-ci ildə Bakı şəhəri 18 nömrəli məktəbdə
İnsan Hüquqlarının Tədrisi üzrə ilk Mərkəz
yaradılmış, 2002-ci ildə belə mərkəzlər Gəncə
şəhərində, Ağcabədi, Göyçay və Füzuli
rayonlarında da açılmışdır. Sonrakı illərdə daha
9 mərkəz yaradılmışdır.
Birgə layihə çərçivəsində müəllim və şagirdlər
üçün insan hüquqlarına dair 7 vəsait hazırlanıb
nəşr edilmişdir:
1.Kiçikyaşlı məktəblilərə insan hüquqlarının
öyrədilməsi (müəllimlər üçün vəsait).
2.İnsan hüquqlarının tədrisi (ümumtəhsil
məktəblərinin IX-XI sinifləri üçün insan
hüquqlarının tədrisi üzrə fakültativ məşğələnin
proqramı).
3.İnsan hüquqlarının tədrisi (müəllimlər üçün
tədris vəsaiti).
4.Hüquqlara aparan yol (müəllimlər üçün metodik
vəsait).
5.Hüquqlara aparan yol (şagirdlər üçün tədris
vəsaiti).
6.Hüquqlara aparan yol (valideynlər üçün
vəsait).
7.Bu da mən (ibtidai sinif şagirdləri üçün
vəsait).
"İnsan hüquqlarının tədrisi" layihəsi
çərçivəsində ümumilikdə 100-dən çox təlim
seminarı keçirilmiş, 2950 müəllim təlimlərə cəlb
olunmuş, 42 min nüsxədə vəsaitlər nəşr edilərək
məktəblərə verilmişdir.
(Ardı var)
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının
təhsil naziri, fizika-riyaziyyat
elmləri doktoru, professor |