Xatirələrdə əksini tapmış hadisə, fakt və
təəssüratlar (mətbu və ya qeyri-mətbu olsun)
tanıdığın, yaxud tanımadığın şəxs, soydaş
haqqında bədiilikdən uzaq, boyadan kənar,
doğruluq mənəvi-əxlaqi yükü olan həyati-tarixi
həqiqətləri çatdırır.
Bu
qələm məhsulu xeyirxah, sadə təbiətli, fədakar
və səbrli, səmimi, alicənab, genişürəkli insan,
müəllim, alim, təhsil təşkilatçısı, elmi rəhbər,
dost, vətən oğlu, bir dünya vətəndaşı (M.Arazın
fikridir: Vətən daşı olmayandan olmaz dünya
vətəndaşı) haqqında eşitdiklərim, oxuyub
öyrəndiklərim fakt və hadisələr - xatirələr
əsasında araya-ərsəyə gətirilib.
***
Görkəmli riyaziyyatçı alim Qoşqar Əhmədli 25
oktyabr 1917-ci ildə Gədəbəyin Söyüdlü kəndində
tanınmış ziyalı Teymur Əhmədlinin ailəsində
dünyaya gəlib.
Pedaqoji texnikumu bitirmiş Q.Əhmədli 1936-cı
ildə ADU-nun fizika-riyaziyyat fakültəsinə daxil
olmuş, ali məktəbi Stalin təqaüdü ilə başa
vurmuşdur.
O, 1946-cı ildə aspiranturaya daxil olmuş,
1950-ci ildə akademik Əşrəf Hüseynovun elmi
rəhbərliyi ilə "Bəzi xətti olmayan inteqral
tənliklərin tədqiqi" mövzusunda namizədlik
dissertasiyası müdafiə etmişdir. 1956-cı ildə
M.V.Lomonosov adına MDU-nun doktoranturasına
daxil olmuş, L.A.Lüsternik və V.V.Nemıtskinin
rəhbərliyi altında yazdığı doktorluq
dissertasiyasını 1960-cı ildə müdafiə etmiş,
1969-cu ildə Azərbaycan Elmlər Akademiyasının
müxbir üzvü seçilmişdir.
1975-ci il fevral ayının 10-da dünyasını
dəyişmiş alimin elmi irsi beş istiqaməti əhatə
edir.
Birinci istiqamət qeyri-xətti inteqral
tənliklərin və operator tənliklərin analitik
nəzəriyyəsinə aid tədqiqatlardır.
İkinci tədqiqat istiqaməti adi diferensial
tənliklər üçün çoxnöqtəli sərhəd məsələlərinin
və inteqral bərabərsizliklərin araşdırılmasına
aiddir.
Üçüncü istiqamət meyl edən arqumentli
diferensial tənliklər nəzəriyyəsinə aiddir. Belə
tənliklərin həllinin dayanıqlığı və inteqral
göstəriciləri məsələlərində Qoşqar Əhmədlinin
yetirmələri ilə aldığı nəticələr indi də
optimal idarə nəzəriyyəsində mühüm rol oynayır.
Dördüncü istiqaməti professor Q.Əhmədli
ekstremal-diferensial və ekstremal-inteqral
tənliklərin tədqiqi adlandırmışdır. Bilavasitə
praktikadan gələn belə tənliklər araşdırılaraq
həllinin tətbiqi üçün alqoritmlər verilmişdir.
Beşinci istiqamət optimal idarə nəzəriyyəsi ilə
bilavasitə əlaqədardır. Bu istiqamət
Azərbaycanda Qoşqar müəllimin adı ilə bağlıdır,
ilk nəticələr professorun özü və yetirmələri
tərəfindən alınmışdır.
Bu istiqamətlər üzrə Azərbaycan EA-nın müxbir
üzvü Q.Əhmədlinin rəhbərliyi altında 50-dən çox
namizədlik, təkcə ADU-da (indiki BDU) üç
doktorluq dissertasiyası müdafiə olunmuşdur.
Hazırladığı kadrların coğrafiyası çox genişdir:
Daşkənd, Səmərqənd, Nalçik, Qroznı, Xabarovsk,
Düşənbə, Bişkek və s. Onun rəhbərliyi altında
Misir Ərəb Respublikasından bir nəfər namizədlik
dissertasiyası müdafiə etmişdir.
***
1997-ci ildə onun 80 illik yubileyi münasibətilə
çoxlu sayda xatirə və şeirlərdən ibarət "Bu
dağların Qoşqarı" adlı 14 çap vərəqi həcmində
kitab nəşr olunub.
Bu
kitabda (redaktoru N.Hacızadədir) toplanmış
xatirələrdə "təbiət vurğunu", "çox nikbin adam",
"milli musiqimizin, xüsusilə də aşıq musiqisinin
vurğunu", "çox iti yaddaşı" olan insan, "nəinki
Azərbaycanda, hətta keçmiş Sovet İttifaqında da
görkəmli bir alim kimi tanınan" vətəndaş, "böyük
istedad sahibi olmaqla bərabər, həm də böyük
hafizə" sahibi, "Azərbaycan Elmlər
Akademiyasında böyük hörməti" olan, "tələbələrə
əlindən gələn köməyi edən dekan", "yetim
tələbələrin atası", "özünəməxsus gözəl
müəllimlik istedadı" olan, "unudulmaz, nadir
yaranan böyük bir şəxsiyyət", "genişqəlbli,
alicənab bir insan", "başqa respublikalar və
ölkələr üçün elmi kadrların hazırlanmasında
böyük xidmətləri olmuş", "orta məktəb
müəllimlərindən və şagirdlərindən də öz köməyini
əsirgəməmiş" elm fədaisi, "hadisəni dərindən
təhlil edən, haqlı, ədalətli qərar çıxaran",
adamların elmə, mədəniyyətə, insanlığa çatmasını
istəyən", "müqəddəs amallı", "təvazökar, mərd
yoldaş", "idealı insanpərvərlik" olan,
"kin-küdurət bilməyən", "heç kəsə paxıllıq və
xəyanət etməyən" insan kimi yad olunur, anılır
professor Qoşqar Teymur oğlu Əhmədli...
Aşağıdakı lent yazıları-müsahibələrdə də Qoşqar
Əhmədli dünyasına nəzər salınır, onun mənəvi
saflığı, elmi zəkası dəyərləndirilir.
Böyük ürək sahibi olan el adamı
İzzət Rüstəmov,
fəlsəfə elmləri doktoru, professor:
- Azərbaycanın görkəmli ziyalıları, alimləri,
bəziləri adi alim səviyyəsindən yuxarı çıxaraq,
daha öndə gedən xüsusiyyətlərə sahib olan
insanlar haqqında yazmaq, onları xatırlamaq,
barələrində söz demək çox nəcib işdir.
Professor Qoşqar Əhmədlini ilk dəfə 1949-cu ildə
görüb tanımışam. Sonralar biz, Qoşqar müəllim
dünyasını dəyişənə qədər, bir ali məktəbdə -
Azərbaycan Dövlət Universitetində çalışdıq.
Qoşqar müəllim çoxlarından müsbət mənada
fərqlənən bir insan idi. Onun insani
münasibətlərində darçərçivəlilik, təkcə öz
mənafeyi dairəsində qalmaq, təkcə öz ailəsini
sevmək, təkcə öz əsərləri ilə fəxr etmək yox
idi.
Qoşqar müəllim əslən Gədəbəydən idi,
Azərbaycanın köksü sərvətlərlə dolu olan,
təbiəti zəngin olan bir bölgəsinin oğlu idi.
Qoşqar müəllim əslində bütün qəlbi ilə, varlığı
ilə xalqına bağlı, Vətəninə sadiq bir Azərbaycan
oğlu idi. O, Azərbaycan miqyasında böyük
vətəndaş idi. Qoşqar müəllim öz dövründə,
görkəmli riyaziyyatçı, Azərbaycan Elmlər
Akademiyasının müxbir üzvü olanda artıq
Azərbaycanın hüdudlarından kənarda belə
tanınmışdı. Bu mənada ki, Orta Asiya -
Qazaxıstan, Özbəkistan, Türkmənistan
respublikalarının mütəxəssisləri ADU-nun başqa
kafedraları kimi, Qoşqar Əhmədlinin kafedrasına
da inamla, ümidlə gəlirdilər.
Qoşqar müəllim Orta Asiyanın türkdilli
xalqlarının kadrlarının yetişməsində öz bilik və
qüvvəsini əsirgəmirdi. İllər keçsə də, həmin
insanlar - alimlər Qoşqar müəllimi unutmurlar.
Neçə il əvvəl ADU-nun prorektoru kimi Özbəkistan
Universitetinin 75 illik yubileyində olarkən
bunun bir daha şahidinə çevrildim.
Qoşqar müəllim sadə bir insan idi. Şən, nikbin
ruhlu bir insan idi. Üstəlik humanist təbiətli,
böyük ürəkli bir pedaqoq idi. Biz dəfələrlə
birlikdə dövlət imtahanlarında olmuşuq. O,
həmişə bir ağsaqqal, bir xeyirxah müəllim kimi
tövsiyə edərdi ki, tələbələri çox incitməyək.
- Ay İzzət müəllim, onlar fəlsəfəni sizin kimi
bilməzlər, qiymətlərini kəsməyin, - deyərdi.
O, bir müddət ADU-nun partiya təşkilatının
katibi oldu. Dara düşənlər, işində problemləri
olanlar, çətinliklərlə qarşılaşanlar Qoşqar
Əhmədlinin yanına inamla, böyük ümidlə
gedərdilər.
O, bir azərbaycanlı kimi, bir alim kimi
unudulmazdı. İnsani münasibətlərin yaradıcısı
kimi Qoşqar Əhmədli həmişə xoş xatirələrlə yada
düşür.
Qoşqar Əhmədli el adamı idi, xalq sənətinin
vurğunu idi. Heç vaxt unutmayacağam: Aşıq Əkbər
Cəfərov, Aşıq İmran Həsənov və başqa aşıqları
universitetə dəvət etmişdi. Böyük akt zalında
möhtəşəm bir konsert təşkil olundu. O, belə bir
böyük ürək sahibi idi. Böyük riyaziyyatçı alim
kimi tanınmış Qoşqar Əhmədli həm də
ədəbiyyatımızı bilirdi, poeziya vurğunu idi.
Bilirsiniz, poeziya fikrin bir qanadıdır. Qoşqar
müəllim aşıq musiqisinin, muğamların vurğunu
idi, özü sazda çalırdı, böyük şövq və
məhəbbətlə.
Ümumxalq işini hər şeydən uca tutan vətəndaş
alim
Qəmbər Namazov,
fizika-riyaziyyat elmləri doktoru, professor:
- Q.Əhmədli ilə ilk dəfə ADU-ya sənəd verəndə,
1952-ci ildə tanış olmuşam. Mən sənədlərimi
fizika şöbəsinə vermək istəyirdim.
Ucadan danışırdım. Bir nəfər yaxınlaşıb:
- Bu ayrım hansı məktəbi qurtarıb, - deyə
soruşdu.
- Güllübulaq kənd məktəbini, - cavabını verdim.
O, ərizəmi alıb: - Niyə işini fizika şöbəsinə
verirsən, - dedi. - Elə riyaziyyat şöbəsinə ver.
...İşimi riyaziyyat şöbəsinə verdim. Hələ adını
bilmədiyim, tanımadığım dağ vüqarlı, ucaboylu
müəllim: - Get, sən imtahan vermədən oldun
tələbə, - dedi.
Payızda universitetə gələndə heyran qaldım:
qəbul komissiyasının məsul katibi olan şəxs həm
də riyaziyyat fakültəsinin dekanı imiş. Qoşqar
müəllimin köməyi ilə yataqxanada yer aldım.
Sonralar onunla Moskva Dövlət Universitetində
yenidən rastlaşdım. Qoşqar müəllim
doktoranturada oxuyurdu, mən isə aspiranturada
təhsil alırdım.
Sadə həyat sürən, dəbdəbəni sevməyən Q.Əhmədli
özü çay dəmləyirdi, öz otağında çörəyini,
xörəyini hazırlayıb yeyirdi. Qəribə adəti vardı;
tək çörək yeməzdi.
Moskvada olarkən müşahidə etmişdim ki, məşhur
alimlər onu açıqqəlbliliyinə, fitri istedadına
və zəhmətsevərliyinə görə sevir, hörmət
bəsləyirlər.
Professor Q.Əhmədli, sözün həqiqi mənasında, elm
fədaisi, elm təəssübkeşi idi.
Ümummilli lider Heydər Əliyevin Azərbaycan KP
MK-nın birinci katibi kimi fəaliyyətə başladığı
ilk dövrlər idi. Vaxtilə ali təhsil aldığı
universitetə gələn Heydər Əliyev
professor-müəllim heyəti qarşısında çıxış edib,
nöqsan və əyintilərdən danışdı, bunların aradan
qaldırılmasını bir tələb kimi qarşıya qoydu.
Əməli təkliflər söylənilərkən Qoşqar müəllim də
söz alıb dedi ki, müasir dövr riyaziyyat elminin
tətbiqini mühüm problem kimi dünya elminin
qarşısına qoyub. Bizim respublikada bu sahə
inkişaf etməyib, təklif edirəm ki,
mexanika-riyaziyyat fakültəsinin bazasında
tətbiqi riyaziyyat fakültəsi açılsın...
Bu gün ölkə ali məktəblərinin flaqmanı olan
BDU-dakı tətbiqi riyaziyyat fakültəsinin
açılması Heydər Əliyevin bilavasitə köməyi və
Qoşqar Əhmədlinin təklifi ilə bağlıdır.
Fizika fakültəsində Ali riyaziyyat kafedrası
onun rəhbərlik etdiyi kafedra bazasında, onun
təklifi, təkidi ilə açıldı.
Ali riyaziyyat kafedrasının bazasında, onun
arzusuna uyğun olaraq, İdarəetmə nəzəriyyəsinin
riyazi üsulları, Riyaziyyat və onun tədrisi
metodikası kafedraları yarandı.
İndiki Diferensial və inteqral tənliklər,
İdarəetmə nəzəriyyəsinin riyazi üsulları
kafedraları onun gərgin əməyinin, axtarışlarının
nəticəsidir.
Qoşqar müəllim bir alim, bir müəllim, bir elmi
rəhbər kimi, bir insan kimi istedadlı, əvəzsiz
və qayğıkeş idi. Onu səciyyələndirən cəhət el
adamı olması idi. O, üstünə gələn, kömək istəyən
hər kəsə əl tutmağa, qayğı göstərməyə çalışardı.
Bu böyük ürəkli insan bir vətəndaş kimi
ümumxalq, dövlət əhəmiyyətli işləri öz şəxsi
işindən həmişə üstün tuturdu.
Elm tarixində böyük xidmətləri olan şəxsiyyət
Məmməd Yaqubov,
fizika-riyaziyyat elmləri doktoru, professor,
respublikanın əməkdar müəllimi:
- Qoşqar müəllimi 1957-ci ildən, ali məktəbə
qəbul imtahanı verməyə gəldiyim dövrdən
tanıyıram.
Birinci kursda bizə riyazi analiz fənnindən
mühazirələr oxudu. İkiillik bir müddətdə bu
fənnin incəliklərini bir ustad pedaqoq kimi bizə
öyrətdi. O, çox sadə, xalqa yaxın bir insan idi,
güclü yumor hissi vardı.
Yadımdadı, dərsdə bir faktı bizə bir neçə dəfə
izah elədi, çətin məsələ idi. Biz durub
baxırdıq. Axırda gülə-gülə dedi: - Ayə, mən özüm
başa düşdüm, nə təhər oldu siz başa düşmədiniz?
Üçüncü kursda ixtisas seçəndə onun kafedrasını
seçdim. Namizədlik dissertasiyamın elmi
rəhbərlərindən biri o idi.
Biz onun hər dərsində nəyisə öyrənər, hər bir
hərəkət və münasibətindən tərbiyəvi keyfiyyət
əxz edərdik. Biz ondan dərs alırdıq: adamda
hövsələ olar, səbr olar, böyüyün qarşısında
çıxış edəndə birinci növbədə özünə hesabat verər
ki, nə danışıram, danışdığım səhv olmasın.
Qoşqar müəllim heç vaxt danışanı pərt vəziyyətə
salmazdı ki, sən səhv edirsən. Sakitcə həmin
məsələ ətrafında söhbət edər, mövzuya aydınlıq
gətirər və həmin adam başa düşər, növbəti dəfə
belə səhvlər buraxmamağa çalışardı.
Sözün həqiqi mənasında, aşıq sənətinin vurğunu
idi. Bir dəfə Moskvadan qayıdanda onu vağzalda
qarşıladım. Taksi "Nizami" kinoteatrının
yanından keçəndə birdən sürücüyə: - Saxla, -
dedi. - Məmməd, o iki aşığı görürsən? Onlara de,
Qoşqar müəllim sizi gözləyir.
Maşından düşüb geri qayıtdım, Aşıq Əkbərlə Aşıq
İmrana yaxınlaşıb salamlaşdım: - Qoşqar müəllimi
tanıyırsınız, - deyə soruşdum.
- Qoşqar müəllimi kim tanımır, - deyib maşına
yaxınlaşdılar.
O, mənim həm müəllimim, həm də elmi rəhbərim
olubdu. Biz onunla həm müəllim-tələbə, həm
ata-oğul, həm də dost, qardaş olmuşuq.
O, sözün əsl mənasında, elm fədaisi idi.
Öyrənməkdən, öyrətməkdən doymurdu.
1965-ci il idi, optimal idarəetmə nəzəriyyəsinə
aid ilk əsərlər işıq üzü görmüşdü. Bu yeni
sahəyə az-çox maraq göstərirdilər. Sən demə,
Qoşqar müəllim müvafiq ədəbiyyatı diqqətlə
izləyirmiş. Həmin ilin mayı idi, Q.Əhmədli elan
etdi ki, optimal idarəetmə məsələləri ilə bağlı
elmi seminar təşkil edir.
Qoşqar müəllimdə səbr və təmkini onda da gördük;
heç ruhdan düşmədi, daha inam və qətiyyətlə
işinə davam etdi. Payızdan seminarlar daha
intensiv keçirildi, 1965-ci ildən 1966-cı ilin
mayına qədər hər həftə içi dörd gün məşğələ
olurdu. Qoşqar müəllimin elmə olan sonsuz həvəsi
və yorulmazlığı hamımıza sirayət etdi. Elm
tarixi baxımından bu birillik dövrü ölkəmizdə
optimal idarəetmə məktəbinin yaranması dövrü,
Qoşqar Əhmədlini isə onun banisi adlandırmaq
olar. Qoşqar müəllim bizi fədakarlıqla öz
ardınca apardı, respublikada optimal idarəetmə
elmi məktəbini yaratdı. Bu gün həmin məktəbin
nümayəndələrinin səsi indi müxtəlif ölkələrdən
gəlir. Bu, Qoşqar Əhmədlinin elm tarixində böyük
xidmətlərindən biri idi...
Qələmə aldı:
Ş.MƏMMƏDOV |