Artıq üçüncü ildir ki, Bakıdakı 7 pilot orta
məktəbdə Təhsil Nazirliyi ilə "British Council"
təşkilatının birgə ingilis dilinin intensiv
tədrisi layihəsi həyata keçirilir. Layihənin
icrasına başlandığı 2008-2009-cu dərs ilində
pilot məktəblərin I və V, cari dərs ilində isə
həmin siniflərlə yanaşı II və VI siniflərində də
ingilis dili xüsusi tədris planı və proqramı
əsasında intensiv şəkildə öyrədilib. Bununla
əlaqədar 2008 və 2009-cu illəri əhatə edən iki
mərhələnin hər birində pilot siniflərində
işləyən 55 nəfər ingilis dili müəllimi Böyük
Britaniya məktəblərində tətbiq olunan dərslik və
dərs vəsaitlərindən istifadə edilməklə müvafiq
treninqlərdən keçirilib. Növbəti dərs ilindən
pilot məktəblərinin III və VII sinifləri də
layihəyə qoşulacaq. Bu məqsədlə layihənin üçüncü
mərhələsi çərçivəsində ingilis dili müəllimləri
üçün növbəti treninq keçirilib. 7 pilot
məktəbinin bütün ingilis dili müəllimlərinin
cəlb olunduğu bir həftəlik təlim kursunu ötən il
olduğu kimi bu il də Böyük Britaniyadan gəlmiş
mütəxəssis Cülyetta Şonmən aparıb.
Mayın 21-də Bakıdakı 23 nömrəli məktəbdə təlim
kursunun başa çatmasına və həmin kursu bitirmiş
110 ingilis dili müəlliminə sertifikatların
verilməsinə həsr olunmuş mərasim keçirildi.
Mərasimi giriş sözü ilə açan "British Council"
təşkilatının proqramlar üzrə meneceri Gülşən
Hüseynova layihənin əhəmiyyətini qeyd edib, onun
icrası istiqamətində görülən işlərdən danışdı.
Sonra Təhsil Nazirliyinin Strateji təhlil,
planlaşdırma və kadrların idarə olunması
şöbəsinin müdiri Fərzəli Qədirov layihə üzrə
növbəti treninqi uğurla başa vurmaları
münasibəti ilə ingilis dili müəllimlərini təbrik
etdi. Təhsil Nazirliyinin layihəyə böyük önəm
verdiyini, onun həyata keçirilməsinə xeyli
vəsait ayırdığını deyən şöbə müdiri layihə
çərçivəsində fəaliyyət göstərən müəllimlərin
kifayət qədər bacarığa və təcrübəyə
yiyələndiyini söylədi. Qeyd etdi ki, ötən il
aparılan monitorinqlər bir sıra müəllimlərin
qarşıya qoyulan məqsədlərə nail olmaqda çətinlik
çəkdiklərini aşkarlasa da, bütövlükdə layihə
uğurla həyata keçirilir. Gələcəkdə layihənin
əhatə dairəsinin daha da genişləndiriləcəyini
deyən F.Qədirov monitorinqlərin nəticələrinin
pilot məktəblərində müzakirəsinin təşkilini
həmin məktəblərin tədbirdə iştirak edən
direktorlarına tövsiyə etdi.
Tədbirdə çıxış edən britaniyalı mütəxəssis
Cülyetta Şonmən də təlim kursunu başa vurmuş
müəllimləri təbrik edib onlara ürək sözlərini
çatdırdı, bəzi tövsiyələr verdi.
Sonra F.Qədirov və C.Şonmən treninqdən keçmiş
müəllimlərə sertifikatlar təqdim etdilər.
Y.ƏLİYEV |