28
May Respublika günü ölkəmizdə rəsmi dövlət
bayramı kimi çoxdan qeyd olunsa da, Bakının
Sulutəpə yaşayış sahəsində yerləşən 328 nömrəli
körpələr evi-uşaq bağçasının kollektivi onu
ikinci ildir ki, keçirir. Axı bu təhsil
müəssisəsinin özü cəmi 1 il 9 aydır fəaliyyət
göstərir. 2008-ci il avqustun 1-də açılmış və
qəsəbədə yeganə olan 11 qrupluq bu bağçanı
sakinlər dövlətimizin onların balalarına
göstərdiyi diqqət və qayğısının bariz nümunəsi
kimi qiymətləndirirlər.
Bu fikir mayın 25-də bağçada keçirilən bayram
şənliyində də bir daha vurğulandı. Şənliyə
xüsusi hazırlıq görülmüş, onun maraqlı keçməsi
üçün zəngin məzmunlu ssenari, uşaqlar üçün
xüsusi bayram geyimləri hazırlanmışdı.
Körpələrin bayram sevincini bölüşməyə Bakı
Şəhəri üzrə Təhsil İdarəsindən, Binəqədi
rayonunda yerləşən digər uşaq bağçalarından
qonaqlar, valideynlər də gəlmişdi.
Bayramın ruhuna uyğun bəzədilmiş musiqi zalında
keçirilən mərasimi bağçanın müdiri Rəna
Ələkbərova açaraq uşaqları və qonaqları 28 May
Respublika günü münasibəti ilə təbrik etdi, ötən
iki ilə yaxın müddətdə görülmüş işlər, həyata
keçirilən tədbirlər barədə məlumat verdi.
Sonra əllərində dövlət bayraqları tutmuş uşaqlar
musiqi sədaları altında zala daxil olub, xorla
Dövlət himnimizi ifa etdilər. Bir neçə uşaq
"Azərbaycan, azadlığın mübarək" şeirini
bənd-bənd söylədi, sonra xor "Can, Azərbaycan"
mahnısını təqdim etdi.
Tədbirin
aparıcısı, tərbiyəçi Mətanət Sərxanova
Respublika günü barədə məlumat verərək,
müstəqilliyimizin möhkəmlənməsində, ölkəmizin
inkişafında ümummilli lider Heydər Əliyevin
rolundan, xalqımız qarşısındakı xidmətlərindən
danışdı. Onun çıxışının davamı kimi bağçanın
istedadlı uşaqları vətənimizə, ulu öndərimizə
həsr olunmuş şeirlər söylədilər. Balaca
istedadların torpağın müqəddəsliyi mövzusunda
nağıl əsasında göstərdikləri səhnə, əllərində
qılınc tutmuş uşaqların "Əsgər marşı"nın
sədaları altında rəqsi, bağçanın "İncilər" rəqs
qrupunun çıxışları mərasim iştirakçılarında
xüsusilə xoş ovqat yaratdı.
Daha sonra aparıcı ordumuzdan, vətənimizin
keşiyində dayanan igid əsgərlərdən söz açdı,
uşaqlar onun çıxışını qəhrəmanlıq ruhlu
şeirlərlə, nəğmələrlə davam etdirdilər.
Balaca Ayxan öz məharətli rəqsi ilə hamını valeh
etdi.
Körpə fidanların yüksək istedadla nümayiş
etdirdikləri bədii bayram proqramı xorun
ifasında "Yaşa, yaşa, Azərbaycan!" mahnısı ilə
başa çatdı.
Tədbirdən bütün iştirakçılar zövq aldılar,
balacaların isə sevincinin həddi-hüdudu yox idi.
Uşaqların çıxışları başa çatdıqdan sonra
qonaqlar öz təəssüratlarını bildirdilər. Bakı
Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri
Leyla İmanova, idarənin əməkdaşları Tamila
Allahverdiyeva, Südabə Abdullayeva, bağça
müdirləri çıxışlarında bayram tədbirini,
uşaqların ifalarını yüksək qiymətləndirib,
bağçada uşaqların məktəbə hazırlanması,
bədii-estetik tərbiyəsi sahəsində səmərəli iş
aparıldığını, valideynlərlə sıx əlaqə
yaradıldığını vurğuladılar, bu işlərdə əməyi
daha çox olan metodist Sona Niftəliyevanın,
musiqi rəhbəri Vüsalə Babayevanın, tərbiyəçilər
Təranə Əhmədovanın, Nurlan Aslanovanın, Nəcibə
Məmmədovanın yaradıcı fəaliyyətini, onları bu
fəaliyyətə həvəsləndirən və istiqamətləndirən
bağçanın müdiri Rəna Ələkbərovanın təşkilatçılıq
bacarığını təqdir etdilər. Bağçada gənc
tərbiyəçilərdən ibarət yaradıcı, təşəbbüskar
kollektivin fəaliyyət göstərdiyi qeyd olundu və
kollektivə gələcək işlərində daha böyük uğurlar
arzulandı.
Yusif ƏLİYEV |