M.V.Lomonosov adına Moskva Dövlət
Universitetinin Bakı filialında
professor-müəllim heyəti və tələbələrin iştirakı
ilə 28 May - Azərbaycan Xalq Cümhuriyyətinin
yaranmasının 92-ci ildönümünə həsr olunmuş
tədbir keçirilmişdir.
MDU-nun Bakı filialının rektoru, professor
Nərgiz Paşayeva tədris müəssisəsinin
kollektivini bayram münasibətilə təbrik edərək
Şərqdə ilk demokratik respublikanın şərəfli
tarixinə nəzər salmışdır. Rektor qısa bir
zamanda demokratik respublikanın gördüyü böyük
işlərdən danışmışdır. Qeyd etmişdir ki, həmin
dövrdə müstəqil Azərbaycanda mühüm işlər həyata
keçirilməklə yanaşı, müstəqilliyimizin fəlsəfəsi
yaradılmışdır. Demokratik respublikanın şərəfli
və dolğun fəaliyyəti bütün dünyaya Azərbaycan
xalqının arzu və istəklərini müstəqil şəkildə
həyata keçirmək iqtidarında olduğunu
göstərmişdir. 23 ay ömrü olan demokratik
respublikamız sonradan süquta uğrasa da,
xalqımızın müstəqil yaşamaq arzusu ölməmişdir.
Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar
İnstitutunun tərcümə və informasiya şöbəsinin
müdiri, professor Fərid Ələkbərli ilk demokratik
hökumətin mövcud olduğu qısa zamanda həyata
keçirilən taleyüklü islahatlardan danışaraq
müstəqil Azərbaycan dövlətinin formalaşıb
möhkəmlənməsi üçün görülən misilsiz işləri qeyd
etmişdir. Bildirilmişdir ki, parlament
respublikası olan Azərbaycan həmin dövrdə Şərqdə
ilk dəfə qadınlara seçki hüququ vermiş,
Azərbaycan dili isə dövlət dili elan olunmuşdur.
Sonra tədbir bədii hissə ilə davam etmişdir.
Universitet tələbələrinin ifasında görkəmli
bəstəkarların əsərlərindən parçalar, tanınmış
şairlərin Azərbaycana həsr etdikləri şeirlər
səslənmişdir. Tələbələrin səhnələşdirdiyi kiçik
tamaşalar alqışla qarşılanmışdır.
Bədii hissə başa çatdıqdan sonra rektor Nərgiz
Paşayeva səhnəyə çıxaraq tələbələrin bayram
sevincinə qoşulmuşdur.
AzərTAc |